Həmişə özünü Allah hüzurunda hiss edən övliyalar...
Müəllif: Admin
Tarix: 17-04-2019, 20:58
Həmişə özünü Allah hüzurunda hiss edən övliyalar...
Qeyd etməliyik ki, biz adi insanların ibadət bilib könül verdiyimiz işləri özü üçün günah hesab edənlər də var. Yaxşı əməllər sırasında birinci yerdə duran namaz haqqında buyurulur: «Namaz dinin sütunudur.» («Vəsailuş-şiə», 4-cü cild, səh.27.)

Görən, bu sifət bütün namazlaramı şamildir? Övliyalar diqqət və səmimiyyətlə qılınmamış namazı özləri üçün günah bilib belə namaza tövbə etmişlər. Günümüz 24 saatdan ibarət olsa da, adətən, qıldığımız namazlar üst-üstə heç bir saat da davam etmir.

Ən əsası isə, namaz halında diqqət və səmimiyyətdən faydalana bilməyənlər də az deyildir. Əgər namaz Allahla söhbətdirsə, bu söhbət zamanı hansı əsasla başqa işlər barəsində düşünmək olar?! Allah cisim olmadığından Ona cismən yox, ruhən üz tutmaq zəruridir.

Uca məqam sahibləri ibadət zamanı diqqətli olar, fikirlərini Allaha yönəldərlər. «Namaz, dua, Qurana məşğul olarkən fikrim haradaydı» deyə düşünər, hər zaman nöqsana yol verdikləri üçün tövbə edərlər.

Əlbəttə, insanın övliyalar haqqında düşünməsi onu öz nöqsanlı ibadətinə görə xəcalət çəkməyə vadar edir. Övliyalar günaha yox, naqis ibadətə xatir tövbə edirlərsə, günahkarlar nə üçün tövbə etməməlidirlər?! Övliyalara bənzəmək üçün Allahdan yardım istəyək.

Əhli-beyt yolunu getmək onlara oxşamaq üçün çalışmaq deməkdir. İmam Əli (ə) buyurur: «Ali məqama qüdrətiniz olmasa da, haramdan çəkinməyinizlə, özünüzə nəzarətlə bizə yaxınlaşın.» («Nəhcül-bəlağə», 45-ci məktub.)

Onlara oxşamağa çalışaq! Əhli-beytin varlığından xəbərdar olan insan Əhli-beyt ruhiyyəsini dadmaq üçün Allahdan yardım istəməlidir.

Nəfsin hesab mərtəbələrindən biri Allahdan qeyrisini düşünməyin günah hesab olunmasıdır. Hər halda, övliyalar belədir. Əlbəttə ki, övliyalar üçün də dərəcələr vardır. Hətta peyğəmbərlər də eyni dərəcədə deyillər.

«Bəqərə» surəsinin 253-cü ayəsində buyurulur: «Bəzi peyğəmbərləri o birilərindən üstün etdik.» Həmişə özünü Allah hüzurunda hiss edən övliyalar Ona diqqətsizliyi günah hesab edirlər.

Biz isə elə güman edirik ki, yalnız namaz vaxtı Allahın hüzurunda oluruq. Başqa vaxtlarda isə ev, iş, dərs, övlad haqqında düşünürük. Mərhum İmam Xomeyni isə «aləm Allahın hüzurudur» buyurardı.

Qurani-Kərimdə belə düşünən övliyalar haqqında buyurulur: «Heç bir alış-veriş və ticarət onları Allahın zikrindən ayırmaz.» («Nur»/37.) Bu çox ali bir məqamdır.

Görən, belə bir bağlılıq mümkündürmü? Mümkündür, bunu təsəvvür etmək çox çətindir. Amma bacarmadığın işi qeyri-mümkün hesab etmək məntiqə sığmır. Özünü Allah hüzurunda bilən adam Ondan qəflətdə qala bilərmi? Belə insan danışdığı sözlərdə Allahın razılığını gözləyir. Bəli, belə bəndələr vardır.

Onları tanımamağımız onların yoxluğuna dəlalət etmir. Məhz onların varlığı səbəbindən yer üzü mərhəmətə bürünmüşdür. Həyatın davamı üçün həqiqi Əhli-beyt aşiqlərinin varlığı mühüm şərtdir.

Öz əzizini əldən vermiş adamın fikri daim onun yanındadır. Belə bir itkiyə məruz qalmış insan hər hansı bir işlə məşğul olsa da, əzizinin fikrindən ayrıla bilmir. Allahı tanıyıb, Onun camal və cəlal sifətlərindən xəbərdar olanlar üçün Allahdan əzizi, Allahdan yaxını yoxdur.

Əgər məhəbbət varsa, daim məhbub haqqında düşünmək təbii bir haldır. «Bəqərə» surəsinin 165-ci ayəsində oxuyuruq: «İman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir.»

Allahdan diləmək, Əhli-beyt göstərişlərindən istifadə etmək və onlara bağlanmaqla qəlbimizi Allahın mərifət və məhəbbət nuru ilə işıqlandıra bilərik. Əgər belə bir səadət nəsibimiz olsa və qəlbimizdə Allaha məhəbbət yaransa Onu daim xatırlamaq da çətin olmaz.

Bəli, Allahın həqiqətən də Onu sevən bəndələri vardır. Onlar bu sevgini heç nə ilə dəyişməzlər. Belələri Allahla ünsiyyət üçün fürsət axtarırlar.

Mərhum Şeyx Ənsari haqqında söhbətlər çoxdur. İsti bir yay günü mənzilə daxil olan Şeyx su istəyir. Şeyx üçün zirzəmidən sərin su gətirməyə gedirlər. Şeyx su gələnədək iki rükət namaz qılmaq qərarına gəlir.

O namaza başlayandan sonra suyu gətirib yanına qoyurlar. Nəcəfin 50 dərəcə istisini, Şeyxin yorğunluğunu və qarşısındakı sərin suyu təsəvvür edin.

O isə suyu gözləmək əvəzində namaza başlayır və namazda Quranın uzun surələrindən birini oxuyur. Namazı bitirib artıq istisi dodaq yandıran sudan bir qurtum içib ayağa qalxır.

Bəli! Şeyx Ənsari kimilər öz məhbubları ilə görüş üçün fürsət axtarır və namazdan feyz alırlar. Susuzluğu unutduran bir ləzzət! Bütün bunlar həqiqətdir, Allahla ünsiyyətdən faydalanmış böyük insanlar haqqında həqiqət!

Əslində risalələri və «Məkasib» adlı kitabı ilə tanış olduğumuz Şeyx Ənsarinin mənəvi aləmindən bir o qədər də xəbərdar deyilik. Belə bir mənəviyyatdan pay almaq üçün Allaha dua edək.

Belə olsa, ömrümüzün qədrini bilər, Əhli-beyt yolu ilə Allaha yaxınlaşar və onların şəfaətinə nail olarıq. (“Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri”, Ayətullah Misbah Yəzdi, 3-cü dərs, səh.23-27.)


(Maide.Az)
Oxşar xəbərlər
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031