“Müsəlmanları xristianlarla eyniləşdirmək İslamda yoxdur!”
Mьəllif: Admin
Tarix: 11-08-2021, 10:29
“Müsəlmanları xristianlarla eyniləşdirmək İslamda yoxdur!”
İşi peşəsi İslam və müsəlmanlara rişxənd tutmaq, istehza etmək, “İslamda o yoxdur, bu yoxdur” deyib İslamın bir sıra məsələlərini inkar edən Elşad Miri İslamın adından çıxışlar etsə də İslamdan zərrə anlayışı yoxdur.

Daim insanların hislərinə, heysiyyətinə toxunub şou yaratmaqla məşğuldur. Hər dəfə eyni mövzunu fərqli kəlmələrlə ifadə edib söz oyunu oynayır və lənətdən başqa bir şey də qazanmır. Keçək sözügedən mövzuya.

Şübhə: “Bizdə yanvar ayı, yəni xristianların milad ayı başlayanda xristianlar kilsəyə gedib ayboyu mərasim düzənləyir?”

Cavab: Bir insanın elmi, mənəvi səviyyəsini, əqidəsini bu cümlədən rahatlıqla anlamaq olar. Niyə bir müsəlman (özünü müsəlman hesab edirsə) digər müsəlman qardaşını xristianla müqayisə etsin? Bir müsəlman niyə öz dini ayinlərini, xristianlıqla ölçsün? Ümumiyyətlə Elşadın fəaliyyətində nədənsə xristianlıq, yəhudilik əsas mövzudur.

Dərdi, azzarı nə ola bilər? Xristianlıq və yəhudiliyə bir sevgi yaratmaq? “Ay camaat onlar belədir amma biz belə?” deməklə nəyə nail olmaq istəyir? Əksər çıxışında bu müqayisəni görmək olur.

Elşad anlamır ki, bir müsəlman öz müqəddəs dəyərlərini xristianlıqla müqayisə etməz? Ən azı buna görə ki Quranın buyuruğuna əsasən Allah yanında qəbul olunan din İslamdır. Müsəlmanları xristianlarla eyniləşdirmək, müqayisə etmək və dolayı yolla müsəlmanları, əqidə və inanclarını zəif göstərib alçatmaq İslamda yoxdur!

Şübhə: Peyğəmbər özü Məhərrəm ayı girəndə nə edib? Özünü məscidə qapamayıb, orada mərsiyyəyə və s. qulaq asmayıb. Bu gün həqiqətən peyğəmbərin nəvəsi üçün yas tuturuqsa, o zaman peyğəmbər niyə özündən əvvəl hansısa peyğəmbərə, ya övladlarının vəfat etdiyi aylarda davamlı olaraq onlara yas tutmayıb? Əlbəttə bu kimi hallar olmayıb. İstər Məhərrəm, istərsə də Səfər, Ramazan ayları ərəblərin təqviminə görədir. Niyə biz bu ayları müqəddəsləşdiririk?”

Cavab: Quran belə buyurur:

ذٰلِكَࣗ وَمَنْ يُعَظِّمْ شَعَٓائِرَ اللّٰهِ فَاِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ

“Budur (həcc əməlləri)! Kim Allahın (buyurduğu həccin və Onun dininin) nişanələrinə ehtiram göstərsə, şübhəsiz, (bu ehtiram) qəlblərdəki təqvadan hasil olur.” (Həcc surəsi, 32)

شَعَٓائِرَ Şəair” ərəb sözü olub “şəirə” sözünün cəmidir, nişanə və əlamət, simvol deməkdir. Qurani-Kərim bir sıra məsələləri Allahın, dinin nişanələri kimi təqdim edərək onlara hörmət və ehtiramı iman və təqvaya bağlayr. (Həcc surəsi, 32)

Qurtubi “şəair” sözünə belə təfsir verir: “Şəair”- insanı bir yönə sövq edən dəlil, əlamət deməkdir. Ayədəki “şəairilləh” isə insanı Allaha tərəf yönəldən əlamətlərə deyilir.” (Təfsiri Qurtubi c. 12, səh. 56)

Qurani-Kərimə nəzər saldıqda bizi Allaha yönəldən əlamətlərin nümünəsini görürük. Bəzilərini öyrənək:

1. Mərvə və Səfa dağı: “(Ey möminlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir.”(Bəqərə surəsi,158)

2. Dəvələr: “Biz qurbanlıq kök dəvələri (də həcc mərasimində) sizin üçün Allahın (dininin) əlamətlərindən (rəmzlərindən) etmişik.” (Həcc surəsi, 36)

3. Müzdəlifə (Məşərul-həram): “Ərəfatdan qayıdarkən Məşərul-həramda (Müzdəlifədə) Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua edin), çünki siz bundan əvvəl (doğru yolu) azanlardan idiniz!” (Bəqərə surəsi, 198)

4. İmam Hüseyn (ə) əzadarlığı da bu baxımdan ilahi şəairdir: Çünki bu mərasimlər birbaşa Allah Rəsulunun (s) bizə göstərişidir və bizə miras qalan sünnələrindəndir. Allah Rəsulunun (s) imam Hüseynə (ə) ağlaması, göz yaşı tökməsi mövzusunda kifayət qədər hədislər mövcuddur. Nümunə üçün oxuyaq:

Allah Rəsulunun (s) imam Hüseynə (ə) əzadarlıq etməsi

İmam Hüseyn (ə) bir yaşında ikən Peyğəmbərin (s) ona ağlaması Əl-Xəvarizmi özünün “Məqtəl əl-Hüseyn” əsərində yazır: “İmam Hüseyn (ə) bir yaşına çatan zaman Peyğəmbərə (s) qanadları qana boyanmış və üzləri pərişan on iki mələk nazil oldu. Onlar Həzrətə (ə) İmam Hüseynin (ə) başına gələcək hadisələrdən xəbər verdilər.” (Əbu əl-Muəyyəd əl-Xəvarizmi, “Məqtəl əl-Hüseyn”, c. 1, səh.163)

İmam Hüseyn (ə) iki yaşında ikən Peyğəmbərin (s) ona ağlaması: İbn Abbasın belə dediyi rəvayət olunur: “İmam Hüseyn (ə) iki yaşına çatanda Peyğəmbər (s) səfərdə idi.

Yolun ortasında dayandı, “Hamımız Allah üçünük və Ona tərəf qayıdacağıq” (Bəqərə surəsi, 156) ayəsini oxudu və gözlərindən yaş axdı.

Bunun səbəbini soruşduqda Həzrət (s) buyurdu: “Cəbrayıl (ə) mənə Fərat çayının sahilində yerləşən Kərbəla adlı məntəqə haqqında xəbər verib buyurdu ki, bu yerdə övladım Hüseyn ibn Fatimə (ə) şəhadətə çatacaqdır.”

Soruşdular: “Ey Allahın Rəsulu (s), kim onu şəhadətə çatdıracaqdır?” Həzrət (s) buyurdu: “Onu Yezid adlı bir şəxs şəhid edəcəkdir, Allah ondan Öz bərəkətini götürsün! Sanki mən Hüseynin (ə) qətlgahını və dəfn olunduğu yeri, hədiyyə aparmaq üçün başının kəsildiyini görürəm.

And olsun Allaha ki, oğlum Hüseynin (ə) kəsilmiş başına baxıb sevinənlərin qəlbi ilə dili arasında Allah ayrılıq salacaq.” İbn Abbas davamında deyir: “Sonra Peyğəmbər (s) səfərdən qayıtdı, həzin halda minbərə çıxdı və camaat üçün xütbə oxuyub moizə elədi.

İmam Həsən (ə) və İmam Hüseyn (ə) də Həzrətin (s) yanında idilər. Həzrət (s) xütbəni bitirən kimi sağ əlini İmam Həsənin (ə) başına, sol əlini isə İmam Hüseynin (ə) başına qoydu, sonra başını göyə qaldıraraq ərz etdi: “Ey Allah, mən sənin bəndən və Peyğəmbərin olan Məhəmmədəm (s). Bu iki nəfər də mənim pak itrətim, övladlarım və yer üzündə olan canişinlərimdir.

Ey Allah, Cəbrayıl (ə) mənə xəbər verdi ki, mənim bu oğlum alçaqcasına öldürüləcək. Ey Allah, onun qətlini mübarək qərar ver, onu şəhidlərin sərvəri qərar ver! Çünki Sən hər şeyə qadirsən! Onu alçaqcasına öldürənə bərəkətini nazil etmə!”

İbn Abbas deyir: “Məsciddə olanlar fəryad edib ağlamağa başladılar.” Peyğəmbər (s) buyurdu: “Ağlayırsınızmı və ona kömək etməyəcəksinizmi? Ey Allah, Sən Özün onun himayədarı və köməkçisi ol!”

İbn Abbas deyir: “Sonra yenidən Həzrət (s) üzü qızarmış və rəngi dəyişmiş vəziyyətdə minbərə qayıtdı, qısa, lakin çox bəlağətli bir xütbə oxudu. Bu xütbəni Həzrət (s) gözləri yaşla dolu bir halda oxudu.

Sonra buyurdu: “Ey insanlar, mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm. Biri Allahın kitabıdır. Digəri isə ölümümün rahatlıq səbəbi, qəlbimin meyvəsi olan itrətimdir.

Bu ikisi cənnətdə, Kövsər hovuzunun kənarında mənə yetişənədək bir-birindən ayrılmazlar. Agah olun, mən Allahın məndən onlar barəsində istədiyindən başqa sizdən bir şey istəmirəm.

Bu da yaxınlarıma olan sevgidən başqa bir şey deyildir. Ehtiyatlı olun ki, sabah hovuzun kənarında itrətimə qarşı olan kin və zülmünüzlə mənimlə görüşməyəsiniz...

Agah olun, Cəbrayıl (ə) mənə xəbər verdi ki, mənim ümmətim oğlum Hüseyni (ə) çətinlik və bəla ilə dolu olan bir yerdə (Kərbəlada) öldürəcək.

Allah onun qatilinə dünyanın sonunadək lənət eləsin!” Sonra Həzrət Peyğəmbər (s) minbərdən endi. Mühacir və Ənsarın hər biri Hüseynin (ə) qətlə yetiriləcəyini yəqin etdilər.” (“Əhməd ibn Əsəm əl-Kufi, əl-Futuh,” c. 4, səh. 325)

Diqqət edin, Həzrət Hüseyn (ə) hələ bir-iki yaşında olarkən belə Peyğəmbər (s) şəhid olacağını bildikdə göz yaşı tökürdüsə, şəhid olduqdan sonra ona yas saxlayıb, göz yaşı tökməyəcəkdi? Bir insan nə qədər insafsız, din və Peyğəmbərlə düşmən olmalıdır ki bu sözləri dilinə gətirsin və tarixi faktları görməməzlikdən gəlsin. O ki qaldı Peyğəmbərin (s) övladına yaxud yaxın birinə göz yaşı tökməsinə;

Peyğəmbər (s) oğlu İbrahim üçün ağlayır: “Ənəs ibn Malik deyir: “Peyğəmbərlə (s) bərabər evə daxil olduq. Oğlu İbrahim can verirdi. Peyğəmbərin (s) gözlərindən yaş axmağa başladı. Əbdurrəhman ibn Ovf dedi: “Ey Allahın rəsulu (s), mən nə görürəm, siz ağlayırsız?”

Peyğəmbər (s) buyurdu: “Ey Əbdurrəhman! Düz görürsən. Gözlər yaşlı, qəlb də kədərlidir. Ey İbrahim! Sənin ayrılığın bizi kədərləndirdi.” (“Səhihi Muslim” c. 4, səh. 1808, “Səhihi Buxari” c. 1, səh. 158, “İbn Macə” c. 1 səh. 507)

Ənəs deyir: “Elə ki İbrahim vəfat etdi, Peyğəmbər (s) buyurdu: “Onu hələ kəfənə bükməyin. Qoy son dəfə onunla görüşüm.” Sonra Peyğəmbər (s) ona tərəf əyilərək ağladı.” (“İbn Macə” c. 1. səh. 473-cənaiz kitabı)

Peyğəmbər anasının qəbri üstə ağlayır: Əbu Hüreyrə deyir: “Peyğəmbəri-əkrəm (s) anasının qəbrini ziyarət etdi və ağladı. Onunla gələnlər də ağladılar.” (“Səhihi Muslim” c. 2, səh. 671, “Musnədi Əhməd” c. 2, səh. 441, “Nəsai” c. 4, səh. 90, “İbn Macə” c. 1, səh. 501, “Əbu Davud “ c. 3 səh. 195)

“Məhərrəm ayı müqəddəs ay deyil” deyənlərə Qurandan müqəddəslik dəlili.

Məhərrəm ayı barədə qeyd olunan məsələlərdən biri də Məhərrəm ayının müqəddəs olub-olmaması ilə əlaqəlidir.

“Müqəddəs” sözünün mənalarını bilsək, məsələ öz həllini tapar. Gəlin öncə bu sözün mənalarına diqqət yetirək; “Müqəddəs” sözünün mənaları:

1. Pak-pakizə - münəzzəh, bütün eyib və nöqsanlardan pak.
2. Ehtiram və hörmətə layiq.
3. Çox hörmətli, çox qiymətli.
4. Bərəkətli, mübarək. Qeyd etdiyimiz bu mənalar “müqəddəs” sözünün lüğət kitablarında ən məşhur mənalardır ki, qeyd etdik. (“Lisanul-ərəb”, c. 6, səh. 168- 169)

Bu söz “müqəddəs,” “quddus,” “quds,” “qudus,” kimi müxtəlif formalarda işlənsə də, yuxarıda qeyd etdiyimiz mənaları ehtiva edir. “Müqəddəs” sözü ərəb sözüdür ki, dilimizə də keçmişdir.

Deməli, “müqəddəs” sözü işlənmə yerlərinə görə, mənası; “pak-pakizə,” “eyib və nöqsanlardan uzaq,” “hörmətə layiq,” “bərəkətli və mübarək” mənalarına gəlir.

İndi isə gəlin “məhərrəm” sözünün mənalarına nəzər salaq. “Məhərrəm” sözü lüğətdə haram edilmiş, qadağan edilmiş, hörmətə layiq mənalarına gəlir. Gördüyümüz kimi, Məhərrəm ayının mənalarından biri də “hörmətə layiq”dir.

Bu həmin mənadır ki, “müqəddəs” sözünün mənaları içərisində də müşahidə etdik. Deməli, “məhərrəm” sözünün lüğəti mənalarından biri də “müqəddəs” deməkdir. Görünür “Məhərrəm ayı müqəddəs deyil” deyənlər Məhərrəm ayının leksik mənalarını belə bilmir və anlamırlar.

Bundan əlavə, Məhərrəm ayı həm də Quranda qeyd edilən dörd haram ayından biridir. Haram aylarda bir çox şərtlər var ki, onların arasında savaş etmək, müharibələrə qoşulmaq, səhər və axşam namazları arasındakı vaxtda şadyanalıq etmək kimi əməllər günah sayılır.

Qurani-Kərimdə də deyilir: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (Rəcəb, Zülqədə, Zülhiccə və Məhərrəm) haram aylardır. Bu, doğru dindir. Odur ki, bu aylarda (onlara hörmətsizlik etmək və onlarda bir-birinizlə döyüşməklə) özünüzə zülm etməyin...” (“Tövbə” surəsi, 36)

Məhərrəm ayının müqəddəs olması bu ayədən də aydın şəkildə görünür. Uca Allah bu ayda döyüşməyi Məhərrəm ayına qarşı hörmətsizlik sayır və onun hörmətinin qorunmasını tələb edir. Çünki bu ay hörmətə layiq müqəddəs Məhərrəm ayıdır.

Daha bir şübhəyə cavab:

Elşad Miri kimi azğınların “Peyğəmbər (s) İmam Hüseyn (ə) şəhid olanda sağ olsaydı nə edərdi?” sualına cavab olaraq bir mübarək hədisə nəzər yetirək:

İmam Hüseynin (ə) şəhadətindən sonra Peyğəmbərin (s) əzadarlıq etməsi

Əbu Səid əl-Əşəc bizə rəvayət etdi (və dedi): “Əbu Xalid əl-Əhmər bizə rəvayət etdi (və dedi): “Rəzin bizə rəvayət etdi (və dedi): “Səlma mənə rəvayət etdi (və dedi): “Ümmü Sələmənin yanına daxil oldum, o ağlayırdı.

Ona dedim: “Səni ağladan nədir?” Dedi: “Peyğəmbəri (s) yuxuda gördüm. Başı, saqqalı torpaqlı idi. Dedim: “Ey Allahın Rəsulu (s), nə olub sənə?”

Dedi: “Bir az bundan əvvəl Hüseynin (ə) qətlə yetirilməsinin şahidi oldum.” (Əbu İsa ət-Tirmizi, əs-Sünən, “Babu fəzail əs-səhabə”, “babu mənaqib əl-Həsən (ə) və əl-Hüseyn (ə)”, c.12, səh.195)

Peyğəmbər (s) zatən bir ömür Hüseynə (ə) ağlamışdı və onun ilk əzadarı elə Peyğəmbər (s) idi. Şəhid olsaydı yenə ona ilk əzadar özü olardı. Buna heç bir şək yoxdur.

“Məhərrəm ayı və imam Hüseyn (ə) əzadarlığı barədə şübhə və iradlara cavab” kitabından ixtisarla

İlahiyyatçı, araşdırmaçı Mahir Şəkərov

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031