İmam Əlinin (ə) münacatı
Mьəllif: admin1
Tarix: 7-06-2023, 10:36
İmam Əlinin (ə) münacatı
Ey duanı eşidən, ey göyləri qaldıran!

Zəifə bəxşiş verən, ey əbədi hökmran!

Ey günah bağışlayan, gizlin işdən xəbərdar!

Ey eyiblər örtüsü, ey hər müşkülə açar!

Ey ən üstün sifətlər, yerdən toxum göyərdən!

Ey çürümüş sümüyə yenidən həyat verən!

Ey sürətli buluddan yağış yağdıran qüdrət!

Ey qıtlığı bolluğa döndərən uca hikmət!

Ey o dibsiz göyləri öz hökmüylə saxlayan!

Ey zülmətlər qoynunda ulduzları parladan!

Ey sübhü yaran qüvvə, ey uğurlar göndərən!

Küləyinin gücüylə buludlar pərən-pərən!

Ey dağların kökünü yerdə eyləyən möhkəm!

Ulu sənət sahibi, ey hər şeydən müqəddəm!

Ey düz yola bələdçi, düzə, doğruya sərpa!

Ey ruzilər paylayan, yurdları edən bərpa!

Ey fitnədən pənahım, ehtiyacım olan kəs!

Bir əmrinin nüfuzu yerə - göyə edər bəs.

Ey tiflə yemək verən, ey xəstələr şəfası!

Əsirlər azad edən, çarəsizin ətası!

Ey izzəti səbəbi, mənə bəxş edən həyat!

Qəm-qüssədən uzaq tut, Səndən istərəm nicat.

Hifz et o kəsdən məni, qiyaməti unutmuş,

Nəfsə uyub, mübarək dərgahından qovulmuş.

Ey məxluqi yedirən, quşlara qanad verən!

Sən nə qədər bilikli, hər bir şeyi Görənsən!

Ey hər kəsin üstündə nəzərləri sərbəsər!

Sənin nəzarətindən qaça bilməz bir nəfər.

Ey yaxşı əməlləri qəbul eyləyən hakim!

Sən xoş olarsan ondan, yaxşı iş görsə hər kim.

Məxluq üçün qoyduğun təkliflər, vəzifələr,

Lütfünün qarşısında kiçik, yüngül görünər.

Ey bizlərdən əzabı uzaqlarda saxlayan!

Ey hamıya ədalət günəşi tək parlayan!

Ey baxışları görən, sözü eşidən Xaliq!

Ləzzətləri bəxş edən, hesabında müdəqqiq.

Seyyid Muhəmməd Hüseyn Şəhriyar Tərcümə: Mircəlal Zəkiyev


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031