Fitr bayramı ərəfəsində Əxlaq dərsi
Mьəllif: admin1
Tarix: 15-07-2015, 10:16
Fitr bayramı ərəfəsində Əxlaq dərsi

İmam Zeynul Abidin əleyhissalamın Firt bayramını əxlaq dərsinə necə çevirməsi ilə əlaqədar bir hədisə nəzər salaq...

Fitr sözü fitrət sözündən götürülmüşdür. Fitrət insanın zatı, təbiəti və vicdanı deməkdir. Deməli, mübarək Ramazan ayının bitməsi, başqa sözlə desək insanların 30 günlük nəfslə mübarizələrinin və tərəqqi yolunda çalışmalarının nəticəsi günü fitrətə qayıdış bayramıdır. Əxlaqlı olmaq insanın fitrətinin tələblərindəndir.

Əhli-beytin (onların hamısına salam olsun) həyat salmanələrinə nəzər saldıqda görürük ki, onlar mübarək Ramazan ayından bir əxlaq universiteti kimi bəhrələnmiş, çoxlu sayda insanları əxlaq üzrə ali məqamlara yüksəltmişlər.

Bu məqalədə İmam Zeynul Abidin əleyhissalamın Firt bayramını əxlaq dərsinə necə çevirməsi ilə əlaqədar bir hədisə nəzər salırıq:

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

" İmam Zeynul Abidin əleyhissalamın mübarək Ramazan ayındakı tərbiyə üslübu belə idi ki, qulamlar və kənizlər hansı xətalara və səhvlərə yol versəydilər belə onları tənbeh etməz və cazalandırmazdı. Həmin xətalar və səhvləri kimin etdiyini və nə etdiyini yalnız bir dəftərə yazardı. Ayın axırında qulamların və kənizlərin hamısını bir yerə toplayar və özü isə onların arasında dayanardı. Dəftəri açaraq onların mübarək Ramazan ayında etdikləri xətaları və səhvləri onlara oxuyar və onların hər birinə ayrıca deyərdi: "Ey filankəs, sən filan gündə filan saatda filan xətanı etmisən. Yadındadırmı?

Onların hər biri deyərdilər: -Ey Peyğəmbərin (s) övladı! Bəli, yadımdadır.

Beləcə hamısı öz xəta, günah və təqsirlərinə etiraf edərdilər. Onların öz səhvlərinə etiraflarından sonra İmam Zeynul Abidin əleyhissalam buyurardı:

ارفعوا اصواتکم و قولوا یا علی بن الحسین! انّ ربّک قد احصی علیک کلّما عملت کما احصیت علینا کلّما قد عملنا و لدیه کتابٌ ینطق علیک بالحقّ لایغادر صغیرةً و لا کبیرةٌ ممّا اتیت الّا احصاها و تجد کلما عملت لدیه حاضراً

"Hamınız uca səslə mənə belə deyin: - Ey Əli ibn Hüseyn! Sən bizim bütün etdiklərimizi yazdığın kimi sənin Rəbbin də sənin bütün əməllərini və rəftarlarını bir dəftərə yazmışdır. Allah yanında elə bir əməl dəftəri vardır ki, irili xırdalı bütün əməllər orada yazılmış və heç nə yaddan çıxmamışdır. Etdiklərinin hamısını Onun yanında görəcəksən. Necə ki, biz də özümüzün bütün etdiklərimizi sənin yanında hazır görürük. Elə isə əgər Allahın səni bağışlamasını istəyirsənsə sən də bizi bağışla. - Ey Əli ibn Hüseyn! İnsanların Qiyamət günündə Allahın hüzurunda zillətlə duracaqlarını yada sal. O elə bir ədalətli hakimdir ki, heç kimə zərrə qədər zülm etməz. Hər adamın etdiyini onun özünə göstərər. Allahın hesabı və şahidliyi kifayət edir. Bizi bağışla və əfv et, təqsirimizdən keç ki, Qiyamət gününün Padşahı da səni bağışlasın və əfv etsin. Necə ki, Allah Özü buyurur:

وَ لْيَعْفُواْ وَ لْيَصْفَحُواْ أَ لَا تحُبُّونَ أَن يَغْفِرَ اللَّهُ لَكمُ‏ْ وَ اللَّهُ غَفُورٌ رَّحِيمٌ

"(Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!" (Nur surəsi 22-ci ayə)

İmam Zeynul Abidin əleyhissalam bu sözləri cümlə cümlə deyər, onlar da təkrar edərdilər. Sonra İmam onların arasında durduğu halda ağlayardı, Allahdan iltimas edici və yalvarışlı gözəl ahəng ilə deyərdi:

ربّ انّک امرتنا ان نعفوا عمّن ظلمنا فقد ظلمنا انفسنا فنحن قدعفونا عمّن ظلمنا کما امرت فاعف عنّا فانّک اولی بذلک منّا و من المأمورین

"Ya Rəbbim, Sən bizə buyurmusan ki, sizə zülm edənləri bağışlayın, biz həqiqətən özümüzə zülm etmişik, sənin buyurduğun kimi bizə zülm edənləri biz bağışladıq, Sən də bizi bağışla və bizi əfv et. Sən bağışlamağa və əfv etməyə bizdən daha üstünsən. Sən Özün buyurmusan ki, qapınıza gəlmiş dilənçini məhrum etməyin, indi biz Sənin qapında diz çökmüş və sənin ehsanını, bəxşişini, nemətini istəyən dilənçilərik. Bizdən Öz nemətini əsirgəmə və bizi məhrum etmə. Sən bu işdə bizdən daha çox layiqlisən. İlahi, mən başqalarına yaxşılıq etmişəm, Sən də mənə yaxşılıq et. Məni nemət verdiyin insanlarla birlikdə məhşur et. "

Sonra İmam Zeynul Abidin əleyhissalam üzünü qulam və kənizlərinə tutaraq buyurardı:

"Mən sizin hamınızı bağışladım. Elə isə siz də məni bağışlamağa razısınızmı?

Onlar hamısı bir ağızdan deyərdilər:

- Biz səndən heç bir xəta və nöqsan görmədiyimiz halda səni bağışlayırıq.

Onda İmam Zeynul Abidin əleyhissalam buyururdı:

"Elə isə, belə deyin: - İlahi, Əli ibn Hüseyni bağışla. Necə ki, o da bizi bağışladı. Onu cəhənnəm odundan azad et, necə ki, o da bizi qulluqdan azad etdi."

Beləcə onlar dua edər, İmam isə amin deyərdi.

Sonda İmam buyurardı:

"Gedin, mən sizin hamınızı bağışladım və hamınızı azad edirəm. Bu ümidlə ki, Allah da məni bağışlasın və məni azad etsin."

Beləcə İmam Zeynul Abidin əleyhissalam Fitr bayramında onlara çoxlu bəxşişlər verərdi.

İmam hər il Ramazan ayının axırıncı gününün iftar zamanında azı 20 qul azad edərdi...

Biharul ənvar 46-cı cild 104-cü səhifə və

Biharul ənvar 95-ci cild 186-cı səhifə

İqbalul Əmal 1-ci cild 443-cü səhifə

Camiul əhadis (Seyyid Burucirdi) 9-cu cild 26-cı səhifə

Təfsiru Nurus səqələyn 3-cü cild 547-ci səhifə

Bu gözəl hədisə diqqət edikdə görürük ki, İlahi rəhbərlər və məsum imamlar İslam mədəniyyətinin yayılmasında və onu mərifət susuzlarına öyrətməkdə nə qədər çalışmışlar. Onlar insanların təkcə cismlərini azad etməklə dəyişdirməmişlər, əksinə onların fikirlərini və ruhlarını da nadanlıq, qəflət, xurafat və cəhalətdən təmizləmişlər. Onları əxlaqi şəxsiyyətlərə çevirmişlər. Onları qulluq və bəndəlikdən ali insani məqamlara yüksəltmişlər.

Mübarək Ramazan ayının bu son günündə, Fitr bayramı ərəfəsində və əsnasıda bizlər də İmam Zeynul Abidin əleyhissalamın bu əxlaq dərsindən faydalanaq və bizə pislik etmiş adamları bağışlayıb əvf edək ki, Allah Taala da həzrət Muhəmməd və ali Muhəmmədə xatir bizləri əfv edib bağışlasın!/axlaqimaarif/

nardaranpiri.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930