Riza və təslim məqamı nədir? Onlara necə yetişmək?
Mьəllif: Admin
Tarix: 17-10-2021, 12:09
Riza və təslim məqamı nədir? Onlara necə yetişmək?
Bismilləhir-Rahmənir-Rahim!

Bugünkü bəhsimiz kamil insanla bağlıdır. Ötən bəhslərimizdə İmam Əlinin (ə) mübarək “Həmmam” xütbəsindən bir neçə mətləbə toxunmuşduq və kamil insana aid olan müəyyən xüsusiyyətləri qeyd etmişdik.

Qısaca onu xatırlayaq ki, kamil insanın danışıqları düzdür. Kamil insan yalan danışmaz.

İkincisi – geyimlərində orta həddə riayət edər. Nə ifrata gedər, nə də təfritə. Nə dünyaya bağlı olar, nə də tərki-dünya olar.

Üçüncü, yerişləri təvazökarlıq üzərindədir, təkəbbür bunlardan uzaqdır. Lakin, təvazökarlıq – sadəlövhlük deyil. Nə təkəbbürlükdür, nə də sadəlövhlük. Əslində bunların hardasa ortasındadır.

Dördüncü xüsusiyyət ki, üzərində dayandıq – gözləri Allahın haram buyurduğuna tərəf yönəlməz.

Növbəti sifət, xüsusiyyət bu oldu ki, qulaqlrını faydalı elmə, faydalı məlumata yönəldərlər.

Kamil insan standartı

Fikir versək, burada dil, göz, qulaq, geyim, yerimək – insanın müxtəlif cəhətləri, müxtəlif xüsusiyyətləri əhatə olunur. Növbəti sifət, xüsusiyyət ki, üzərində bir miqdar dayandıq – kamil insanların bəla və rahatlıqlarda hallarının eyni olması ilə bağlıdır.

Bəla və rəxa onlar üçün eynidir. Bu, o zaman ərsəyə gələ bilər ki, insan Allahın məzhərində olmasını vücudu ilə anlasın və dərk etsin. Belə olsa, unutqanlıq aradan gedər, Allahını unutmaq məsələsi gündəmə gəlməz. İnsanın bir anı Allahsız olmaz.

Müsbət hallarda, mənfi hallarda, asan işlərdə, çətin işlərdə, sevinc günlərində, qəm günlərində – bu insanın ovqatı üçün bu cür xarici faktorların fərqi yoxdur. Bu insan bir məsələni özü üçün müəyyən edib ki, Allahın dərgahındadır və Allah dərgahında bunların hamısının mahiyyəti eynidir və bütün bunlar sınaq üçündür.

Həm sevinc günləri, həm qəm günləri, həm yaxşı hadisələr, həm çətin hadisələr – hamısı sınaq üçündür. Bunu başa düşən insan üçün bunların arasında həlledici fərq yoxdur. Çünki, bunlardan yapışmaq üçün bura gəlinməyib ki, deyə bu dünyadan sonra bir şey yoxdur və mən elə burada nə etdim, etdim. Bütün bunların hamısının mahiyyəti nədir? Sınaqdır və imtahandır.

Bəla və rəxada insanın ovqatının eyni olmasının ikinci mənası – təslim və riza məqamına aiddir. Riza məqamı, riza sözü ilə bağlı belə izah verə bilərik ki, ilahi təqdirlərə bağlı batində, ya zahirdə, sözdə və ya əməldə etirazın tərk edilməsi mənasına gəlir. Nədir bu?

İnsan bir dərəcəyə çatır ki, baş verən hər bir təqdiratı Allah tərəfindən gələn sınaq kimi qəbul edir və bu səbəbdən də, bu təqdirata heç bir formada etiraz, qiyam etmir. Yəni, insan razıdır Allahdan gələn hər bir təqdirata.

Amma bu, qətiyyən fatalizmə dəvət kimi başa düşülməməlidir. Bir var ki, insandan nəsə asılıdır – o, əlindən gələni etməlidir. Beləliklə, hər nə bacarırsa, edir və sonra Allaha təvəkkül edir. Lakin, bir hadisə baş verə bilər ki, insandan – onun iradə və imkanlarından – qətiyyən asılı deyil.

Nə isə Allahın məsləhəti, hikməti ilə baş verən bir məsələdir. İnsan o hadisələrdə nə zahirdə, nə daxildə, nə sözdə, nə dildə, nə əməldə etiraz etməyəndə – buna deyirlər riza məqamı.

Çox çətin məsələdir. Hətta dildə deməməyin özü də çox çətin məsələdir. Lakin, kamil insan standartı budur ki, insan nəinki bacarsın dildə deməsin, nəinki əməllərində təzahür etdirməsin, hətta daxilində də təqdiratla bağlı hansısa etirazı yaşatmasın.

Amma burada “Allah tərəfindən” məfhumu – həlledicidir. İnsan özü tənbəl olsa, süst olsa və bunun nəticəsində onun başına bir iş gəlsə – bu, tamam bir ayrı məsələdir. Bu halda narazı olmaq istəyirsə, ən yaxşısı elə özündən narazı olmasıdır. İnsan gərək öz imtahanını versin, üzərinə düşən təklifini yerinə yetirsin.

İlahi əzəmət qapılarından ən üstünü

Bir önəmli haşiyə: riza məqamında olan kamil insan üçün çətinliklərə dözmək – müşkül bir iş deyil. Əksinə, riza məqamına sahib olan insan daima ləzzət içində, sevinc içində olar. Onların ürəyində heç bir narahatlığın izi yoxdur.

Hər şeyi Allah Təaladan gələn bir həqiqət kimi bilirlər. Qəlblərini dolduran İlahi eşqin sayəsində Allahın bütün feillərinə aşiqdirlər. Hər nə Ondan gəlsə – onların daxili ilə uyğundur. Bu, artıq ilahi eşqin bir təzahürüdür ki, hər nə Rəbb tərəfindən gəlir və Rəbbə aiddirsə – bunlar üçün əzizdir və sevilmlidir.

Onlar kamilən başa düşürlər ki, bura sınaq və imtahan dünyasıdır və qalanı – müvəqqəti məsələlərdir. Əxlaq ustadları buyururlar ki, İlahi qəzaya razı olmaq – dini dərəcələrin ən üstünüdür. Yəni, insanın riza məqamına çatması – dini-mənəvi dərəcələrin ən üstünüdür.

Müqərrəblərin mənzillərinin və əzəmətli İlahi qapılarının ən əşrəfidir. O insan ki, Allaha yaxınlaşmaq, qurbi-ilahiyə çatmaq istəyir – riza məqamı həmin o çatmaq mərhələlərin ən əşrəflərindəndir. Həmin o İlahi əzəmət qapılarının ən üstünlərindəndir. Bu qapıdan daxil olan – cənnətə daxil olanın misalındadır.

Allah Taala buyurmuşdur bu məsələ ilə bağlı ki, “Allah (riza) məqamında olanlardan razıdır və onlar Allahdan razıdırlar”.

İmam Cəfər Sadiqdən (ə) soruşurlar ki, nə ilə aydın olur ki, insan mömindir, ya yox. İmam Sadiq (ə) cavabında buyurur: “Allah Təalaya təslim olmaqla, şad günündə və çətinliklərdə razı qalmaqla”.

İmam Sadiq (ə) bizə gözəl bir meyar verir. İnsan Allaha təslim olanda, başqa hər şeyə qalib olur. İnsan Allaha təslim olanda, Allahdan qeyri hər nə varsa, aşağı və ləyaqətsiz görünür onun üçün. Allaha təslim olan bütün məxluqatın tacına çevrilir.

Hesab vermədən keçənlər

Bir mübarək hədis var, təbərrük üçün toxunaq ona. Əziz Peyğəmbərimiz (s) nəql edir: “Qiyamət günü Allah Taala mənim ümmətimdən bir qrupa qanadlar verəcək, onlar qəbirlərindən behiştə tərəf pərvaz edəcəklər və ürəkləri istədikləri kimi behişt nemətlərindən istifadə edəcəklər.

Mələklər bunlardan soruşacaqlar: “Hesab yerindən keçdinizmi?”.

Onlar deyəcək: “Bizdən hesab sormadılar”.

Mələklər soracaq: “Siratdan keçdinizmi?”.

Onlar cavab verəcək: “Biz Sirat görmədik”.

Mələklər soruşacaq: “Cəhənnəmi gördünüzmü?”.

Onlar cavab verəcək: “Biz bir şey görmədik”.

Mələklər soruşacaq: “Kimin ümmətindənsiz?”.

Onlar cavab verəcək: “Həzrət Muhəmməd (s) ümmətindən”.

Mələklər onlara and verib soruşacaq: “Dünyada hansı əməl sahibi idiniz?” (Yəni dünyada hansı əməl sahibi idiniz ki, hesab yerindən keçmədiniz, cəhənnəm görmədiniz, Siratdan keçməli olmadınız?).

Cavabında onlar deyəcək iki xislətimiz var idi ki, Allah Təala Öz fəzl və rəhməti ilə bizi bu dərəcəyə çatdırdı.

Birincisi, xəlvətdə olanda Allahdan utanardıq və xəlvətdə olanda Allahdan utandığımızdan günah, məsiyyət etməzdik Onun dərgahında.

İkincisi, Allah Təalanın bizə qismət etdiyi şeylərin az miqdarından razı qalardıq.

Sonra mələklər dedilər: “Siz bu mərtəbəyə layiqsiniz””.

Riza və təslimlə bağlı başqa bir mübarək hədisdə buyurulur ki, onlar nəinki Qiyamətdə və axirətdə uca bir məqama çatdırar insanı, hətta bü dünyada da böyük mənəvi məqama yetişdirər. Həzrət Rəsulallahdan (s) nəql olunur ki, səfərdə idilər və bir qafilə ilə karvanla görüşdülər. Onlar salam verdilər və Həzrət Peyğəmbər (ə) buyurdu ki, vəziyyətiniz necədir?

Həmin o karvan əhli dedi ki, biz möminik, ya Rəsulallah (s). Rəsulallah (s) onlardan soruşdu ki, sizin imanınızın həqiqəti və əlaməti nədir? Onlar cavabında dedilər: İlahi qəzaya razıyıq. İşlərimizi Allaha təvəkkül etmişik və onun əmrinə təslim olmuşuq. Rəsulallah (s) cavabında buyurdu ki, bunlar alimlər və həkimlərdirlər və az qala hikmətlərinin vasitəsi ilə nəbi dərəcəsinə çatalar.

İnsan süstlüyə qol qoymamalıdır

Bu bəhslərdə bir məsələ mütləq nəzərimizdə olmalıdır ki, riza və təslim məfhumları insanı süstləşməyə gətirib çıxarmamalıdır. İnsanı tənbəlliyə gətirib çıxarmamalıdır.

Bu, insanı yalançı «rahatlığa» gətirib çıxarmamalıdır. Riza, təslim, təvəkkül – bunlar hamısı o yerdədir ki, insan özündən asılı olan hər şeyi edir, Rəbbinin ona buyurduğu bütün tövsiyə və məsələhətləri həyata keçirir və bundan sonra, özündən asılı olan hər şeyi həyata kesirəndən sonra, deyir: “Ya Rəbbim, bundan bu yana mənlik deyil, Sənlikdir və mən Sənə təvəkkül edirəm...”.

İnsan özündən asılı olanı edir, bəndəliyini edir, sonra rastlaşdığı bütün müsibətləri, çətilikləri, şadlıqları, sevincləri – hamısını riza halında, sevinc duyğusu ilə qarşılayır. İnsan Rəbbinə təslim olur və təslimçiliynin təzahürü onun əməllərində olmalıdır. Dildə təslimçilik yox, vücudi təslimçilik. O təslimçiliyin təzahürü mütləq və mütləq əməllərində olmalıdır.

Amma bəziləri riza məqamını inkar edir və iddia edirlər ki, riza məqamı mümkün deyil və düzgün də deyil, insan gərən çətinliklərdə sadəcə səbir edə.

Əxlaq ustadları, əxlaq korifeyləri bunun cavabında deyirlər ki, bu sözü deyən adamın eşq və məhəbbətdən, İlahi eşq və İlahi məhəbbət deyilən məsələdən xəbəri yoxdur.

Məhz eşqdən sonra riza gəlir, razı olmaq gəlir. O vaxt ki, insanın eşqi hasil olar Rəbbinə doğru, insan Rəbbinə aşiq olur – bu vaxt bu məsələlər hamısı öz yerini tutur. Riza məqamı – eşqin meyvəsidir.

Aşıqliyin zirvəsi

Riza məqamı ilə bağlı iki növ təqdim olma var. İnsanlar var ki, eşq və məhəbbət artıq bunlarda o qədər təsir qoyub və artıq bunların həyatına elə təsir edib ki, çətinlikləri və zərbələri hətta sezmirlər. Yəni, bu insan aşiqliyin elə zirvəsinə gəlib çatıb ki, hətta çətinlik və bəlaları, ağrıları sezmir, hiss etmir. Eşq tam surətdə əslində unutdurub ona bütün bu məsələləri. Heç sezmək də yoxdur bunda.

Necə döyüşçü, əsgər müharibə meydanında döyüşün, müharibənin hərarətindən zərbələri hiss etmir; necə bir insan ki, mühüm bir iş ardınca qaçır və qaçan zaman ayağına tikan batır, lakin onun can atdığı, tələsdiyi o iş o qədər mühümdür ki, o ayağına tikan batan zaman hiss etmir; necə ki, İmam Əli (ə) mövlamız namaz halında, ayağından ox çıxaranda heç hiss etmir, ağrını heç sezmir – çüki namazda Məhbubu ilə ünsiyyətdədir – eləcə də riza məqamında hər bir şey kamil insan tərəfindən qəbul edilir. Eşq, məhəbbət və aşiqlik unutdurub ona bu cür məsələləri. İnsan artıq bir dərəcəyə yüksəlib ki, bunu ağrı-acını sezməyi də tamamilə unudub.

Diqqət edək, misal üçün döyüşçü döyüş vaxtı zərbə hiss etmirsə, əgər vacib bir iş üçün gedən insanın ayağına tikan batırsa, amma o, hiss etmirsə, gör indi kamil insan bu zərbə və ağrıların Məhbubu və Aşiqi tərəfindən gəlməsi halında necə davranacaq!

Kərbəla qəhrəmanı Həzrət Zeynəbin (s.ə) Aşura günü baş verənləri “Mən gözəllikdən başqa bir şey görmədim” kimi formulla ifadə etməsi buradan xüsusilə aydın olur. Yəni, Kərbəlada bütün bu baş verənlər, bütün bu ağrılar, bütün bu müsibətlər gözəllikdən başqa bir şey deyil. Çünki, bunlar Rəbbə görə, Məhbuba görədir.

Budur həqiqi riza məqamı və budur həqiqi yüksəliş ki, insan bütün bu İlahi eşq və məhəbbətin dərəcəsindən ümumiyyətlə bütün bu çətinlikləri, bəlaları və çətinlikləri nəinki sezmir, hətta bunlardan mənəvi həzz alır. Bunlardan bir sevinc hissi alır.

Kamilliyin əməli düsturları

İkinci növ riza məqamı isə odur ki, insan hələ o dərəcədə deyil ki, ağrını, zərbəni, müsibəti, bəlanı hiss etməyə, sezməyə. Sezir, ağrını hiss edir, zərbəni hiss edir, lakin bu müsibətələr və bu bəlalar bilir onun Məşuqu tərfindəndir – ona görə sevinir. Ona görə ləzzət alır. Bu, birinci məqamdan bir az aşağı məqamdır, lakin özlüyündə çox yüksək bir mənəvi dərəcədir.

Bəs insan riza məqamını əldə etmək üçün nə etməlidir? Bir neçə praktik tövsiyələr var burada, alimlər bir neçə tövsiyə edirlər bu müstəvidə.

1) Birincisi – daxili məsələdir. İnsan qəlbində bu məsələyə diqqət yetirməlidir. İnsanın qəlbi həmişə Allahı zikr etməkdə, Allahı yada salmaqda olmalıdır. Allahı yada salmalı, burada ardıcıllığa, davamlılığa diqqət etməlidir.

Bu, o demək deyil ki, insan işini-gücünü atsın, elə zikr desin. Başqa heç nə ilə məşğul olmasın. İslam boş-bekarçılığa çox pis baxır. Sadəcə, insan həmişə diqqətli olmalıdır ki, qəlbi Allahla olsun. İş görsün və iş görə-görə də Allahı zikr etsin.

2) İnsanın düşünməsi, təfəkkür etməsi tələb olunur. İnsan gərək təfəkkür etsin xilqətin gözəllikləri haqqında, hikməti haqqında. İnsan gün ərzində təkcə öz-özü ilə deyil ki. İnsan gün ərzində müxtəlif situasiyalara düşür, müxtəlif şeylər görü. Bunların hər birində bir ibrət var. İnsan gərək baxsın və ibrət götürsün.

3) İnsan gərək qırmızı xətlərdə güzəştli olmasın. Mühitin nə diktə etdiyinə baxmasın, inancının, vicdanının, məsləkinin nə dediyinə əhəmiyyət yetirsin. İtaətsiz-ibadətsiz riza məqamı olmur. Allahın dediyinə riayət etməməklə riza məqamı olmur.

4) İnsan nəfsani bağlılıqlarını azaltmalıdır. İnsan vərdişlərinə fikir verməlidir. Yaxşı şeylərə doğru meyil etməlidir. Nəyə vərdiş etdiyini və nə üçün vərdiş etdiyini diqqətdə saxlamalıdır.

Allahım! Bizləri bu mətləbləri dərk edib, əməldə riayət edənlərdən qərar ver! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

İçərişəhər «Cümə» məscidinin imam-camaatı
Oxşar xəbərlər
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930