Ürək döyüntülərinin artması zamanı XALQ TƏBABƏTİ vasitələri
![]() Ürək döyüntülərinin sayının 90-dan yuxarı qalxması taxikardiya adlanır, Taxi-sürətli, kor – ürək deməkdir. Ürək döyüntülərinin sayının artması xəstəlik olmasa da, bir çox xəstəliklər zamanı baş verən əlamətdir. Taxikardiya fizioloji və patoloji olmaqla iki qrupa bölünür. Patoloji taxikardiya əsasən ürək-damar sistemi xəstəliklərində müşahidə edilir. Fizioloji taxikardiya zamanı ürək-damar sistemində xəstəlik müşahidə edilmir, xarici mühit amillərinin təsiri nəticəsində yaranır və ürək döyüntülərinin artmasına səbəb olan amil aradan qalxdıqdan sonra nəbz normallaşır. Ürək döyünməsinin artmasına səbəb olan amillər - Stress və gərginlik; - Tərkibində alkoqol, kofein olan “enerji” və digər içkilərin qəbulu; - Bədən hərarətinin artması - temperatur 1 dərəcə yüksələndə nəbz 10 vurğu artır; - Azhərəkətli həyat tərzi və ya həddən artıq fiziki yüklənmə, siqaret çəkmə; - Həddən artıq tərləmə; - Hormonal və arıqlamaq üçün istifadə edilən iştahakəsici preparatların qəbulu; Taxikardiya zamanı xalq təbabəti vasitələri. RESEPTLƏR - 10 baş sarımsaq sürtgəcdən keçirilir, üzərinə 10 ədəd limonun şirəsi və 1 kq bal əlavə edilir, 1 həftə şüşə qabda qaranlıq yerdə saxlanılır. Qarışıq qurtarana qədər fasilə vermədən gündə bir dəfə səhər acqarına 2 xörək qaşığı qəbul edilir. - Emallı qazana 1 stəkan su tökülüb qaynadılır və üzərinə 1 çay qaşığı xoruzgülü əlavə edilir, 3 dəqiqə qaynadılır, 20 dəqiqə dəmlənilir, süzülür, gündə 3 dəfə 1 xörək qaşığı qəbul edilir. - 2 filtr-bağlama Teakard çayı 1/2 stəkan qaynar suda dəmlənir, otaq temperaturunda soyudulur, gündə 3 dəfə 1/2 stəkan qəbul edilir. - 1 xörək qaşığı damotu bitkisi üzərinə 1 stəkan qaynar su əlavə edilərək 1 saat dəmlənir, süzülür. Üzərinə bir neçə damcı istiotlu nanə efiri və 1 çay qaşığı bal əlavə edilir, qurtumla içilir. Müalicə kursu 1 ay davam edir. - Hərəsindən yarım xörək qaşığı itburnu və yemişan meyvələri, damotu otu və yaşıl çay qarışdırılır, üzərinə 1 stəkan qaynar su əlavə edilərək dəmlənir. Alınan dəmləmə gün ərzində çay üçün dəm kimi istifadə edilir. - 2 filtr-bağlama Sedativ çay 1/2 stəkan qaynar suda 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə 1/2 stəkan qəbul edilir. - Eyni miqdarda xəşəmbül, yonca, ayıqulağı yarpağı və çobanyastığı çiçəkləri qarışdırılır. Qarışıqdan 1 xörək qaşı üzərinə 1 stəkan qaynar su əlavə edilir, 20 dəqiqə dəmlənir, soyudulur, süzülür, gün ərzində qəbul edilir. - Lavanda, evkalipt, kəklikotu, bədrənc, istiotlu nanə, adaçayı, şam, muskat qozu, mixək və cirə efir yağlarının hərəsindən 10 damcı götürülür, tünd rəngli şüşə qabda qarışdırılır. Qarışıqdan 3 damcı cib dəsmalına damızdırılır, tutmalar zamanı dəsmal buruna yaxınlaşdırılaraq nəfəs alınır. Nəfəsvermə müddəti nəfəsalmadan 3 dəfə az olmalıdır. - Sünbül bağlamamış vələmir yaşıl halda yığılır, yuyulur, ətçəkən maşından keçirilərək tənzif parçadan süzülür. Gündə 3 dəfə 0,5 stəkan qəbul edilir. - 1 stəkan kasnı çiçəkləri üzərinə 2 stəkan su əlavə edilir, 2 həftə dəmlənir, süzülür. 15-20 damcı 30 ml su ilə qarışdırılaraq qəbul edilir. Müalicə kursu 1 aydır. - Hərəsindən 250 qram kişmiş, ərik qurusu, qara gavalı qurusu, qoz ləpəsi və 1 ədəd qabığı ilə bir yerdə çəkilmiş limon qarışdırılır, üzərinə 300 ml duru bal əlavə edilir. Gündə 3 dəfə 1 xörək qaşığı acqarına qəbul edilir. Məsləhətlər - Nikotin və alkoqol, əlavə təsir göstərən preparat qəbulu tam dayandırılır; tünd dəmlənmiş çay, qəhvə, yağlı, duzlu, acı qidaların və şirniyyatların istifadəsi məhdudlaşdırılır, az və kiçik porsiyalarla qida qəbul edilir. - Gün ərzində minimum 1-2 saat gəzmək və düzgün nəfəs üçün gimnastik hərəkətlər etmək, kişmiş, ərik qurusu, bal, meyvə, giləmeyvələr və lifli qidaların qəbulu artırmaq məsləhət görülür. Mənbə: Herba Flora jurnalı Oxşar xəbərlər
|
|