VALİDEYNİN ÖVLADIN MADDİ İŞLƏRİNDƏ DƏXALƏT EDƏ BİLƏRMİ?
Mьəllif: admin1
Tarix: 14-02-2018, 21:20
VALİDEYNİN ÖVLADIN MADDİ İŞLƏRİNDƏ DƏXALƏT EDƏ BİLƏRMİ?
Əgər övladlar, istər qız olsun, istərsə də oğlan, aqil və həddi-büluğa, fikri (təfəkkür) cəhətindən müəyyən kamal həddinə çatmış olsalar, habelə, onların şəxsi mülkiyyətində müəyyən qədər mal-dövlət olarsa, bu halda həmin mal-dövlətdə hər növ ixtiyar və təsərrüf övladın özünə aiddir. Ata-ananı isə bu ixtiyarları onun əlindən almağa haqqı yoxdur.

İmam Baqir (ə) buyurur: “Əgər qadın öz işlərinin sahibi olarsa, alver edə, Allah-taala yolunda qul azad edə bilər.”1

Yəni azad və bir kəsin qulu olmayan bir qadın alver edə bilər, əgər özünün qulu olmuş olarsa, onu Allah-taala yolunda azad edə bilər.

Bu mövzu Qurani-məciddə də aşkar şəkildə qeyd olunmuşdur. Quran buyurur ki, qadın və ya kişi olmalarından asılı olmayaraq bütün insanlar qeyd olunan şərtlər daxilində öz mal-dövlətlərində təsərrüf (istifadə) etməkdə tam ixtiyar sahibidirlər, heç kəs bu maliyyə hüququnu onlardan ala bilməz.

“Qurani-kərim” buyurur: "Kişilər və qadınlar hər biri özlərinin iş və qazanclarının sahibi, malikidirlər.”2

Mülahizə etdiyiniz kimi bu ayə aşkar şəkildə bütün qadın və kişilərin hüququnu, maliyyə və təfəkkür cəhətindən müstəqil olmalarını möhtərəm sayır.

Bu məsələ bütün din başçılarının fikir birliyində olduğu məsələlər sırasındadır və heç kəs onunla müxalifət etməmişdir. Bu barədə çoxlu rəvayətlər vardır ki, elm və ədəb əhlinə məxfi deyildir.

Deməli, valideynlər övladların qız və ya oğlan olmalarından asılı olmayaraq mali, ticarət və s. kimi məsələlərində yalnız yolgöstərmə haqqına malikdir, amma onların ixtiyarlarını məhdudlaşdıra bilməzlər.

Amma evlənmə məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, bu məsələdə valideynlərin ixtiyarlarının həddi-hüdudu bəhs olunmuşdur ki, xülasəsini qeyd edirik:

Oğlan uşaqları evlənmə məsələsində qanuni şəraitə malik olduqda islami və əqli cəhətdən təkamülə çatdıqdan sonra özləri həyat yoldaşı seçməkdə müstəqil surətdə qərara gələ bilərlər, valideynlər isə yalnız bir məşvərətçi kimi olub öz şəxsi fikirlərini oğluna qəbul etdirmək haqqına malik deyildir.

Böyük alimlər və fəqihlər də məhz bu əsasda fətva vermişlər, İslam hədisləri də bunu təkidləndirir.

Məhəmməd ibn Müslüm İmam Baqirdən (ə) soruşdu: Oğlunun xəbəri olmadan bir ana bir qızı onun əqdinə keçirmişdir. Bunun hökmü nədir?

Həzrət buyurdu: Bu iş oğlunun rəyinə bağlıdır; istəsə qəbul edər, istəməsə qəbul etməz. Əgər oğlan qəbul etməsə, qızın mehriyyəsini ana özü verməlidir.3

Bu sualın oxşarını (ata-ananın oğulun kiminlə evlənməsində dəxalət etməmələri barəsindədir) İbn Əbi Yəfur İmam Sadiqdən (ə) soruşmuşdur:
“Mən bir qızla evlənmək istəyirəm, ata-anam isə başqa bir qızı mənə almaq istəyirlər. İmam (ə) buyurdu: Öz istədiyin qızla evlən və ata-ananın istədiyini boşla.”4

Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: “Əgər bir kişi öz oğlunu evləndirsə, bu iş oğluna həvalə edilir: istəsə qəbul edə bilər, istəməsə rədd edə bilər.”

Deməli, diqqət yetirmək lazımdır ki, ata və ya ana, yaxud onların hər ikisinin öz oğlunu evlənməyə məcbur etməyə, öz istəklərini ona qəbul etdirməyə haqları yoxdur.

Amma əxlaqi cəhətdən bütün övladlar ata-ananın təcrübələrindən istifadə edərək bütün işlərdə, xüsusilə evlənmə məsələlərində onlarla məsləhətləşməyə borcludurlar və valideynlərin məsləhət görmədiyi bir qızla evlənməməlidirlər.

Çünki valideynlik hüququndan əlavə, təcrübə, əql və təfəkkür baxımından da onlar övladdan yüksək səviyyədədirlər. İslam dini də bizi bütün işlərdə məşvərət etməyə sövq etmişdir.

1. “Vəsailüş-şiə”, 14-cü cild, səh.215
2 “Nisa” surəsi, ayə: 215
3 “Fürui-kafi”, 5-ci cild, səh.401
4 “Səfinə”, 3-cü cild, səh.486

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031