Riyanın mənası. Riyanın növləri. Riyadan xilas olmağın yolu
Mьəllif: admin1
Tarix: 9-01-2022, 23:08
Riyanın mənası. Riyanın növləri. Riyadan xilas olmağın yolu
Riya sözü “ruyət” sözündən götürülmüşdür və mənası görmək deməkdir. İnsanın başqalarının hüzurunda məqam və üstünlük istəyinə görə yaxşı əməllərini təzahür etdirməsinə deyilir.

O zaman ki, başqalarının diqqətini cəlb etmək üçün yaxşı əməl görər və özünü onlara yaxşı insan kimi tanıtmaq istəyər – bu əməl riya olar.

Halbuki, ibadətdəki tək hədəf – Allah rizası olmalıdır. İbadət zamanı yerinə yetirilən hər bir başqa niyyət və qəsd bəyənilmir və məzəmmət edilir.

Allah Təala Quranda buyurur: “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar. Onlar riyakarlıq edər və ehtiyac olan şeyləri (borc, zəkat, sədəqə, ev ləvazimatı və s. başqalarından) əsirgəyərlər.(Yetimi qovmaq və fəqirə (miskinə) etinasız yanaşmaq - dini inkar etmək əlamətlərindəndirsə, onda vay halına namazdan qafil olanın, əməldə riyakarlıq edənin və zəkata mane olanın! Onların günahı daha böyükdür). (“Maun” 4-7).

İmam Əli (ə) buyurur: “İbadətin bəlası - riyadır”. İbadətdə olan riyanın müxtəlif formaları vardır ki, onlara işarə edək:

1. Bəzən insan vacib namazlarında və ya başqaları ilə rəftarında riya edir. Belə ki, başqalarının yanında namaz qılmağı sevir, ancaq tək olanda tərk edir. Başqalarının yanında valideynləri ilə yaxşı rəftar edir, ancaq ailə içində deyil. Bu əməl haramdır.

2. İbadətdə olan riyanın başqa növü budur ki, insan vacib namazlarında riya etməz və hədəfi Allah rizası olar. Ancaq müstəhəb namazlarında riya edər. Misal üçün, başqalarının yanında zikr edər və salavat deyər, ancaq özü tək olan zaman bu əməlləri yerinə yetirməz.

3. Şəhadətləri deyən zaman riya etmək. Riyanın başqa bir növü budur ki, insan dilində şəhadətləri deyər, ancaq qəlbində onu inkar edər. Bu əməl küfrdür və bu insan zahiri kafirdən də pisdir. Çünki onda həm nifaq sifəti olar və həm də küfr.

4. İbadətin hissələrində riya etmək. Misal üçün, insan namazda riya etmir, ancaq onun hissələrində: rükuda, səcdədə, qiraətdə riya edir və başqalarının diqqətini cəlb etmək istəyir. Ya da əzadarlıq mərasimlərində göz yaşını silmir ki, başqaları onu görsünlər.

5. İbadətdən qeyri hallarda olan riya. Misal üçün, insanların içərisinə çıxan zaman özünü nümayiş etdirmək məqsədilə geyindiyi paltar kimi.

Bu deyilənlərdən riyanın formalarını tanıdıqdan sonra gərək ibadətlərimizdə və əməlimizdə niyyət və qəsdimizə diqqət edək. Heç bir ibadəti İlahi riza niyyəti olmadan yerinə yetirməyək.

Molla Məhdi Nəraqi yazır: “Şeytan (lən) bəndələrin işini fasid etmək və ibadətlərini riyaya qarışdırmaq üçün insanları qiraət, niyyət və təharətdə vəsvəsəyə salar.

Əgər insan bir neçə dəfə ona etina etməzsə və dinin buyurduqlarına əməl edərsə, ondan əl çəkər. Onun əməl və ibadətini riyaya qarışdıra bilməz.

Ancaq əgər şeytanın vəsvəslərinə qulaq asarsa və hər əməldə şəkk edərsə, iş o yerə gəlib çatar ki, ibadətdən qalar və əməli riyaya qarışar”.

Riyadan xilas olmağın yolu budur ki, insan xəlvətdə ibadət etsin. Necə ki, çirkin əməllərimizin görünməsini istəmirik, ibadət və əməllərimizin də ifşa olmasını istəməyək. Bacardığımız qədər əməllərimizi Allaha xatir yerinə yetirək.

Hədəfimiz bu olmasın ki, başqaları həmin əməli görsünlər və tərif etsinlər. Əgər qərara alsaq ki, bütün əməllərimizi Allah rizası üçün yerinə yetirəcəyik, Allah da bizə yardım edəcəkdir.

Allah buyurur: “Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. (“Ənkəbut” 69).

İmam Əli (ə) buyurur: “Niyyət və əməldə ixlaslı olun, həqiqətən niyyətin paklığı və saleh əməl ibadətin dəyərli olmasına və əməllərin qəbul olunmasına, Allah bəndəliyinə səbəb olar”.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930