TƏQVA
Mьəllif: admin1
Tarix: 17-04-2014, 00:39
Bцlmə: Məqalələr » Maarif
İslam dinində ən çox işlədilən terminlərdən biri təqva ifadəsidir. Bu sözü demək olar ki, Qurani-Kərimin hər bir səhifəsində görə bilərik.
Təqva, mübarək Ramazan ayında oruc tutmağın əsl hədəfidir. Allah-Təala belə buyurur: Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib buyurulduğu kimi, sizə də vacib buyuruldu ki, (bunun vasitəsilə pis əməllərdən) çəkinəsiniz! (Bəqərə/183)
Təqva təkcə oruc tutmağın əsl məqsədi deyil, bütün ibadətlərdən məqsəd təqvaya yetişməkdir. Bu haqda da Allah-Təala belə buyurmuşdur: “Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız!” (Bəqərə/21)

Təqva ərəb dili lüğətində “özünü xətərdən çəkindirmək” mənasındadır. Deməli, insan həyatını təhdid edən xətərlər vardır və bu xətərlərdən çəkinməyə təqva deyilir. Təqvanın üzə çıxma səbəbi xətərə görə qorxu hiss etmək olduğuna görə, bəzən təqva kəliməsi qorxu mənasında işlədilir.
Quranın bir çox ayələrində “Vəttəqullah”, yəni “Allahdan qorxun” deyə buyrulmuşdur. Bunun mənası bu deyil ki, “Allahdan çəkinin” və yaxud da Allah Özü qorxulu bir varlıq deyildir ki, Ondan qorxub, çəkinək. Bu sözün (“Vəttəqullah”) mənası budur ki, “Allahın verəcəyi əzabın xətərindən qorxun”. Deməli, “Allahdan qorxmaq” insanın pis əməli nəticəsində ona veriləcək cəzadan qorxması mənasındadır.
İnsanın bir-iki dəfə günahdan uzaqlaşmasına görə ona müttəqi (təqvalı – Allahdan qorxan) deməzlər. Davamlı olaraq günahı tərk etməkdə səy etdikdə və bu halı adət halına çevirdikdə ona müttəqi deyilər.
Müttəqi insanın təqvası onu günahlardan çəkindirən güclü bir qüvvədir. Buna görə də, Quran və hədislərdə tez-tez bu ifadə işlədilir və müsəlmanın təqva libasına bürünməsinə göstəriş verilir. Çünki bunun vasitəsilə insan günahlardan qaçaraq Allah-Təalanın razılığını qazana bilər. Bir sözlə, insan bu qüvvə (təqva qüvvəsi) ilə günahlardan çəkinər. İmam Əli (ə) belə buyurmuşdur: “Ey Allah bəndələri! Bilin ki, İlahi təqva Allah dostlarını günaha batmaqdan saxlayır, qəlblərində (Allah) xofu yaradır, gecələri (ibadət üçün) oyaq, gündüzlərin yandırıcı istisində (oruc tutmaq üçün) susuz saxlayır” (“Nəhcül-Bəlağə”, xütbə - 113, səh.353.).
Allahın yolunu təqvasız getmək mümkün deyildir. Təqva qüvvəsi ona görə lazımdır ki, insanın qarşısına günah çıxanda özünü o günahdan saxlaya bilsin.
Təqva insanı isti havada orucu pozmamağa vadar edir. Çünki o, Allah məhəbbətinə üstünlük verib. İmam Sadiq (ə): “Ən üstün cihad, isti havada oruc tutmaqdır” (“Biharul-Ənvar”, c. 96, səh. 256, hədis: 38).
Dedik ki, təqva bir qüvvədir. Bu qüvvə güclü iradə ilə yaranar və güclü iradə ilə də artar. Və eyni zamanda iradəsizliklə də azalar. Biz iradəmizi artıran amillərə yiyələnməliyik ki, təqvanın yüksək mərhələlərini keçə bilək.
Təqva insanın özünü rəzalətlərdən qorumasıdır. İnsan ruhunun paklığını təqva ilə qoruya bilər. Təqva ilə günahımızı yumalıyıq. Təqva insanda şəxsi məsuliyyət yaradır. Təqva cənnətə aparan yoldur. Bizi Allaha bağlayan şey ancaq təqvadır. Təqva bizim yüksəlişimizə və kamala çatmağımıza səbəb olur. Bir sözlə, bizim təqvadan başqa yolumuz yoxdur.
Təqvanın əldə edilmə yolları
Təqvanın əldə edilmə yolları haqqında çox danışmaq olar. Lakin biz burada bunun bir yolu haqqında danışacağıq. O da ölümdən sonrakı həyat haqqında düşünməkdir. Bu düşüncə insanı günahlardan çəkindirəcək və onu axirəti üçün hazırlıq görməyə istiqamətləndirəcəkdir. Hər bir müsəlman hər gün yatmazdan əvvəl ən azı beş dəqiqə ölümdən sonrakı həyatı haqqında və gün ərzində etdiyi əməllərin üzərində düşünməlidir. Gün ərzində yerinə yetirdiyi əməllərin içərisində pis və çirkin işləri çoxdursa, öldükdən sonra onlara necə cavab verəcəyi və qarşılıq olaraq çəkəcəyi əzab haqqında düşünməlidir. İnsan düşünməlidir ki, biz bu dünyada müsafirik. Bir gün bizim bu dünyadan ayırılma vaxtımız gələcək və varlığı Öz qüdrəti ilə yoxdan yaradan Allahın hüzuruna ya Onun razılığını qazanmış, ya da qazanmamış halda gedəcəyik. Allah-Təala belə buyurur: “Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın vədi, şübhəsiz ki, haqdır. (Qiyamət günü mütləq gələcəkdir). Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi Allaha arxayın edib (Allah Öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, günahlarından keçəcək deyə) tovlamasın!” (Loğman/33)
Ölüm haqqında düşünmək insanı sabahı üçün hazırlıq görməyə məcbur edəcəkdir. Allah-Təala belə buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!” (Həşr/18)
Təqvanın təsirləri
Allah-Təala təqva sahibi olan insanlara üstünlük vermişdir. Bu üstünlüklər müttəqidə həqiqətləri dərkdə, onlara elmin öyrədilməsində və s.də özünü göstərir. Bu haqda nazil edilən ayələri burada qeyd edirik:
1. Həqiqətlərin dərki:
Allah-Təala belə bururur: “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir!” (Ənfal/29)
2. Elmin öyrədilməsi:
Allah-Təala belə bururur: “Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir” (Bəqərə/282).
Həzrət Rəsulullah (s) belə buyurmuşdur: “Kim qırx gün Allahdan qorxsa, Allah hikmət çeşmələrini onun qəlbindən dilinə cari edər”.
3. Allahın sevgisi:
Allah-Təala belə bururur: “Xeyr (elə deyildir). Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə, şübhəsiz ki, Allah (belə) müttəqiləri sevər” (Ali-İmran/76).
4. Qorxunun olmaması:
Allah-Təala belə bururur: “Ey Adəm oğulları! Sizə içərinizdən peyğəmbərlər gəlib ayələrimi söyləyən zaman Allahdan qorxaraq pis işlərdən çəkinib özlərini islah edən kəslərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!”(Əraf/35).
5. Qeybi yardımlar:
Allah-Təala belə bururur: “Bəli, əgər səbir edib (Allahdan) qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər” (Ali-İmran/125).
6. Allah yanında üstünlük:
Allah-Təala belə bururur: “Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır” (Hucurat/13).
7. Sıxıntılardan çıxış:
Allah-Təala belə bururur: “Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik”.
Həzrət Rəsulullah (s) belə buyurmuşdur: “Bilin ki, hər kim təqva yolunu tutsa, Allah onun üçün fitnələrdən çıxış yolu və qaranlıqlarda işıq yaradar” (Nəchul-Bəlağə, xütbə: 183).
8. Əməllərin qəbulu:
Allah-Təala belə bururur: “Allah yalnız müttəqilərdən qəbul edər! (Maidə/27)
Müttəqi bir insan Qurani-Kərimi bir həyat proqramı olaraq öz həyatına köçürən insandır. O bütün məsələlərə öz nəfsi istəklərinə görə yox, ilahi vəhyin əmrinə əsasən yanaşmışdır. Bir sözlə, o, məsələlərə vəhy pəncərəsindən baxan şəxsdir. Uca Allah bizləri təqvalı qullarından etsin.

Anar İmanzadə
a.imanzade@hilal.az
www.Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031