İlahi banka qoyulan sərmayə gərək 10 şərtə cavab versin
Müəllif: Admin
Tarix: 16-03-2018, 10:22
İlahi banka qoyulan sərmayə gərək 10 şərtə cavab versin

Aqil və təcrübəli sərmayə sahibi olan insan həmişə düşünür ki, sərmayəsini hansı işlərə qoysun ki, daha çox xeyir əldə edə bilsin.

Bəziləri ticarətə sərmayə qoyarlar, bəziləri də banka. Hər kəs daha çox mənfəət əldə etmək üçün daha faydalı yerlər axtarır. Ticarət elə bir yerdir ki, burada risk vardır. Rəqabət meydanına plansız daxil olmaq insanı tez bir zamanda miflis edər.

Banklar da o cürdür. Orada da insana zəmanət verilmir ki, sərmayəsini itirə bilməz. Banka sərmayə qoyan insan bilir ki, bankın xeyirində də, ziyanında da onunla şərikdir. Ona görə də ziyan görməsi heç də mümkünsüz deyildir.

Bəs elə bir yer vardırmı ki, orada sərmayələr batmır və əksinə, məəffəti artır? İnsana da ən güclü zəmanəti verir?

Bəli, bu cür yer vardır və bu da İlahi bankdır. Bu bankda sizin sərmayənizi öhdəsinə götürürlər və sizin adınıza hesab açırlar. Elədiyimiz bütün əməllər bu hesaba yatar və mənfəəti də ancaq sizə çatar. Və zərrə qədər də risk olmaz.

Maraqlısı burdadır ki, bu sərmayəni öhdəsinə götürən Allah Təala, Özü həmin sərmayəni sizə əmanət vermişdir. İndi isə mehribancasına istəyir ki, həmin sərmayənizdən borc verəsəniz. Bu borcun adı da qərzül-həsənədir.

“Kim Allaha gözəl bir borc verməyə hazırdır ki, Allah (da) onu (qaytararkən) onun üçün neçə qat artırsın? (Ruzini) azaldan da, çoxaldan da Allahdır. Ona tərəf qaytarılacaqsınız”. (“Bəqərə” 245).

O zaman ki, biz bir nəfərə borc verərik, həmin şəxs öhdəsinə götürür ki, götürdüyü qədər miqdarı geri qaytaracaqdır. Bu, fiqhi qərzul-həsənədir. Ancaq Allah buyurur ki, Mənə gözəl borc verin və Mən onun neçə qatını sizə qaytararam.

Burada söhbət puldan və ya başqa sərmayədən getmir. Məqsəd - xeyir əməllərdir. İstər ibadət olsun, istər infaq olsun və istərsə də faydalı elm.

Allah Təala buyurur: “Namaz qılın və zəkat verin. Özünüz üçün qabağa nə yaxşı əməl göndərsəniz onu(n hamısını) Allahın yanında tapacaqsınız. Həqiqətən, Allah etdiyiniz (bütün) əməlləri görəndir”. (“Bəqərə” 110).

Bu bank hər bir sərmayə qoyan üçün müəyyən şərtlərə malikdir. Hər kim bu 10 şərtə əməl edərsə, xalis borcla Allahla şərik olar. Bu şərtlərə nəzər salaq:

1. Sərmayənin ən yaxşı hissəsindən ayrılmalıdır, dəyərsiz yerindən deyil. “Ey iman gətirənlər, kəsb etdiklərinizin və sizin üçün yerdən çıxardığımız şeylərin (tarla və mədən məhsullarının) pak və halallarından (Allah yolunda) xərcləyin və pak olmayan (pis və haram) malı xərcləmək fikrinə düşməyin”. (“Bəqərə” 267).

2. İnsanların ehtiyacı olan maldan olsun. “Özləri ehtiyac içində olduqları halda onları özlərindən üstün tutarlar”. (“Həşr” 9).

3. O kəsə infaq etsin ki, çox ehtiyaclıdır. “(Sədəqələr) Allah yolunda (cihad, mallarının qarət olunması, uzunmüddətli xəstəlik və ya elm öyrənmək kimi məsələlərə) düçar olub (yaşayışlarını təmin etmək üçün) yer üzündə heç cür səfər edə bilməyən yoxsullar üçündür”. (“Bəqərə” 273).

4. İnfaq əgər gizli olarsa, daha yaxşıdır. “Əgər (müstəhəb olan) sədəqələri aşkar etsəniz o, yaxşı bir işdir və əgər onu yoxsullara gizli şəkildə versəniz bu, sizin üçün daha yaxşıdır”. (“Bəqərə” 271).

5. Heç bir zaman minnət və əziyyətlə olmasın. “Ey iman gətirənlər, sədəqələrinizi malını riyakarlıq və camaata göstərmək məqsədi ilə xərcləyən və Allaha və axirət gününə imanı olmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın”. (“Bəqərə” 264).

6. İnfaq gərək ixlaslı olsun. “Mallarını Allahın razılığını qazanmaq və ruhlarını (iman və əməl baxımından) möhkəmləndirmək üçün xərcləyənlər yüksəklikdə yerləşən və leysanın yağması nəticəsində ikiqat meyvə vermiş bağ kimidir”. (“Bəqərə” 265).

7. İnfaq etdiyi şey zahirdə böyük olsa da, onu kiçik hesab etmək. “Yaxud etdiyin ibadəti çox hesab etməklə Allaha minnət qoyma!”. (“Muddəssir” 6).

8. O malda olsun ki, ona əlaqəsi vardır. “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir”. (“Ali-İmran” 92).

9. Heç bir zaman özünü həqiqi malik hesab etməsin. “Allaha və Onun peyğəmbərinə iman gətirin və sizi (özünün və keçmişlərin) canişin(i) etdiyi şeydən (mallardan Allah yolunda) xərcləyin”. (“Hədid” 7).

10. İnfaqı halal maldan etsin. «Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir». (“Maidə” 27).

Çalışın İlahi banka sərmayə qoyasınız və elə bu gündən bu mübarək banka qərzül-həsənə qoyun və gözəl bir hesab açın.

Oxşar xəbərlər
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930