İMAM SADİQİN (Ə) ӘXLAQİ XÜSUSİYYӘTLӘRİ
Mьəllif: admin1
Tarix: 9-04-2014, 18:01
Məlum olduğu kimi insanların zahiri rəftarı onların daxili əxlaq və düşüncələrini əks etdirir. Belə ki, insanları öz rəftar və davranışları ilə tanımaq mümkündür. Az adam tapılar ki, qəlbində olanları öz rəftar və hərəkətləri ilə büruzə verməsin. Imam Sadiq əleyhissalam da başqa imamlar kimi, bütün həyatı boyu həqiqi islamı təlim edirdi. O həzrətin özü də islam əxlaqının parlaq nümunəsi idi. Insanlar arasında hər cəhətdən, istər fikri, istər əxlaqi, istərsə də düşüncə baxımından bir-birilə eyni olan ata və oğul tapmaq olmaz. Lakin həzrət Peyğəmbərin ailəsi, eləcə də o həzrətin canişinlərinin hamısı eyni istiqamətdə, eyni nöqteyi-nəzər və eyni üslubda vahid bir hədəfə doğru irəliləyərək öz müqəddəs borclarını yerinə yetirirdilər. Onların fikirləri, sözləri və davranışları arasında heç bir fərq yoxdur. İmam Sadiq əleyhissalamın əxlaqi üstünlük və dəyərlərini isbat etmək üçün təkcə bu kifayətdir ki, onan dörd min tələbəsi arasında bir nəfər belə tapılmadı ki, o həzrətin əxlaq və üslubunu bəyənməyib ondan narazı qalsın. O, natiqlikdə, yeriməkdə, başqaları ilə rəftarında, yeməkdə hətta istirahət etməkdə belə müsəlmanlar üçün əbədi bir örnək idi. O həzrət öz uşaqları ilə necə davranırdısa, dostları ilə də eyni şəkildə davranırdı.

İMAMIN ZÖHD VӘ TӘQVASI
Zöhd və təqva insan dəyərinin ölçüsüdür. Elə buna görə də Qurani-kərim təqva ziynətilə bəzənmiş insanları çıxmaq şərtilə, qalan insanları bərabər hesab edir. İmam Sadiq əleyhissalam da, babası Әli əleyhissalam kimi o qədər təqvalı idi ki, hamını heyrətləndirmişdi. Malik ibni Әnəs deyir: İmam Sadiq əleyhissalam həmişə Allahı zikr etməklə məşğul idi. O, böyük zahidlərdən sayılırdı. Әbdül-əla isə belə deyir: Yayın isti günlərinin birində İmam Sadiq əleyhissalamı Mədinə küçələrindən birində gördüm ki, harasa gedirdi. O həzrətə dedim: Qurbanın olum! Sən ki, Peyğəmbərin qohumusan, nə üçün yayın bu istisində özünü zəhmətə salırsan? İmam (ə) buyurdu: «Ruzimi qazanmaq üçün işləməyə evdən çıxmışam, çünki başqalarına möhtac qalmaq istəmirəm.» Başqa bir nəfər isə o həzrətin haqqında belə demişdir: İmam Sadiq əleyhissalamı qalın bir paltarla fəhlə kimi bağda işləyib tər tökən gördükdə, o həzrətə «ey Peyğəmbərin övladı, icazə verin mən sizin yerinizə işləyim» - dedim. Həzrət (ə) cavabımda belə buyurdu: «Güzəranımı təmin etmək üçün işləməyi sevirəm. Istəyirəm başqa admalar kimi mən də qızmar günəşin altında çalışmağın zəhmətini dadım.» İmam bir yerə gedəndə yeni, təmiz və bahalı paltar geyinər, yorğa at minərdi. Bir sıra cahil adamlar belə güman edirdilər ki, o həzrətin bu əməli zöhd və təqvaya ziddir və elə buna görə də İmama etiraz edərdilər. Lakin İmamın cavabını eşitdikdə utanıb geri qayıdırdılar.

İMAM (Ә) VӘ ӘDALӘTLI MӘNFӘT
İmam Sadiq əleyhissalam əshabından olan Müsadif adlı bir nəfərə min dinar vermişdi ki, ticarətlə məşğul olub mənfət əldə edərək güzəranını yaxşılaşdırsın. Müsadif də İmamın verdiyi pulla əmtəə alıb tacirlərlə birlikdə Misrə getdi. O, Misirin yaxınlığında şəhərdən qayıdan bir karvanla rastlaşdı. O, gətirdiyi malın ticari durumunu öyrənmək üçün onlardan müxtəlif suallar soruşdu. Karvandakılar ona dedilər ki, şəhərdə onun gətirdiyi maldan çox az tapılır, buna görə də müştərisi çoxdur və mütləq gətirdiyini baha qiymətə sata biləcək. Müsadif bu sözləri eşitdikdə sevinib yoldaşları ilə danışdı ki, gətirdikləri əmtəəni ikiqat baha qiymətə satsınlar və bu qiymətdən aşağı enməsinlər. Şəhərə daxil olandan sonra dedikləri kimi də etdilər və bunun nəticəsində Müsadif min dinar da artıq qazandı. Mədinəyə qayıtdıqdan sonra sevincək İmamın evinə gəldi, həzrətin hüzuruna getdikdə hərəsində min dinar olan iki kisəni İmamın qabağına qoyub dedi: Bir kisə sizin sərmayənizdir, o birisi isə alverin qazancıdır. İmam (ə) buyurdu: «Bu qədər mənfəti necə əldə eləmisən?» Tacir kişi əhvalatı olduğu kimi həzrət üçün danışdı. Birdən-birə İmam (ə) narahat olub belə buyurdu: «Allaha pənah aparıram. Bir dəstə müsəlmanın ziyanına olaraq əlbir olubsunuz ki, əmtəənizi iki qat qiymətinə satasınız?!» İmam (ə) verdiyi pulu götürdükdən sonra ikinci kisəni Müsadifə qaytarıb buyurdu: «Insafsızlıqla əldə olunan bu qazanca mənim ehtiyacım yoxdur. Ay kişi! Bunu bil ki, halal yoldan var-dövlət qazanmaq çox çətindir.»

POZULAN DOSTLUQ
İmam Sadiq əleyhissalamı çox sevən və daima onun yanında olan bir kişi var idi. Bir gün həmin kişi İmamla birlikdə pinəçilər bazarına getmişdilər. O kişinin zənci qulu da onların dalınca gəlirdi. Qulun başı dükanlara baxmağa məşğul olduğundan sahibindən uzaq düşürdü. İmamın dostu da hərdən arxasına baxır, amma qulunu görmədiyindən çox narahat olub hirslənmişdi. O, birdən gələn qulu görüb onun anasını söydükdən sonra soruşdu: Harada idin? Kişinin bu sözlərində təəccüblənən İmam Sadiq əleyhissalam əlini əlinə vurub buyurdu: «Sən onun anasını söyürsən?! Mən elə güman edirdim ki, sən təqvalı və pəhrizkar bir kişisən. Buna görə də uzun müddət səninlə dostluq edib dostlarım arasında səni tərifləyirdim. Yaxşı oldu ki, sənin düz-əməlli bir dost olmadığını anladım. Tez məndən uzaqlaş.»

TӘBLIĞATI İMAMDAN ÖYRӘNӘK
Şəqrani gizlində pis işlər görən cavan bir oğlan idi. Onun babasını həzrət Peyğəmbər (s) azad etmişdi, elə buna görə də camaat onu Peyğəmbərin yaxınlarında hesab edirdilər. Bir gün Şəqrani Abbasi xəlifəsi Mənsurun beytul-maldan pul payladığını eşitdikdə ondan pul almaq üçün oraya yollandı. Lakin orada heç kimi tapmadığı üçün bir şey ala bilmədi. Bu arada gözü İmam Sadiq əleyhissalama sataşdı, qaça-qaça onun yanına gəlib həzrətdən onun üçün xəlifədən bir pay almasını xahiş etdi. İmam da onun istəyini qəbul edib getdi və xəlifədən onun payını alıb gətirdi. İmam pulları ona verən zaman belə buyurdu: «Hər kəs yaxşı iş görsə, yaxşıdır lakin sən bizə bağlı olduğun üçün yaxşı iş görərsən daha yaxşıdır hər kəs pis iş görsə, pisdir lakin sən pis iş görsən daha pisdir». İmam bunu deyib getdi. Pulları alan Şəqrani bir müddət fikrə dalıb və anladı ki, İmam (ə) onun pis iş gördüyünü başa düşdüyündən bu sözlə onu bu işdən çəkindirmək istəyib. İmamın bu davranışı səbəb oldu ki, pis iş görən kişi özündən utanıb pis işləri buraxsın.

İMAMIN YOXSULLARA OLAN YARDIMI
1. İmamın dostlarından olan Müəlla ibni Xünəys belə deyir: Qaranlıq və yağışlı bir gecədə İmam Sadiq əleyhissalamı Mədinənin küçələrində gördüm ki, həzrət ağır bir kisəni dalına çatıb aparırdı. Onun dalınca düşdüm ta həzrətin hara getdiyini öyrənim. Kisədə olan çörəklərdən bir azı yerə tökülmüşdü. Mən çörəkləri yığıb İmamın yanına getdim və salam verdikdən sonra çörəkləri ona verdim. İmam (ə) onları alıb kisənin içinə qoyduqdan sonra yenidən öz yoluna davam etdi. Çox keçmədi ki, yoxsullardan bir dəstəsinin yaşadığı bir yerə çatdı ki, orada yatmışdılar. Onların hərəsinin başının altına iki dənə çörək qoyub qayıtdı. Mən İmamdan «onlar sizin şiələrinizdən idilər» deyə soruşduqda buyurdu: «Xeyr, əgər şiələrimizdən olsaydılar, onlara daha yaxşı yetişərdik.»
2. İmamın başqa bir dostu Hişam ibni Salim belə deyir: «İmam Sadiq əleyhissalamın üsulu belə idi: Qaranlıq gecələrdə bir qədər ərzaq götürüb yoxsulların qapısına aparıb, onu gizlincə qapıdan içəri qoyardı». İmam vəfat etdikdən sonra onun etdiyi yardımlar kəsildiyi üçün yoxsullar başa düşdülər ki, gecələr onların qapısına gəlib onlara yardım edən naməlum şəxs İmam Sadiq əleyhissalam imiş. Buna görə də çox narahat olub yasa batdılar.

İSLAM UNİVERISİTETİNİN QURULMASI
İmam Sadiq əleyhissalam müxtəlif fənlərdə tələbə tərbiyə etmək üçün Mədinədə islami bir univerisitet qurmaq qərarına gəldi. O həzrətin elm çeşməsi o qədər qaynar idi ki, hətta dünyanın dörd tərəfindən belə alimləri Mədinəyə sarı çəkirdi. Elm öyrənmək istəyən yüzlərlə cavan dünyanın hər yerindən Mədinəyə axışırdılar ki, İmamın dərslərində iştirak etsinlər. İmam (ə) müxtəlif elmi sahələrdə görkəmli alimlər yetişdirmişdir ki, onlardan bəzilərinin adlarını sizlərə təqdim edirik: 1. Fiqh fənnində Zürarə və Məhəmməd ibni Müslim. 2. Әqaid və kəlam elmində Hişam və Möminüt-taq. 3. Irfan və islam maarifi fənni üzrə Müfəzzəl və Səfvan. 4. Riyaziyyat və təcrübə elmləri üzrə Cabir ibni Həyyan. Bunlarla birlikdə bir çox başqa alimlər də İmamın tələbəsi olub hərəsi ayrı-ayrı islami elm və fənnin təmələni qoymuşdular. Onların kitabları uzun illər avropada qərb dillərinə tərcümə olunaraq tədris olunmuşdur. Məlum olduğu kimi, Әli əleyhisslamın zamanında islam elmlərini yaymaq üçün belə bir münasib şərait yox idi. Çünki düşmən o həzrəti vətəndaş müharibəsi ilə məşğul edirdi ki, beləliklə də islami elmlərin yayılmasının qarşısı alınırdı. Bu vəziyyət İmam Səccad əleyhissalamın zamanına qədər davam etmişdir. İmam Baqir əleyhissalamın zamanından isə islam elmləri mədrəsələri təşkil olundu və İmam Sadiq əleyhisslam zamanında öz yüksək mərhələ və zirvəsinə yetişdi. İmam Sadiq əleyhissalamın univerisitetində dörd min tələbə müxtəlif elmi sahələrdə yetişdirildi. Onlar da dünyanın dörd tərəfinə gedib xalqa təlim-tərbiyə verməklə məşğul olurdular.

MӘNSURUN İMAM SADİQƏ (Ə)
ETDIYI ZÜLMLӘR

Qəribədir ki, Abbasilər Kərbəla şəhidlərinin intiqamını almaq və Әməvilərin zülmünə qarşı mübarizə etmək bəhanəsi ilə xalqı öz ətraflarına yığıb Әli (ə) xanədanına məhəbbət bəsləyən iranlıların vasitəsilə və xorasanlı Әbu Müslimin köməyi ilə Әməvi hökumətini yıxdılar, lakin xəlifəliyi zəmanənin İmamı həzrət Sadiq (ə)-a tapşırmaq əvəzinə özləri hakimiyyət başına keçdilər. 132-ci hicri ilində Әməvi hökuməti devrildikdən sonra Səffa və Mənsur adlı Abbasilərə mənsub iki şəxs xəlifə oldular ki, birincisi on il, ikincisi isə iyirmi iki il hökmranlıq etdi. Onlar bu müddət ərzində fasiləsiz olaraq İmam və rəhbərlərə əziyyət verdilər. İmam Sadiq əleyhissalam Mənsur zamanında şiddətli təzyiq altında idi. Hətta bəzi vaxtlar xalqın o həzrətlə görüşməsinə icazə verilmirdi. Misal üçün Harun adlı bir şəxs İmamdan bir məsələ soruşmaq istəyirdi, amma İmamla görüşə bilmək üçün bir yol tapmırdı. Nəhayət səbət içində xiyar satan bir kişini gördükdə bir az fikirləşdikdən sonra onun yanına gəlib bütün xiyarlarını səbətlə bir yerdə ondan alıb onun köhnə paltarını da əmanət alaraq əyninə geyib xiyar satmaq bəhanəsi ilə İmamın qapısına getdi və ora daxil olandan sonra məsələsini soruşub düzgün cavabını alıb geri qayıtdı. Mənsur İmamın əshabının çoxunu tutub zindana salmışdı, bir neçə dəfə İmamın özünü qətlə yetirmək istəmişsə də lakin hər dəfəsində İmamın möcüzəsi nəticəsində planı nəticəsiz qalmışdı.

İMAMIN MӘNSURU İFŞA
ETMӘSİ VӘ MÜQAVİMӘTİ

Müxtəlif yolları imtahan edib ümidi kəsilən Mənsur «biz Abbas xanədanından və Peyğəmbərin ailəsindənik» deyə xalqı aldatmağa başladı. Özünün ləyaqəti olmadığını və bu vəzifəyə Peyğəmbərin həqiqi övladlarının layiq olduğunu bilə-bilə özünün Peyğəmbərin həqiqi varisi və xəlifəyə haqlı olaraq çatan bir şəxsiyyət kimi tanıtmağa çalışdı. İmam Sadiq əleyhissalam Mənsurun bu həyasız rəftarına qarşı çıxaraq öz məktublarında bu xanədanı rüsvay etdi.
1. Bir gün Mənsur İmam belə yazdı: Niyə başqa adamlar kimi bizim yanımıza gəlmirsən? İmam (ə) Mənsurun cavabında belə yazdı: «Bizim dünyadan heç bir şeyimiz yoxdur ki, ona görə də səndən qorxaq. Sənin də axirət və mənəviyyatdan bir şeyin yoxdur ki, ona xatir sənə ümid bəsləyək. Onda nəyə görə sənin yanına gələk?»
2. Başqa bir gün Mənsur İmama belə yazdı: Gəl bizə nəsihət ver! İmam (ə) bunun cavabında belə yazdı: «Hər kəs dünya əhli olsa, sənə nəsihət verməz, hər kəs də axirət əhli olsa, sənin yanına gəlməz.»
3. Günlərin bir günündə İmam (ə) Mənsurun məclisində idi. Bir milçək Mənsura çox əziyyət verirdi və nə edirdisə də milçək getmirdi və yenə gəlib onun üzünə qonurdu. Mənsur hirsli-hirsli İmamdan soruşdu: Allah nə üçün milçəyi xəlq edib? İmam (ə) dərhal bu cavabı verdi: «Güclü zalımları onun vasitəsilə incidib alçatmaq üçün.» Mənsur narahat olmasına baxmayaraq öz yerində oturdu və İmama getməsi üçün icazə verdi.

İMAMIN MӘDİNӘ VALİSINӘ HİRSLӘNMӘSİ
Mənsur Bəni Haşim nəslindən bir neçə nəfəri şəhid etdikdən sonra Şəybə adlı bir kişini Mədinəyə vali təyin etdi ki, İmam Sadiq əleyhissalamın hərəkətlərini nəzarət altında saxlasın. Şəybə cümə günü məscidə gəlib namazdan sonra minbərə çıxıb Әli (ə) və Peyğəmbərin (s) xanədanı barədə nalayiq sözlər deməyə başladı. Peyğəmbərin xanədanını yaxından tanıyan və onlara məhəbbət bəsləyən camaat çox narahat oldular, lakin bir söz deməyə cəsarət etmədilər. Bu arada İmam Sadiq əleyhissalamın ayağa qalxıb buyurduğunun şahidi oldular. «Ay kişi, saydığın yaxşılıqlar bizə layiqdir, saydığın yamanlıqla sənlə Mənsura.» Sonra isə camaata sarı dönüb buyurdu: «Bilirsiniz qiyamət günündə kimlər hamıdan çox ziyan görəcək? Axirətini başqalarının dünyasına satanlar. Bu vali də belə adamdır.» Camaat sevinib İmama afərin dedilər. Vali də utana-utana məsciddən çıxıb getdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930