BÖYRƏKLƏRIMIZI SAĞLAM EDƏK
Mьəllif: admin1
Tarix: 5-07-2016, 10:10
BÖYRƏKLƏRIMIZI SAĞLAM EDƏK
- Düzgün qidalanma. Böyrəklər ət və digər zülal mənşəli qidaları, xüsusən də onların daha tez-tez hallarda və çox miqdarda qəbul edilməsini "sevmirlər”.

Bütün artıq zülallar və onların parçalanma məhsulları, təbii ki, böyrəklər vasitəsi ilə xaric olunmalıdır ki, bu da onların xeyli dərəcədə yüklənməsinə səbəb olur.

Məhz buna görə hazırda dəbdə olan, lakin heç bir ölçü daxilində balanslaşdırılmamış şəkildə tətbiq edilən zülali pəhrizlər böyrəklər üçün zərərli hesab olunur. Belə pəhrizlər son nəticədə zülal mübadiləsinin pozulmasına da səbəb ola bilər.

Xarici tərəfdən hər böyrək xüsusi piyli kapsula ilə əhatə olunmuşdur ki, bu da onun daha isti, daha yumşaq və daha təhlükəsiz şəkildə qorunmasını təmin edir. Bu piy qatı böyrəkləri zərbələrdən, soyuqdan qoruyur, onun təbii vəziyyətinin saxlanmasına kömək edir. Ona görə də kəskin şəkildə arıqlamaq da böyrəklər üçün zərərli hesab olunur. Pəhriz nəticəsində piylər orqanizmdən xaric edilir və bu zaman böyrəklər praktiki olaraq "lüt” və müdafiəsiz qalır. Böyrəklər alkoqollu içkilərdən sui-istifadə edilməsini "sevmirlər”.

Bu zaman orqanizm onları nəinki parçalamalı, həmçinin onların qalıqlarını da bədəndən böyrəklər vasitəsi ilə xaric etməli olur. Bundan başqa, alkoqol orqanizmin susuzlaşmasına da səbəb olur. Əvvəlcə böyrəklərdən üçqat həcmdə maye keçir – bu zaman orqanizm alkoqolu tez bir zamanda bədəndən xaric etmək üçün özündə olan mayenin xeyli hissəsini sərf etməli olur.

Bundan sonra isə bədəndə su qıtlığı yaranır, qan qatılaşır və nəticədə onun böyrəklər tərəfindən filtrasiya edilməsi (süzülməsi) xeyli dərəcədə çətinləşir.

Xeyli miqdarda duzlu qidaların qəbul edilməsi orqanizmdə su-duz tarazlığının pozulmasına səbəb olur. Bu zaman onu da yadda saxlamaq lazımdır ki, duzdan tam şəkildə imtina edilməsi də (ondan artıq miqdarda istifadə edilməsində olduğu kimi) böyrək çatışmazlığı ilə nəticələnə bilər. İnsan duzdan norma həddində istifadə etməlidir. Adətən, bu norma miqdarı bizim gündəlik qəbul etdiyimiz miqdardan üç dəfə az olur.

Biz yaddan çıxarırıq ki, duz bütün qidaların (hətta şirniyyatların) tərkibində olur. Yeməklərə duzu az vurun (!) – siz buna tez bir zamanda öyrəşəcək və onların dadını daha yaxşı hiss edəcəksiniz. Böyrəklər yüngül sidikqovucu və sidik yollarına dezinfeksiyaedici təsirə malik olan məhsulları və bitkiləri çox "sevirlər”.

Bunlara xiyar, balqabaq, cəfəri, şüyüd, kərəviz, itburnu, tozağacı şirəsi, çiyələk, ciyələk yarpağı və digər bu kimi məhsulları aid etmək olar. Qarpız yeyilməsi böyrəklərin çox yaxşı təmizlənməsinə səbəb olur. Qarpız şirəsi ilk növbədə bədəni su ilə doydurur, onu maye ilə tam təmin edir, qanı durulaşdırır, sonra isə zərərli maddələrlə zənginləşmiş məhlulları böyrəklərdəki süzgəclərdən keçirməklə onları qanın tərkibindən tez bir zamanda asanlıqla təmizləyir və bədəndən xaric edir.

- Böyrək xəstəliklərinin, o cümlədən də böyrək daşı xəstəliyinin qarşısını almaq üçün, gün ərzində qəbul edilən maye həcmi 2 litrdən (buraya suplar da daxildir) az olmamalıdır. Ancaq gün ərzində bu həcmdə maye qəbul edilməsi yalnız bədəndə gizli və ya açıq şişkinliklər, böyrək və ya ürək çatışmazlığı olmadığı hallarda yerinə yetirilə bilər.

Heç bir halda bədənin susuzlaşmasına imkan verməyin, isti havalarda bu xüsusən vacib hesab edilir. Bədənin susuzlaşması zamanı bədəndə su-duz mübadiləsindəki tarazlıq pozulur, qan qatılaşır və böyrəklərin onu zərərli maddələrdən təmizləməsi prosesi də xeyli çətinləşir. Əgər siz yanğı hiss etməyə başlayırsınızsa, demək, orqanizmdə susuzlaşma prosesi artıq gedir və böyrəklər də əziyyət çəkməkdədirlər.

Ona görə də gün ərzində maye qəbulunu az-az olmaqla daha tez-tez qəbul etməyə çalışın. Həkimlə məsləhətləşmədən heç bir mineral suyu, xüsusən də güclü şəkildə minerallaşmış suları (əgər onlar böyrək xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulsa da) gün ərzində 0,5 litrdən artıq miqdarda qəbul etmək olmaz. Çünki onların tərkibində olan bu və ya digər duzların miqdarı normadan xeyli artıq olur ki, bu da daş əmələ gəlməsinə kömək edə bilər.

- Xroniki infeksiya ocaqları (karioz dişlər, badamcıqların xroniki iltihabı – xroniki tonzillit, adenoidlər, haymorit və s.) böyrəklərə mənfi təsir göstərir. Bu infeksiyalar zəif dərəcədə olsa da, daimi olaraq intoksikasiyaya (zəhərlənmə) səbəb olurlar. Böyrəklər isə öz funksıyalarına uyğun olaraq bu toksik maddələri daim təmizləməlidirlər. Bundan başqa, bu ocaqlarda olan mikroblar qan dövranı ilə böyrəklərə çatdırılaraq onlarda iltihabi prosesin başlanmasına da səbəb ola bilərlər. Tez-tez baş verən anginalar böyrəklər üçün daha qorxulu hesab olunur.

Çünki onlar əksər hallarda böyrəklərdə iltihabi prosesin başlamasına səbəb olurlar. Məhz buna görə də keçirilən hər bir kəskin angina xəstəliyindən sonra mütləq sidiyin müayinəsini etmək lazımdır. - Mədə-bağırsaq və cinsiyyət sisteminin iltihabi xəstəliklərinin vaxtında müalicə edilməsi. Bu, qadınlar üçün daha vacib hesab edilir, çünki onların anatomik və fizioloji xüsusiyyətlərindən asılı olaraq infeksiya bağırsaqlardan və cinsi üzvlərdən çox asanlıqla sidik ifrazedici sisteminə keçə bilər. Qadınlarda böyrək xəstəliklərinin kişilərə nisbətən daha çox təsadüf edilməsinin səbəbi də məhz bununla izah olunur.

- Sidik kisəsinin tam dolması və qəbizlik insan orqanizminə mənfi təsir göstərir. Əgər insan normal həcmdə maye qəbul edirsə, o, gün ərzində 4-6 dəfə olmaqla sidik kisəsini boşaltmalıdır. Əgər siz bunu daha az sayda edirsinizsə, kifayət qədər su qəbul etmədiyiniz barədə düşünməlisiniz. Yadda saxlamaq lazımdır ki, sidik kisəsinin boşaldılması üçün son ana qədər dözmək də lazım deyil. Belə ki, sidik kisəsi həddindən artıq dolduqda, sidiyin bir hissəsi sidik axarları vasitəsi ilə yenidən böyrəklərə tərəf qaytarıla bilər ki, bu da onlar üçün zərərli hesab edilir.

Qəbizliklərə gəldikdə isə məlumdur ki, bu zaman bağırsaqda zərərli maddələr yığılır və orqanizmin zəhərlənməsi baş verir. Tənəffüsün çətinləşməsi, yorğunluq və dərinin xoşagəlməz vəziyyəti də bunu sübut edir. Bədəndən xaric olmaq əvəzinə bağırsaqda olan zərərli maddələr qana sorularaq təkrar-təkrar böyrəklərdən keçirlər. Böyrəklər lazım olduqda bir-birini əvəz edə bilsələr də, bağırsaqlarda yığılıb qalan zəhərli maddələrin filtrasiya edilməsinin (süzülməsinin) öhdəsindən gələ bilmirlər.

- Böyrəklər istini "sevir”, soyuğu isə "xoşlamırlar”. Bədəndə tez-tez baş verən soyumalar, soyuq və nəm otaqda yaşamaq hiss edilmədən böyrəklərin xroniki iltihabına səbəb ola bilər. Soyuq suda, yaş paltarda (məsələn, dənizdə dincəldiyi zaman) uzun müddət qalmaq olmaz. Soyuq qış günlərində mümkün qədər isti geyinmək, uzun gödəkçələrə üstünlük vermək lazımdır.

- İmmun sisteminin zəifləməsi böyrəklər üçün də zərərlidir. Həddindən artıq yorğunluq, güclü fiziki və mənəvi gərginliklər orqanizmin müqavimətini xeyli dərəcədə zəiflətmiş olur. Bunun nəticəsində orqanizmin immun sistemi, xaricdən bədənə daxil olan və ya bədən daxilində daimi olaraq məskunlaşmış olan mikrobların zərərsizləşdirilməsinin öhdəsindən gələ bilmir, bu isə orqanizmdə müxtəlif orqanların və böyrək xəstəliklərinin inkişaf etməsinə səbəb ola bilər.

- Böyrəklər hərəkəti – bədən tərbiyəsini, rəqs edilməsini də "sevir”. Belə ki, hərəkət bədəndə qan dövranının artmasına - sürətlənməsinə, həmçinin böyrəklərin də qanla təchizatının yaxşılaşmasına səbəb olur. Ancaq onu da yaddan çıxarmaq lazım deyil ki, ağır fiziki işlərlə və ya həddindən artıq idmanla məşğul olarkən orqanizm özünü bərpa etməyə çatdırmır və bu, orqanizm üçün xeyirli faktor hesab edilə bilməz.

- Böyrəklər quru isti havanı çox "sevirlər”. İstidə böyrək damarları da genişlənir, böyrəklərin qan dövranı yaxşılaşır. Quru isti hava böyrəklər üçün xüsusilə xeyirli hesab olunur. Çünki belə şəraitdə insan intensiv şəkildə tərləməyə başlayır. Bu zaman adi halda böyrəklər tərəfindən xaric edilməli olan zərərli maddələrin bir hissəsi tər vasitəsi ilə xaric olur və böyrəklərin işi bir qədər yüngülləşir. Böyrək xəstələri üçün nəzərdə tutulan kurortlarda iqlim məhz isti və quru olur ki, bu da xəstələrin daha çox tərləməsinə səbəb olur. Böyrəkləri sağlam olanlar üçün sauna çox xeyirli hesab olunur.



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930