İmam Hüseyn (ə) Qurani-Kərimin ayələrində
Müəllif: Admin
Tarix: 22-09-2017, 09:26
İmam Hüseyn (ə) Qurani-Kərimin ayələrində
Hamıya məlumdur ki, İmam Hüseyn (ə) İslam dünyasının ən əzəmətli və dəyərli simalarından biri olaraq, daim müsəlmanların və həmçinin qeyri-müsəlmanların diqqət mərkəzində olmuşdur. Sözsüz ki, Həzrət Hüseynin(ə) belə böyük şöhrətə malik olmasında, onun Muhəmməd peyğəmbərin(s) nəvəsi olması və həm də, dünyaya ən dəyərli örnək olan, İslam yolunda misilsiz igidlik nümayiş etdirdiyi kərbəla qiyamı böyük rol oynamışdır. Amma unutmaq olmaz ki, Həzrət Hüseyn(ə) yüksək əxlaqa və İlahi mənəviyyata malik oldugu üçün bütün müsəlmanların müqəddəs kitabı, Qurani-kərimdə də, dəfələrlə insanlara ən yaxşı örnək sayılmışdır. Məhz İlahi ayələrin O Həzrətə(ə) münasibəti və ona verdiyi dəyər, bizə onun şəxsiyyətinin sonsuz əzəmətini və Tanrı dərgahında olan dəyərini çatdırır. Əhli-sünnə və Cəfəri məzhəbinin alimləri öz təfsir kitablarında İmam Hüseynin(ə) haqqında olan çoxsaylı müxtəlif ayələrə işarə etmişlər. Biz isə ixtisarla belə ayələrdən bir neçəsini dəyərli oxucularımıza təqdim edirik:

İmam Hüseyn (ə) “Təthir” ayəsində

Uca Tanrı Qurani-Kərimdə buyurur:

“Həqiqətən, Allah-taala yalnız siz Əhli-beytdən (ə) pislik və çirkinlikləri uzaqlaşdırıb, sizi pak-pakizə (təthir) etmək istəyir.” (Əhzab surəsi, ayə 33.)
Saysız-hesabsız hər iki məzhəbin rəvayətlərinə əsasən “təthir” ayəsi müqəddəs Peyğəmbərimizin (s) ömrünün axırlarında Ümmü Sələmə xanımın evində nazil olmuşdur. Həzrət Peyğəmbər (s) bu ayə ona nazil olduqdan sonra Həzrət Əli (ə), Həzrət Fatimə (ə), Həzrət Həsən (ə), və Həzrət Hüseyni (ə) öz əbasının altına alıb buyurdu: “İlahi, bunlar mənim Əhli-beytimdir...” Bu vaxt möminlərin anası Ümmü Sələmə Həzrət Peyğəmbərdən (s) soruşdu: “Ey Allahın rəsulu (s) mən hansı məqama malikəm? Mən də Əhli-beytdən sayılırammı?” Rəsulullah (s) ona cavabında buyurdu: Sən doğru yoldasan və haqqa tərəf hərəkət edirsən...”

Əllamə Təbatəbayi bu rəvayətin sənədi haqqında belə buyurur: “Bu rəvayət müxtəlif sənədlər ilə zikr olunmuşdur. Demək olar ki, yetmişdən çox mötəbər sənəd bu rəvayətin düzgünlüyünü isbatlayır. Və toplanmış bu sənədlərin böyük bir qismi, yəni qırxa yaxını, Əhli-sünnə və otuzdan çoxu Cəfəri mənbələri ilə sübuta yetirilmişdir.” (Əllamə Təbatəbayi, «Əl-mizan fi təfsiril-Quran» c. 16, səh. 311.)

Həmçinin böyük Quran müfəssiri Feyz Kaşani “təthir” ayəsinin Muhəmməd peyğəmbər (s), İmam Əli (ə), Həzrət Fatimə (ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) haqqında nazil olmasını belə açıqlayır:

“Bu ayənin əba sahibləri (adlarını çəkdiyimiz beş məsum) barədə nazil olmasını təsdiqləyən hər iki məzhəbin rəvayətlərini sayıb-qurtarmaq olmaz.” (Möhsün Feyz Kaşani, «Təfsiri- Safi», c. 4, səh. 189.)

Əhli-sünnə məzhəbinin məşhur müfəssirləri də “təthir” ayəsinin bu beş nəfər haqqında nazil olmasını söyləmişlər. (Muhəmməd ibn Cərir Təbəri, «Cameül-bəyan ən təvilil-Quran», c. 12, səh. 6; Ibn Əbi Hatəm Razi, «Təfsiri-Quranil-Əzim», c. 9, səh. 3131; İsmail ibn Kəsir Dəmeşqi, «Təfsiri-Quranil-Əzim», c. 3, səh. 493; Əli ibn Vahid Nişapuri, «Əsbabül-nüzul», səh. 295; Cəlaləddin Süyuti, «Əd-dürərül-mənsur fi təfsiril-məsur», c. 6, səh. 604 və sair...) Və biz onların bu həqiqəti isbat etmək üçün istinad etdikləri onlarla rəvayətin yalnız birini burada yazırıq:

“Peyğəmbərin (s) xanımı Ümmü Sələmə (Allah ondan razı olsun) deyir: “Rəsulullah (s) mənim evimdə əbasını üzərinə atıb yatmışdı. Bu zaman Fatimə (Allah ondan razı olsun) əlində bir qab yeməklə gəldi. Peyğəmbər (s) ona buyurdu: “Ərini və iki oğlun Həsən və Hüseyni də çağır, gəlsinlər.” Həzrət Fatimə onları çağırdı və birlikdə oturub yemək yedilər. Bu zaman “təthir” ayəsi (Həqiqətən də Allah-taala yalnız siz Əhli-beytdən pislik və çirkinlikləri uzaqlaşdırıb, sizi pak-pakizə etmək istəyir”) nazil oldu. Həzrət Peyğəmbər (s) öz əbasını götürüb onların üstünə tutdu və əlini əbadan qırağa çıxarıb asimana işarə edərək, üç dəfə dedi: “İlahi, bunlar mənə məxsusdurlar və yalnız bu şəxslər mənim Əhli-beytimdir. Çirkinlikləri bunlardan uzaq saxla, pakizə və təthir et!

Ümmü Sələmə deyir: Mən də onlarla birlikdə olmaq üçün başımı əbadan içəri salıb dedim: “Ey Allahın Rəsulu, mən də sizinləyəm (Əhli-beytdən sayılıram)?” Həzrət buyurdu: “Sən doğru yoldasan və yaxşı qadınsan.” (Ibn Əbi Hatəm Razi, «Təfsiri-Quranil-Əzim», c. 9, səh. 3132.)

“Təthir” ayəsinin təfsirində deyilmiş onlarla rəvayətlərinə nəzər saldıqda bəhs etdiyimiz ayənin məhz Həzrət Muhəmməd (s), Həzrət Əli (ə), Həzrət Fatimə (ə), Həzrət Həsən (ə) və Həzrət Hüseyn (ə) haqqında nazil olması aşkar olur. Və aydın olur ki, “Əhli-beyt”dən məqsəd yalnız bu şəxslərdir. Hətta Peyğəmbərin (s) xanımları belə “Əhli-beyt”dən sayılmırlar. Allah-taala yalnız Əhli-beytin (ə) pak olmasını iradə etmişdir!

İmam Hüseyn (ə) “Məvəddət” ayəsində

“(Ey Peyğəmbər!) De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm.” (Şura surəsi, ayə 23.)

İslam peyğəmbəri Həzrət Muhəmməd (s) iyirmi üç il müddətində Tanrı elçisi olub, bu ağır vəzifənin bütün çətinliklərinə qatlandı. Belə ki, Həzrətin (s) buyurduğuna əsasən heç bir peyğəmbər onun qədər risalət ağırlığını daşımamış və peyğəmbərlik yolunda əziyyət çəkməmişdi. Belə olan halda o Həzrətin (s) öz risaləti qarşılığında hər hansısa bir əcr-əvəz istəməməsi, o əcrin çox dəyərli və əhəmiyyətli olmasına dəlalət edir. Bu ayədə də, əziz Peyğəmbərimiz (s) peyğəmbərlik yo-lunda çəkdiyi zəhmətlərin qarşılığında ən yaxınlarına, Əhli-beytinə sevgi və eşq bəsləməsini istəyir. Lakin burada belə bir sual meydana gəlir ki, Həzrət Muhəmmədin (s) ən yaxınları kimlər sayılır? O Həzrət bu ayədə “ən yaxınlarım” dedikdə, kimləri nəzərdə tutmuşdur? Əhli-sünnənin mötəbər mənbələrində zikr olunmuş saysız-hesabsız rəvayətlərə əsasən müqəddəs Peyğəmbərimiz (s) “ən yaxınları” dedikdə məqsədinin Həzrət Əli (ə), Həzrət Fatimə (ə), Həzrət Həsən (ə) və Həzrət Hüseyn (ə) olduğunu bəyan etmişdir. Böyük Quran müfəssiri Zəməxşəri öz təfsir kitabında belə yazır: “Bir gün müşriklər öz aralarında deyirdilər: Görəsən Muhəmməd, peyğəmbərlik yolunda bu qədər əziyyət çəkdiyi üçün əcr-mükafat istəyirmi?” Bu zaman onlara cavab olaraq “məvəddət” ayəsi nazil oldu:

“(Ey Peyğəmbər, hamıya) de ki, Mən sizdən risalətimin qarşılığında ən yaxınlarıma sevginizdən başqa heç bir şey istəmirəm.”

Zəməxşəri sözünün davamında yazır:

“Mötəbər hədislərə əsasən bu ayə nazil olduqdan sonra Peyğəmbərdən (s) soruşdular: “Ey Rəsulullah, bizə sevgi və məhəbbətləri vacib olan ən yaxın adamların kimlərdir?

Peyğəmbər (s) onların cavabında belə buyurdu:

“Məvəddət və məhəbbəti vacib olanlar Əli, Fatimə və onların iki oğlu Həsən və Hüseyndən ibarətdir.” («Təfsiri-Kəşşaf”, Zəməxşəri, Şura surəsi, 23-cü ayənin təfsirində.)

Həmçinin tanınmış müfəssir Fəxr Razi yazır: “Təfsiri-kəşşafın nəql etdiyinə əsasən Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs Ali-Muhəmməd eşqilə ölsə şəhid sayılır, hər kəs Ali-Muhəmmədi sevib dünyasını dəyişsə günahları bağışlanır.

Bilin ki, hər kəs Ali-Muhəmmədi sevən halda ölsə təvbə edənlərdən hesablanır.
Bilin ki, Ali-Muhəmməd eşqi ilə ölən, imanı kamil olmuş şəkildə dünyadan getmişdir.
Bilin ki, Nəkir və Münkər və ölüm mələyi Ali-Muhəmməd sevgisi ilə ölənə cənnət müjdəsi verirlər.
Agah olun! Ali-Muhəmməd eşqi ilə ölən şəxsi, gəlini bəy evinə ötürən kimi behiştə tərəf ötürərlər.
Agah olun! Hər kəs Ali-Muhəmməd sevgisi ilə ölsə, Allah-taala o şəxsin qəbrini mələklərin ziyarətgahı qərar verər.
Agah olun! Ali-Muhəmməd eşqi ilə ölən, İslama və Peyğəmbərin sünnəsinə əməl etmiş halda ölmüşdür.
Agah olun! Hər kim Ali-Muhəmmədə qarşı kinlə ölsə, qiyamət günü iki gözünün arasında “İlahi rəhmətdən məyus!” yazılmış halda məhşur olar.
Agah olun! Hər kim Ali-Muhəmmədlə düşmənçilik edib ölsə kafirdir.
Agah olun! Hər kim Ali-Muhəmmədə qarşı kinli olsa behiştin iyini belə hiss etməyəcək.”
Bu rəvayətlərin hamısını “Təfsiri-Kəşşafın” müəllifi nəql etmişdir.
Mən (Fəxr Razi) isə deyirəm: “Ali-Muhəmməd” Peyğəmbər (s) ilə rabitələri daha sıx və möhkəm olan şəxslərdir. Sözsüz ki, Əli, Fatimə, Həsən və Hüseynin başqalarına nisbətən daha çox o Həzrətlə rabitələri və bağlılıqları var idi. Bunun inkar olunmaz bir həqiqət olması bütün müsəlmanlar tərəfindən qəbul olunmuşdur. Deməli, Ali-Muhəmməd adlarını zikr etdyimiz şəxslərdir. Lakin bəzilərinin fikrincə ayədə zikr olunmuş (“Əl-qurba” - ən yaxınlar) dan məqsəd “qohum-əqraba” və bəzilərinin nəzərincə “ümmət”dir. Yenə də hər iki halda onlar (Əli, Fatimə, Həsən və Hüseyn) Ali-Muhəmməddən sayılacaq. Beləliklə Əli, Fatimə, Həsən və Hüseynin Ali-Muhəmməd olması haqda heç bir şəkk-şübhə yoxdur. Amma bunlardan başqalarının Ali-Muhəmməd olub-olmaması haqda müxtəlif fikirlər vardır.
Ümumiyyətlə bir çox dəlillərə əsasən “məvəddət” ayəsi Əli, Fatimə, Həsən və Hüseyn haqqında nazil olmuşdur.” (Fəxr Razi, «Təfsiri-kəbir», Şura surəsi, 23-cü ayənin təfsirində.)
Həmçinin Təbəri İbn Abbasdan nəql edir ki, “məvəddət” ayəsi nazil olduqdan sonra, müsəlmanlar Peyğəmbərin ətrafına cəmləşib soruşdular: “Ey Allahın rəsulu, bizə məhəbbət və sevgisi vacib olan yaxınlarından məqsəd kimlərdir? Həzrət Muhəmməd (s) onların cavabında buyurdu:
“Əli, Fatimə və iki oğlanları Həsən və Hüseyn” («Zəxairül-üqba fi mənaqibi zəvil-qürba» səh. 25; «Möcəmi-kəbir» c. 1, səh. 125; Heysəmi, «Məcməüz-zəvaid», c. 2, səh. 25; Ibn Cəbbar Maliki, «Əl-füsulül-mühimmə», səh. 29; Qürtubi, «Əl-camiül-əhkamul-Quran», c. 16, səh. 21 və sair...)
Təbiidir ki, Ali-Muhəmmədə (ə) həqiqi məhəbbət o zaman olar ki, onların buyurduqlarına itaət olunsun. Çünki, itaətsiz məhəbbət Quran və Peyğəmbərin məntiqi ilə heç bir şəkildə uzlaşmır. Necə ki, Qurani-Kərimdə deyilir: “Əgər Allahı sevirsizsə, o zaman mənə (Peyğəmbərə) itaət edin. (Ali İmran surəsi, ayə 31.)

2) İmam Hüseyn (ə) «İnsan» surəsində
«İnsan» surəsi Qurani-Kərimin 76-cı surəsi olub və 31 ayədən ibarətdir. Bu surənin 5-ci ayəsindən 22-ci ayəsinə qədər Əhli-beytə (ə) aid olunur:

«Doğurdan da əsl yaxşı insanlar kafurun xoş ətrinə qarışmış camdan su içərlər. Elə bir çeşmədən (su içərlər) ki, oradan yalnız İlahi bəndələri (övliyalar) su içir və onu istədikləri tərəfə yönəldirlər. Onlar nəzir etdikdə yerinə yetirir və müsibəti uzun olan gündən (qiyamət günündən) qorxurlar. Yeməyi sevdikləri halda onu yoxsula, yetimə və əsirə ehsan edirlər. (və deyirlər:) Biz yalnız Allaha xatir sizə ehsan edirik və bunun qarşılığında sizdən heç bir əvəz və təşəkkür istəmirik. Biz qaranlıq və vəhşətli gündən (qiyamətdən) Rəbbimizə (necə cavab verəcəyik) deyə qorxuruq. (onlar belə olduqları üçün Tanrı da, onları o günün şərrindən amanda saxlayar və onlara sevinc və şadlıq nəsib edər. Həmçinin səbr etdikləri üçün behişt və (orada) ipək paltarlar ilə mükafatlanarlar. Taxtlara söykənib (rahatlanarlar), orada nə günəş (qızmar isti), nə də sərt soyuq görəcəklər. Ağaclarının kölgəsi üstlərinə düşəcək, meyvələri də onların qarşılarında olacaqdır.

Gümüş və büllur qablar onların ətrafında dolanarlar. Gümüşdən olan elə büllur (qədəhlərlə) ki, (xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə müəyyən etmişlər. Onlar behiştdə zəncəfil ilə qarışmış su kasasından içərlər. Bu su çeşməsini orada «Səlsəbil » adlandırırlar. Orada onların dövrəsində behişt cavanları dolanar ki, əgər onları görsəniz (yerə) səpilmiş mirvarilərə bənzədərsiniz. Əgər oranı (behişti) görsəniz çoxlu nemətləri və əzəmətli hakimiyyəti müşahidə edərsiniz! Onların üzərlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar vardır. Və gümüş, bilərziklər ilə bəzənərlər. Rəbbi onlara çox pak bir su içirdər. Doğurdan da «bu sizin mükafatınızdır və zəhmətiniz qiymətləndirilir.»

Təfsirçilərin əksəriyəti yazırlar: Bu ayələr Həzrət Əli, Həzrət Fatimə, Həzrət Həsən, Həzrət Hüseyn və onların xadiməsi Fizzə xanımın şənində nazil olmuşdur.

Xatırladaq ki, «İhqaqul-həqq» kitabının 3-cü və 9-cu cildində 150-dən çox (təkcə) sünni rəvayətləri gətirilmişdir ki, yuxarıdakı ayələrin adlarını zikr etdiyimiz şəxslərin şənində nazil olmasına dəlalət edirlər. Biz isə bu məzmunda onlarla sünni mənbələrində yazılmış rəvayətlərdən yalnız bir rəvayəti nəzərinizə çatdırırıq:

Böyük əhli sünnət təfsirçisi olan Alusi, İbni Abbasdan mötəbər sənəd ilə nəql edir:

«Həsən və Hüseyn xəstələnmişdilər. Onların babaları Muhəmməd (s) Əbu Bəkr və Ömər ilə birlikdə Həsən və Hüseynin görüşünə gəldilər. Başqa səhabələr də, onların görüşünə gəlmiş idilər. Onlar Əliyə (Allah onu əziz etsin) dedilər: Ey Əbul Həsən, övladlarının şəfa tapması üçün nəzr et!

Əli, Fatimə və onların xadiməsi Fizzə onların şəfa tapması üçün üç gün şükür orucu tutmağı nəzr etdilər.

Uca Tanrı Həsən və Hüseynə şəfa bəxş etdi. Onlar nəzr etdilkəri oruclarını tutmaq istəsələr də, iftar etmək üçün evlərində heç bir şey yox idi. Əli (ə) vəziyyəti belə gördükdə Yəhudi Şəmun Xeybərinin yanına gedib bir miqdar arpa borc aldı və Fatimənin (Allah ondan razı olsun) yanına gəldi. Fatimə ayağa qalxıb arpadan un düzəltdi və beş nəfər ev sakinlərinin adına xəmir yoğurdu. Əli şam namazını Peyğəmbər (s) ilə məsciddə qıldıqdan sonra evə qayıtdı. Çörəklər bişmişdi. Hamı bir yerə yığışıb iftar açmaq istədi. Lakin elə bu anda bir yolçu onların qapılarına yaxınlaşıb dedi: “Salam olsun sizə ey Muhəmmədin (s) Əhli-beyti! Mən bir yoxsul müsəlmanam, mənə yemək verin. Tanrı sizə behişt yeməkləri əta etsin!»

Onlar çörəklərini yoxsula verib öz iftarlarını su ilə açdılar. Və gecəni belə keçirtdilər. Sabahkı gün də bu şəkildə oruc tutdular. Fatimə yenə də ayağa qalxıb iftar üçün çörək bişirdi. Əli Peyğəmbər (s) ilə şam namazını məsciddə qılıb evə qayıtdıqdan sonra süfrə quruldu. Süfrəyə çörəklər gəldiyi zaman bir nəfər qapını döyüb dedi: «Salam olsun sizə ey Muhəmmədin (s) Əhli-beyti! Mühacir övladlarından olan bir yetiməm. Mənə yemək verin. Allah da sizə behişt təamlarından versin!»
Onlar öz çörəklərini yetimə verib, bu gecəni də fəqət su ilə iftar etdilər.

Onlar üçüncü gün də nəzr etdikəri orucu tutmağa davam etdilər. Fatimə (Allah ondan razı olsun) son qalan arpadan un düzəldib çörək bişirdi. Əli(Allah ondan razı olsun) yenə də Peyğəmbər ilə şam namazını məsciddə qılıb evə qayıtdı. Elə ki, süfrə açıldı və çörəklər süfrəyə gəldi, bu anda bir əsir onların qapılarına yaxınlaşıb dedi: «Salam olsun sizə ey Muhəmmədin (s) Əhli-beyti! Mən bir əsirəm, mənə ehsan edin ki, Allah da sizə ehsan etsin!»

Onlar o gecə də çörəklərini əsirə verməklə öz iftarlarını su ilə açdılar.

Səhər açıldı. Əli (Allah ondan razı olsun) Həsən və Hüseyni özü ilə birlikdə Rəsulullahın (s) hüzuruna apardı. Rəsulullah (s) onların aclıqdan quşlar kimi titrədiklərini görüb buyurdu: «Ey Əbul Həsən, sizi bu vəziyyətdə görmək mənim üçün çox çətindir!»

Sonra Peyğəmbər (s) onlarla birlikdə Fatimənin (Allah ondan razı olsun) yanına gəldi. Onlar Fatiməni aclıqdan qarnı belinə yapışmış halda mehrabda ibadət edən gördülər. Hətta onun aclıqdan gözləri belə içəri batmışdı. Peyğəmbər (s) onların bu halına çox narahat olub, kədərləndi.

Elə həmin vaxtda Cəbrayıl Peyğəmbərə (s) nazil olub dedi: «Ey Muhəmməd, al bunu, Uca Tanrı sənin Əhli-beytinə hədiyyə etdi.»

Həzrət Muhəmməd (s) dedi: «Ey Cəbrayıl, nəyi alım?» Bu anda Cəbrayıl «Həl əta ələl insan» surəsini ona qiraət etdi.

T.Əsədov Ə.Rəhimov
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031