ŞİRK HALINDA DA VALİDEYNƏ EHTİRAM ETMƏK VACİBDİRMİ?
Mьəllif: admin1
Tarix: 12-02-2018, 10:45
ŞİRK HALINDA DA VALİDEYNƏ EHTİRAM ETMƏK VACİBDİRMİ?

İmam Rza (ə) buyurur: “Valideynə yaxşılıq etmək, hətta onlar müşrik olsalar belə, vacibdir. Amma Xaliqə qarşı günaha səbəb olan əmrlərində itaət etmək olmaz.”1

İmamın bu buyuruğunda bütün bəhanə yolları bağlanır. Həzrət hətta ata-ananın müşrik fərz edildiyi halda belə öz əmrini buyurmuşdur. Yəni sadəcə cüzi məsələlər səbəbilə övladların ata-anaya ehtiramdan qaçması caiz deyildir, hətta ata-ana kafir və ya müşrik olsalar belə, övladlar valideynlərinin hüququnu tapdalayıb onlara qarşı ehtiramsızlıq edə bilməzlər. Bu məsələ İslamın danılmaz və inkarolunmaz məsələlərindən biridir. İndi sizin diqqətinizi bir ibrətamiz hekayəyə cəlb edirik:

Zəkəriyya adlı bir şəxs əvvəllər məsihi dinində idi, sonralar İslam haqqında çoxlu mütaliələr edib axtarışlar apardıqdan sonra ilahi tovhid nuru qəlbinə saçmış və o, İslam dinini qəbul etmişdir. O deyir: Müsəlman olduqdan sonra Allah Evini ziyarət etmək məqsədi ilə Beytullahil-Hərama yola düşdüm.

Məkkeyi-Müəzzəməyə çatdıqdan sonra İmam Sadiqin (ə) orada olduğundan agah olub o Həzrəti ziyarət etmək, mənəvi qida almaq, Ali-Mühəmmədin elm xəzinəsindən güllər dərmək üçün mübarək hüzuruna getdim.

Necə müsəlman olduğumu şərh etdikdən sonra soruşdum: Ey Peyğəmbərin övladı, sənə fəda olum, mənim ata-anam nəsranidirlər, anam həddindən artıq qocalıb əldən düşmüşdür. Mən onlarla bir yerdə, bir süfrədə yemək yeyə bilərəmmi? Onlarla bir yerdə yaşamağın eybi varmı?

Həzrət soruşdu: Ata-anan donuz ətindən istifadə edirlərmi?

Mən dedim: Yox, hətta ona yaxın da düşmürlər. Həzrət buyurdu: Əgər belədirsə, sənin onlarla birlikdə yaşayıb onlarla bir süfrədə yemək yeməyinin heç bir maneəsi yoxdur. Ey Zəkəriyya, anandan çox muğayat ol, nə qədər bacarsan, ona mehribançılıq və nəvaziş göstər. Mənim səninlə görüşümü bir kəsə demə. Mina dağına gedəndə bir daha mənim yanıma gələrsən.

Mən Minada onun hüzuruna getdim. “Gördüm ki, camaat onu dövrəyə almış, müəllimlərindən sual soruşan şagirdlər kimi hər kəs bir məsələ soruşurdu.

Mən onu ziyarət etdikdən sonra vətənimə qayıtdım. O Həzrətin tövsiyələrinə müvafiq olaraq əldən düşmüş qoca anama nəvaziş göstərdim, ona öz əlimlə su içirdib yemək yedirtdim, paltarlarını yudum və onun bədəninə əziyyət verən bit-birəni təmizlədim.

Anam mənim bu işlərimdən təəccüblənib bir gün məndən soruşdu: “Oğlum, sən müsəlmançılığı qəbul etmədiyin, məsihi olduğun vaxtlarda mənə qarşı bu qədər hörmət və nəvaziş etmirdin. Amma müsəlman olduqdan sonra sənin rəftarın tamamilə dəyişmişdir. Bu dəyişikliyin səbəbi nədir?”

Mən dedim: “Anacan, Peyğəmbərin (s) nəvəsi İmam Sadiq (ə) mənə bu cür öyrətmişdir.”

Anam dedi: “O, hökmən Peyğəmbərdir ki, sənə bu cür göstəriş vermişdir!”

Mən dedim: “Yox ana, o Peyğəmbər deyil, onun nəvəsidir.”

Anam dedi: “Zəkəriyya, o hökmən Peyğəmbərdir, çünki bu yalnız peyğəmbərlərin göstərişlərindən ola bilər.”

Mən dedim: “Anacan, İslam Peyğəmbərindən sonra heç bir peyğəmbər gəlməyəcəkdir. Bu, o Peyğəmbərin nəvəsidir.”

Anam dedi: “Oğul, sənin dinin ən yaxşı dindir, onu mənə öyrət, mən də müsəlman olum.”

Mən İslam dininin hökmlərini, qayda-qanunlarını anama öyrətdim, o da İslam dinini qəbul etdi. Zöhr, əsr, məğrib və işa namazlarını qıldı, sonra halı qarışmağa başladı.

Bir az sonra mənə dedi: “Din hökmlərini mənim üçün yenidən təkrar et!” Mən də onları bir-bir təkrar etdim, anam da iqrar etdi və Allahın adı dilində ikən vəfat etdi.”2

1. “Biharul-ənvar”, 74-cü cild, səh.72
2. “Rovzətül-müttəqin”, 9-cu cild, səh.417

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930