İmam (ə) sevgisinin təzahürü necə olmalıdır?
Mьəllif: admin1
Tarix: 5-04-2018, 14:00
İmam (ə) sevgisinin təzahürü necə olmalıdır?
Son günlər sosial şəbəkələrdə gündəm mövzusu Həzrət Əlinin (ə) mövludu münasibətilə keçirilən bir tədbirdən video-görüntü olmuşdur. Məsələyə bir neçə aspektdən baxmağı faydalı görürəm:

- Toplumda baş verənləri, o cümlədən də, dini camiədə baş verənləri müzakirə etmək – ümumilikdə müsbət bir haldır. Təbiidir ki, bu müzakirələrdə səmimi mövqe bildirənlərlə yanaşı, islamofob fürsətçilər də, Əhli-Beyt (ə) məktəbi ilə problemi olanlar da öz kəm halətlərində həmişəki kimi hazır durmaqdadırlar.

- Məlum video-görüntünün bir hissəsinə baxdım. Estetik baxımndan zövqümə uyğun gəlmədi. Bununla belə, gəlin mövzuya səmimi baxaq. Bu insanlar nə edirlər? Sadəcə olaraq, sevdikləri İmamlarının (ə) mövludunu qeyd edirlər.

Ola bilsin ki, bunu formaca düz etmirlər, amma kim onların niyyətlərini tam ölçə bilər ki? Kim iddia edə bilər ki, riya edirlər? Bəli, estetik baxımdan və sərgilənən performans baxımdan, məni də, bir çoxları kimi, təbii ki, qətiyyən qane etmir.

Amma baxış bucağı onları mütləqa cahil çıxartmaq olmasa, anlamaq və duymaq niyyəti ilə baxılsa – şübhəsiz, burada fərqli mənzərə meydana gələr. Sovet dövründən çıxmış və müstəqillik illərində keyfiyyətli İslam maarifçilyindən məhrum qalan insanlar, sevdikləri İmamlarının (ə) ad gününü necə keçirməli idilər ki?

Ən əziz insanlarının ad gününü necə keçirirlərsə, öz sevinc günlərini necə keçirdirlərsə – bunu da o cür keçirdirlər. Amma sevincləri səmimidirsə, illər keçdikcə, bunu formaca daha təkmil şəkildə və İslamın sevinc estetikasının tam mahiyyətinə uyğun yaşamağı mütləq öyrənərlər, inşəallah.

- Mövludlarla bağlı bu da qeyd olunmalıdır ki, toplumda anti-mövlud kampaniyasını əslində təkfirçi vəhhabiyyət aparır. Və adət üzrə belə materialları ümumiyyətlə anti-piar üçün istifadə edirlər. Eyni ilə Aşura və Novruzla bağlı etdikləri kimi.

- Zaman dəyişir və bu, bir reallıqıdr. Bəli, şəxsən mən özüm klassik əzadarlıq mərasimlərini bəyənirəm və imkanım daxilimdə yaşadıram. Mövlud şənliklərində də, mötədil və təbii səciyyəsi olan sevinc formatını yaşatmağı məqsədəuyğun görürəm. Bununla belə, bəzən tədbir və mərasimlərin forması və təqdimatı dəyişməkdədir.

Bu mənada, məhərrəmlik mərasimlərindəki yeni üslublu əzadarlıq formalarını, mövlud tədbirlərində yeni şou xarakterli elementlərin artmasını qəm və kədərin dominantlığına reaksiya kimi dəyərləndirənlərin mövqeyi ilə razı deyiləm və bu kimi təqdim edilməni düzgün saymıram. Yəni, insanlar kədərlənmək istəmir deyə bu cür həllər tapırlar və yaxud, bunlar - insanların daimi kədərə yönəli impulslara verdikləri reaksiyadır kimi fikirləri əsassız sayıram.

Əksinə - düşünürəm ki, bu, ümumən mədəniyyət və estetik performans problemidir. Keyfiyyətli maarifçilik üçün yaranan süni maneələrin nəticəsidir. İfrat və təfritlərin böhranıdır. Sərtləşmə və “layt”laşmanın məntiqi nəticəsidir. Nəticədə ya marginallaşma və təcrid, ya da ərimə və identikliyi itirmə meydana çıxır.

Ən sonda...

İslami kimlikli ziyalılar burada epatajdan çəkinməli, həqiqi İslam övladı olaraq bütün bu baş verənləri doğma və əziz duyğu ilə qəbul etməlidirlər. İslami zövq və estetikanı rəhbər tutaraq, həm iradəvi kədərin fəlsəfəsini, həm də iradəvi sevincin fəlsəfəsini topluma çatdırmalıdırlar. Bunların ikisinin də hədəfi birdir – Allahın razılığını qazanmaq.

Allahdan hər birimizi düz yola yönəltməsinin diləyi ilə.



Hacı İlqar İbrahimoğlu



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930