Dəccalın həqiqəti
Mьəllif: admin1
Tarix: 16-02-2016, 21:29
Dəccalın həqiqəti

Mütəfəkkirlər Dəccal barədə müxtəlif görüşlərə malikdirlər. Dəccal haqqında ümumi anlayış əldə etmək üçün bu fikirlərdən bəzilərini nəzərdən keçirək:
1. Bəziləri belə düşünür ki, Dəccal müəyyən bir şəxsin adı deyil. Belə ki kim puç, əsassız iddialar və hiylə vasitəsi ilə insanları aldadarsa, Dəccaldır. Bəzi hədislərdəki “dəccallar” ifadəsi də bu ehtimalı gücləndirir. Misal üçün, Peyğəmbər (s) belə buyurur: “Övladlarımdan olan Mehdi (ə.f) zühur etməyincə Qiyamət qopmayacaq. Həmçinin altmış dəccal zühur edərək hər biri “mən peyğəmbərəm” – deməyincə Mehdi (ə) zühur etməyəcək. (“əl-İrşad”, c. 2, səh. 371)
Başqa bir hədisdə isə Peyğəmbər (s) belə buyurur: “Dəccalın gəlişindən qabaq yetmişdən çox dəccal gələcəkdir”.
Hədisdən ümumi nəticə alırıq ki, iki növ dəccal var:
a) Həqiqi Dəccal – bütün dəccallardan sonra İmamla (ə) eyni zamanda zühur edəcək və özünün həqiqi simasını göstərəcəkdir.
b) Həqiqi dəccalın zühuruna qədərki dəccallar. Bunlar (küfr üzrə olan) inkişaf etmiş dövlətlərin texnoloji alətləri (radio, televizor, kompüter, peyk antenləri və s.) də ola bilər. Çünki onlar bu vasitələrlə insanları azdırırlar.

2. Bəziləri isə onu müəyyən bir şəxs hesab edir və Dəccal adı ilə camaatı azğınlığa sürükləyəcəyinə inanırlar. Bir qismi hədislərə əsaslanaraq, Dəccalın diri və həyatda olduğunu iddia edirlər.
Bu düşüncədə olan mütəfəkkirlərin Dəccalın həqiqəti barəsində üç nəzəriyyələri vardır:
a) Dəccalı soyu yəhudi olan və şəxsiyyəti İmam Mehdinin (ə.f) zühurunadək gizli qalan bir şəxs bilirlər. Bu nəzəriyyəyə əsasən, Dəccal axırəz-zamanda zühur edəcək qeyri-adi gücə malik olan təkgözlü bir kişidir. O, ixtiyarında olan bütün aldadıcı vasitələrdən istifadə edərək dəstə-dəstə insanları İmam Mehdidən (ə.f) uzaqlaşdıraraq insanları Cəhənnəmə sürükləyəcək.
b) Dəccal və onun qeyri-adi xüsusiyyətlərini metaforik və məcazi hesab edirlər. Belə ki şeytani qüvvə və cərəyanlar simvolik olaraq insanların qəlblərinə, ağıllarına hakim kəsiləcək və mümkün qədər bütün fəsadlarını dünyaya yayacaqlar. Bu cərəyan ilahi təlimlərə istehza edərək insani fəzilətləri ayaq altına alıb əxlaqi dəyərləri bir-birinə vuracaq. Dəccal təkcə bir insan deyil, əksinə hər bir vasitə ilə İmam Mehdinin (ə.f) inqilabının baş verməsinə mane olan, insanları fəsad və pozğunluğa aparan bütün qüvvələrdir. (“Hökuməti-cahaniye-həzrət Mehdi (ə.f)”, səh.171).
v) Üçüncü nəzəriyyə demək olar ki, yuxarıdakı iki nəzəriyyənin sintezidir.
Mötəbər hədislərə əsasən, Dəccal alnında bir gözü olan əfsanəvi bir məxluq deyil, axırəz-zamanda olan bütün zalım, dinsiz dövlət başçılarına ünvanlanan ümumi bir simvoldur. Belə ki, Dəccal hər növ hiylə və yalandan istifadə edərək insanları kütləvi şəkildə şeytani ideyaların, nəfsani istəklərin arxasınca aparan bütün hiyləgər və yalançılara verilən addır.
İmam Mehdinin (ə.f) zühuru üçün fikri, əxlaqi və ictimai şəraitin hazır olmamasına baxmayaraq, ilahi vəd gerçəkləşəcək. Lakin ilahi qanunların qarşısını almaq və İmamın zühuruna maneə yaratmaqdan ötrü hiyləgər dəccalların fəaliyyəti də biri-digərindən daha çox olacaq.
Bu nəzəriyyəyə əsasən deyə bilərik ki, son dövrün bütün dəccallarının başında fitnə-fəsadın çoxalması üçün onlara yol göstərən böyük Dəccal durur.
Bu nəzəriyyəyə əsasən, Dəccal, saysız-hesabsız mənalara uyğun gələn ümumi bir anlayışdır. Belə ki bu saysız-hesabsız mənalara rəğmən, Dəccal sözün əsl mənasında qeyri-adi bacarığa malik bir məxluqdur. Onun əsl siması və kimliyi zühur vaxtı aşkar olacaq.
Məhz bu baxımdan, dəccal sözü şeytan sözünə bənzəyir. Belə ki Şeytan da bir əsas məna yükünə malik olmasına baxmayaraq, bir çox mənaları özündə ehtiva edən ümumi bir anlayışdır.

3) Bəzilərinə görə isə Dəccalın üç əsas yozumu vardır:
a) Dəccal birmənalı və tanınmayan bir məxluqdur. Onun əsl kimliyi zühuruna qədər naməlum qalacaq.
b) Dəccal müxtəlif mənalara malik olub, bütün şər və fitnə toxumunu yayan qüvvələrə şamil ola bilər.
c) Dəccal müxtəlif cilvələrə malikdir. O, bu vasitə ilə çoxlu insan azdıraraq İmam Mehdinin (ə.f) İlahi missiyası üçün maneələr yaradacaq.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930