İslamda uşaqlarən haqqı
Mьəllif: admin1
Tarix: 19-05-2020, 23:05
İslamda uşaqlarən haqqı
Bağışlayan və Mehriban Allahın adı ilə.

Bəli cəmiyyətdə olan qarışıqlıqlar çox vaxt uşaqların əziyyət çəkməsinə səbəb olur. Hətta uşaqların valideynləri belə, öz övladlarına əziyyət verməkdən çəkinmirlər.

Buna görə də bu günkü mövzumuz uşaqlarla bağlı olacaq.

Məqaləmizi 4-cü İmam Həzrət Zeynul-Abidinin (ə) bu mövzuda buyurduqları ilə başlayırıq, o Həzrət buyurur: «Kiçik yaşlının haqqı budur ki, ona mehribançılıq göstərəsən. Təlim və tərbiyyə verib xətalarına göz yumasan. Onunla yumşaq rəftar edəsən. Ona kömək edib uşaqcasına etdiyi səhvləri bağışlayasan.

Çünki, bu tövbəyə səbəb olar. (Səhvlərini tez başa düşməsinə səbəb olar). Həmçinin, onu bir daha bu işə tərəf gəlməməyə məcbur edər. Çünki, bu əməl, onun inkişafına daha yaxındır».

İmam Zeynul-Abidinin (ə) kiçiklərin haqqı barəsində sözünün qısası budur ki, təlim və tərbiyyə zamanı uşaqlarla mehriban olub, eyblərini örtməli və həmişə onlara kömək etmək lazımdır.

Şübhəsiz ki, uşaqların tərbiyyə olunmasında xoşrəftarlıq ən mühüm təsiredici yollardan biridir. Bu hissiyat, uşaqda düzgün şəkildə istifadə olunarsa, səadət və xoşbəxtliyə yol açar.

Uşaqların şəxsiyyətlərinin formalaşması və tərbiyyələrinin möhkəm olma yollarından biri də uşağa şəxsiyyət kimi diqqət edib, mərhəmətlə yanaşmaqdır. Mehribançılıq olmayan ailədə böyümüş uşaq, özündə bir növ həqarət və xarlıq hiss edəcək.

Belə uşağın ruhiyyəsi sınmış və hər cür inhiraf yollarına düşmək təhlükəsi də var. Ona görə də İmam Zeynul-Abidin (ə) uşağın xətalarını görməməzliyə vurub, onun şəxsiyyətinin hər şeydən ötrü alçaldılmasına yol verilməməsinə işarə edir.

İslam Peyğəmbəri Muhəmməd (s) öz əxlaq məktəbində xırda uşaqlar barəsində belə buyurur: «Övladlarınıza ehtiram göstərin və onların yanında öz rəftar və ədəblərinizi islah edin!».

Uşaqda məhəbbət yaratmaq

Bu barədə məsum İmamların (ə) yolunu nümunə kimi göstərə bilərik.

Bir gün 2-ci İmam Həzrət Həsən (ə) öz uşaqlarını və qardaşı uşaqlarını çağırıb onlara buyurdu: «Sizin hamınız bu günkü cəmiyyətin uşaqlarısınız. Ümidvaram ki, sabahkı cəmiyyətin böyükləri olasınız. Elm öyrənin və bilik yolunda çalışın. Hər birinizin yaxşı hafizəsi olmasa, müəllimin dediklərini yazıb öz yanınızda saxlayın və lazım olan vaxtda onlara müraciət edin».

Bu hədisdə, İmam Həsən (ə) övladlarında elm və bilik əldə etməyə qarşı məhəbbət oyatmaqdan ötrü qorxutmaq və hədələmək yolu ilə deyil, bəlkə də ən yaxşı mehribançılıqla onlarda bu işə qarşı məhəbbət icad edir. O da onlara, bu gün uşaq, sabah isə cəmiyyətin böyükləri olmalarını xatırlamasıdır.

Bu hədisdə istifadə olunan yol, bu günkü dünyanın tərbiyyət və təlim məsələlərində ən yaxşı və təsiredici yoldur. Hər bir ailə bu yolla edə bilər ki, öz uşaqlarını elm və bilik əldə etməyə sövq etsin və onlara yaxşı ümidlər versin.

Bu zaman uşaqlar eşq və həvəslə elm dalınca gedib, bilik əldə edərlər. Bu yolda heç bir güc və qorxutma vasitələrindən istifadə etməyə ehtiyac yoxdur.

Uşaqların tərbiyyə yolu

Uşaq və böyüklərin istedadlarının ən yaxşı inkişaf yollarından biri yaşayış mühitinin azad olmasıdır. Zorakılıq və zülmkarlıq olan mühitdə sözsüz ki, inkişafdan söz ola bilməz. Əksinə, azad və sağlam mühitdə istedadlar açılır və inkişaf edir.

Ona görə də İslam məktəbində hər nə qədər imkan varsa, müəllimə zor və gücdən istifadəyə icazə verilmir. İslam Peyğəmbəri Muhəmməd (s) bəşərin müəllimi idi.

Peyğəmbər dövründə yaşayan İbni Məsud nəql edir: «Bir nəfər İslam Peyğəmbərinin (s) hüzuruna gəlir. Söz demək istədikdə. Birdən qorxub dayanır.

Həzrət buyurur: Qorxma! Mən şah deyiləm». Bu hədisi nəql etməkdə məqsədimiz budur ki, O Həzrətin İslam Xəlifəsi və Allah Peyğəmbəri olmasına baxmayaraq rəftarı çox mülayim və əxlaqlı idi.

Lakin mövzu ilə bağlı Muhəmməd Peyğəmbərin digər hədisinə diqqət edin: «Allah rəhmət eləsin o ataya ki, uşağının yaxşı olub, xeyirxah kimi böyüməsində ona kömək olsun. Ona ehsan (yaxşılıq) etsin, uşaqlıq dostu olsun və onu ədəbli alim kimi yetişdirsin!».

Muhəmməd Peyğəmbərin (s) kiçiklərə ehtiramı

İslam Peyğəmbəri Muhəmməd (s) səfərdən qayıdarkən uşaqlarla rastlaşır. Onların ehtiramına görə dayanır və buyurur ki, uşaqları gətirin.

Uşaqları yerdən götürüb Həzrətə verirlər. İslam Peyğəmbəri (s) bəzilərini qucağına, bəzilərini də çiyninə mindirir. Bu vaxt öz əshabına buyurur: «Uşaqları qucağınıza alın və çiynizə mindirin.

Uşaq bu vaxt həddindən artıq xoşhal olar və şadlığından dərisinə sığmaz. Uşaqlar bu şirin xatirəni heç vaxt unutmazlar və çox bir-birinə söyləyərlər. Fəxrlənərək biri deyir ki, Peyğəmbər (s) məni qucağına alıb. Səni çiyninə mindirmişdi. Başqası deyər: Peyğəmbər (s) öz əshabına buyurdu ki, səni çiyninə götürsün».

Bəli gördüyünüz kimi Aləmlərə Rəhmət olan Həzrəti Muhəmməd Peyğəmbər (s) bizlərə böyük əxlaqi dərslər və keyfiyyətlər öyrətmişdi. O Həzrətdən sonra bəşərə rəhbəriyyət onun sülaləsi olan İmamlara Allah tərəfindən verilmişdir.

Bundan belə nəticə çıxır ki, İmamların bizə buyurduğu əmrlər və göstərişlər elə Peyğəmbərin göstərişləridir ki, bu da Allahın vəhyi ilə birbaşa əlaqəsi var.

Məqaləmizin sonunda sizlərə Məsum İmalarımızdan və İslam Peyğəmbərindən nəql olunan hədisləri təqdim edirik:

1.İmam Sadiq (ə) buyurur: «Münhərif və azğın fikirli insanlar övladlarınızı düz yoldan azdırmamış onlara hədis (və İslam maarifini) öyrədin».

2.Yenə də O Həzrət buyurur: «İnsanın övladına yaxşılıq etməsi, onun öz valideyninə yaxşılıq etməsi kimidir».

3.İmam Əli (ə) buyurur: «Atanın övlad qarşısında olan borcu budur ki, ona yaxşı ad qoysun, ona yaxşı ədəb öyrətsin və Quranı təlim versin».

4.Muhəmməd Peyğəmbər (s) buyurur: Öz övladlarınıza üzgüçülüyü və ox (silah) atmağı öyrədin».

«Övladlaınız yeddi yaşına çatarkən namazı öyrədin, on yaşına çatarkən (namazı tərk etsələr) tənbeh edin, həmçinin (bu yaşa çatarkən) onların yataq yerlərini ayrı salın».

«Övladlarınızı əzizləyin, tərbiyələrini gözəlləşdirin ki, bağışlanasınız».

«Ya Əli, Allah lənət etsin o valideyn(lər)ə ki, övladlarını özlərinə qarşı çıxmağa vadar edirlər».

Allah Təala bizi və övladlarımızı Öz müqəddəs pak yoluna tərəf döndərsin. Həmçinin, bütün müsəlman balaları İslam əxlaqı ilə zinətləndirsin! İlahi, Amin!



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930