MÖMİNİN GÖZÜNDƏ DÜNYANIN KİÇİKLİYİ
Mьəllif: admin1
Tarix: 17-10-2016, 14:45
MÖMİNİN GÖZÜNDƏ DÜNYANIN KİÇİKLİYİ

Axirət ləzzətini duyan insan dünya ləzzətlərini maneə hesab edir.
Axirətdən xəbərsiz insan dünyanı geniş hesab edir. Hansı ki, dünya Allahın əzəməti ilə müqayisədə əhəmiyyətsiz bir nöqtədir. Amma Allahın lütfü ilə insanın bəsirət gözü açıldıqda dünyanın kiçikliyini və əzəmətsizliyini anlayır, axirətin genişliyindən məmnun olur. Əgər bir insan rəsədxanada oturub teleskopla səmadakı ulduzları müşahidə etsə, bütün yer üzünü yaddan çıxarar. Eləcə də axirət dünyasına iç gözü açılan insan dünya və onun ləzzətlərini yaddan çıxarır. O anlayır ki, dünya ləzzətləri axirət həqiqətlərini dərk etmək yolunda bir maneədir. Ümumiyyətlə, insan bir işdən ləzzət duyduğu vaxt üstün bir ləzzət hiss edərsə, əvvəlkini unudar. Bəli, axirət aləminə gözü açılan, onun ləzzətini dərk edən insan üçün dünya ləzzətləri əhəmiyyətsizdir. Axirət ləzzətini duyan insan dünya ləzzətlərini maneə hesab edir. Bizim üçün ləzzətli görünən bir iş övliyalarda ikrah da doğura bilər.
Onlar ilahi məhəbbət ləzzətini daddıqlarından dünya ləzzətinin cazibəsindən çıxmışlar.
Merac hədisində oxuyuruq: “Ona dünya və dünyada olanlardan daim həzər qıldıraram. Necə ki, çoban öz qoyunlarını zəhərli otlaqlardan çəkindirir.” İnsan yuxarıda işarə olunmuş mərhələləri adladıqdan sonra Allah onun tərbiyəçisi olur və təhlükəli məqamlarda ona yardım göstərir. Hədisdə buyurulur: “Belə ki, oldu, o, insanlardan qaçır, fani dünya evindən əbədi axirət evinə, şeytanın evindən Allahın evinə adlayır.” Biz bir müddət dünya və onun səhnələrini müşahidə etməsək, özümüzü zindanda sayarıq. Hətta xoşlamadığımız insanlarla da görüşməkdən zövq alarıq. Deyilənləri bir müddət həbsdə olub, dörd divardan savay bir şey görməyənlər daha yaxşı başa düşər. İnsan üçün dünya səhnələri ləzzətlidir. Amma ilahi məhəbbət şərbətini içib axirət aləminə göz açanlar üçün dünya və onun əhli cansıxıcıdır. Belə insan yalnız Allah aşiqləri ilə oturub-durmaq, ilahi eşq haqqında danışmaq istəyir.

Dünyaya gözünü yummuş insan haqqında bəzən “fəna evi ilə vidalaşdı və əbədiyyətə köçdü” deyirlər. Amma Allahla görüş şövqündə olan möminin dünyadan gedişi tamam başqa bir gedişdir. O, dünyada olduğu vaxtlarda da yalnız axirət haqqında düşünürdü. Hədisdə qeyd olundu ki, övliyaların nəzərində dünya və axirətin fərqi yoxdur. Əslində dünya və axirət insanın birindən o birinə köçdüyü iki ev kimidir. Allahın cəlalı tamaşasına dayanan insan dünyaya arxa çevirir. Həzrət Əlinin (ə) təbirincə, dünyada elə bir bədənlə yaşayırlar ki, ruhları Allahın geniş mərhəmət astanasında asılmışdır. (“Nəhcül-bəlağə”, h. 139.) Könlü Allah eşqi ilə dolu olan insan üçün dünyadan gediş şeytan evindən Allah evinə köçmək kimidir. Çünki bu evdə şeytan ardıcıl olaraq insanları yoldan çıxarmaqla məşğuldur. Rəhmanın evinə köçən insan isə şeytanın evindən qurtulur. Çünki Allah evində şeytana yer yoxdur.
Hədisdə buyurulur: “Ey Məhəmməd, mən bəndəmi heybət və əzəmətlə zinətləndirərəm. Bu şirin və əbədi bir həyatdır və mənim razılığımdan razı olanların məqamıdır.” Allahla yetərli əlaqədə olan insanlara elə bir heybət və əzəmət əta olunur ki, başqaları onların qarşısında təvazö göstərir. Bəli, böyük ilahi şəxsiyyətlərin hüzurunda insan özünü kiçik hiss edir. Övliyalar zahirən heybətli və əzəmətli olmasalar da, onların ruhi halı ətrafdakıları lərzəyə gətirir.

İndi özünüz düşünün, axirət həyatı şirindir, yoxsa müvəqqəti dünya həyatı? Məgər yemək, geyim, məskən və bu kimi başqa min bir qayğı ilə dolu olan dünaya həyatını sevməyə dəyərmi? Malımızdan azca itkiyə getdikdə gecələr yuxumuz gəlmir. Görən belə bir həyat dəyərlidir, yoxsa dünyaya etinasız yanaşanların həyatı? Dünyaya etinasız olanlar başqa bir əzəmətli dünya həvəsində olduqlarından dünya işləri onları narahat etmir. Əgər mömin dünya ləzzətlərinə Allahın razılığı xatirinə göz yumursa, həyat problemləri onu narahat etmir. Şübhəsiz ki, bu razılıq qarşılıqlıdır. Allahın razılığı sorağında olan və həyat çətinliklərini razılıqla qarşılayan insandan, təbii ki, Allah da razıdır. Qurani-kərimdə oxuyuruq: “Ey arxayın nəfs, sən ondan, o da səndən razı halda Allahın hüzuruna dön.” (“Fəcr”, 27, 28.) Digər bir ayədə isə belə buyurulur: “Allah onlardan razıdır, onlar Allahdan. Budur böyük qələbə və səadət.” (“Maidə”, 119.)

Ayətullah Misbah Yəzdi
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031