Təmizləyici, İlahi rəhmət, ruzi, bərəkət, qəlbləri sabit edən - yağış
Mьəllif: admin1
Tarix: 29-06-2020, 08:44
Təmizləyici, İlahi rəhmət, ruzi, bərəkət, qəlbləri sabit edən - yağış
Yağış yağan zaman sanki torpaq təzə ruha bürünür və ağaclar yeni həyat taparlar. Canlılar xüsusi sevincə və şadlığa malik olarlar. Bəli, yağış ölmüş torpağa yenidən can verər.

Yağış - İlahi rəhmətdir. Allah bu həyat amilini yerə göndərərək hamını sevincə qərq edir. Allah Təala yağışı pak su, bərəkətli su və İlahi ruzi adlandırmışdır.

Yağış - təharət vasitəsidir: “Biz göydən (yağış, qar və dolu şəklində özü) pak (olan) və pak edən bir su nazil etdik”. (“Furqan” 48).

Yağış - bərəkətli sudur: “Göydən (yağış, qar və dolu şəklində) xeyir-bərəkət dolu su endirdik”. (“Qaf” 9).

Yağış - İlahi rəhmətdir: “(İnsanlar) naümid olduqdan sonra faydalı yağışı nazil edən və Öz rəhmətini yayan Odur və Odur başçı, dost, yardımçı və (bütün sifət və işləri) təriflənmiş!”. (“Şura” 28).

Yağış - İlahi ruzidir: “Öz ayələrini (Öz tovhidinin əqli və nəqli dəlillərini) sizə göstərən və sizin üçün göydən (maddi və mənəvi) bir ruzi nazil edən Odur”. (“Ğafir” 13).

Yağış - sevincə səbəb olar: “Elə ki, (Allah) o yağışı bəndələrindən istədiyinə yetirir, dərhal sevinir və şad olurlar”. (“Rum” 48).

Yağış - möminlərin qədəmlərini sabit edər: “O zaman (Allah) Onun tərəfindən xatircəmlik olsun deyə, sizi mürgü ilə bürüdü və sizi paklaşdırması, şeytanın murdarlığını (şeytanın vəsvəsəsini və ya cənabətliliyi) sizdən təmizləməsi, qəlblərinizi möhkəmləndirməsi və qədəmlərinizi sabitləşdirməsi üçün göydən sizə su endirirdi”. (“Ənfal” 11).

Mənəviyyat və yağış: “(Mənə vəhy olundu ki): “Şübhəsiz, əgər (ins və cin) yolda (əqidə və əməlin düz yolunda) sabitqədəm olsalar, mütləq onları bol su (maddi və mənəvi bərəkətlər) ilə sirab edərdik””. (“Cinn” 16).

Allah Təala bu ayələrdə buyurur ki, sizin ruziniz səmadandır və Allah yağışı göndərir və yer öz nemətlərini üzə çıxarır. Bundan başqa, yağış paklayıcıdır. Həm zahiri nəcasəti aradan aparar və həm də mənəviyyatı paklaşdırar.

Bədr döyüşünə gedən zaman müsəlmanlar toz-torpaq içində idilər. Su yox idi və hamı susuz idi. Şeytan bəzilərinə vəsvəsə edirdi ki, belə halda namaz qıla bilməzsiniz. Uca Allah göydən yağış nazil edir və hamı sirab olub, paklanır.

İmam Əli (ə) buyurur: “Yağış suyundan için ki, bədəni pak edəndir. Xəstəlikləri aradan aparar”.

Susuz torpaq ruhsuz varlıq kimidir. Nə həyatı vardır və nə də sevinci. Torpaq yağış yağarkən aralanar və yenidən ona həyat gələr.

Torpağın yenidən dirçəlməsi: “Həmin O (Allah) ki, göydən müəyyən miqdarda (kamil hikmətinin tələbinə əsasən yağış, qar və dolu şəklində) su nazil etdi və onun vasitəsi ilə (bitki və ağaclar bitirməklə) ölü bir ölkəni diriltdik. (Qiyamət günü siz də torpaqdan) beləcə çıxarılacaqsınız”. (“Zuxruf” 11).

Torpağın hərəkətə gəlməsi: “Onun üzərinə (yağış, qar və dolu şəklində) su endirdiyimiz zaman o, canlanar və (həm özü, həm də yetirdiyi bitkilər) qalxar”. (“Fussilət” 39).

Torpağın canlanması Allahın nişanəsidir: “Həmçinin gecə ilə gündüzün get-gəlində, onların artıb azalmasında, Allahın (yağış və günəşin nuru kimi) göydən nazil etdiyi və vasitəsi ilə yeri öldükdən sonra diriltdiyi (toxumlara, bitkilərə və fidanlara inkişaf ruhu verdiyi) ruzidə, eləcə də küləklərin (müxtəlif istiqamətlərə) dolandırılmasında düşünənlər üçün nişanələr vardır”. (“Casiyə” 5).

Torpaq aralanar: “Biz suyu xüsusi bir tərzdə (yağış, qar və dolu şəklində) yağdırdıq. Sonra da yeri xüsusi bir üsulla (otların, ağacların və bulaqların halına mütənasib surətdə) yardıq”. (“Əbəsə” 25-26).

Bəli, yağış torpağa can verər və onu yenidən həyata gətirər, cücərdər, məhsul verər. Ancaq bu yağışın mənəviyyatla birbaşa əlaqəsi vardır. İnsan əməlləri yağışın az və çox yağmasına təsir qoyar. Allah əzab vermək istəyi qəbilədən yağışı kəsər və onları susuzluğa düçar edər. Ya da onlara göydən daş və pis yağış yağdırar: “Onlar (Məkkə müşrikləri) yəqin ki, pis yağış yağdırılmış şəhərdən (Lutun qövmünün daş yağışı yağdırılmış məskənlərindən) keçiblər. Belə isə məgər oranı görməyiblər? (Görməyə bilməzlər,) lakin onların yenidən dirilməyə ümidləri (və etiqadları) yoxdur”. (“Furqan” 40).

Ancaq nemətini artırmaq istəyi və tövbə edən qəbiləyə rəhmət və neməti olan yağışı nazil edər və onları sevindirər. “«Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin, sizin (cismani və maddi) gücünüzə bir güc də artırsın və (Ondan) günahkar kimi üz çevirməyin»”. (“Hud” 52).

Bəli, yağış Allahın rəhmət və nemətidir, hər birimiz bunu yaddan çıxartmayaq: “Doğrudan da Biz yağış nemətini xatırlamağı (lap qədimdən) insanların arasında müxtəlif üsullarla bəyan etmişik və bunu (bu neməti) insanların arasında həmişə dolandırmışıq (dünyanın kamil quruluşuna əsasən hər bir mühitə və hər bir millətə ondan pay vermişik) ki, (Bizim qüdrət, hikmət və mərhəmətimizi) yada salsınlar”. (“Furqan” 50).

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930