İmamət barədə nələri bilməliyik?
Mьəllif: admin1
Tarix: 6-07-2021, 09:31
İmamət barədə nələri bilməliyik?
Dini əqidələrimizin əsaslarından biri də «İmamət» mövzusudur.

İslam peyğəmbəri Həzrət Mühəmməd (s) xalq üçün ilahi peyğəmbər olmaqla yanaşı, müsəlman ümməti üçün dahi rəhbər də sayılırdı.

Amma bütün ilahi peyğəmbərlər bir gün dünya ilə vidalaşdığı kimi, İslam peyğəmbəri də 63 il yaşayaraq 23 il peyğəmbərlikdən sonra vəfat etdi.

Hər bir ağıl və düşüncə sahibinin zehnində yaranmış sual bundan ibarətdir ki, İslam peyğəmbəri öz vəfatından sonra müsəlman ümmətinin rəhbərliyini kimin öhdəsinə qoymuş və bu ağır vəzifə üçün kimi təyin etmişdir?

Əhli-beyt məktəbinə mənsub olanların əqidəsi bu barədə aydındır və onlar bu məsələdə bir sıra möhkəm və tutarlı dəlillərə, əsaslanırlar.

İMAMƏTİN MƏNASI

“İmamət” ərəb sözü olub, rəhbərlik mənasını daşıyır. Dini termində isə «İmamət» sözü belə izah edirlir: «İmamət, peyğəmbər canişinliyi olub, dini və dünyəvi işlərdə xalqa rəhbərlik etmək və onları ziyanlı və azğın işlərdən çəkindirib doğru yola dəvət etmək deməkdir. Hamının da belə bir imama tabe olması vacib və zəruri sayılır».

QURAN və İMAMƏT

Qurani-Kərimin bir sıra ayələrinə nəzər saldıqda, imamət və rəhbərliyin xüsusi əhəmiyyət daşıdığını görmək və bununla da aşağıdakı nəticələri almaq olar:

1. Qurani-Kərimin buyurduğuna görə, Allah Təala İbrahim peyğəmbərə peyğəmbərlikdən sonra imamət məqamı vermişdir. Bu isə imamət məqamının böyük əhəmiyyət daşıdığını göstərir.

2. İmamət və rəhbərlik iki qismə bölünür ki, onlardan biri hidayət, digəri isə küfr və azğınlıq rəhbərliklərindən ibarətdir.

3. Qiyamət günü əməllərin hesabı üçün hər bir insan və hər bir millət öz imamı ilə birlikdə çağrılacaqdır.

4. Allahın təqvalı və pərhizkar bəndələrinə imam olmaq möminlərin duasıdır.

İMAMƏTİN LÜZUMU

Qeyd etdiyimiz kimi, İslam peyğəmbəri Həzrət Mühəmməd (s) 23 il peyğəmbərlikdən sonra vəfat edib, əbədi diyara köçdü.

Peyğəmbərimizin (s) isə özündən sonra xalq üçün imam (rəhbər) təyin etməməsi heç bir məntiq və düşüncə ilə uyğun gəlmir.

Kiçik bir dəstəni başçısız və rəhbərsiz təsəvvür etmək mümkün olmadığı bir halda, böyük İslam ümmətini rəhbərsiz fikirləşmək və onun üçün başçı təyin etməmək ağıl və məntiqlə uyğundurmu?

Bir gün İmam Sadiqin (ə) şagirdlərindən biri olan Hişam ibn Həkəm, Bəsrə şəhərində yaşayan mötəzilə etiqadlı alim Əmr ibn Übeydin evinə gəldi, amma Əmr onu tanımadı. Hişam üzünü ona tutub soruşdu?

Hişam: Nə üçün Allah sənə iki göz verib?

Əmr ibni Übeyd: Onların vasitəsi ilə baxmağım üçün.

Hişam: Allah nə üçün iki qulağı xəlq etmişdir?

Əmr inbi Übeyd: Onların vasitəsilə eşitmək üçün.

Hişam: Allah nə üçün ağız və burun xəlq etmişdir?

Əmr ibni Übeyd: Ağızla yemək, dadmaq və burunla iyləmək üçün.

Hişam: Allah nə üçün ürəyi xəlq etmişdir?

Əmr ibni Übeyd: Bədən üzvlərinin fəaliyyətini tənzim etmək və onlara bir növ rəhbərlik etmək üçün.

Hişam ibni Həkəm ayağa qalxaraq dedi: Ey Əmr! İnsanın bədən üzvləri üçün başçı qəbul edir, amma bu böyük ümmət üçün imam və rəhbəri qəbul etməyərək (Həzrət Peyğəmbərin özündən sonra ümmətə rəhbər təyin etmədiyini iddia edirsən!?)

Elə buna əsasən Peyğəmbərdən sonra İslam ümməti üçün imam (rəhbər) təyin edilməsi və onun lüzumu hamı üçün aydın və aşkardır.

Bu haqda inadkarlıq edib ayrı sözlər danışanlar isə daha ətraflı fikirləşməli və məntiqə uyğun sözə tabe olmalıdırlar.

Qurani-Kərim bu haqda belə buyurur: «Ey peyğəmbər! Müxtəlif sözlər eşidib onların ən yaxşısına tabe olanlara müjdə ver».

Bu isə məhz Allah kəlamıdır və Allah kəlamı bütün islami məktəblər tərəfindən qəbul olunmuş bir kəlamdır.

Həzrət Peyğəmbər (s) özündən sonra ümmət üçün rəhbər və ya rəhbərlər təyin etmişdir. Bu rəhbərlərin kimlər olduğu barədə isə «Həzrət peyğəmbərin canişinləri» bəhsində söhbət açacağıq.

İMAMƏTİN XÜSUSİYYƏTLƏRİ

Əhli-beyt məktəbinə görə imamətin bir neçə xüsusiyyəti vardır ki, onların bəzisi aşağıdakılardan ibarətdir:

1. İmamın Allah tərəfindən təyin olunması:

İmamın Allah tərəfindən təyin edilməsi - təyin edilən şəxsin Peyğəmbərin (s) vasitəsilə xalqa çatdırılmasını nəzərdə tutur. Həzrət Mühəmməd (s) öz həyatında dəfələrlə özündən sonra gələn imamları (rəhbərləri) ümmətə tanıtdırmış və bu mühüm işə israr etmişdir.

2. İmamın ilahi biliklərə yiyələnməsi:

Həzrət Peyğəmbər (s) ilahi biliklərə malik olduğu kimi, ondan sonra gələn ümmət rəhbəri də ilahi mənbələrlə rabitəli və xalqın ən bilicisi olmalıdır.

3. İmamın məsum olması:

Həzrət Peyğəmbərin günah və səhvlərdən məsum olması zəruri olduğu kimi, xalqa rəhbərlik edən imamın da məsum olması vacibdir.

Əks təqdirdə, xalqın azğınlığa çəkilib hidayət yolundan kənarlaşması kimi acı nəticələr irəli gələ bilər. Nəticədə isə insanların hidayəti üçün göndərilmiş din və şəriət təhrif olub, öz dəyərini itirər.

4. İmamın ədalətli olması:

Xalqın İslam dininin dəvət etdiyi qanunlara riayət edib, cəmiyyətdə ədaləti bərpa etməsi, ədalətsiz imamın rəhbərliyi ilə mümkün deyildir.

5. İmamın xalqdan təmənnasız olması:

İlahi peyğəmbərlər öz vəzifələrinin əvəzində xalqdan bir şey istəmədikləri kimi, onların ardıcılları olan imamlar da öz rəhbərliyi üçün xalqdan heç bir şey istəməməli və öz ilahi vəzifələrini təmənnasız olaraq yerinə yetirməlidir.

İMAMIN TƏYİN OLUNMASI

İslam ümməti üçün rəhbərin lazımlığı çox aydın və aşkar bir məsələdir. Lakin əsas məsələ müsəlman millətləri üçün rəhbərin kim tərəfindən təyin olunmasıdır ki, bu haqda müsəlmanlar arasında iki növ əqidə mövcuddur.

Onlardan biri odur ki, onlar islam ümməti üçün rəhbərin (xəlifənin) müəyyən şura vasitəsi ilə təyin olunmasının tərəfdarıdır.

Digər əqidə isə Əhli-beyt məktəbi ardıcıllarına aiddir ki, onlar ümmət üçün rəhbərin yalnız Allah tərəfindən təyin olunmasını qəbul edir və məhz bu yolu məntiqə uyğun hesab edirdilər.

Bu məktəbin əqidəsinə görə camaat və ya şura tərəfindən seçilmiş rəhbər, yalnız bir sıra zahiri işləri idarə edə bilər. İlahi rəhbərliyi, yəni müqəddəs şəriətin idarə olunmasını isə Allahın təyin etdiyi və Onun peyğəmbəri (s) tərəfindən elan edilmiş İmam həyata keçirə bilər.

Əks təqdirdə isə, bir sıra xoşagəlməz işlərin yaranması və son dərəcə həyati olan vəzifənin təsadüfi şəxslərin əlinə düşməsi vəziyyəti yarana bilər.

Məsələn; xalq arasında böyük mənsəb sahibi olanlar, var-dövlət və qüdrət sahibləri çox asanlıqla bu ilahi rəhbərliyi ələ keçirib, xalqı və islam ümmətini Allahın dediyi kimi deyil, öz istəyi və nəzəri ilə idarə edə bilərlər.

Bu isə İslam şəriəti və ümməti üçün ən böyük təhlükədir.

Bunu da qeyd etmək lazımdır ki, Əməvi və Abbasi xilafətləri zamanı uzun müddətli bir siyasət nəticəsində xilafət və ilahi rəhəbrlik məsələsi süni şəkildə dəyişdirilmiş, əvəzində isə padşahlıq, varislik əsasında hökm edən hökumətlərə gətirilmişdir.

İmamət və rəhbərlik məsələsi, həqiqətdə İslam peyğəmbəri Həzrət Mühəmmədin (s) ümmət üzərində olan ilahi rəhbərliyinin davamıdır.

Həzrət Peyğəmbərin (s) isə xalq tərəfindən deyil, yalnız Allah tərəfindən bu mühüm iş üçün təyin olunması hamıya aydındır.

Unutmaq olmaz ki, islam ümməti üçün imamın məhz Allah tərəfindən təyin olunması, məntiqlə uyğun gələn bir əqidədir.

İLAHİ RƏHBƏRİN VƏZİFƏLƏRİ

İslam peyğəmbəri Həzrət Mühəmmədin (s) canişini olan ilahi rəhbərlərin bir neçə vəzifəsi vardır ki, onlar aşağıdakılardan ibarətdir:

1. Qurani-Kərimin mənalarını xalq üçün aydınlaşdırıb onlara aid olan məsələləri izah etmək;

2. Dini hökmləri xalqa çatdırıb, bəyan etmək;

3. Ümmət arasında etiqadi azğınlığın qarşısını almaq;

4. Öz sözləri və rəftarı ilə cəmiyyəti islah etmək və tərbiyələndirmək;

5. Cəmiyyətdə təhlükəsizlik, əmin-amanlıq və ədaləti yaratmaq;

6. Düşmənlər qarşısında islamın sərhəd, sərvət və varlığını müdafiə etmək;

Gördüyünüz kimi hər hansı bir ilahi rəhbərin boynunda belə ağır vəzifələr vardır. Bu vəzifələrin öhdəsindən gələn şəxsi, yalnız Allah Taala təyin edə bilər və adi camaat belə bir şəxsi tanıyıb onu özü üçün imam seçə bilməz.

Qeyd etdiyimiz vəzifələr ilk növbədə Həzrət Peyğəmbərin (s) öhdəsində olmuş və o Həzrətdən sonra isə ilahi rəhbərlərə (imamlara) tapşırılmışdır. Lakin həzrət Peyğəmbərimizin ayrı bir vəzifəsi də var idi ki, o vəzifə imamlara aid deyildi.

Həzrət Peyğəmbərin istisnavi olan bu vəzifəsi vəhy yolu ilə Allah göstərişlərini alıb ümmətə çatdırmaq və başqa sözlə desək, Allahın izni ilə qanunvericilik ixtiyarına malik olması idi. İlahi rəhbərlərə (imamlara) isə vəhy olunmaz və yeni bir şəriət göndərilməz.

İMAMƏTƏ AİD AYƏ və HƏDİSLƏR

İslam Peyğambərinin (s) canişinləri haqda bir çox ayə və hədislər mövcuddur ki, burada onlardan bir neçəsini diqqətinizə çatdırırıq:

1. “Maidə” surəsi, ayə, 55.
Allah Təala bu ayədə buyurur: «Şübhəsiz sizin rəhbəriniz Allah, Onun elçisi və iman gətirib namaz iqamə edən və ruku halında zəkat verənlərdir».

Həzrət Peyğəmbərimizin (s) səhabələrindən olan Əbuzər (r.ə.) belə nəql edir: «Bir gün Həzrət Peyğəmbər (s) camaatla birlikdə zöhr namazını qılarkən bir yoxsul məscidə daxil oldu.

Heç kəs ona bir şey vərmədiyindən əllərini göyə qaldıraraq dedi: «İlahi! Şahid ol ki, mən Sənin peyğəmbərinin məscidində kömək istədim, amma heç kəs mənə bir şey vermədi.

Elə bu vaxt namazda rükuya getmiş Həzrət Əli (ə) barmağında olan üzüyü (almaq üçün) yoxsula uzatdı və o da üzüyü Həzrət Əlinin (ə) barmağından çıxararaq getdi.

Həzrət Peyğəmbər (s) bu səhnəni gördükdə əllərini qaldırıb belə dua etdi: “...İlahi! Qardaşım Musa əleyhissalam Səndən özü üçün qardaşı Harunu vəzir (və köməkçi) istədi. İlahi! Mən də sənin peyğəmbərin və seçilmiş bəndənəm... Əhli-Beytimdən olan Əlini mənim üçün canişin, arxa və möhkəm dayaq qərar ver”.

Əbuzər (r.ə.) deyir: “Həzrət Peyğəmbərin duası qurtarmamış, Cəbrail əleyhissalam nazil olaraq bu ayəni (“Maidə” surəsinin 55-ci ayəsini) çatdırdı».

Bu hədis bütün islami məzhəblərin raviləri tərəfindən nəql olunmuşdur.

Mərhum Əllamə Əmini (r.ə.) nəql olunmuş hədisi özünün «Əl-Ğədir» kitabında gətirmiş və onun 30-a yaxın əhli-təsənnün alimi tərəfindən də nəql olunduğunu qeyd etmişdir ki, Təbərinin təfsiri, 6,165, İbni Kəsirin «Əlbidayətu vən-nəhayət», 7,357, İbni Həcərin «Əs-səvaiq, səh.25 və s. kitablar buna nümunə ola bilər.

2. “Nisa” surəsi, 59.

Allah Təala bu surədə belə göstəriş verir: «Ey möminlər! Allaha, peyğəmbərə və əmr sahiblərinə itaət edin».

Böyük səhabələrdən olan Cabir ibni Əbdullah Ənsari (r.ə) nəql edir ki, bu ayə Həzrət Peyğəmbərə (s) nazil olanda soruşdum: “Ey Allahın elçisi! Biz Allahı və Onun peyğəmbərini tanıdıq, amma sizinlə yanaşı itaəti (vacib) olanların kim olduğunu bilmirik”.

Həzrət Peyqəmbər (s) cavabımda buyurdu: «Ey Cabir! Onlar (əmr sahibləri) mənim canişinlərim və məndən sonra müsəlmanların imamlarıdır.

Onların birincisi Əli ibn Əbi Talib, sonra Həsən, sonra Hüseyn, sonra Əli ibni Hüseyn, sonra Tövratda Baqir adı ilə tanınmış Mühəmməd ibni Əlidir ki, sən onu görəcəksən.

Ey Cabir, onu görəndə mənim salamımı ona çatdırarsan.

Sonra Sadiq Cəfər ibni Mühəmməd, sonra Musa ibni Cəfər, sonra Əli ibn Musa, sonra Mühəmməd ibni Əli, sonra Əli ibni Mühəmməd, sonra Həsən ibni Əli və daha sonra mənim adımda olan Allahın höccətidir (Sahib-əz-Zəman (ə.f.))-dır.»

3. «Əl-Ğədir» hədisi.

Bir çox hədis mənbələrində nəql olunmuş «Əl-Ğədir» hədisinin məzmunu belədir:

«Həzrət Peyğəmbər (s) hicrətin 10-cu ilində sonuncu həcc səfərindən qayıdarkən, «Qədir-Xum» adlı bir yerdə ona ilahi vəhy nazil oldu. Allah Təala öz vəhyində buyurdu:

... يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ

«Ey peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanı xalqa çatdır, onu xalqa çatdırmasan, ilahi peyğəmbərliyini yerinə yetirməmiş olarsan və Allah səni xalqın (fitnəsindən) qoruyacaqdır».

Həzrət Peyğəmbər bu vəhyi aldıqdan dərhal sonra, təxminən 120 min nəfərə yaxın olan müsəlmanların bir yerə toplaşmasını əmr edib buyurdu: «Qabaqda gedənlər geri qayıtsın və arxada qalanlar özlərini bura çatdırsınlar».

Müsəlmanlar bir yerə toplaşdıqdan sonra o Həzrət uca bir yerə qalxaraq söhbətə başladı və xütbə oxuduqdan sonra buyurdu:
... من كنت مولاه فهذا على مولاه

«Mən hər kəsə rəhbər idimsə, Əli də onun rəhbəridir.

İlahi! Əlini dost tutanları dost, düşmən tutanları düşmən tut, onu sevənləri sevib, ona qəzəb edənlərə qəzəb et. (İlahi!) Əliyə kömək edənlərə kömək ol, onu zəlil etmək istəyənləri zəlil et və hər bir yerdə haqqı onunla birgə et».

Mərhum Əllamə Əmini (r.ə.) bu hədisi əhli-sünnətin altımışdan artıq mötəbər kitablarından nəql etmiş, onların müəllifini və dəqiq ünvanlarını da qeyd etmişdir.

Daha sonra müsəlmanlar bir-bir imam Əli (ə) ilə görüşüb beyət edir və bununla da öz gələcək rəhbərlərinin bu məqamını təbrik edirdilər.

Həzrət Peyğəmbər (s) üzünü müsəlmanlara tutaraq bu xəbəri başqalarına çatdırmağı da göstəriş verdi.

Qeyd etməliyik ki, Əllamə Əmini (r.ə.) «Əl-ğədir» hədisini Həzrət Peyğəmbərin (s) 110 səhabəsindən nəql etmişdir ki, onların arasında Əbu Bəkr, Ömər, Osman, Aişə və sairlər də vardır.

Bəzi inadkar şəxslər bu hədisi əhəmiyyətdən salmaq üçün hədisdə buyurulmuş «mövla» sözünə “rəhbər” deyil, “dost” mənası verirlər.

Görəsən, Ərəbistan çölündə, yay fəslində, günorta çağı və qızmar günəş altında müsəlmanları bir yerə toplayıb «Əli mənim dostumdur» sözlərini demək bəşəriyyətin ən şərəfli məxluqu olan Peyğəmbər haqqında nə dərəcədə düzgün ola bilər?!

Halbuki bu iş, ilahi Peyğəmbərdən deyil, adi bir insandan da baş versəydi, qəribə bir iş olardı. Həzrət Mühəmmədin (s) bu sözləri təkidlə buyurması, deyilmə məkanı (həccdən qayıdanda, vida həccindən sonra), zamanı və s. amillər təəssübkeşlərin iddia etdiyi sözün əsassız olmasını yetirir.

4. “Səfinə” hədisi.

Bu hədisə əsasən Həzrət Peyğəmbər (s) öz Əhli-beytini həzrət Nuhun (ə) gəmisinə bənzədərək buyurur: «Agah olun! Şübhəsiz mənim Əhli-beytim Nuh peyğəmbərin öz milləti arasında olan gəmisi kimidir ki, o gəmiyə minən nicat tapar, ondan üz döndərən isə qərq olar».

Məlum olur ki, Peyğəmbərimizin (s) Əhli-beytindən üz döndərmək, şiddətli tufanlar qarşısında qurtuluş gəmisindən üz döndərmək kimidir.

Qeyd etmək lazımdır ki, Mərhum Mir Hamid hüseyn (r.ə.) «Səfinə» hədisini özünün «Əbəqatul-ənvar» kitabında 90-a yaxın əhli-sünnət alimlərindən nəql etmişdir.

5. “Səqəleyn” hədisi:

İmamət və rəhbərliyə aid olan əhəmiyyətli hədislərdən biri də «Səqəleyn» hədisidir.

Həzrət Peyğəmbər (s) bu hədisdə belə buyurur:

اِنّى تارِكٌ فِيكُمُ الثِقْلَيْن ما إِنْ تَمَسَّكْتُمْ بِهِما لَنْ تَضِلُّوا: كِتابَ اللهِ عِتْرَتى أَهْلَ بَيْتى

“Mən sizin aranızdan gedərkən, iki ağır əmanəti (qoyuram ki, o iki əmanətə itaət etsəniz, heç vaxt yolunuzu azmayacaqsınız). O iki əmanət Allahın kitabı (Quran) və mənim Əhli-beytimdir”.

Mərhum Mir Hamid Hüseyn (r.ə) bu hədisi 3-13-cü əsrlərdə yaşamış 200-ə yaxın əhli-sünnət alimlərindən nəql etmişdir.

Bura qədər qeyd olunmuş ayə və hədislərlə kifayətlənir və imamət haqda mövcud olan bir çox ayə və hədislərin mütaliəsini öz öhdənizə qoyuruq.

Nəql olunmuş ayə və rəvayətlər, Həzrət Peyğəmbərimizdən sonra başqalarının deyil, yalnız o Həzrətin Əhli-beytinin rəhbərliyini təsdiq edir və imamətin (ilahi rəhbərliyin) yalnız Əhli-beytə məxsus olduğunu yetirir.

PEYĞƏMBƏRİMİZİN (s) ƏHLİ-BEYTİ

Əhli-beyt (ə) Allahın seçilmiş bəndələri olub, hər növ günah və çirkinlikdən pak olmuş dahi şəxslərdir. Necə ki, Qurani-Kərimin “”Əhzab” surəsində oxuyuruq: «Şübhəsiz Allah istəyir ki, hər cür çirkinliyi siz Əhli-beytdən kənar etsin və sizi hər bir eybdən pak və uzaq qərar versin».

Nəql olunmuş mötəbər hədislərə əsasən, bu ayə Həzrət Peyğəmbərin (s) həyat yoldaşları deyil, yalnız Əhli-beyti barədə nazil olmuşdur. Belə hədisləri aşağıda adları sadalanan sünni və şiə hədis kitablarında mülahizə etmək olar:

1. «Musnədi İbni Əhməd», 1/708 və s..

2. «Xəsaisul-İmam Əmirul-möminin», 23/70

3. «Tarixu Dəməşq», 1/184, 249

4. «Şəvahidut-tənzil», 2/50, 670

5. «Təfsirut-Təbəri», 12/7

6. «Əd-Durrul-mənsur», 6/403

7. «Kənzul-ummal», 13/645

8. «Yənabiul-məvəddət» 1/329

9. «Əl-mənaqib, Xarəzmi», səh-60

10. «Kəşful-ğummə», 1/40

11. «Ehqaqul-həqq», 2-501/562

12. «Əmali» (Səduq), səh-124

13. «Əmali» (Tusi), səh-352,727

14. «Biharul-ənvar», 35260 və s...

Qurani-Kərimdə buyurulur: “Bu Quran çox böyük və uca kitabdır (ki) pak əllər [və pak düşüncələrdən] savayı heç bir kəs ona əl vurmaz (və dərk edə bilməz)”.

İbni Abbasın (r.ə.) Həzrət Peyğəmbərdən (s) nəql etdiyi hədisə əsasən, ayədə buyurulmuş «paklar»da hədəf - Allahın müqərrəb və yaxın bəndələridir.

Elə buna görə də, Qurani-Kərim və digər dini maarifin izahını öz şəxsi düşüncəmiz, başqa və kənar şəxslərdən deyil, yalnız Allahın bütün çirkinliklərdən pak etdiyi müqərrəb bəndələri olan Əhli-beytdən (ə) almalı və dinləməliyik. (Ayətullah Safinin saytına əsasən).


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930