ƏMƏLİ SALEH OLMAYAN ATA-ANA İLƏ NƏ ETMƏLİ?
Mьəllif: admin1
Tarix: 10-06-2020, 09:32
ƏMƏLİ SALEH OLMAYAN ATA-ANA İLƏ NƏ ETMƏLİ?
Adətən, layiqli və saleh övladlar elə layiqli və saleh ata-anaların şirin səmərəsindən bir nişanədir. Şəkk yoxdur ki, irsiyyət amili və ailə mühitinin təsiri cəmiyyətdə olan övladların şəxsiyyətinin, əxlaqının formalaşmasında ən mühüm amil hesab olunur.

Buna əsasən, əgər övladlar və ailənin sair üzvləri pak, dindar, fədakar olub vəzifələrini tanısalar və islami mədəniyyətdən lazımi qədər bəhrələnsələr, sözsüz onların adət-ənənələrinin, ədəb və şəxsiyyətlərinin formalaşmasında son dərəcə mühüm rol oynayan ata-analar özü də saleh fərdlərdən olub qeyd olunan səciyyəvi xüsusiyyətlərə malik olacaqlar.

Belə olan halda səliqələrin müxtəlifliyi, mədəniyyətlərin arasındakı təfavütlər məzhəb və ya əqidə fərqləri ya ümumiyyətlə olmayacaqdır, ya da son dərəcə əhəmiyyətsiz, az olacaqdır.

Lakin cəmiyyətin min illərlə əldə etdiyi təcrübələr və bu işin həqiqəti göstərir ki, bu qanun hər bir yerdə yeknəsəq deyildir. Məlum və ya qeyri-məlum amillər bəzən cəmiyyətdə və ailədə fikri, mədəni, əqidə və dini ixtilafların yaranmasına səbəb olur.

İndi ailələr, övldalar və valideynlər arasında bu kimi ixtilaflar qarşıya çıxanda nə etməliyik?

Bu halda övladların haqqı varmı ki, öz ata-anaları ilə mübahisə edib dalaşsınlar, onların haqları varmı ki, özlərinin xam nəzəriyyə və fikirlərini öz valideynlərinə qəbul etdirib beləliklə də qızmar və səfalı ailə mühitini yanar cəhənnəmə döndərsinlər?

Yoxsa məntiqsiz olaraq ata-ananın yersiz istəklərini qəbul edib kor-koranə onlara tabe olmaq lazımdır?

Sağlam əql bu sualın cavabında deyir ki, əqlən ailənin qızğın ailə ocağında hər növ dava-dalaş, çarpışma, ixtilaf və hərc-mərclik, haqsızlıq məhkum olunmuşdur və bu kimi amillər ailənin nurlu çıraqlarını söndürür.

Digər tərəfdən də övladların valideynin işlərinə müdaxilə etməsi camaat arasında mövcud olan qanunların, adətlərin əleyhinə getməsi ata-ananın yüksək şəxsiyyətinin təhqir edilməsidir və atanın ailədə öhdəsinə aldığı məsuliyyətlərlə, ananın idarəçiliyi ilə uyğun gəlmir.

Deməli, valideynlərlə övladlar arasında ixtilaflar özünü büruzə, çarə və çıxış yolu ailə qanunlarına müraciət etməkdir. Çünki bu qanunlardan xəbərdar olmadan mühakimə yürütmək fəsada, pozğunluğa gətirib çıxarar və öz ardınca da gözlənilməz və xoşagəlməz hadisələri gətirər.

Şübhəsiz, İslam bütün fərdi və ictimai məsələlərdə, bütün müşküllərdə və problemlərdə çıxış yolu qoymuşdur. Buna əsasən bizim vəzifəmiz budur ki, bu hallarda da Qurana və Peyğəmbər sünnətinə müraciət edək, şəxsi səliqə və nəzəriyyələri qəbul etdirməkdən çəkinək.

“Qurani-kərim” buyurur: “Ey iman gətirənlər, Allahdan və Onun Rəsulundan (s) qabağa keçməyin. Allah-taala qarşısında təqvalı olun. Həqiqətən Allah-taala eşidən və biləndir.”1

Bu ayə İslam dininə imanlı olan şəxsləri İlahinin və Onun Rəsulunun (s) göstərişlərinə tabe olmağa çağırmış, hər növ şəxsi mühakimə yürütməkdən, şəxsi səliqə və nəzərləri kiməsə qəbul etdirməkdən, “Qurani-kərim” və sünnətin həyatverici qanun və göstərişləri ilə müxalifət etməkdən çəkindirir.

Deməli, burada bizim vəzifəmiz budur ki, 14 məsumun (əleyhimussalam) vəhy mənbəyindən qaynaqlanan hədis və rəvayətlərini özümüzə nümunə götürərək müşküllərimizi məhz həmin yolla həll edək.

İmam Sadiq (ə) buyurur: “Bir kəs, hətta ata-anası ona zülm etmiş olsalar belə onlara qəzəb nəzərləri ilə baxsa, Allah-taala onun heç bir namazını qəbul etməz”.2

Bu hədis övladın bütün bəhanə yollarını bağlayıb buyurur ki, heç bir halda ata-anaya zülm etmək olmaz, hətta onlara qəzəbli, mürüvvətə zidd olan baxışlarla baxmaq da məhkum edilmişdir.

Ola bilsin ki, ata-ana elmsizlik ucbatından və ya qəzəb alovunun şölələnməsi nəticəsində öz övladına qarşı cəfa edərək düzgün olmayan zülm yolunu seçərək beləliklə də onların incə qəlblərini incitmiş olsunlar.

Lakin belə hallarda övladlar təmkinli olsun, ədəb və insaniyyət yolunu əldən verməsinlər ki, həm nəfs ilə cihad edərək savab qazansınlar, həm də ona qarşı zülm etmiş ata-ananın səhvlərini onlara başa salsınlar, onları düz yola qaytarsınlar.

İmam Sadiq (ə) övladlarına əzab-əziyyət verən, onlara qarşı kobud rəftar edən nasaleh ata-ana ilə rəftar tərzi barədə buyurur: “Qurandakı “fəla təqul ləhuma uffin” yəni əgər sənə zəcr versələr də uf demə; və “onlardan küsmə”, yəni əgər səni vursalar da onlardan küsmə, “Onlara kərim söz de”. Kərim söz bundan ibarətdir ki, onlara “Allah-taala sizi bağışlasın” deyəsən. Sənin dediyin kərim söz budur.”3

“Biharül-ənvar”ın müəllifi mərhum Əllamə Məclisinin atası Məhəmməd Təqi Məclisi buyurur: “Əgər valideynlər müəyyən narahatlıq səbəbi ilə övladı tənbeh etmək istəsələr, yaxşı olar ki, yaralanma xətəri gözlənilən hallar müstəsna olan başqa hallarda, övlad onlara təslim olsun.”

Bu hədislərdən övladların vəzifələri aydınlaşır. Belə ki, onlar valideynlərinin kobud rəftarları, bəd əxlaqları qarşısında qeyri-münasib əks reaksiya göstərərək bu yolla da ata-analarını daha da narahat və qəmgin edə bilməzlər.

Əgər valideynin övladı vurması, danlaması və cəzalandırması qarşısında “of” deməsi caiz deyildirsə, onda sair yaramaz əməl və hərəkətlər ağlasığmaz və qeyri-qanuni əməllər də, şübhəsiz, yolverilməz və qadağandır.

Əlbəttə, övladlar valideynin qəzəbi soyuduqdan sonra onlara danlaq və təhqir olmamaq şərtilə müəyyən qədər nəsihət edib yol göstərərək onların xoşagəlməz hərəkətlərini xatırlada bilərlər. Ümumiyyətlə, valideynə itaət etmək o yerlərdə vacib və zəruridir ki, İslam qanunlarının əksinə göstəriş verməsinlər; əks halda onların əmrlərindən imtina etmək lazımdır.

Əmirəl-möminin Əli ibn Əbutalib (ə) buyurur: “Allah-taala qarşısında itaətsizliyə və üsyankarlığa (günaha) səbəb olan halda heç bir kəsin əmrinə itaət etmək caiz deyildir.”4

Allahın Rəsulu (səlləllahu əleyhi və alih) o Həzrətə beyət edib müsəlman olan bir kişiyə buyurur: “Atalarınızın sizə əmr etdiyi şeylərdə onlara itaət edin, amma onların Allah-taala məsiyətinə gətirib çıxardan əmrlərinə itaət etməyin.5

Bu iki hədis aşkar şəkildə bəyan edir ki, dini göstəriş və hökmlər qarşısında itaətsizliyə səbəb olan heç bir kəsə itaət etmək caiz deyildir. Buna görə də hərgah ata və ana şəriətin əksinə olan bir göstəriş versələr, bu halda onlara itaət edə bilmərik; lakin valideynin xilaf və xoşagəlməz işlərini övladların sair yerlərdə də itaətsizlik etmələri üçün bəhanə gətirmək olmaz. Çünki onlara hər bir halda yaxşılıq etmək vacibdir.

İmam Sadiq (ə) buyurur: “Üç şey var ki, onları yerinə yetirməkdə heç bir bəhanəyə yol verilmir:

1-Əmanəti öz sahibinə qaytarmaq, istər sahibi yaxşı adam olsun, istərsə də pis adam;

2-Əhd-peymana vəfadar qalmaq, istər əhd bağladığın adam yaxşı əməl sahibi olsun, istərsə də pis əməl sahibi;

3-Valideynə ehsan və yaxşılıq etmək, istər onlar əməlisaleh olsunlar, istərsə də olmasınlar.”6

Bu hədisə azacıq diqqət yetirməklə başa düşmək olar ki, ata-ana ilə yaxşı rəftar etmək vacib və onlarla pis rəftar etmək isə heç bir vəchlə caiz deyildir.

İmam (ə) buyurur ki, “onlara ehtiram etmək vacibdir, hətta fasiq və qeyri-saleh olsalar belə.”

Xatırlatmaq lazımdır ki, ata-anaya qarşı xoşrəftar olmaq məsiyət və günaha gətirib çıxaran hallar onlara itaət etməməklə tamamilə başqa-başqa şeylərdir, yəni əgər onlar İlahinin göstərişlərinin əksinə əmr versələr, həmin halda onlara itaət etmək olmaz, lakin onların məhəbbət və ehtiramları da unudulmamalıdır.

Allah-taala bu məsələyə toxunaraq buyurur: “Əgər ata və anan sənin, Mənə qarşı şərik qoşmağına səy etsələr (həqiqət yolundan azdırmağa çalışsalar), onlara itaət etmə, amma dünyada onlarla yaxşı, gözəl rəftar et.7

Bəli, ata və ana əzizdir, onlara hər zaman ehtiram göstərmək zəruridir. Cavan övladlar heç bir bəhanə üzündən onlara ehtiramsızlıq edə bilməzlər, istər onlar fasiq, istər yollarını azmış və istərsə də kafir olsunlar.

İmamlarımızın yaxın səhabələrindən biri olan Cabir Cofi deyir: Bir nəfər İmam Sadiqdən (ə) soruşdu: Ey Peyğəmbərin övladı, mənim ata və anam haqq şiə məzhəbində deyillər və bu məzhəbin müxalif- lərindəndirlər. Mənim onlarla rəftarım necə olmalıdır? İmam (ə) buyurdu: Bizim şiə və ardıcıllarımıza necə yaxşılıq və hörmət edirsənsə, eləcə də bizimlə müxalif olan ata-anana qarşı yaxşılıq və ehtiram göstər.

Bugünkü dünyamızda təşkilat və partiyalar, böyük və kiçik qruplar, hökumətlər və diktator reqimlər öz ardıcıllarını təəssübçülüyə dəvət edirlər, öz müxaliflərini, düşmənlərini məhv edirlər, öz ardıcıllarını müxaliflərinin əleyhinə, onları məhv etmək üçün təhrik edirlər.

Belə bir halda Cəfəri məzhəbinini başçısı İmam Sadiq (ə) əmr edir ki, bizim düşmənlər və müxaliflərimizlə eynilə şiələrimiz və dostlarımıza qarşı etdiyiniz rəftar kimi rəftar edin.

Bu günkü dünyamızda hansı məktəb və ya qrupun mədəniyyətində var ki, öz müxaliflərinə qarşı ədalətlə rəftar etməyi tövsiyə etsin? Hətta öz düşmənlərinin varlığına da dözsünlər?

“Görəsən digər qrup və partiyalar içərisində yaradılan terrorlar, iğtişaşlar, sui-qəsdlər, hücumlar, qoşun yeritmələr, qarışıqlıq və s. bu müddəanın şahidi deyildirmi?

Necə də gözəldir bizim tərbiyəvi vəkamil insan yetişdirən məktəbimiz ki, onların rəhbərləri məsum şəxslər olub, dərin dünyagörüşü, vəsfəsığmaz ürək genişliyi ilə bu yolun yolçularını İlahi yola hidayət etmiş, öz ardıcıllarını layiqli və səbirli insanlar kimi tərbiyə etmişlər.

1) “Hücürat” surəsi, ayə:1
2) “Səfinətül-bihar”, 2-ci cild, səh.678
3) “Rovzətül-müttəqin”, 13-cü cild, səh.192
4) “Səfinətül-bihar”, 2-ci cild, səh.286
5) “Biharul-ənvar”, 68-ci cild, səh.281
6) “Biharul-ənvar”, 75-ci cild, səh.92
7) “Loğman” surəsi, ayə: 15

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930