Məscidlər imanlı cavanlar üçün elm və ibadət mərkəzləri olmalıdır
Mьəllif: admin1
Tarix: 21-01-2023, 10:20
Məscidlər imanlı cavanlar üçün elm və ibadət mərkəzləri olmalıdır
“Həqiqətən Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və (dini vəzifələrin yerinə yetirilməsində) Allahdan başqa heç kəsdən qorxmayan şəxslər (maddi və mənəvi cəhətdən) abad edərlər. Buna görə də onların hidayət olunmuşlardan olmalarına ümid vardır”. (“Tövbə” 18).

Məscidlərin inşa edilməsi ilə bağlı çox sayda hədislərimiz vardır ki, onun əhəmiyyətindən bəhs edir. Həzrət Peyğəmbər (s) buyurur:“O kəs ki, məscid tikər, baxmayaraq ki, quş yuvası qədər olar, Allah behiştdə onun üçün evlər tikər”.

Həzrət Rəsuli-Əkrəm (ə) başqa yerdə buyurur: “O kəs ki, məsciddə çırağı yandırar, mələklər və ərşi həml edənlər, o zamana qədər ki, həmin çırağın nuru məscidi aydınladar, onun üçün istiğfar edərlər”.

Bu gün ən çox əhəmiyyətə malik olan mövzu - məscidlərin abadlaşdırılmasıdır. Yəni, məscidin inşa edilməsindən çox, onun hafizlərinə və məscid əhlinə diqqət etməliyik. Məscid imanlı cavanlar üçün elm və ibadət mərkəzi olmalıdır.

Əgər bir məscidi zalım inşa edərsə və onun camaat namazını qılan savadsız və qorxaq insan olarsa, o zaman bu məscid öz əsil mənəvi hədəfindən yayınmış olar və fəziləti olmaz.

Məscidə gedib-gəlməyin əhəmiyyəti çoxdur və insana böyük mənəvi təsirlər göstərər. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, bir nəfəri məscidə gedib-gələn gördünüz, imanına şəhadət verin”.

Hədislərimiz buyurur ki, o kəs ki, məscidə gedib-gəlir, özünə din qardaşı tapır, faydalı elmlər və biliklər öyrənir – o, günahdan uzaq olur, İlahi rəhmət və nemətdən faydalanır.

Məscidi viran etmək əlinə bel alıb onu sökmək demək deyildir, əslində o əməl ki, məscidlərin rövnəqini aradan aparar və etibarını zədələyər – özü ilə İlahi əzab gətirər. İnsanları məscidlərdən uzaqlaşdırmaq və insanların Allahdan qafil olmasına səbəb olmaq – zülmdür.

İslam dinində məscidlərin əhəmiyyəti çox böyükdür. Müsəlmanların vəzifəsi budur ki, məscidləri həm maddi və həm də mənəvi baxımdan abad etsinlər. Məscidləri abad etməyin yollarından biri də oranı boş qoymamaq və məscidlərə davamlı şəkildə get-gəl etməkdir. Əgər biz bu işi görsək, övladlarımız da bizdən ibrət götürər və bu gözəl adət gələcək nəslə ötürülmüş olar.

Müsəlmanların məscidlərdə iştirakı İslam düşmənlərinə qarşı möhkəm dəlildir ki, heç bir yolla ona qalib gəlmək olmaz.

Oxşar xəbərlər
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829