Ölümdən sonra insana fayda verəcək amillər
Müəllif: Admin
Tarix: 15-07-2017, 20:38

 

Ölən kimi səni yuyub, kəfənləyib qəbri hazırlayarlar. Yavaş-yavaş qəbrə qoyarlar, sonra da üzərinə daş yığarlar. Zülmət hər tərəfi bürüyər, tək qalarsan, tək. Qorxu bütün varlığını bürüyər və əzab mələkləri yaxınlaşmaqdadırlar. Qanadlarını qaldırıb fəryad çəkərlər, ancaq səndən başqa heç kəs onların səsini eşitməz... 

Atan, anan, qardaşın, bacın... hamısı gedərlər. Səni əzab üçün gəlmiş mələklərlə tək qoyarlar. Sual verərlər: "Allahın kimdir? Peyğəmbərin (s) kimdir? İmamın kimdir?”. Dilin ağzında donmuşdur, anidən bir nur görünər. Deyər: "Onu vurmayın, azad edin, mən onunla bir yerdəyəm”. Baxarsan və bu nurani simanı tanımazsan. Bu kimdir ki, qəbrin sıxıntısında köməyə gəlmişdir? Yaxın gələr və ondan soruşarsan ki, sən kimsən? Gülümsəyib deyər: "Mən sənin verdiyin vəqfəm, sakit ol və bundan sonra Rəbbinin himayəsi altındasan”.
Həzrət Peyğəmbər (s) və Məsum İmamların (ə) ən çox tövsiyə etdiyi əməllərdən biri də vəqf idi. Vəqf elə bir şeydir ki, cəmiyyətin ona ehtiyacı vardır. Allah bəndələri sağ olan zaman mallarının bir hissəsini Allah yolunda istifadə etmək üçün ayırar və onu vəqf edərlər. Bu vəqf olunan yer, ümumi istifadə üçün olar. Buna yol üstündə olan karvansaraları, istirahət yerlərini, su anbarlarını, məscidləri, hüseyniyyələri, məktəbləri, kitabxanaları, xəstəxanaları misal göstərmək olar ki, hansısa bir Allah bəndəsi tərəfindən ümumi istifadə üçün vəqf olunar. İslam cəmiyyəti tarix boyu bu cür köməklərə ehtiyac duymuşdur. Bu əməlin savab və əcri çoxdur.
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "O insan ki, bu dünyadan gedər, üç şeydən başqa dünya ilə əlaqələri kəsilər: o elm ki, ondan bəhrələnərlər. Vəqf sədəqəsi və saleh övlad ki, onun üçün dua edər”.
İnsan dünyadan gedən zaman əli dünyadan üzülər və axirətinin faydasına olacaq işlər görə bilməz. Özü qalar və axirətə apardığı əməlləri qalar. Elə bu zaman başa düşər ki, əli nə qədər boşdur. Bu zaman anlayar ki, axirəti üçün bir şey göndərməmişdir. Ancaq bir dəstə istisnadır. Bu, o insanlardır ki, axirətdə də dünyada olan əməllərin savabını almaqdadırlar. O zamana qədər ki, vəqf etdiyi mal və ya məkan qalar və ondan istifadə edərlər, həmin əməlin savabı axirətdə ona çatmaqda davam edər. Baxmayaraq ki, dünyadan getmişdir, ancaq bu savab ona hələ də çatmaqda olar. Vəqf olunan mal Qiyamət günü İlahi əzab atəşinə tökülən soyuq suya bənzəyər. Behişt nemətinə səbəb olar.
İmam Sadiq (ə) buyurur: "Öləndən sonra üç şey insanın ardınca olar: həyatda olan zaman verdiyi vəqf sədəqəsi ki, öləndən sonra da qalıcı olsun. Düzgün yol ki, ona əməl olunar. Onun üçün dua edən yaxşı övlad”.
Həzrət (ə) başqa yerdə buyurur: "Mömin vəfatından sonra 6 şeydən istifadə edər: onun üçün dua edən övladından, ondan sonra qalan Qurandan, ondan yadigar qalan ağacdan, insanların faydalandığı quyudan, vəqf sədəqəsindən, insanların istifadə etdiyi sünnətdən”.
Vəqf əməli hər bir dövrdə dəyişərək, yeni libas geyinir. Müasir zamanda onun ən yaxşı nümunəsi kimi məscidlərin, məktəblərin və xəstəxanaların inşasını misal göstərmək olar. O zamana qədər ki, həmin məsciddə namaz qılınar, o zamana qədər ki, məktəblərdə şagirdlər dərs oxuyar, o zamana qədər ki, xəstəxanadan istifadə olunar - savabı vəqf edən şəxsə çatar.
Məsum İmamlarımız (ə) nəinki bu işə dəvət edər, həm də özləri də bu əməli görərdilər. Belə ki, hədislərə nəzər salsaq görərik ki, Həzrət Peyğəmbər (s), İmam Əli (ə), Həzrət Fatimə (s.ə) mallarının bir hissəsini Allah yolunda vəqf etmiş və gələcək nəslə yadigar qoymuşdular.
İnsan axirət evində çox möhtac olar. O, davamlı olaraq dünyadan xeyir və bərəkət gəlməsini gözləyər. Əgər əzabda olsa, ondan xilas ola bilsin. Əgər behiştdədirsə, daha yüksək dərəcələrə çata bilsin. Bunun da ən yaxşı yolu - malını Allah yolunda vəqf etməkdir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31