Hədislərdə möhkəm iradəyə sahib olmaq haqda nə tövsiyə edilib?
![]() İnsanda iradəni gücləndirən ən yaxşı stimul və həvəsləndirici səbəb Allahın razılığı və məhəbbətidir. İnsan hər bir işini Allahın razılığını əldə etmək məqsədilə edərsə, hədəfi İlahinin razılığı olarsa və bundan məmnunluğunu göstərərsə, həmin işi etmək üçün çox güclü iradəyə malik olacaqdır. Onu da deyək ki, razılıq stimulu aşağı səviyyəli həvəsləndirici səbəbdir, mömin üçün bundan daha yüksək stimul Allahın məhəbbətini qazanmaqdır. İnsanı əməl və bəndəçiliyə hazırlamaqda, onu sevincli etməkdə ən böyük səbəb Allahın məhəbbətinə nail olmaqdır. Bəli, hədəf və məqsəd iradəni gücləndirir, insanın hiss və duyğularını bir-birinə bağlayaraq onların hamısına birlikdə rəhbərlik edir. Ancaq hədəfsiz insan ruhi qarmaqarışıqlığın və duyğuların bir-birinə toqquşmasının əsiri olur. Hədəfin olması insanın şəxsiyyətinin mükəmməl bir mətinliklə xüsusi məqsədə doğru yola düşməsinə səbəb olur. Yaddan çıxarmayaq ki, hədəflər nə qədər az və məhdud olarsa iradə də bir o qədər az və məhdud olur. Ancaq hədəf və məqsədlər nə qədər uca və böyük olarsa, iradələr də bir o qədər uca və yüksək olur. Geniş düşüncəyə malik insanlar heç vaxt məyus olmurlar, onlar hazırkı durumlarının fikrini etmirlər, öz hədəflərini irəli aparmaq üçün istənilən şəraitə uyğun plan və layihələr çəkirlər. İradə insanı hədəfə doğru aparan hərəkət verici qüvvədir. Buna görə də hədəf və məqsəd insanın gözündə nə qədər əhəmiyyətli və aydın olarsa, həmin şəxs o hədəflərə sarı irəliləməkdə daha əzmkar və qətiyyətli olur. Əhəmiyyətli hədəf o hədəfə deyilir ki, insanın ona bağlılığı olsun və onun fərdi, ictimai və mənəvi ehtiyaclarını tam təmin edə bilsin. Aydın hədəf isə o hədəfə deyilir ki, ona çatma mərhələləri, yəni faydalar, çətinliklər və nəticələri açıq-aydın olsun. Hədəfin aydın olmasına kömək edən məsələlərin biri də həmin hədəfə çatmaq yolunun və bu yolda lazım olan vasitələrin aydın və bəlli olmasıdır. Bəzən görürük ki, işin fayda və zərurəti bir şəxsə bəlli deyil. Təbii ki, bu həlda həminşəxsin o işi edəcəyinin, yaxud lazımlı şəkildə yerinə yetirəcəyinin intizarında olmaq mənasızdır. Məsələn, əgər siqaret çəkən insana siqaretin zərərləri, eləcə də insanın sağlamlığına vurduğu zərbələr və sağlamlığın insana əhəmiyyəti barədə faydalı məlumatlar çatdırılmazsa, siqareti tərgitmək məqsədilə həmin şəxsin iradəsini hərəkətə gətirməyi bacarmayacağıq. Bizim bir çox hallarda səhlənkarlıq və tənbəlliyimizin səbəbləri faydalı məlumatlardan kənar olmağımızdır. İbadət etmək və təhsil almaqda nə kimi faydaların olmasından məlumatsızıq. Bu mövzuda ya cahil və xəbərsizik, ya da şəkk-şübhə içindəyik. İradəni gücləndirmək üçün həyatımızın hədəflərimi və bu hədəflərə çatmaq planlarımız olmalıdır. Hədəf daxili hisslərin hərəkətə gəlməsinə və insanın coşqunluğuna səbəb olmaqdan əlavə həm də insanı yönləndirərək ona güc və qüvvə verir. Hədəflər uca və yüksək olduqda insanın şəsxsiyyətində daha yaxşı təsirlər qoyur, buna görə də; A) Əvvəlcə öz yaranışımızın hədəfini yaxşı tanıyaq və gecə-gündüz öz hərəkətlərimizi həmin hədəflə ölçək, hər gün bu yolun qalan hissəsini araşdıraq. İnsan öz hədəfinin nə qədər yüksək, dəyərli və uca olduğunu bildikdə öz-özlüyündə böyük işlər görmək üçün daha çox həvəs, şövq və hərəkətə sahib olur. B) Həyatınızın kiçik müddətli, eləcə də orta və uzun müddətli hədəflərini özünüzə aydınlaşdırın. Hər il, hər ay, hər həftə və hər gün üçün hədəfiniz olsun. Bu hədəflərə çatmaq üçün plan qurun, layihə çəkin, belə olduqda siz çox güclü bir iradəyə sahib olacaqsınız. C) Bilin ki, hədəf gərək şəffaf, ağılın qəbul edə biləcəyi, əldə edilməsi mümkün, ifrat və səhlənkarlıqdan uzaq, qüdrət və bacarığınıza uyğun, həmçinin real olsun. Xəyalpərəstlikdən doğan, qüdrət və gücünüzə uyğun olmayan hədəflər seçməyin. Yoxsa, bu yolda qarşılaşacağınız çoxlu problemlər və əziyyətlər sizi ruhdan salaraq ümidsiz edəcək, nəticədə arzuladığınız hədəflərdən əl çəkərək mənasız həyat yaşamağa məcbur olacaqsınız. Adət və vərdişlər ilə mübarizə: İnsanda iradəni gücləndirən səbəblərdən biri də adətlər və vərdişlər ilə mübarizədir. Əmirəlmöminin Əli əleyhissalam buyurur: “Uca və yüksək məqamlara yalnız adətlərə qalib gəlmək yolu ilə çatmaq olar.” Onu da deyək ki, adət və vərdişlərin hamısına eyni gözlə baxmaq olmaz, insan həyatında böhran və geriliyə səbəb olmayan adətlər mənfi cəhətə malik deyildirlər. İnsanın bir çox dəyərli və gözəl xasiyyətləri məhz adət yolu ilə əldə edilir. Məsələn: Hər bir insanın fitrət və təbiətində şücaət vardır, lakin şücaət qüvvəsinin qəlbin daimi qüvvət halına çevrilməsi üçün həyatda çoxlu sayda xətər və təhlükə ilə üzləşmək lazımdır. O həddə qədər bu iş təkrar olunmalıdır ki, (sanki ev tapşırığıdır) qəhrəmanlıq lazım olan yerlərdə həmin insanda zərrə qədər qorxu olmasın. Ancaq bir sıra adətlər də var ki, ağıl və iradəni gücləndirmək əvəzinə insanı o adətlərin əsiri və quluna çevirir, insan özü özünə nəzarət edə bilmir, özünə gücü çatmır, məsələn: Çox yemək, çox yatmaq, çox danışmaq, naməhrəmə baxmaq kimi mənfi adətlərlə mübarizə edə bilmir. Elə insanlar var ki, başqalarına, hətta özlərinə “vədələşdiyim vaxt orada olacağam” deyə söz verməsinə baxmayaraq heç zaman görüş yerinə vaxtında gəlmir, həmişə gecikir. Mənfi adət və vərdişlərin pik nöqtəsi isə narkotik maddələrə, spirtli içkilərə və zinaya olan aludəçilikdir. Odur ki, adətlərlə mübarizə insanın iradəsini gücləndirir. Adətlərlə mübarizə yollarından biri də həmin pis adəti həmişəlik tərk etmək qərarıdır. Hər birimiz azacıq düşünsək görəcəyik ki, bizdə də bir sıra ziyanverici adət və vərdişlər vardır, onları yox etmək üçün isə yüksək əzmkarlıq və güclü iradə lazımdır. Adətlərlə mübarizə yollarından başqa birisi isə budur ki, biz öz işlərimizi başqalarının boynuna qoymayaq, öz işlərimizi və bizə aid olan işləri özümüz edək. Məsələn: Bir yerdə oturduğumuz vaxt ürəyimiz su istəyərsə, orada olanların heç birindən hətta xahiş belə etməyək ki, bizim üçün su gətirsin, ayağa qalxıb özümüz gedib su içək. Nə qədər ki, gənclik və ya cavanlıq ruhiyyəsi canımızda var, mənfi adət və vərdişləri özümüzdən uzaqlaşdırmağa qərar verək, onlara qarşı mübarizə edək. Yaddan çıxarmayaq ki, zaman ötdükcə mənfi adət və vərdişlər insanda kök salır. Əmirəlmöminin Əli əleyhissalam buyurur: “Siyasətlərin ən çətini adətləri (vərdişləri) dəyişməkdir.” (Uyunul hikəm vəl məvaiz 118-ci səhifə) . Elə isə adət və vərdişlərlə mübarizəyə sadə baxmayaq, onları tərgitməyin asan olacağını düşünməyək. 3- Özünə təlqin etmək İnsanda iradəni gücləndirən səbəblərdən biri də özünə təlqin etməkdir. Təlqin hər hansı bir fikri, əqidəni, hissi özünə qəbul etdirməkdir. İnsan özünə təlqin etməklə bir sıra gözəl əxlaq və xasiyyətləri beyninə yeridərək onları özündə canlandıra bilər. Bu işi dəfələrlə təkrar etməklə həmin yaxşı xüsusiyyətlər onun canında tam mənada hasil olur. O gözəl xasiyyətlər insanın gündəlik rəftar və davranışına çevrilir. Dostlar, baxın, paxıl adamın iradəsi çox zəif olur, o şəxs həm paxıllıqdan həm də iradə zəifliyindən əziyyət çəkir. Həmin şəxs düzgün və aydın şəkildə özünə təlqin etməlidir. Həmin paxıl adam “mən bir daha paxıllıq etməyəcəyəm” sözünü yox, “mən paxıl deyiləm” cümləsini özünə təlqin etməli, yəni özünü paxıl olmadığına inandırmalıdır. Hər dəfə onda kiməsə qarşı paxıllıq hissi qıcıqlandıqda “mən paxıl deyiləm” sözünü təkrarlamalıdır. Hətta əzizlərinizdən və dostlarınızdan kimisə paxıllıq anında görsəniz ona inandırın ki, “sən paxıl deyilsən, əksinə sən səxavətlisən” sözünü deyin və ona vaxtilə etdiyi bəzi yaxşılıqları xatırladın. İnsan özünə təlqin etməklə zəif iradədən güclü iradəyə qədər yüksələ bilər. İnsanın özünü zəif və bacarıqsız sanması onun həyatı üçün çox ciddi xətər və təhlükədir, bu yanlış düşüncə həmin insanın özünü qəbul etməməsi deməkdir. Ancaq insan öz dəyərini və kimliyini düzgün anlaya bilərsə qüdrətli və bacarıqlı bir şəxsə çevriləcəkdir. Özünəinam hissi insana böyük qüvvət verir və onun iradəsini möhkəmləndirir. Özünə inam hissini oyatmaqla öz dəyərini başa düşən şəxs müvəffəq olacaq və böyük uğurlar qazanacaqdır. Bu halda başqa insanlarda gördüyü məğlubiyyət və uğursuzluqlar onu ruhdan salmayacaq, bu adam mütləq arzularına çatacaqdır. Elə isə, qalib insanların söhbətlərini diqqətlə dinləyin və onların etdiklərini özünüzə təcrübə bilin. Deməli, təlqin etmək çox mühüm tərbiyə üsullarından biri olaraq insan həyatında inkar olunmaz təsirlərə malikdir. İnsan hər hansı bir müsibətə düçar olduqda tanıdığı şəxslər ona ürək-dirək verməyə çalışırlar. Lakin həmin şəxs özünə təlqin etməklə “bu hadisə elə də mühüm deyil, həyat belə hadisələrlə doludur” kimi cümlələri dəfələrlə təkrarlayarsa o şəxs həm təsəlli tapacaq, həm də iradəsi möhkəmlənəcəkdir. Gündən-günə iradəsinin necə gücləndiyinin şahidi olacaqdır. Bəli, təlqin istər insanın özü tərəfindən olsun, istərsə də başqaların tərəfindən insanın iradəsinin güclənməsində, həyatda böyük uğurlar qazanmasında, pis xasiyyətləri özündən uzaqlaşdıraraq yaxşı xasiyyətlərlə zinətləndirməkdə çox təsirli səbəblərdəndir. İmam Zeynul Abidin əleyhissalam buyurur: “Allahım! Mənim günümün əvvəlini yaxşılıq və razılıq, ortasını sevinc və xoşbəxtlik, axırını isə nicat və qurtuluş et. Günümün əvvəlinin səbirsizlik və dözümsüzlük, ortasının nalə və fəryad, axırının isə dərd və ağrı olmasından Sənə sığınıram.” Buradan bəlli olur ki, dözümsüzlük və ah-nalə insanı dərdə salır, insanı əziyyətlərdən qurtarmır, əksinə onun ağrı və acılarını daha da çoxaldır. Rza İrəvani islaminsesi\ Oxşar xəbərlər
|