Allahın hökmü mütə, yoxsa siğəbazlıq?!!
Mьəllif: admin1
Tarix: 29-06-2014, 11:48
Allahın hökmü mütə, yoxsa siğəbazlıq?!!
Mütə nikahının (müvəqqəti evliliyin) müqəddəs İslam şəriəti tərəfindən halal və icazəli hesab edilməsi istər şiə, istərsə də sünni qaynaqlarında öz təsdiqini tapmış məsələlərdəndir. Bunun əksi isə (yəni mütənin haram olmasını) nə Quranla, nə də sünnə ilə isbat etmək mümkün deyil. Sadəcə, müəyyən zaman kəsiyində kimlər tərəfindənsə bəzi hökmlərin əməlli-başlı istismar olunması özündən sonra bəzi problemlərə səbəb olub. Mütə də bəzilərinin həvəs və istəklərinə alət olub istismar olunan belə hökmlərdən biridir. Bəzilərinin bu hökmdən sui-istifadə edərək hədlərini aşması bu gün ictimaiyyətdə müqəddəs şəriətin bu hökmünə qarşı bədbinlik və gözdən salınmasına gətirib çıxarıb.
Əvvəla, qeyd edim ki, bu nikah növünün xüsusi şərtləri və tələbləri var. Bəzi hədislər mütənin olduğunu desə də, bu hədislərlə ziddiyyət təşkil edən hədislərin də varlığını görürük. Ona görə mütəni mütləq şəkildə müstəhəb hesab etmək yalnış olardı. Deməli, mütənin şəraiti, zəruri halları və s. olmayınca, o, müstəhəb hesab edilərək hamı tərəfindən icra edilə bilməz.
Bu barədə nəql olunan hədislərə nəzər salaq:

عن المختار بن محمد بن المختار ، وعن محمد بن الحسن ، عن عبدالله بن الحسن العلوي جميعا ، عن الفتح بن يزيد قال : سألت أبا الحسن ( عليه السلام ) عن المتعة ؟ فقال : هي حلال مباح مطلق لمن لم يغنه الله بالتزويج فليستعفف بالمتعة

Fəth bin Yəzid nəql edir ki, İmam Kazimdən (ə) mütə barədə soruşduqda belə cavab verdi: “Mütə evli olmayan və ailə qurmayan şəxs üçün mütləq şəkildə halaldır və mübahdır. Belə bir şəxs mütə vasitəsi ilə iffətini qoruyur... ”
(“Vəsailüş-Şiə”, “Mütə” fəsillərinin beşinci fəsli, “Babun kərahətul-mutə məl-ğəniyyi ənha ...” fəsli, hədis-2, “əl-Kafi”, c. 5, səh. 452)
Hədis aşkar şəkildə mütənin əyyaş və şəhvətpərəstlərə deyil, ehtiyaclı şəxslərə (yəni subay, ailə qurmaq imkanı olmayan, yaxud ailəsindən uzaqda olduğu üçün günaha düşmə təhlükəsi olan və sair istisna hallara) aid olduğunu deyir. Mütə iffətin alınıb-satıldığı bu dünya bazarında həvəsbazlığın yayılmasına deyil, qarşısının alınmasına, iffətlə yaşamağa xidmət etməlidir.

Başqa bir hədisdə oxuyuruq:

وعن علي بن محمد ، عن صالح بن أبي حماد ، عن ابن سنان ، عن المفضل قال : سمعت أبا عبدالله ( عليه السلام ) يقول في المتعة : دعوها أما يستحيي أحدكم أن يرى في موضع العورة فيحمل ذلك على صالحي اخوانه وأصحابه
Müfəzzəl deyir: Əba Əbdullahdan (İmam Sadiqdən) (ə) belə buyurduğunu eşitdim: “Mütədən uzaqlaşın. Sizlərdən biri, ancaq cinsiyyət üzvü barədə fikirləşən bir şəxs kimi tanınmaqdan və saleh qardaşlarının da bu xislətlə tanınmasından (ittiham olunmasından) həya etmirmi?”
(“Vəsailüş-Şiə”, “Mütə” fəsillərinin beşinci fəsli, “Babun kərahətul-mutə məl-ğəniyyi ənha ...” fəsli, hədis-3, “əl-Kafi”, c. 5, səh. 453)
Bu hədisə əsasən, (mütənin şərtlərini nəzərə almaqla) aşkar şəkildə ehtiyac və zərurət olmadan mütə edən şəxs saleh hesab olunmur. Bəziləri ailəli olduqları, xanımlarında da heç bir problemin olmadığı halda, öz şəhvətlərinin qurbanı olub mütə edirlər. Hədis belələrinin saleh insanlar olmadığını və onlara görə saleh qardaşlarının da adına ləkə gəlməsini aşkar şəkildə bəyan edir.

محمد بن يعقوب ، عن علي بن إبراهيم ، عن أبيه ، عن ابن أبي عمير ، عن علي بن يقطين قال: قال سألت ابا الحسن (ع) عن المتعة. فقال: ما انت و ذاك قد اغناك اللّه عنها. فقلت: انّما اردت ان اعلمها فقال: هي في كتاب علي (ع). فقلت: نزيدها و نزداد؟ قال: و هل يطيبه الاّ ذاك
Əli İbn Yəqtin deyir: “İmam Kazimdən (ə) mütə barədə soruşduqda, İmam (ə) belə cavab verdi:
“Sənin mütə ilə nə işin var ( sən niyə mütə ilə maraqlanırsan)? Allah səni mütədən ehtiyacsız edib (yəni evlisən, ailən var). Sadəcə, istədim onun barəsində öyrənəm.”, – deyə cavab verdim.
(Hədisdə qeyd olunan “innəma” inhisar ədatına diqqət etsək, cümlə belə məna olunacaq: "heç vaxt mütə etmək niyyətim olmayıb, sadəcə, onun barədə öyrənmək istədim"). İmam (ə) cavab verdi: “Onun şəri olması barədə Əlinin (ə) kitabında qeyd olunur.” “Onun(mütənin) müddəti qadın və yaxud kişi tərəfindən artırıla bilərmi?”, – deyə soruşdum. “Mütəni bundan başqa paklayan, yaxşılaşdıran başqa bir şey varmı?!” deyə cavab verdi”.
(“Vəsailüş-Şiə”, “Mütə” fəsillərinin beşinci fəsli, “Babun kərahətul-mutə məl-ğəniyyi ənha ...” fəsli, h.1, “əl-Kafi”, c. 5, səh.452, Ən-Nəvadir, Əhməd ibn Muhəmməd İbn İsa, səh.169)
Hədisdən aşkar şəkildə evli şəxslərin zərurət və ehtiyacları olmadan mütə etmələrinin icazəli olmadığı anlaşılır. Hədisdə işarə olunan digər bir nüans isə mütədə müddətin uzunluğu məsələsidir. Deməli, müddət nə qədər uzun olarsa, mütənin paklığı və təmizliyi bir o qədər artar. Bu da mütənin sırf şəhvani ehtiyacların ödənməsinə xidmət edən bir nikah forması olmamasına dəlildir. Başqa bir nüans isə budur ki, uzunmüddətli mütə edən şəxslər bu evliliyi gizli saxlamaq fikrində olmayanlardır. Bu da “gizlində nikah olmaz” prinsipinə əməl etməkdir.
Başqa bir hədisdə oxuyuruq:
Abdullah İbn Sənan İmam Sadiqdən (ə) mütə barədə soruşduqda: İmam (ə) “özünü onunla aludə etmə”, – deyə cavab verdi.
(Əhməd ibn Mühəmməd, Ən-Nəvadir, səh. 66, “Vəsailüş-şiə”nin “Mütə” fəsillərinin beşinci fəslində haşiyədə)
İmam Rzadan (ə) nəql olunan hədisdə isə belə oxuyuruq: “Mütə onun mahiyyətini tanıyan şəxs üçün halal, tanımayan şəxsə isə haramdır!”
(“Vəsailüş-Şiə”, “Mütə” fəsillərinin birinci fəsli, “Babun ibahətuha ” fəsli, hədis-11, “əl-Fiqh”, c. 3, səh. 292)
Görəsən, bu hədisdə İmam Rza (ə) nə demək istəyib? Bu hədis mütənin mütləq şəkildə müstəhəb olmasına necə dəlalət edə bilər? Deməli, mütə onun mahiyyətini dərk edib, zərurət və ehtiyac olduğu halda, bu nikahdan istifadə edənlər üçün halaldır.
- Ailəsinin nəfəqəsini (ehtiyaclarını) ödəmək vacib olduğu halda, onlara laqeyd münasibət bəsləyib “müstəhəb” ardınca gedən kişilər mütənin mahiyyətini dərk edib?!
- Ailə zəminndə konfliktlərə gətirib çıxaran və nəticədə ərşi titrədən boşanmaya səbəb olan belə bir mütə nikahına girən kişilər onun mahiyyətini dərk edib?!
- Yüngül əxlaqlı qadınlarla mütə edən kişilər onun mahiyyətini dərk edib ?!
- Cəmiyyətdə İslamın gözdən düşməsinə şərait yaradan bu cür mütə nikahına girən şəxs mütənin mahiyyətini dərk edib?!
PS: Güman edirik ki, insaflı və düzgün təfəkkür tərzinə malik olan insanlar üçün bu kifayət edər!

Xüsusi olaraq Birlik.az saytı üçün
Bəhruz Əlizadə (ilahiyyat elmləri üzrə mütəxəssis)
Birlik.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930