Vəhy hadisəsi
Müəllif: Admin
Tarix: 6-03-2017, 09:56
Vəhy hadisəsi
Vəhy haqqında söhbət açmaq Allahın kəlamını tanımaqda başlıca rol oynadığı üçün böyük əhəmiyyətə malikdir. Allahın sözünü bəyan edən, səmavi mesaj olan Quran vəhy vasitəsi ilə nazil olmuşdur. Vəhy yüksək Mələkut tərəfindən maddi dünyaya enən qeybi müjdədir.
“Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir! Onu Cəbrayıl (Ruhul-əmin) endirdi. (Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi); Özü də açıq-aydın ərəb dilində” (“Şüəra”, 192-195).
“Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!” (“İsra”, 29).

Allah Peyğəmbərin (s) dili ilə buyurur:
“Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu” (“Ənam”, 19).
Buna görə də Quranla bağlı ən mühüm məsələ vəhydir. Yəni vəhy haqqında söhbət açarkən bir çox məsələlərə, misal üçün, maddi aləmlə mücərrəd aləm arasında əlaqənin mümkün olub-olmaması, mümkün olduğu təqdirdə bunun hansı şəkildə baş verməsi və s. aydınlıq gətirilir və Quran inanclarının dərki üçün əlverişli şərait yaradılır.

Vəhyin hərfi mənası
Vəhy leksik baxımdan müxtəlif mənalar ifadə edir. Buraya işarə, yazmaq, üstüörtülü söz, gizli bildiriş, tələskənlik, xəbər anlayışları daxildir. Bütün bunlar digərlərinin gözündən uzaq olduqda vəhy adlanır.
Rağib İsfahani yazır: “Vəhy, işarə ilə tez bir zamanda çatdırılan gizli xəbərdir”
(“Əl-Müfrədat”, fil-qərib əl-Quran”, səh. 516).
Əbu İshaq yazır: “Vəhyin hərfi mənası gizli xəbərdir. Buna görə də ilhaç vəhy adlanır”.
İbn Birri yazır: “Vəha iləyh” feli “onunla digərlərindən gizli söhbət etdi” mənasını, “Vəha” və “əvha” felləri isə “sözünü işarə ilə çatdırdı” mənasını ifadə edir (“Lisan əl-ərəb”, c. 15, 380).

Vəhy Quranda
“Vəhy” sözü Quranda dörd mənada işlənmişdir.

1. Gizli işarə.
Burada vəhyin hərfi mənası nəzərdə tutulmuşdur. Belə ki, Quranda oxuyuruq:
“Sonra (Zəkəriyya) mehrabdan (məbəddən) öz camaatının qabağına çıxıb (əli ilə) onlara belə işarə etdi: "Səhər-axşam (Allahı) təqdis edib şəninə təriflər deyin! (Və ya namaz qılın!)" (“Məryəm”, 11).

2. Təbii hidayət.
Burada məqsəd hər bir varlığın daxilində yerləşdirilən göstərişlərdir. Hər bir varlıq – cəmadat (cansız təbiət), nəbatat (bitki aləmi), heyvan, insan – təbii olaraq həyatda qalmağın yolunu bilir. Quranda bu təbii hidayət vəhy adlandırılır.
“Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: "Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal); Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get!” (“Nəhl”, 68, 69).
Əşyanın daxilində yer almış təbii hidayət özü təbiətin gizli sirlərindən hesab olunur. Onun nəticəsi aşkar, mənşəyi isə gizlidir. Elə buna görə də vəhy adlanmağa layıqdir.

“O, hər bir göyün işini özünə vəhy edib bildirdi” (“Fussilət”, 12).

3. İlham (qeybdən gələn müjdə).
Bəzən insan mənşəyini bilmədiyi xəbər alır. Bu, əsasən insanın çıxılmaz vəziyyətdə qaldığı, heç bir çıxış yolu tapmadığı zamanlar baş verir. Gözlənilmədən onun ürəyində bir nurlanma yaranır, ona yol göstərir və dilemmadan çıxarır. Bu xəbərlər pərdə arxasından çıxan və insanın dadına yetən qeybi müjdədir. Allahın mərhəmətindən doğan bu qeybi müjdə Quranda vəhy kimi yad olunur. Quran Musanın (ə) anası haqqında buyurur:
“Biz Musanın anasına (ilham yolu ilə): "Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də (şəriət sahibi olan) peyğəmbərlərdən edəcəyik!" - deyə bildirdik” (“Qəsəs”, 7).
“Sənə (bundan əvvəl də) bir dəfə nemət bəxş etmişdik. Anana vəhy olunacaq şeyi vəhy etdiyimiz zaman. (O zaman ki, Mən anana buyurmuşdum: ) "(Musanı) bir sandığa qoyub çaya (Nilə) at. Qoy çay onu sahilə çıxartsın və Mənə də, ona düşmən olan birisi (Firon) onu (sudan tapıb) götürsün...". Artıq (salamat qalmağına görə) gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq” (“Taha”, 37-40).
Bu ayələrə görə, Musa dünyaya gəldikdə anası onun üçün çox nigaran idi. Birdən ürəyində bir qığılcım yarandı ki, Allaha təvəkkül edərək ona süd versin. Təhlükə hiss etdiyi vaxt onu taxta sandıqçaya qoyub suya buraxsın. Ürəyindən keçdi ki, narahat olmasın, uşaq ona qayıdacaq. Çünki Allaha arxalanıb uşağı ona tapşırır. Bunlar həzrət Musanın (ə) anasının ürəyindən keçənlər, könlündə yaranan ümid işartıları idi. Bu növ aydınlandırıcı və xilasedici işartılar ilahi ilhamdır ki, zərurət məqamlarında əməlisaleh bəndələrin dadına yetir.
Quranda vəhy şeytan vəsvəsələri mənasında da işlənmişdir.
“Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin (vəhy) edərlər” (“Ənam”, 112)
“Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər”. (“Ənam”, 121).

4. Peyğəmbərlərə gələn vəhy (“Vəhyi-risali”).
Bu mənada vəhy peyğəmbərliyin göstəricisidir. Quranda vəhyin bu mənası haqqında yetmiş dəfə söhbət açılmışdır. “Beləcə sənə ərəbcə Quran vəhy etdik” (“Şura”, 7).
“Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq” (“Yusif”, 3).
Peyğəmbərlər özlərini vəhy almaq üçün hazırlamış kamil insanlardırlar. İmam Həsən Əsgəri (ə) bu haqda buyurur: “Allah, Peyğəmbərin (s) qəlbinin vəhyi qəbul edə biləcək ən hazırlıqlı qəlb olduğunu gördü və onu peyğəmbərliyə seçdi” (“Bihar əl-ənvar”, c. 18, səh. 205).
Bu hədis çox mühüm bir həqiqətə toxunur. Vəhyin qəbul olunmasında qəlbin hazırlığı, məlumatın yüksəkliyi böyük rol oynayır. Peyğəmbər (s) bu hazırlığa nail olmaq üçün cismani bəzək-düzəkdən uzaqlaşmalı və yüksək aləmlə əlaqə yaratmaq ləyaqətini əldə etməli idi. İslam Peyğəmbəri (s) buyurmuşdur: “Allah elə bir peyğəmbər göndərmədi ki, öncə o (peyğəmbər), öz zəkasını kamillik zirvəsinə ucaldıb ümmətinin zəkasından üstün etməsin” (“Üsuli-kafi”, c. 1, səh. 13).
Sədr əd-Dİn Şirazinin təbirincə desək, Peyğəmbər (s) zahirən peyğəmbərlik libasını geyinmədən öncə daxilən peyğəmbərlik həqiqətini qəbul etmişdi. O, öncə öz daxili aləmini kamillik zirvəsinə yüksəltmiş, sonra isə bu daxili bəzək onun zahirində özünü göztərmişdir. O, əslində ilk olaraq xalqdan Haqqa doğru səfər etdi. Haqqa yetdikdən sonra haqq tərəfindən Haqq ilə birgə xalqa döndü”. “Şərhi-Üsuli-kafi”, c. 3, səh. 454
Demək, vəhy qeybən gələn müjdə nəticəsində gerçəkləşən daxili aydınlıqdır.
“Cəbrailə düşmən olan kimsəyə de ki, onu (Qur’anı) özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyici, mö’minlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə sənin qəlbinə o nazil etmişdir” (“Bəqərə”, 97).
Onu Cəbrayıl (Ruhul-əmin) endirdi. (Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi) (“Şüəra”, 193-194).
Vəhy də ilham kimi xüsusi anlarda daxilən nurlanmaya aid edilir. Lakin burada bir fərq var. İlham olunan şəxs ilhamın mənşəyindən xəbərsizdir. Vəhy olunan şəxslər – peyğəmbərlər isə vəhyin mənşəyindən xəbərdardırlar. Buna görə də onlar heç bir zaman səmavi xəbər aldıqda heyrətə düşmür, səhv etmirlər. Çünki onlar vəhyin mənşəyindən vasitəsiz olaraq tam xəbərdardırlar.
Zürarə İmam Sadiqdən (ə) soruşur: “Peyğəmbər (s) necə arxayın oldu ki, ona gələn (xəbər) şeytanın vəsvəsəsi yox, ilahi vəhydir?” İmam buyurdu: “Allah bir bəndəni peyğəbərliyə seçəndə ona özünəməxsus aramlıq, vüqar (təmkin) bəxş edir. Belə ki, Allahdan ona gələni açıq gözlə görür kimi hiss edir” (“Təfsiri-Əyyaşı”, c. 2, səh. 201).
Digər hədisdə soruşulur: “Peyğəmbərlər necə bildilər ki, peyğəmbərdirlər?” Cavab olaraq buyurdu: “Onlar üçün pərdə aradan götürüldü” (“Bihar əl-ənvar”, c. 11, səh. 56)
Başqa sözlə desək, peyğəmbərlər peyğəmbərlik məqamına elm əl-yəqin mərhələsindən keçib, eyn əl-yəqini adlayıb haqq əl-yəqin mərhələsinə yetdikləri zaman seçilirlər. Demək, xalqın içindən saf, sınanılmış insanların seçilib səmavi yükü üzərlərinə almaları təəccüb doğurmur. Quranda oxuyuruq:
“İçərilərindən bir adama: "İnsanları (Allahın əzabı ilə) qorxut, iman gətirənləri (yaxşı əməllərinə görə) Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!" - deyə vəhy etməyimiz xalqa təəccüblü gəldimi ki, kafirlər: "Bu, həqiqətən, açıq-aşkar bir sehrbazdır!" dedilər (“Yunus”, 2).
Yəni əgər insanlar azacıq düşünüb özlərinə gəlsələr, peyğəmbər haqqındakı ağılsızcasına gümanları aradan gedər.
Allah xalqın içindən peyğəmbər seçilməsi haqqında yersiz təəccüb və təsəvvürlərin aradan qalxması üçün buyurur:
“Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik. (Biz) peyğəmbərlər (göndərdik). Onların bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin əhvalatını isə söyləmədik. Və Allah Musa ilə sözlə (arada heç bir başqa vasitə olmadan) danışdı. Biz peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! Lakin Allah sənə nazil etdiyi (Quran) ilə şəhadət verir ki, onu (Quranı) Öz elmi ilə (Özünə xas olan elm və hikmətlə) nazil etmişdir. Mələklər də buna şahidlik edirlər. Təkcə Allahın şahid olması yetər! (Allahı) inkar edən və (insanları) Allahın yolundan döndərən şəxslər, şübhəsiz ki, (haqdan) çox uzaq bir zəlalətə uğramışlar” (“Nisa”, 163-167).
Demək, bu və ya digər bəşər övladına vəhy olunması qəribə deyil. Çünki vəhy bəşəriyyətin alışdığı, tarix boyu üns bağladığı hadisədir.

“Vəhyi-risali”nin qisimləri
Qurana görə, “vəhyi-risali” üç cür olur.
“Allah bəşər övladı ilə (Musanın anası ilə olduğu kimi) ancaq vəhylə (ilham və rö’ya ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar (Allahın kəlamı eşidilər, amma Özü görünməz). Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O (hər şeydən) ucadır, hikmət sahibidir! (Ya Rəsulum! Əvvəlki peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi) sənə də beləcə əmrimizdən olan bir vəhy (mö’minlərə mə’nəvi həyat verən Qur’an) göndərdik”(“Şura”, 51, 52).

1. Bilavasitə vəhy: Vəhyin birbaşa, bilavasitə Peyğəmbərin (s) qəlbinə təlqin olması.
İslam Peyğəmbəri (s) bu haqda buyurur: “Ruh əl-Qudus mənim daxilimə (qəlbimə) üfürür” (“əl-İtqan”, c.1, səh. 44).

2. Səs yaratmaq: Peyğəmbərin (s) qulağına özündən başqa heç kimin eşitmədiyi səs gəlməsi. Bu şəkildə səs eşidib səs sahibini görməmək pərdə arxasından danışmağa bənzəyir. Bu səbəbdən də “pərdə arxasından” ifadəsi qeyd olunur. Həzrət Musaya (ə) xüsusilə Tur dağında eləcə də İslam peyğəmbərinə Merac gecəsi olunan vəhy bu qəbildən idi.

3. Vəhyin mələk vasitəsi ilə təlqin olunması.
Cəbrayıl ilahi vəhyi Peyğəmbərin (s) qəlbinə endirir. Burada bu haqda oxuyuruq:
“Cəbrayıla düşmən olan kimsəyə de ki, onu (Quranı) özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyici, möminlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə sənin qəlbinə o nazil etmişdir” (“Bəqərə”, 97).
“Onu Cəbrayıl (Ruhul-əmin) endirdi. (Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi)” (“Şüəra”, 193-194).

Ayətullah Mərifət
Çevirdi: Sina
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930