Dua, onun qəbulu və zikrin mənaları Ayətullah Seyid Əli Xameneinin çıxışlarından seçmələr...
Müəllif: Admin
Tarix: 12-07-2018, 22:34
Dua, onun qəbulu və zikrin mənaları Ayətullah Seyid Əli Xameneinin çıxışlarından seçmələr...

Dua nədir?
İnsanın Allahla qəlb rabitəsi

Dua rabitəsi sizin Allahla qəlb rabitənizdir.

Allahla rabitə

Dua və namazın ruhu Allahla rabitədən, Allahla tanış olmaqdan, mənəviyyatdan bəhrələnməkdən, ruhu paklamaqdan və beyni şübhələrdən təmizləməkdən ibarətdir.

İnsanın Allahla rabitəsi və ona arxalanması

Dua - insanın Allahla rabitəsi və ona arxalanmasıdır. İnsan qüdrətin, qələbənin zirvəsində olduqda da duaya möhtacdır, Allahla danışmalı və Allahdan istəməlidir. Quran bizim Peyğəmbərimizə (s) belə əmr edir: "Allahın yardımı və qələbə çatdıqda", yəni Allahın köməyi çatdıqda və qələbə nəsib olduqda, "və insanların dəstə-dəstə Allahın dininə daxil olduğunu gördükdə", yəni xalqın dəstə-dəstə, qrup-qrup İslama daxil olduğunu gördükdə "Rəbbini həmdlə təqdis et və ondan bağışlanmaq istə!"[1] Yəni bu sənin tövbənin başlanğıcıdır, Allah-Taalanın dərgahına ehtiyac bildirmənin əvvəlidir. Bizim xalqımız qələbə əldə edən zaman da duadan əl çəkmədi. Görün bu gün bizim cəmiyyətimizdə Allaha dua və diqqət nə qədər çoxdur! Bizim qələbəmizin rəmzi də elə bunlardır.

İnsanın lütf mənbəyi ilə rabitəsi

Dua elm və qüdrət mənbəyi ilə möminin, çarəsizin vasitəsi, zəif və cahil insanın rabitəsidir. Bəşər Allahla ruhi rabitə qurmasa və zatən ehtiyacsız olana ehtiyac bildirməsə, həyatda başını itirmiş və aciz durumda qalacaq, ömrü hədər gedəcəkdir: "(Ey Rəsulum) De: "Əgər duanız olmasa, Rəbbim sizə diqqət yetirməz!"[2]

Yaxınlaşmaq və ünsiyyət

Allahı özünə yaxın hiss etmək

Dua nədir? Əslində Allahı özünə yaxın hiss etmək və Ona ürək sözünü demək.

Allahın yaxın olduğunu və baxdığını bilmək, Onu öz qarşında hiss etmək

Qeyd etdiyimiz kimi, duanın mənası budur ki, siz Allahla danışasınız, Onu öz qarşınızda hiss edəsiniz, sizə baxdığını biləsiniz. İnsanın adət üzündən bir sözü dilə gətirməsi, bir istəyi deməsi - "İlahi, bizi bağışla, ilahi, bizim ata-anamızı bağışla" - lakin qəbində istək halının olmaması dua deyil, dil vərdişidir: "Allah-Taala diqqətsiz qəlbin duasını qəbul etməz"[3]. Qafil və diqqətsiz bir qəlblə dua edilsə, Allah-Taala duanı qəbul etməz. Bulaşıq ürəklər, nəfs istəkləri və ehtiraslarda qərq olmuş qafil insan necə dua edəcək? Əgər insan belə dua etsə, onun qəbul olunmasını necə gözləyə bilər?!

Allaha yaxınlaşmaq

Dua etmək özü Allaha yaxınlaşmaqdır.

Allahla ünsiyyət

Bəzən də dua hacət diləmək deyil, yalnız Allahla bir ünsiyyətdir.

Rəblə danışmaq

Allah-Taala ilə danışmaq, ürək sözünü Ona demək

Dua nə deməkdir? Yəni Allah-Taala ilə danışmaq, əslində Allahı özünə yaxın hiss etmək və ürək sözünü Ona demək.

Rəbb ilə danışmağın, Ona yalvarışın, Ondan üzr istəməyin, tövbə qılmağın və bağışlanma diləməyin özü insan üçün bir məqsəddir. Bu, duada mövcud olan ən üstün cəhətdir.

Allahla nə danışmaq istəsəniz, bu, duadır. Ona nə demək istəyirsinizsə, bu, duadır; istədiyiniz dildə, öz ana dilinizdə ola bilər.

Bu duaları bizim ixtiyarımızda qoyub, Allahla danışmaq və minacat tərzini öyrətmişlər, Allaha hansı sözləri deməyin mümkünlüyünü anlatmışlar. İmamlardan nəql olunmuş dualarda elə cümlələr var ki, əgər onlar olmasaydı, insan özü Allaha bu sözləri deməyin, Allahdan belə istəməyin və yalvarmağın mümkünlüyünü təyin edə bilməzdi.

Allah-Taala ilə danışın, minacat edin!

Allahı çağırmaq

Dua Allahı çağırmaqdır. Bu bütün dillərdə, ana dilində də ola bilər. Allaha nə demək istəsəniz, bu, duadır. Nəyi istəyirsinizsə, onunla bir arada qoyun.

İstəmək, Allahı çağırmaq duadır.

İnsanın fitri istəklərini demək

Əgər insan duanın, misal üçün, Əbu Həmzə Sumali, yaxud İmam Hüseynin (ə) Ərəfə günündəki duasının mənasını anlasa, ona diqqət yetirsə, belə dəyərli duadan yorulması çətindir. Yəni seçilmiş, üstün və mərifətli bəndə ilə Allah arasında bu duada deyilən sözlər o qədər cazibəli, təsirli və həqiqidir ki, insanın fitri istəklərini bəyan edir və kiminsə nə zamansa ondan yorulması mümkün deyil.

İstəmək

"Dua" istəmək, Allahı çağırmaqdır. İstəmək, yəni ümidvar olmaq. Əgər ümidiniz olmasa, Allahdan bir şey istəməzsiniz. Ümidsiz insan bir şey istəmir. Deməli, dua ümiddir. Qəbul olunması ümidlə yanaşı baş tutur.

Dua Allah-Taaladan istəmək və almaqdır.

Dua maddi vasitələrin rəqibi deyil. Belə deyil ki, insan səfərə çıxmaq istəyirsə, ya maşınla, qatarla, təyyarə ilə getməlidir, ya da dua ilə. Həmçinin belə deyil ki, əgər insan bir şey əldə etmək istədikdə ya pul xərcləməlidir, ya da pulu yoxdursa, istədiyini əldə etmək üçün dua etməlidir. Duanın mənası budur ki, siz Allahdan, Onun bu vasitələri yaratmasını istəyin; maddi səbəblərsə öz yerində! Qəbul olunan dua belədir.

Bəndəlik, təzim və yalvarış

İbadətin ruhu

Hədisdə göstərilmişdir ki, dua ibadətin məğzidir.[4] Yəni dua ibadətin məğzi, daha çox işlənən təbirlə desək, ibadətin ruhudur. Dua nədir? Dua Allah-Taala ilə danışmaq, Allahı özünə yaxın hiss etmək və ürək sözünü Ona deməkdir.

Ən yaxşı ibadət

Hədisdə göstərilir ki, ən fəzilətli ibadət duadır.[5]

Hər bir ibadətin məğzi duadır. İbadətlər insanı Allah-Taala qarşısında təzimə, onun ürəyini müti və təslimçi olmağa sövq etmək üçündür. İbadətin məğzi duadır.

"Dua ibadətin məğzidir". Allah qarşısında olan bu itaət və kiçilmə insanların bir-biri qarşısında təvazökarlığı, kiçilməsi və təzimi növündən deyil, mütləq xeyir, mütləq gözəllik, mütləq yaxşılıq və mütləq fəzilət qarşısında kiçilməkdir. Buna görə, dua bir nemətdir. Dua etmək imkanı bir nemətdir.

Dua barəsində sözün qısası budur ki, dua Allah qarşısında bəndəliyin təzahüri və insanda bəndəlik ruhunun gücləndirilməsi üçündür. Allah qarşısında bu bəndəlik ruhu, Allahın peyğəmbərlərinin əvvəldən sona qədər tərbiyə və səylərinin yönəldiyi nöqtədir. Onlar insanlarda bəndəlik ruhunu dirçəltməyə çalışmışlar.

Allah qarşısında kiçilmək və təzim

Duanın əsas məqsədi nədir? Rəbb qarşısında kiçilməkdir. Duanın əsası budur. Peyğəmbərin (s) belə buyurduğu nəql olunub: "Dua ibadətin məğzidir".[6] Çünki duada Rəbbə mütləq bağlılıqdan və onun qarşısında kiçilməkdən ibarət olan bir vəziyyət var. İbadətin əsası da budur. Məhz buna görə "Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!" ayəsinin davamında buyurur: "Mənə ibadət etməyi təkəbbürlərinə (özlərinə) sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!"[7]Duanın əsası budur ki, insan Allah-Taala qarşısında özünü yalançı qürurdan xilas etsin. Duanın əsası Rəbb yanında kiçilməkdir. Mənim əzizlərim! Siz istər öz ətrafınızda, istər öz ölkənizdə, istər bütün dünyada kiminsə tərəfindən müəyyən şəkildə pislik və fəsad görsəniz, diqqətlə baxdıqda müşahidə edəcəksiniz ki, o pisliyin və fəsadın əsası və qaynağı mənəm-mənəmlik, təkəbbür, hegemonluq və insani qürurdur. Dua bunu sındırmalıdır.

Yalvarış

Rəbb ilə danışmağın özü, yalvarmağın özü, Allahla danışmağın, Allah-Taaladan üzr istəməyin, tövbə etməyin və bağışlanmaq diləməyin özü insan üçün bir məqsəddir. Bu, duada mövcud olan ən üstün cəhətdir. İnsanın Rəbb qarşısında dayanıb göz yaşı axıtması, kiçiklik və həqarət bildirməsi onun üçün bir məqam ucalığıdır. Bəşər Allah-Taala qarşısında yalvarmaqla yüksəlir və zirvəyə qalxır. İnsanın bədbəxtliyi Allah-Taaladan xəbərsiz olduğu zaman başlayır. İnsanın rəzilliyi özünü Allaha ehtiyaclı bilmədiyi zaman başlayır.

İstəklərə və məqsədlərə çatmaq üçün vasitə

Dua istək və məqsədlərə, insanın istədiyi və arzuladığı hər bir şeyə çatması üçün vasitədir.

Çox əhəmiyyətli bir məsələdir. Allah-Taala insana elə bir vasitə verib ki, qeyd edəcəyim istisna hallardan başqa, onunla bütün istəklərini təmin edə bilir. O vasitə nədir? Allah-Taaladan istəməkdir.

Biz Haqq-Taalanın dərgahına dua etdikdə, əslində öz istəklərimizə nail olmaq üçün bir vasitə axtarırıq, bu istəklərə sarı bir yol keçir və ondan istifadə edirik. Bu bir növ dua etməkdir: istədiyini almaq üçün dua etmək. İnsanın bütün məqsədləri maddi vasitə və yollarla əldə edilmir. İnsan bəzi şeyləri dua ilə əldə etməlidir; sözsüz ki, yalqız və əməlsiz dua ilə yox. İnsanın əməl qapısını bağlayıb, dua ilə kifayətlənməsinin heç bir faydası yoxdur. Lakin əməl, iş kənarında, iradə və səylə yanaşı Allahdan istəmək də lazımdır. Bu dua insanın istəklərini təmin edir. Görürsünüz ki, əziz Peyğəmbər (s) müharibə meydanında bütün işləri gördükdən sonra dua da edir. Deməli, dua etmək, bu yolla öz istək və məqsədlərimizə nail olmaq bizim vəzifələrimizdən biridir.

Digər vasitələrlə yanaşı bir vasitə - onlarla vasitə və səbəbdən biri

Dua digər vasitələrin kənarında bir vasitədir. Bizim böyük tədqiqatçılarımızın və mütəfəkkirlərimizin sözü ilə desək, Allah-Taala varlıq aləmində onlarla vasitə və səbəb yaradıb, dua da onlardan biridir.

Allahla bəndələr arasında vasitə

Duaya ümid qapısını, Allah-Taalanın özü ilə bəndələri arasında qoyduğu bu yolu və vasitəni öz üzünüzə bağlamayın.

"Dua maddi vasitələrin rəqibi deyil, onlardan biridir!"

Burada bir neçə sual yaranır: Biri budur ki, əgər duanın belə möcüzəli rolu varsa, bəs bu dünyəvi vasitələr, texnologiyalar, elm, sənaye və digər bu kimi amillər nədir? Cavab budur ki, dua maddi vasitələrin rəqibi deyil. Belə deyil ki, insan səfərə çıxmaq istəyirsə, maşınla, qatarlar, ya təyyarə ilə getməlidir və yaxud dua ilə. Həmçinin belə deyil ki, əgər insan bir şey əldə etmək istədikdə ya pul xərcləməlidir, ya da pulu yoxdursa, istədiyini əldə etmək üçün dua etməlidir. Duanın mənası budur ki, Allahdan bu vasitələri yaratmasını istəyin; maddi səbəblərin hər biri öz yerində durur. Qəbul olunan dua belədir.

Buna əsasən, dua kiminsə tənbəllik etməsinə səbəb olmamalıdır. Dua kiminsə elmdən, bilikdən, maddi vasitələrdən, təbii səbəb və nəticədən üz çevirməsinə bais olmamalıdır. Xeyr, dua onların rəqibi deyil, onları təmin edəndir.

Belə yerlərdə sadəlövh insanlar deyirlər ki, bizim dua və ibadətimiz elə budur. Biz Allah yolunda işləyirik və işimiz Allah üçündür. Lakin Əmirəlmöminin (ə) belə buyurmur. O, işləri də görür, ibadət də edir.

İlahi maarifi anlamaq üçün vasitə

Dua, ilahi maarifi dərk etmək üçün vasitədir.

Duanın qisimləri və Allahla danışmaq növləri

İstək, tərif, səna və yaxud məhəbbət və sevgi bildirmək

Dua ya istəkdir, ya tərif və sənadır, ya da məhəbbət və sevgi. Bunların hamısı duadır.

"Dua zəruri olaraq həmişə hacət istəmək deyil!"

Bəzən duada hacət istənilmir, yalnız Allahla ünsiyyət qurulur.

Dua və zikr üçün bir nümunə

Namaz

Qədr gecəsində əməllərin ən yaxşısı duadır. Əhya saxlamaq (səhərədək oyaq qalmaq) da dua, təvəssül və zikr üçündür. Qədr gecələrində müstəhəb olan namaz da əslində dua və zikr nümunəsidir.

Bu ümumi azğınlıq və yayınmanın əsas amili iki məsələdir: Biri, təzahürü namaz olan Allah zikrindən uzaqlaşmaqdır: Allahı və mənəviyyatı unutmaq, mənəviyyatı həyatdan ayırmaq, diqqəti, zikri, duanı, təvvəssülü, Allah-Taaladan istəməyi, Allaha təvəkkül etməyi və ilahi hesabları həyatdan kənarlaşdırmaq.

İnsan şəxsi həyatında bəzən çətinlik və müsibətlər, ümumi həyatında da bəzən cihada, sədəqəyə, yaxud yoxsullara kömək kimi yenilik yaradan hadisələrlə zikr amilinə yaxınlaşır. Bəzən də həvəsdən doğan məşğuliyyətlərlə və eyş-işrətə qərq olmaqla ondan uzaqlaşır. Bütün bu hallarda onu zikr cənnətinə yaxınlaşdıran, yaxud daha yaxınlaşdıran amil namazdır. Qəlbin, dilin və hərəkətin harmonik sintezi ilə qılınan namaz zikrin ən gözəl və ən kamil nümunəsidir.

Cümə namazı

Sizin bu cümə namazınız, ilahi zikr nümunəsidir: "Allahın zikrinə tələsin!"[8] Burada sizin qəlbinizə və hərəkətlərinizə hakim olmalı amil Allahı yad etmənizdir; qəlb Allahı yad edir, dil Allahın müqəddəs adlarını zikr edir, əlin, ayağın və bədənin hərəkətləri də Rəbbi xatırlamaq və ilahi əmrlərə itaət istiqamətində hərəkətlərdir. Bizim hər birimizin ehtiyaclı olduğumuz məsələ budur.

Duanın qəbulu nədir?

Allahın cavabı, nəzəri və iltifatı

Allahın qəbul etməsi Onun cavabı, diqqəti və iltifatıdır. Mənim və sizin istəklərimizin bəzən bizim xeyrimizə olduğunu düşünürük, lakin bizim ziyanımıza olur və həyata keçmir. Amma sizin "ya Allah!" demənizin ardında, şübhəsiz, bir "ləbbeyk" vardır.

Ürəkdə vücuda gələn nur

Əgər ünsiyyət qura bilsəniz, görəcəksəniz ki, cavabların çoxusu həmin anda sizə veriləndir. Yəni insan düşünməməlidir ki, duanın cavabı mütləq Allahdan istədiyi puldur və o çatmalıdır. Bəzən cavab həmin anda sizə veriləndir. Sizin qəlbinizdə elə nur yaranır ki, cavabınızı həmin saatda aldığınızı görürsünüz. İnsan bəzən hiss edir ki, duada malik olduğu haldan başqa bir şey istəmir.

"İstəyin dua edən şəxsin bütün vücudundan cari olması ilahi cavabdır".

İstəyin sizin bütün vücudunuzdan cari olduğunu gördükdə, bilin ki, bu, ilahi cavabdır. Bu, Allahın həmin cavabıdır və sonrakı cavab da qəbul olunmaqdır.

Səbəb və vasitələrin hazır olması

İstəyin təbii qanunlar çərçivəsində təmini

Lazım deyil ki, dua həmişə təbii qanunları pozsun və onların ziddinə əməl etsin. Xeyr, dua təbii qanunlar çərçivəsində qəbul olunur və sizin istəyiniz təmin edilir. Bu, Allahın qüdrətidir: qanunları hazır edir, bir-birinin yanına qoyur və sizin istəyiniz həyata keçir. Əlbəttə, sizin duanız başqa bir ilahi qanunla ziddiyyət təşkil etsə, dua qəbul olunmur. Allahın vədi haqdır. İşsiz dayanıb, öz məqsədləri yolunda çalışmayan şəxslərin məqsədə çatmasına zəmanət verilmir. Sən dua etməyində ol, bəllidir ki, bu duanın qəbul imkanı çox deyil. Bəli, bir də gördünüz qəbul olundu, lakin buna zəmanət verilmir. Siz qəti bir təbii qanunun ziddinə dua etsəniz, zəmanətin olması bəlli deyil; baxmayaraq ki, bəzi yerlərdə, şübhəsiz, dua qanunları da yarıb keçir. Lakin duanın qəbul olunduğunu deyiriksə, sizin duanızın digər ilahi qanunlarla ziddiyyətdə olduğu, yanında əməlin olmadığı, yaxud duanın özünün diqqətlə edilmədiyi təqdirdə yenə də qəbul olunacağını söyləmirik. Xeyr, duada Allah-Taaladan həqiqətən istəmək lazımdır. Bu dua qəbul olunur. Əgər bu duanın yanında böyük məqsədlər yolunda əməl və fəaliyyət olsa, onun qəbul olunma ehtimalı doğrudan da çox olar.

Maddi, adi və sadə vasitələrin yaranması

Allah-Taala burada[9] bu anaya iki vəd verdi: biri budur ki, uşağı sənə qaytaracağıq; ikincisi budur ki, onu mürsəl peyğəmbərlərdən edəcəyik. Bu uşağı təlatümlü çaya atdıqan sonra Musanın bacısına dedi ki, onun ardınca get, gör nə baş verəcək və bu uşağın taleyi necə olacaq. Nəhayət, bu uşaq Nil çayı ilə Fironun evinin yaxınlığına çatdı. Fironun ailəsi onu götürdü. Allah ürəklərinə saldı ki, onu saxlasınlar. Fironun xanımı dedi ki, bu uşağı özümüz üçün saxlayaq. Uşaq heç kimdən süd əmmədi. Neçə dayə gətirdilərsə, heç birindən süd almadı. Acdır və süd istəyir. Bu arada Musanın bacısı gəlib dedi ki, istəyirsinizsə mən süd verən bir dayə tapım? Baxın, Allah-Taala duanı qəbul etmək və vədini həyata keçirmək istədikdə şəraiti belə hazırlayır.

Bir hacətinizin təmin olunmasını istəyib, dua edəndə əgər Allah-Taala o duanı qəbul etsə, deməli, bu istəyin maddi və adi vasitələrini hazırlayıb; yəni Allah bu işi yoluna qoyacaq. Misal üçün, bir şəxs sizə borcludur və borcunuzu qaytarmır. Lakin birdən ürəyinə düşür və gəlib borcunuzu qaytarır. Bu, bir vasitədir. Nə maneəsi var ki, dua insan üçün bu vasitəni hazırlasın?!

Dua – təbii prosesi təmin edən amil

Bəzən Allah-Taala möcüzə də göstərir; bu başqa məsələdir. Möcüzə istisna yerlərdə baş verir. Digər yerlərdə dua təbii prosesi təmin edir. Siz ehtiyac duyduğunuz bir işin baş verməsini Allahdan istədikdə, duanın yanında gərək imkanlarınızı da işlədəsiniz. Misal üçün, əgər sizə tənbəllik üz vermişsə və Allah-Taalanın bu hissi sizdən uzaqlaşdırması üçün dua edirsinizsə, duanın yanında gərək iradə və əzmkarlıq da göstərəsiniz. Yəni burada da başqa bir təbii və maddi vasitə var və o iradədir. Gərək iradə və əzmkarlıq göstərəsiniz. Heç kəs düşünməsin ki, evdə oturub, heç bir iş görməsək, hətta iradə də etməsək, yalnız dua ilə məşğul olsaq, Allah bizim istəklərimizi təmin edəcək. Xeyr, belə bir şey imkansızdır. Deməli, dua çalışmaqla yanaşı olmalıdır. Bəzən çalışmaq nəticə vermir, amma dua edən kimi nəticə hasil olur.

"Duanın qəbul olunması, istəyin yüz faiz təmin olunması mənasında deyil!"

Allah-Taala Quranın bir neçə ayəsində duanı qəbul edəcəyinə söz vermişdir. Ayələrin biri bu mübarək ayədir: "Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də dualarınızı qəbul edim!"[10] Yəni sizin Rəbbiniz buyurub ki, məni çağırın və mən cavab verim, qəbul edim. Qəbul etməyin, istəyin yüz faiz təmin olunması mənasında olmaması da mümkündür. Bəzən yaranış qanunları Allahın o hacəti tam təmin etməməsini tələb edə bilər. Bəzi qanunlar səbəbindən o istəyin təmin edilməsi, yaxud tezliklə təmin edilməsi mümkün olmur. Adi halda ümumi qayda kimi Allah-Taalanın cavabı budur ki, sizin istəyinizi təmin etsin. Necə ki, ramazan ayının gecələrində oxunan şərafətli Əbu Həmzə Sumali duasında buna işarə olunmuşdur. Quranda buyurmuşdur: "Allahın lütfündən (mərhəmətindən) istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir."[11] Allah alim olsa və sizin ehtiyaclarınızı bilsə də, siz Allahdan istəyin və Ona deyin. Bu ayəni duada qeyd edir. Düzdür, şərafətli duada bir qədər fərqli göstərilmişdir. Sonra buyurur ki, İlahi, xalqı istəməyə dəvət edib, istəklərini verməmək Sənin xislətinə yaddır.[12] Yəni Allahın səxavətinin, rəhmətinin və böyük qüdrətinin mənası budur ki, əgər istəmənizi deyirsə, istədiyinizi verməyə də iradə etmişdir. Bu, Allahın sözügedən vədəsidir. Xütbənin əvvəlində oxuduğum həmin ayədə aydın bildirilmişdir: "(Ey Rəsulum!) Bəndələrim səndən Məni soruşduqda (bilin ki,) Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm".[13] Yəni mənim bəndələrim nə zaman mənim barəmdə, harada olduğumu soruşsalar, ey Peyğəmbər, de ki, yaxınam, cavab verirəm, məndən istəyən və məni çağıran şəxsin duasını və istəyini qəbul edirəm. Kim Allahı çağırsa, qarşısında cavabı var. İmam Rizadan (ə) nəql olunmuş hədisdə də göstərilir ki, Allahdan istənilən hər bir istəyin qarşılığında qəti bir cavab vardır.[14] Bu çox mühümdür və Allahın mömin bəndələri onun qədrini yaxşı bilməlidirlər. İmanı olmayan şəxs təbii ki, bir çox digər imkanlar kimi bu imkandan da istifadə etməyəcək. Bu, Allahın qəti vədidir. Yəni Allah-Taala hər istəyə cavab verəcək. Bu bir vəddir və əlbəttə, hər bir vədin də şərtləri var.

Heç bir dua cavabsız deyil. Cavabın mənası bu deyil ki, insanın istəyi mütləq təmin olunacaq. Mümkündür təmin olunsun, mümkündür bəzi səbəblərə və məsləhətlərə görə təmin olunmasın. Lakin Allahın cavabı və qəbul etməsi var.

Zikrin mənaları

Özünü Allah qarşısında görmək və ona könül vermək

Zikr - özünü Allah qarşısında görmək, Ona qulaq asmaq və könül verməkdir.

Zikr, yəni məşuqla həmsöhbət olmaq

Allah zikrinin mərhələləri var. Biz insanlar hamımız bir həddə və bir mərhələdə deyilik. Bizim dərəcələrimiz müxtəlifdir. Bəziləri ruhi baxımdan yüksək dərəcədədirlər. Misal üçün, övliyalar, peyğəmbərlər, saleh insanlar, ürək və məna adamları. Bəziləri də o səviyyələrə malik olmayan mənim kimi və bizim kimilərdir. O səviyyələrdə nələr olduğundan bizim bəzilərimizin xəbərimiz də yoxdur. Bizim hamımız üçün zikr var - həm onlar üçün var, həm bizim üçün var. Zikr onlar üçün Əmirəlmömininin (ə) hədisində göstəriləndir: "Zikr məşuqla həmsöhbət olmaqdır".[15] Bu, övliyalar üçündür. Onlar üçün zikrin ləzzəti həmsöhbət olmağın ləzzəti kimidir. Əmirəlmöminin (ə) başqa bir hədisdə buyurur: "Zikr sevənlərin ləzzətidir".[16] Zikr aşiqlərin, sevənlərin ləzzətidir.

Zikr, yəni yada salmaq, xəbərsiz qalmamaq və unutmamaq

Zikr yada salmaqdır. Yada salmaq xəbərsiz olmağın əksidir. Allahdan, vəzifə məsuliyyətindən xəbərsiz olmamaq, maddi mərhələdən sonrakı mələkut aləmində ilahi məmurlarla qarşılaşan həssas zamandan xəbərsiz olmamaq və qiyamətdə Allah qarşısında insanın böyük hesabatından xəbərsiz olmamaq. Bu xatırlamalar həlledicidir.

Quran müsəlmanlara müraciətlə buyurur: "Allahı çox yad edin!"[17] Zikr, yəni yad etmək. Zikr və yad etmək, xəbərsiz olmağın və unutmağın qarşı tərəfidir. Müxtəlif hadisələrə qərq olmaq və əsas məsələdən qəflətdə qalmaq Adəm övladlarının böyük bəlasıdır; istəyirlər belə olmasın. Bu yad etmək də yalnız yad edib xatırlamaq deyil. Bizdən çoxlu zikr istəmişlər.

Zikr, yəni yad etmək, xatırlamaq və diqqətli olmaq

Zikr xatırlamaq və diqqətli olmaqdır. Quranın şərif ayəsi buyurur: "Həqiqətən, sizə elə bir kitab nazil etdik ki, onda sizin zikriniz var".[18] Yəni Quranı bütün müsəlmanların zikr etməsinin və diqqətli olmasının vasitəsi kimi təqdim edir. Çünki çox insanlar zaman boyu dünya həqiqətlərindən, ən əsası Rəbbin müqəddəs zatından qafil olmuşlar.

"Zikr yalnız bəzi sözləri təkrarlamaq deyil, ilahi vəzifəni və Allahın nemətini yad etməkdir".

Zikr yalnız bəzi sözləri tələffüz və təkrar etmək deyil. Bu sözlər zikr vasitələrindən biridir. Zikr isə Allahı yad etmək, vəzifəni yad etmək və ilahi neməti yad etmək deməkdir: "Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz".[19] Əgər diqqət yetirsəniz, Quranda çox yerlərdə Allahın nemətini yad etməyə işarə vurulmuşdur.

Zikr, yəni həqiqəti yada salmaq

Bu böyük bəlanın qarşısını almaq, həmçinin onu müalicə etmək üçün Allahın dini insana zikri öyrətmişdir. Zikr - həqiqəti yada salmaqdır.

Zikr, yəni qafil olmamaq

Zikr və hidayət məsələsinə özümüzün əsas məsələmiz kimi diqqət yetirməliyik. Deməli, bu gün bizim xalqımızın düzgün diqqət yetirməyə ehtiyaclı olduğu mövzulardan biri də zikr və qafil olmamaq mövzusudur.

Zikr, ayıq olmaq

"Bu (Quran) aləmlərə yalnız bir zikrdir!"[20] Bu bütün bəşər üçün zikrdir, xatırlamadır, xatırlatmadır, xəbərdarlıqdır.

Zikr, günaha doğru getməyin maneəsi

Mənim əsas məqsədim olan sonrakı hədisin əvvəlində təxminən oxuduğum hədisə oxşar ibarələrlə həmin üç məsələ qeyd olunur. O hədisdə "hər bir halda Allahı yad etmək" vardır. Burada İmam Sadiqin (ə) hədisində isə "hər bir yerdə Allahı yad etmək" kimi göstərilmişdir. Lakin mənim nəzərdə tutduğum budur: Deyir hər bir halda Allahı zikr etmək dedikdə məqsədim bu deyil ki, "sübhanəllah vəl-həmdü lillah və la ilahə illəllah vəllahu əkbər" - deyəsiniz.

Bu, dil zikridir: "Baxmayaraq ki, bu da ondandır". Yəni bu da zikrdir, bu da yaxşıdır, bu da dəyərlidir. Lakin mənim məqsədim təkcə bu deyil. Məqsəd budur ki, Allahın itaətinə, yaxud günaha doğru getdikdə Allahı yad et. Allahı belə yad etmək, Onun belə zikri nəzərdə tutulur. Düzdür, bizim rəvayətlərimizdə, bu dualarda, bu müxtəlif zikrlərdə, həzrət Zəhra (s.ə) təsbehində və digər zikrlərdə göstərilənlərin hamısı zikr vasitələridir. İnsan mənalara və həqiqətlərə diqqət yetirməklə bunları dilinə gətirməlidir, diqqət halı əldə etməlidir. Əlbəttə, bunlar çox dəyərlidir.
Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031