Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

ZƏKAT

ZƏKAT


Müsəlmanların mühüm iqtisadi vəzifələrindən biri də zəkat verməkdir. Zəkatın əhəmiyyətində bunu qeyd etmək kifayətdir ki, Qurani-məciddə namazdan sonra qeyd olunur və imanın nişanəsi və insanın qurtuluşu çatması əlaməti hesab olunur.

İmamlardan nəql olunan çoxlu hədislərdə deyilir: “Hər kəs zəkat verməsə dindən çıxmışdır.”

Xumsda olduğu kimi zəkatın da müəyyən halları vardır, onun bir qismi insanın bədəni və həyatı ilə əlaqədardır ki, hər ildə Fitr bayramı günündə verilməlidir. Bu, maddi cəhətdən onu verməyə qadir olan şəxslərə vacibdir (bu məsələ oruc bölməsində qeyd olunacaqdır).

Digər bir hissəsi ilə mal-dövlətlə əlaqədar olan zəkatdır. Bu, camaatın bütün mal-dövlətlərinə deyil, yalnız doqquz şeyə aid olur ki, onları üç dəstədə qeyd etmək olar.


Zəkatın vacib olduğu şeylər

Bitkilər: (taxıl)
1- Buğda
2- Arpa
3- Xurma
4- Kişmiş

Mal-heyvan
5- Dəvə
6- İnək
7- Qoyun


Xəzinə
8- Qızıl
9- Gümüş


Nisab həddi:
Qeyd olunan şeylərin zəkatı o zaman vacib olur ki, müəyyən bir həddə çatmış olsun, buna “nisab həddi” deyilir. Yəni əldə olunan məhsulun miqdarı, yaxud mal-heyvanın sayı o həddən aşağı olsa zəkat düşmür.
Taxılın nisabı
Qeyd olunan dörd məhsulun hamısının bir nisab həddi vardır və təqribən 850 kiloqramdır. Buna əsasən əldə olunan məhsul bu miqdardan az olduqda zəkatı yoxdur.

DÖRD BİTKİ MƏHSULUNUN ZƏKATININ MIQDARI
Bu məhsullardan biri nisab həddinə çatarsa, onun müəyyən miqdarı zəkat olaraq verilməlidir. Lakin bunların zəkatının miqdarı necə suvarılmaları ilə əlaqədardır və bu baxımdan üç yerə bölmək olar:
* Yağış və ya çay suyu ilə suvarılan, yaxud demyədə olan məhsulun zəkatı onda birdir.
* Vedrə, su motoru ilə suvarılan məhsulan zəkatı iyirmidə birdir.
* Hər iki vasitə ilə: həm yağış və çay suyu ilə, həm də əllə suvarılan məhsulun yarısının zəkatı onda bir, yarısının zəkatı isə iyirmidə birdir.
Mal-heyvanın nisabı
*Qoyun:
Qoyunun ilk nisabı 40-dır və onun zəkatı bir qoyundur. Qoyunların sayı 40-a çatmayana qədər zəkatı yoxdur.
*İnək:
İnəyin ilk nisabı otuzdur və onun zəkatı bir yaşı tamam olmuş və ikinci yaşına keçmiş bir danadır.
*Dəvə:
Dəvənin ilk nisabı beşdir və onun zəkatı bir qoyundur. Dəvələrin sayı 26-a çatana qədər hər beş dəvənin zəkatı bir qoyundur. Lakin onların sayı 26-a çatdıqda zəkatı bir dəvədir.


Qızıl və gümüşün nisabı
Qızılın nisabı 15 misqal, gümüşün nisabı 105 misqaldır. Hər ikisinin zəkatı da qırxda birdir.

Zəkatın hökmləri
1-Buğda, arpa, xurma və üzüm üçün çəkilən xərclər, o cümlədən toxumun qiyməti, fəhlələrə verilən pul, traktorun işlədilməsinin pulu və s. əldə olunan məhsuldan çıxıla bilər. Lakin nisab həddi bu miqdar çıxılmamışdan qabaq hesablanmalıdır. Əgər bu xərclər çıxılmamışdan qabaq nisab həddinə çatsa, onun zəkatını vermək vacibdir, lakin çıxılandan sonra qalanın zəkatını verilməlidir.
2-Mal-heyvanın zəkatı o vaxt vacib olur ki:
* İnsan bir il müddətinə onların sahibi olsun. Deməli əgər misal üçün yüz baş malı alsa və doqquz aydan sonra satsa, onlara zəkat vacib deyil.
* Heyvan bütün il boyu işsiz olsun. Buna əsasən əkin sahəsində, yaxud yük daşınmasında istifadə olunan inək və dəvənin zəkatı yoxdur.
* Heyvan bütün il boyu çöldə otlasın; deməli əgər bütün il boyunda, yaxud onun bir miqdarında biçilmiş, yaxud insanın öz əkdiyi otlardan yesə, zəkatı yoxdur.
3-Qızıl və gümüşün zəkatı o vaxt vacib olur ki, sikkəli olsun və onunla müamilə adi qaydada olsun. Buna əsasən hal-hazırda bəzək əşyaları kimi istifadə olunanların zəkatı yoxdur.
4-Zəkatı vermək ibadətdir və onu verən zaman zəkat niyyəti və Allahın əmrini icra etməkdən ibarət olan qürbət qəsdi edilməlidir.

Zəkatın sərf olunma yerləri
Zəkat səkkiz yerə sərf olunmalıdır; onların hamısında, yaxud bəzilərində sərf oluna bilər:
1-Fəqir və illik xərcləri özünün və ailəsinin xərclərindən az olan (çatmayan) şəxs;
2-Miskin və ümumiyyətlə səfil və biçarə olan şəxs;
3-İmam (ə), yaxud onun naibi tərəfindən zəkatın toplanıb saxlanması və müstəhəqlərə verilməsinə məmur edilən şəxs;
4-Bəzilərinin qəlblərini islama və müsəlmanlara qarşı rəğbətli etmək üçün. Məsələn, kömək olunacaq təqdirdə islam dininə meylli olan, yaxud müharibədə müsəlmanların xeyrinə kömək edən şəxslər;
5-Qulların azad edilməsi;
6-Öz borcunun qaytara bilməyən borclular üçün;
7-Allah yolunda; yəni faydası ümum insanlara çatan və Allahın razılığına səbəb olan yol, saldırmaq, körpü və məscid tikdirmək kimi işlər;
8-Səfərdə pulu qurtarıb yolda qalan və vətəninə qayıtmaq xərclərinə malik olmayan şəxs. Hətta öz vətənində fəqir olmasa belə;
Müəllif: Admin | 10-04-2014, 14:01
Baxılıb: 563
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.