KƏRBƏLA ŞƏHİDİ: BÜREYR İBN XÜZEYR HƏMDANİ
Müəllif: Admin
Tarix: 10-10-2018, 10:21
KƏRBƏLA ŞƏHİDİ: BÜREYR İBN XÜZEYR HƏMDANİ
Həmdan qəbiləsinin Mişrəf qolunun böyüklərindən olan Büreyr ibn Xüzeyr Kufədə yaşayırdı. O, abid, zahid, imam Əlinin (ə) səhabəsi, Kufənin böyük Quran qarisi idi və Kufə məscidində Quran tədrisi ilə məşğul olurdu.

O, imam Hüseynin (ə) Yezidlə beyətdən boyun qaçırdığını, Məkkəyə hicrət etdiyini eşitdikdə, Kufədən Məkkəyə doğru hərəkət etdi və Məkkədə imam Hüseynin (ə) karvanına qoşuldu. (“Biharul-ənvar”, 101-ci cild, səh.340.)

Tarxidə göstərilir ki, imam Hüseyn (ə) Məhərrəm ayının 2-ci günü Kərbəlaya çatdıqda, bir xütbə söylədi. Səhabələrdən bir neçəsi ayağa qalxıb, öz vəfadarlıqlarını bildirdi. Büreyr də ayağa qalxıb o həzrəti son nəfəsinə qədər müdafiə və himayə edəcəyini elan edərək dedi:

وَاللهِ يَابْنَ رَسُولِ اللهِ لَقَدْ مَنَّ اللهُ بِكَ عَلَيْنا أَنْ نُقاتِلَ بَيْنَ يَدَيْكَ وَ تُقَطَّعَ فيكَ أَعْضاؤُنا ثُمَّ يَكُونُ جَدُّكَ شَفيعَنا يَوْمَ القِيامَةِ...

“Ey Peyğəmbərin (s) övladı! Allaha and olsun ki, Allah sizin rikabınızda döyüşməklə bizə minnət qoymuşdur. Qoy sizi müdafiə etmək üçün bədən üzvlərimiz tikə-tikə doğranılsın ki, qiyamət günü cəddiniz bizə şəfaətçi olsun! Peyğəmbərin (s) qızının övladını qətlə yetirən xalq xoşbəxtlik üzü görməyəcək. Vay olsun onların halına! Onlar Allahın hüzuruna hansı üzlə gedəcəklər? Vay olsun onlara ki, qiyamət günü ahu-fəğanla cəhənnəm oduna atılacaqlar.”

Şəhadət şövqü Büreyr ibn Xüzeyri elə vəcdə gətirmişdi ki, Aşura günü, sübh vaxtı tez-tez səhabələrlə zarafatlaşırdı. Səhabələrdən Əbdürrəhman ibn Əbdü-Rəbbih ona dedi: “Ey Büreyr! Daha bəsdir, belə bir şəraitdə zarafatmı edirsən?” Büreyr dedi: “Məni tanıyanlar yaxşı bilirlər ki, mən nə gəncliyimdə, nə də qocalığımda zarafat əhli olmamışam, amma bu gün nədənsə özümü rahat və şad hiss edirəm. Allaha and olsun! Yaxşı bilirəm ki, az sonra qılınclarımızı götürüb bu dəstlə ilə üz-üzə döyüşəcək və sonra cənnət hurilərini öz ağuşumuza alacağıq!” (“Biharul-ənvar”, 101-ci cild, səh.340.)

BÜREYRİN ÖMƏR İBN SƏDLƏ SÖHBƏTİ

Aşura gecəsi imam Hüseyn (ə) öz səhabələrini ətrafına yığıb, beyətini onların üzərindən götürdüyünü elan etdikdə, səhabələr bir-bir ayağa qalxıb öz vəfadarlıqlarını bəyan etdilər. Məclis sona yetdikdən sonra Büreyr o həzrətin hüzuruna gəlib Ömər Sədlə danışmaq və ona nəsihət etmək üçün icazə istədi. İmam (ə) ona icazə verdi.

Büreyr, Ömər Sədin xeyməsinə doğru hərəkət etdi. Onun xeyməsinə daxil olub salam vermədən əyləşdi. Ömər Səd qəzəbli halda dedi: “Ey həmdanlı qardaş, nə səbəb oldu ki, mənə salam vermədin? Bəlkə müsəlman deyiləm, Allahı və Peyğəmbərini tanımır, haqqa şəhadət vermirəm?!”

Büreyr dedi: “Bəli, doğrudur. Əgər Allahı və Peyğəmbərini tanısaydın, həmin Peyğəmbərin övladını öldürməyi qəsd etməzdin. Birdə ki, İraq heyvanları bu Fəratın zülal suyundan içdiyi halda, Hüseyn ibn Əli (ə), qardaşları, qadınları, əhli-əyalı susuzluqdan ölür, sən isə onları o sudan içməyə qoymursan. İndi düşünürsən ki, Allahı və Peyğəmbərini tanıyırsan?!”

Ömər Səd başını aşğı dikdi, az sonra başını qaldırıb dedi: “Ey Büreyr, Allaha and olsun, əminəm ki, hər kim onlarla döyüşsə və haqqını mənimsəsə, cəhənnəmə atılacaq! Amma ey Büreyr! Məndən istəyirsən ki, Rey mülkündən vaz keçim və o, başqasınamı qismət olsun?! Allaha and olsun, nəfsim bunu qəbul etmir! İki təhlükənin arasındayam, sərgərdan qalmışam; bilmirəm Rey hakimiyyətindən vaz keçim, bir halda ki, mənim arzumdur və ya Hüseynin (ə) qətlinə boyun əyim?! Hüseynin (ə) qətlinin nəticəsi cəhənnəm odudur, Rey mülkü isə gözümün işığıdır.”

Büreyr geri dönüb imam Hüseynə (ə) dedi: “Ey Peyğəmbərin (s) övladı! Ömər Səd, Rey mülkünə sahib olmaq üçün sənin qətlinə razılıq vermişdir.”

BÜREYRİN DÜŞMƏN ORDUSUNDAN YEZİD İBN MƏQƏLLƏ MÜBAHİLƏSİ

Aşura günü Ömər Sədin qoşunundan Yezid ibn Məqəl adlı biri Büreyri çağırıb dedi: “Ey Büreyr, Allahın səninlə rəftarını necə gördün?”

Büreyr cavab verib dedi: “Allaha and olsun ki, O, mənim haqqımda yaxşılıq etmiş, sənin işini isə şər yolda qərar vermişdir. (Mənim yolum cənnətə, sənin yolun isə cəhənnəmə doğrudur.)”

Yezid ibn Məqəl dedi: “Yalan danışırsan, heç belə yalan danışmamışdın. Yadındadır, bir zaman Bəni-Luzanda birgə yol gedirdik və sən deyirdin ki, Osman haqq deyil, Müaviyə zəlalətdədir, hidayət imamı Əli ibn Əbu Talibdir?!”

Büreyr dedi: “Bəli, bunun doğruluğuna şəhadət verirəm.”

Yezid ibn Məqəl dedi: “Mən isə deyirəm ki, zəlalətdə olan sənsən.”

Büreyr dedi: “Onda gəl mübahilə edək – Allahdan yalançıya lənət göndərəcəyini və batilin daha tez qətlə yetiriləcəyini diləyək!”

O qəbul etdi və hər ikisi əllərini göyə qaldırıb sübhan Allahdan yalançının rüsvay olacağını istədi. Sonra döyüşmək üçün meydana daxil oldular. Büreyr ağır qılınc zərbəsi ilə Yezid ibn Məqəlin başını yardı və o, yerindəcə cəhənnəmə vasil oldu. (“Əl-kamil”, İbn Əsir, 4-cü cild, səh.66; “Tarixi-Təbəri”, 5-ci cild, səh.431-432.)

Bu hadisədən sonra, Büreyr aşağıdakı rəcəzi oxuyaraq döyüşə davam etdi:

أَنَا بُرَيرٌ وَأَبي خُضَيْرٌ لَيْسَ يَرُوعُ الاُسْدَ عِنْدَ الزَأرِ

يَعْرِفُ فينَا الخَيْرَ اَهْلُ الْخَيْرِ أضْرِبُكُم وَلا أرى مِنْ ضَرٍّ

وَذاكَ فِعْلُ الحُرِّ مِن بُرَيْرِ

“Mən Büreyrəm, Xüzeyrin oğluyam. Şirin nərəsindən qorxmuram. Yaxşı insanlar bizi xeyrixahlıqla yad edirlər. Mən sizə qılınc zərbələri endirəcəyəm və bu işdən zərər görməyəcəyəm. Büreyrdən baş verən bu iş azad insanların işidir.”

O, döyüşə-döyüşə bu cümlələri deyirdi:

إقْتَرِبُوا مِنّي يا قَتَلَةَ الْمُؤمِنِينَ، إقْتَرِبُوا مِنّي يَا قَتَلَةَ ابْنِ بِنْتِ رَسُولِ رَبِّ الْعالَمينَ

“Ey möminləri öldürənlər, (əgər cürətiniz varsa,) mənə yaxınlaşın! Ey aləmlərin Rəbbinin Peyğəmbərinin qızının oğlunu qətlə yetirənlər, (əgər cürətiniz varsa,) mənə yaxınlaşın!”

Döyüş əsnasında Büreyr, Rəzi ibn Münqəz Əbdini yerə yıxdıqda, Rəzi ibn Münqəz Əbdi dostlarını köməyə çağırdı. Kəb ibn Cabir ibn Əmr Əsədi onun köməyinə gəldi. Düşmən əsgərlərindən olan Əfif ibn Züheyr fəryad edərək dedi: “Bu, Büreyr ibn Xüzeyrdir ki, Kufə məscidində bizə Quran öyrədirdi.” Əfif demək istəyirdi ki, o, bizim ustadımızdır, bəlkə onu öldürməyəsiniz! Amma Kəb onun sözünə məhəl qoymadı, Büreyri şəhadətə yetirdi. Büreyr altmış yaşında ikən şəhadətə yetdi. (“Yarane-xorşid”, Qulamrza Bəhrami, səh.87; “Aşura – rişeha, əngizeha, ruydadha, peyamədha”, Ayətullah Məkarim Şirazi, səh. 442.)

Rza Şükürlü (Maide.az)
Oxşar xəbərlər
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031