“Marneulidə Tasua və Aşura günlərində böyük yürüşlər olub. Gürcüstanda yaşayan azərbaycanlıların bu haqqına heç bir məhdudiyyət qoyulmayıb...”
Mьəllif: admin1
Tarix: 19-11-2015, 13:19
“Marneulidə Tasua və Aşura günlərində böyük yürüşlər olub. Gürcüstanda yaşayan azərbaycanlıların bu haqqına heç bir məhdudiyyət qoyulmayıb...”
(Hacı İlqar İbrahimoğlunun “Yeni Müsavat” qəzetinə müsahibəsi)

- Hacı, bu yaxında Gürcüstanda olmusunuz. Səfəriniz necə keçdi?
- Borçalıya - Marneuli rayonuna Məhərrəm ayı ilə bağlı keçiriləcək tədbirlərə Gürcüstan Əhli-Beyt (ə) Cəmiyyəti tərəfindən dəvət olunmuşduq. Oradakı əziz müsəlman qardaşlarımızın yanında olmağı borc bildik, getdik. Çox məmnun olduq. Marneuli Aşura konfransı keçirdik, buradan bir neçə gənc getmişdi, onların çıxışları da maraqla dinləndi. Bundan əlavə də oradakı əziz soydaşlarımızla, müsəlmanlarla bağlı hər şey bizim üçün aktual və maraqlı idi. Müsbət təəssüratlarla dönmüşəm. Borçalıda böyük intibah prosesi, özünəqayıdış dövrü gedir.
Bu, çox müsbət bir prosesdir. Gürcüstandakı proseslər də ayrıca maraqlıdır. Neft, neft bumu, ciddi resurslar olmadan Gürcüstanda insanların çalışması, mövcud olması üçün gözəl qaydalar yaradılıb. Minimal oyun qaydaları var. Həmin oyun qaydaları çərçivəsində insanlar iqtisadi, ictimai, sosial həyatlarını çox rahat yaşayır. İnsanlar inanclarında həqiqətən sərbəstdirlər. Bu gün bizdə həmin oyun qaydaları yoxdur. Oyun qaydaları olmayanda da vəziyyət çox ağır olur. Bu oyun qaydalarının elementləri - azad məhkəmədən, azad seçkidən başlayır. Gürcüstan təcrübəsindən çıxış edib demək olar ki, neft və digər ciddi resurslar olmadan normal oyun qaydaları ilə səbatlı minimal inkişaf əldə etmək mümkündür. Bu oyun qaydaları olmayanda həyat ziqzaqlı olur. Azərbaycanda bu gün baş verənlərin fonunda aydın görünür ki, insanların rahat yaşamasına xidmət edən bu oyun qaydalarına bizdə də ehtiyac var.

- Azərbaycan rəsmiləri ölkədə tolerant mühitin olması haqqında tez-tez danışır. Sizin qonşu Gürcüstanla Azərbaycanı müqayisə imkanınız var. Sizcə, hansı ölkədə bu gün din və vicdan azadlığı daha çox qorunur?
- Gürcüstanda bu məsələlərlə bağlı ancaq müsbət emosiyalar gördüm və eşitdim. Öz dilləri ilə desək, insanların dini görüşlərini ifadə etmək, yaşamaqla bağlı heç bir məhdudiyyətləri yoxdur. Universitet açmaqdan tutmuş, konfranslar keçirməyə qədər sərbəstlikdir. Misal üçün, Azərbaycanda Aşura günü ölkənin müxtəlif yerlərində yürüşlər olur, cəmiyyətdə bəziləri bunu qıcıqla qarşılayır. Hətta bu il İmam Hüseyn (ə) şəhəri olan Gəncə kimi bir yerdə maneələr yaradıldı. Marneulidə isə Tasua və Aşura günlərində böyük yürüşlər olub. Yəni xristian ölkəsində yaşayan azərbaycanlıların bu haqqına heç bir məhdudiyyət qoyulmayıb. Tiflisdə də həmçinin.
Tiflis müsəlman cameəsi çox rahat bir ortamda öz işini görür. Digər dinlərin mənsubları da bunu çox təbii qarşılayır. Buna insanların içərisindən gələn ülvi hisslərinin realizəsi kimi baxırlar. Mən çox istərdim ki, oradakı tolerant mühit Azərbaycanda da olsun. Bu, inanclı insanların, Əhli-beyt (ə) sevgisi olan insanların yaşadığı bütün coğrafiyalarda ən təbii bir prosesdir. Borçalı mahalında əslində dini kimlik çox da üzdə olmayıb. İntibah axır illərdə başlayıb. Bununla belə, orada bu, ən təbii prosesə çevrilibsə, Azərbaycanda niyə olmasın? Azərbaycanın bəzi yerlərində Sovet dönəmində insanların dini inancına indikindən daha çox sayğı göstərilib. Ona görə də düşünürəm ki, mütləq bir yenilənmə olmalıdır. İstənilən məsələ ilə bağlı süni gərginlik, xof yaradılan zaman nəticə əks olur. İnsanlar özlərini, öz dini inanclarını realizə eləyə bilməyəndə, radikal, təkfirçi-vəhhabi və bu kimi proseslərin əl-qolları uzanır. Buna mütləq diqqət eləmək lazımdır.

- Hacı, Gürcüstanda yaşayan soydaşlarımız orada təkfirçi-vəhhabizmə geniş şərait yaradıldığından ara-sıra danışır, azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə vəhhabizmin mərkəzləşməsi üçün bir sıra işlər görüldüyünü deyirlər. Hətta nigarançılıqlar var idi ki, bu faktordan millət içərisində qarşıdurma yaradılması üçün istifadə edilə bilər. Səfər zamanı siz nələri müşahidə etdiniz?
- Bu haqda bəzi informasiyalarımız var. Belə başa düşülür ki, indiki hökumətin dövründə bu proses dayandırılıb. Təkfirçi-vəhabizmə indi Gürcüstanda xüsusi münbit şərait yaradılmır. Çox təəccüblü də olsa, bundan öncəki hakimiyyətin dönəmində onların imkanları daha da geniş olub, Qərbyönümlü hakimiyyət onları himayə edib. Qərb mərkəzləri onları açıq-aşkar dəstəkləyib, onların arxasında dayanıb.
Mən bir məsələni də xüsusi vurğulayım ki, bu gün Gürcüstan əhalisi Mixail Saakaşvili dönəmindən narazılıq edəndə, bu hissəni xüsusi qeyd edir, müəyyən müsbət dəyişikliklərlə yanaşı, amma təkfirçilərə edilən dövlət himayəsinin toplum içərisində necə bölücülük yaratdığını vurğulayırlar.
Bütün hallarda bu, Azərbaycanda olduğu kimi, Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı ərazilərində bir süni proses idi, ona görə də cəmiyyətə hər hansı müsbət təsirindən söhbət gedə bilməz. Əgər bu gün Azərbaycan cəmiyyəti təkfirçilərə dəstəklə bağlı narahatlığını ifadə edirsə, görün azlıqda olan bir toplum üçün bu necə bir ciddi fəsad qaynağı ola bilər. Düşünürəm ki, həm Azərbaycan, həm də Gürcüstan cəmiyyəti dünyadakı prosesləri göz önünə alaraq, bu durumdan ciddi nəticələr çıxarmalıdırlar. musavat.com


http://deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930