İMAM CAVADIN (Ə) İMAMƏTİ
Mьəllif: admin1
Tarix: 22-01-2024, 10:39
İMAM CAVADIN (Ə) İMAMƏTİ

İmam Cavad (ə) uşaq yaşlarında imamət məqamına sahib ilk imam olduğundan, o həzrətin həyatını mütaliə edərkən irəli çıxan ilk sual bu olur ki, kiçik bir uşaq müsəlmanların rəhbərlik və imamət məsuliyyətini necə öz öhdəsinə götürə bilər?

203-cü h.q. ilində imam Rzanın (ə) şəhadətindən sonra o həzrətin yeganə oğlu imam Cavadın (ə) səkkiz, yaxud doqquz yaşında olması şiələrin narahatlığına səbəb olmuşdu. Bəzi tarixçilərin qeydlərinə görə, bu barədə şiələr arasında ixtilaf yaranmış və digər məntəqələrdəki şiələr də çaşqınlıqda qalmışdılar. (“Dəlailul-imamət”, s. 204.)

Əlbəttə, şiələr imam Rzanın (ə) oğlu imam Cavadı (ə) öz yerinə imam təyin etdiyini bilirdilər. Amma imam Cavadın (ə) yaşının az olmasından yaranan bu problem onları bu haqda əmin olmaları üçün əlavə araşdırmalar aparmağa vadar edirdi.

Bu suala cavab olaraq, öncə qeyd etməliyik ki, düzdür, insanın əqli və cismani cəhətdən ömrünün özünəməxsus çiçəklənmə dövrü var və insan həmin vaxta şatdıqda, əql və cismi ən kamil həddə çatır.

Ancaq nə eybi var ki, hikmət və yenilməz qüdrət sahibi Allah bəzi məsləhətlərə görə bu prosesi bir sıra xüsusi bəndələri üçün qısa bir vaxt ərzində tezləşdirsin?

Bəşər tarixində, lap qədim dövrlərdən bu ümumi qaydadan istisna olan şəxslər olmuş və Allah-Taalanın xüsusi lütf və mərhəməti sayəsində kiçik yaşlarında ikən xalqa rəhbərlik məqamına yetişmişlər. Bu məsələni daha yaxşı başa düşmək üçün bu istisnalardan bir neçəsini nəzərdən keçirək:

Qurani-Kərimdə həzrət Yəhyanın (ə) peyğəmbərliyi və onun uşaq yaşlarından peyğəmbər seçilməsi barədə buyurulur: “Biz uşaq ikən ona hikmət verdik.” (Məryəm” surəsi, ayə 12.)

Bəzi təfsirçilər bu ayədə “hikmət” sözünü istedad və bilik, bəziləri isə onu peyğəmbərlik mənasına təfsir etmişlər.

Uşağın dil açıb danışması üçün bilirik ki, təxminən, on iki ay (bir il) vaxt keçməlidir. Ancaq bunu da bilirik ki, həzrət İsa (ə) dünyaya gəldiyi ilk günlərdə, hələ beşikdə ikən danışmış və (Allahın qüdrəti nəticəsində evlənmədən hamilə olub doğmuş və buna görə də, ciddi töhmətlərə məruz qalmış) anasını müdafiə edərək inadkarların dedi-qodusunu məntiqlə aradan qaldırmışdır.

Halbuki bu cür danışıq, özü də belə bir məfhuma malik söz yalnız böyüklərin əlindən gələ bilər. Qurani-Kərimdə İsanın (ə) sözləri belə açıqlanır:

“Allahdan bir möcüzə olaraq körpə (İsa (ə) dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam (bəndəsiyəm). O, mənə kitab verdi, özümü də peyğəmbər etdi.

O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar və nəvazişkar etdi, heç kəsə qarşı zülmkar və asi etmədi.” (“Məryəm” surəsi, ayə 30-32.)

Qeyd olunanlardan belə qənaətə gəlirik ki, imamlardan qabaq da digər ilahi insanlar bu ilahi nemətdən bəhrələnmişlər və bu, təkcə imamlara xas deyildir.

Bütün bunlara rəğmən, imam Rzadan (ə) sonra imam Cavadın (ə) imaməti ilə əlaqədar dini mətnlərdə belə qeyd edilir:

“İmam Rza (ə) azyaşlı oğlu imam Cavadı (ə) öz yerinə imam təyin etmiş və onun üzərində israrla dayanmışdı. Hətta imam Rzanın (ə) bəzi səhabələri imam Cavadın (ə) azyaşlı olduğuna toxunduqda, imam Rza (ə) həzrət İsanın (ə) qundaqda ikən peyğəmbərliyə seçildiyini xatırlatmış və buyurmuşdu: “İsa (ə) peyğəmbərliyə seçildiyi zaman yaşı mənim oğlumun yaşından az idi.” (“Rovzətul-vaizin”, Nişapuri, s. 203.)

Həmçinin şiələrin əksəriyyəti imam Cavadın (ə) imamətini qəbul etsə də, onlardan bir qrupu o həzrətin azyaşlı olduğunu elə o həzrətin özünə dedikdə, imam Cavad (ə) onların cavabında həzrət Süleymanın (ə) həzrət Davudun (ə) yerinə keçdiyinə toxunaraq buyurdu:

“Həzrət Süleyman (ə) uşaqlıq dövründə qoyunları otardığı zaman həzrət Davud (ə) onu öz yerinə seçdi və Bəni-İsrailin abid və alimləri onun bu əməlinə etiraz etdilər.” (“Üsuli-kafi”, c. 1, s. 383.)

Növbəxtinin qeydlərinə görə, imam Cavadın (ə) imamətinə inananlar Yəhya ibn Zəkəriyyanın əhvalatına, İsanın (ə) körpə ikən peyğəmbərliyə seçildiyinə, Yusif peyğəmbərin (ə) sərgüzəştinə və Süleymanın (ə) elminə istinad etmişlər. Bunlar göstərir ki, Allahın höccətləri yetkinlik çağına çatmadan və heç bir təhsil almadan “lədünni” olaraq elm sahibi ola bilərlər. (Firəquş-şiə”, s. 88.)

Şiələr imam Cavadın (ə) imamət məsələsini təhlil etmək üçün bir yerə toplandıqları zaman, imam Rzanın (ə) etimadlı şiələrindən biri Yunus ibn Əbdürrəhman “İmam Cavad (ə) böyüyənə qədər nə etməliyik?” – deyə narahatlığını bildirdikdə, Rəyyan ibn Səlt etiraz əlaməti olaraq deyir:

“Sən özünü zahirdə imam Cavadın (ə) imamətinə inandığını bildirir, ancaq qəlbində onun imamətində şəkk edirsən. Əgər onun imaməti Allah tərəfindəndirsə, o bir günlük uşaq olsaydı da, bizim böyüyümüz və sərvərimiz yerində olardı. Əgər Allah tərəfindən deyilsə, hətta min ildə yaşamış olsa, bizim nəzərimizdə başqaları ilə heç bir fərqi yoxdur.”

Oradakı şiələr ayağa qalxıb Rəyyanı qınayırlar... Nəhayət, həcc mövsümündə Bağdad və digər şəhərlərdəki səksən nəfərdən ibarət şiə alimi bir yerə toplaşaraq Mədinəyə gəlirlər.

Əvvəlcə Abdullah ibn Musanın yanına gəlirlər, lakin istədiklərinə nail ola bilmədikdə, ondan ayrılıb imam Cavadın (ə) hüzuruna gedirlər. İmam Cavad (ə) onların bütün suallarını cavablandırdıqda, onlar da imamətin və ilahi elmin əlaməti olan bu cavabları eşitdikdə sevinirlər. (“İsbatul-vəsiyyət”, s. 213, “Məsum imamların siyasi-ictimai həyatı” kitabından nəqlən.)

Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031