İnsanın İlahi xəlifə olmaq potensialı
Mьəllif: Admin
Tarix: 19-06-2021, 12:10
İnsanın İlahi xəlifə olmaq potensialı
Bismilləhir-Rahmənir-Rahim!

Allah Təala mübarək Qurani-Kərimdə “Bəqərə” surəsinin 30-cu ayəsində buyurur: “Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən, Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam».

Dedilər: «Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi (canişin) qoyursan?! Halbuki biz Səni kamilliklərlə vəsf edərək zikr oxuyur və (bütün eyib və nöqsanlardan) pak bilirik».

Allah buyurdu: «Şübhəsiz, Mən sizin bilmədiyiniz bir şey bilirəm»”.

Qiyamətədək Yer üzü canişinsiz qalmayacaq

Rəbbimiz varlıq aləmi üçün ən önəmli, fundamental səhnələrdən birini bizlərə təsvir edir. İnsan yaradılır, insan xəlq edilir və bir halda ki, varlıq aləminin mələkləri artıq yaradılıb. O mələklər ki, ən ali keyfiyyət və xüsusiyyətlərə malikdirlər. Allah Təala onlara xəbər verir, onları məlumatlandırır ki, yer üzərində öz canişinini, xəlifəsini – insanı yaradır.

İnsan varlığı – ən müqəddəs, ən mübarək varlıqdır.

Bu ayənin təfsirlərində gəlir ki, burada birbaşa insanın yaranmasından söhbət gedir. Bəli, bunun misdaqları nəzərdə tutulur, Həzrət Adəmdən (ə) başlayaraq bütün Allah dostları əhatə edilir. İman əhlinin potensialı var ki, bu yerə gəlib çatsın ki, İlahi xəlifə, Allahın nümayəndəsi, kamil insan olsun.

İnsanın potensialı var ki, ən aşağıdan ən aliyə, İlahi xəlifə zirvəsinə qədər ucalsın. Allah Öz canişinini davamlı olaraq Yer üzərində qərar verir. Qiyamət gününə qədər Yer üzü Allahın canişinisiz, xəlifəsisiz, nümayəndəsisiz olmayacaq. Yer üzərinin dəyəri bu İlahi xəlifəyə, İlahi hüccətə görədir.

Bütün elçilər və vəlilər gəlib ki, insanın içərisində bu Allah xəlifəsi olma potensialını işə salsın, inkişaf etdirsin, onun qabağında duran əngəlləri yığışdırsın. O cür insanların keyfiyyət və kəmiyyətcə meydana çıxarılması üçün Allah vəliləri və elçiləri gəlib.

İnsan öz qədrini uşaqlıqdan bilməlidir

Biz övladlarımıza uşaqlıqdan izah etməliyik ki, Allah səni Yer üzərində canişin, xəlifə kimi yaradıb, sənin bu cür potensialın var. İnsana öz dəyərini, qədrini bilmək uşaqlıqdan öyrədilməlidir.

Əgər uşaqlara bu, uşaqlıqdan aşılansa, o zaman imanlı, vətənsevər gənclər yetişər. Onlar, 44 günlük müharibədə “Ləbbeykə, ya Hüseyn (ə)!” deyərək şəhid qanları ilə mübarək torpaqlarımız üçün can qoyanlardır.

İnsanın potensialı var ki, özündə İlahi sifətləri təzahür etdirsin. Allah canişini o deməkdir ki, Allahın sifətləri o insanda öz təzahürünü tapa bilər. Necə ki, Allah eyibləri örtəndir, insan da İlahi rəngə boyandıqca insanların eyiblərini örtər. Allah həlimdir – təqvalı insan da həlim olar, Allah həkimdir – təqvalı insan da hikmətə yiyələnər...

İlahi vədin mahiyyəti

“Nur” surəsinin 55-ci ayəsində buyurulur: “Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi, yer üzündə (Öz) canişin(i) və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir.

Belə ki, yalnız Mənə ibadət etsinlər və heç nəyi Mənə şərik qoşmasınlar. Kim bundan (bu böyük nemətdən) sonra nankorluq etsə, belələri doğrudan da itaətsizdirlər”.

Allah Təala müsəlmanların içərisində saleh əməl sahiblərinə və iman gətirənlərə müraciət edərək, onlara Öz vədini çatdırır. Necə ki, Rəbbimiz Allah dostlarını Yer üzərinin İlahi xəlifəsi qərar verib – iman gətirib saleh əməl sahibi olanlar da Yer üzərinin həqiqi varisləri ola bilərlər.

Bu ayənin ən böyük nümunəsi əziz Mövlamızın (ə.f) zühurdan sonra quracağı İlahi hökumətdir. Qeyb dönəmi bitdikdən sonra, Allahın o Həzrətin (ə.f) üzərinə qoyduğu böyük missiyanın bu mərhələsi bitdikdən sonra, Yer üzərində ədalətli bir İlahi hökumət qurulacaq. Qlobal bir mərhələ olacaq. İlahi əmin-amanlıq Yer üzünü bürüyəcək.

İmam Səccad (ə), İmam Baqir (ə) və İmam Sadiqdən (ə) gələn buyuruşlardan anlaşılır ki, bu ayənin nümunəsi əziz Mövlanın (ə.f) zühurundan sonra qurulacaq İlahi bir dövlətdir. Allah bizləri həqiqi müntəzirlərdən və o dövrə hazırlaşanlardan, onun üçün çalışanlardan qərar versin.

İlahi xəlifə vədinin Qədir-Xum başlanğıcı

Bu ayədə Qədir-Xuma da işarə olunur. Burada Rəbbimiz bəyəndiyi dini Yer üzərində bərqərar edəcəyini vəd etməklə, Qədir-Xuma işarə edilir. Çünki, məhz Qədir-Xumda İslam din olaraq bəyənildi və kamil hala çatdı. Qədir-Xumda Peyğəmbərimiz (s) İmam Əlinin (ə) imamətini elan etdi və Qiyamət gününə qədər Yer üzərinin İlahi hüccətsiz qalmayacağını bəyan etdi.

Biz də hazırda Zəmanə Sahibinin (ə.f) ardıcıllarıyıq. Qədir-Xum əslində bunun elanıdır və bu cür olanda, İslam Allahın razı olduğu din halına gəlir. Əgər vilayətsiz olsa, nemətlər tamamlanmır, din kamil hala gəlib çatmır. Vilayətin elanı ilə İslam Allahın insanlar üçün bəyəndiyi hala gəlib çatır.

Bu ayədən də başa düşülür ki, Allahın bizlər üçün bəyəndiyi din, toplumda möhkəm olacaq. Bu zaman hər şey öz yerini alacaq, insanların bütün istedadları üzə çıxacaq və bu, vilayi rəngə boyanmış İslamdır. Bu gün cürbəcür formalarda İslam təqdim olunsa da, Allahın razı olduğu, bəyəndiyi İslam – Qədir-Xumda elan olunmuş İslamdır.

Ayədən başa düşülür ki, İslam – dünyanın gələcək dinidir. Allah vədə verib ki, Yer üzərində bütün bəşəriyyət başdan-başa bu İlahi rəngə boyanacaq. Bu anlamda da İslam – ümid dolu bir dindir. Allah bütün iman gətirənlərə vədə verir ki, bütün sıxıntılar aradan gedəcək. Vədə o zaman baş tutacaq ki, iman və saleh əməl bir yerdə olsun. Çünki, vədə o kəslərə verilir ki, iman gətiriblər və saleh əməllərə malikdirlər.

Allahım, bizlərə İlahi rəngə boyanmağı nəsib et!

Allahım, bizləri saleh əməl edənlərdən qərar ver!

Allahım, Mövlanın (ə.f) zühurun təcil et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

İçərişəhər «Cümə» məscidinin imam-camaatı
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930