Kərbəla meydanının qadın qəhrəmanı
Müəllif: Admin
Tarix: 12-01-2019, 10:39
Kərbəla meydanının qadın qəhrəmanı
"Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim". Təkcə bu cümlə kifayətdir ki, onun müəllifininin adı tarixin qəhrəman şəxsiyyətləri ilə bir cərgədə qeyd edilsin. Və nə qədər qəribə də olsa aradan ötən 14 əsrlik dövr ərzində Kərbəla hadisəsinin mahiyyətini bu qədər lakonik şəkildə bəyan edəcək başqa cümlə söyləyən olmayıb. Kərbəla inqilabının dəqiq qiymətini verən, onun ilahi missiyasını bəyan edən bu ifadənin müəllifi Həzrət Zeynəb idi. Xanım Zeynəbin fədakarlığı, düşmən qarşısında sınmadan haqqı müdafiə etməsi əsrlər boyu davam edəcək Aşura inqilabı ənənəsinin əsasını qoydu.

Doktor Əli Şəriətinin Hz.Fatimə (s.ə) barəsində işlətdiyi cümləni Hz.Zeynəb (s.ə) haqqında da söyləmək olar. Hz.Zeynəbi(s.ə) bir cümlə ilə təqdim etmək üçün çoxlu ifadələr olsa da, onları bir yerdə cəmləmək olmur. Hz.Rəsuləllahın(s) nəvəsi, Hz.Əlinin(ə) və Hz.Fatimənin(s.ə) qızı, İmam Həsən(ə) və İmam Hüseynin(ə) bacısı Zeynəb. Ancaq bütün bu mübarək adlarla yanaşı, Hz.Zeynəb(s.ə) tarixə öz adını yazıb. Mübarizlik, əyilməzlik simvolu olan adını. Bu gün İslam tarixi ilə azacıq tanış olanlar Xanım Zeynəbi(s.ə) fədakarlıq, mübarizə nümunəsi kimi tanıyırlar. Təsadüfi deyil ki, Hz.Zeynəb(s.ə) adı çəkiləndə onun müqəddəs ailədən olmasından çox, Kərbəlada, Kufədə, Şamdakı qəhrəmanlıqları yada düşür. 14 əsr əvvələ nəzər saldıqda Kərbəla səhnəsində şəhid olmuş 72 müqəddəsin cəsədlərinin yanında əyilməz vücud gözə dəyir. Bu, dəhşətlər önündə əyilməyən, sınmayan, ölümün gözünə dik baxan, ancaq bildiyi, gördüyü, tanıdığı haqqı tərəddüd etmədən söyləyən ağ saçlı Zeynəbdir…

“Atasının zinəti”
Tarixin Zeynəbi Kubra tanıtdığı xanım Hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya gəlib. Hz.Zeynəb(s.ə) İmam Əlinin(ə) və Hz.Fatimənin(s.ə) üçüncü övladı idi. Zeynəb ərəb dilində "atasının zinəti" deməkdir. Rəvayətə görə, bu adı ona babası Hz.Muhəmməd(s) qoyub. Xanım Zeynəb(s.ə) 5 yaşına qədər Peyğəmbərlə(s) bir dövrdə yaşayıb. Buna görə də bəzi alimlər onun səhabə olduğunu qeyd edirlər. Hər kəsə qarşı şəfqətli olan Hz.Peyğəmbər(s) ilk qız nəvəsini sevərək əzizləyər və «tövsiyə edirəm hamı bu qıza hörmət etsin, o, Xədiceyi Kubra kimidir» deyərmiş. Xanım Zeynəbin(s.ə) uşaqlıq və gənclik dövrü müqəddəs Əhli Beyt(ə) ailəsində keçir və yetkilnik yaşına çatdıqda o, İmam Əlinin(ə) qardaşı oğlu Abdullah ibn Cəfərlə ailə həyatı qurur. Qeyd edək ki, tarixi mənbələrə görə, Xanım Zeynəbin(s.ə) həyat yoldaşı Abdullah ərəblər arasında ən dövlətli insanlardan biri olub. Müxtəlif mənbələrdə Abdullahın və həyat yoldaşının böyük səxavətləri haqqında məlumatlar yer alıb.

Və nəhayət hicrətin 40-cı ili. Hz.Əli(ə) Kufədə şəhid olarkən Xanım Zeynəbin(s.ə) 35 yaşı vardı. Bu təqvimdən sonra onsuz da çətinliklərlə, münafiqlərin təzyiqləri altında yaşayan Peyğəmbər(s) ailəsinin vəziyyəti bir qədər də pisləşir. İmam Həsənin(ə) və İmam Hüseynin(ə) dövründə Hz.Zeynəb(s.ə) hər zaman qardaşlarının yanında olur, onların qarşılaşdığı çətinlikləri bölüşürdü. Hicrətin 61-ci ilində – İmam Hüseyn(ə) Mədinəni birdəfəlik tərk edəndə onunla birlikdə Hz.Zeynəb(s.ə) də vardı…

Artıq o vaxt idi ki, Muhəmmədin(s) reyhanı İmam Hüseynin(ə) bir zamanlar oxşanıb, əzizləndiyi peyğəmbər şəhəri Mədinədə qalmağa yeri yoxdu. Mədinənin qapı-pəncərələri, küçə və dalanları, yeri, göyü və hətta daşları ağlayaraq bütün dövrlərin ən böyük şəhidini yola salırdı. Bu şəhər onun babası, atası, anası, qardaşı, özü və ailəsindən yalnız lütf və mərhəmət görmüşdü. Ölümə gedən karvanda iki oğlu ilə birlikdə, yaşı artıq 50-ni ötmüş Hz.Zeynəb(s.ə) də vardı.

“Harada Hüseyn var, Kərbəla var, orada Zeynəb də var”
Neçə yüzilliklər keçəcəkdi və tarix yazanlar, Kərbəla vaqiəsini araşdıranlar bu cümləni işlədəcəkdilər: «Harada Hüseyn var, Kərbəla var, orada Zeynəb də var». İmam Hüseynin(ə) Kərbəlada qılınc gücünə qanla qırılacaq mübarizəsini Hz.Zeynəb(s.ə) fironların sarayında sözlə davam etdirəcəkdi. Amma hələ buna qədər çox hadisələr baş verəcəkdi. Tarix şahidlik edir ki, Aşura gününə qədər Xanım Zeynəb(s.ə) hər zaman qardaşının yanında olaraq ona mənəvi dəstək verir, karvandakı qadınlara rəhbərlik edirdi. Aşura günü İmam Hüseyn(ə) sonuncu dəfə bacısı ilə görüşərək ona son sözlərini dedikdən sonra qayıtmayacağı döyüşə yollanır…

“Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim”
Kərbəla Hz.Zeynəb(s.ə) üçün 7 qardaş, iki oğul, bir neçə qardaşoğlu və ümumilikdə 72 nəfər şəhidin itkisi demək idi. Amma bu itkilər Həzrət Fatimənin(s.ə) qızını sındıra bilmir. Düşərgə yandırılanda, qadınlar və uşaqlar əsir kimi Kufəyə aparılanda da Xanım Zeynəb(s.) özünü mətanətli aparır, köməksiz qadın və uşaqları himayə edirdi. Məhz onun təmkini və faciə qarşısında özünü itirməməsi səbəbindən şəhidlərin ailə üzvləri təhqir və alçaldılmalardan qorunur. Artıq missiya Həzrət Zeynəbindir(s.ə). Bundan sonrakı mübarizəni o davam etdirəcək. Mübarizə Əli(ə) övladlarının alın yazısıdır.

Bu da Kufə. Bir zamanlar atasının rəhbərlik etdiyi dövlətin paytaxtı indi Hz.Zeynəbi(s.ə) əsir kimi qarşılayır. Amma bu xatirələr, acı tale onu sındırmır. Kufəlilərə müraciət edərək onların dönüklüyünü, vəfasızlığını ən sərt şəkildə üzlərinə vurur. Yezidin Kufədəki valisi Übeydullah ibn Ziyad isə qazandığı «qələbəni» qeyd etmək üçün şəhər camaatını məscidə dəvət edir. Əksəriyyəti qadınlardan ibarət olan Kərbəla əsirlərini də bura gətirirlər. Məhz burada, ibn Ziyadın qarşısında Xanım Zeynəb(s.ə) özünün tarixi ifadəsini işlədir. Zəmanənin qəddar hökmdarının nümayəndəsi öz qələbəsini qeyd etmək, əsirləri alçaltmaq üçün şəhidləri təhqir edir, onları aşağılamağa çalışır. Bu həm də xeyirlə şərin qarşıdurması idi.

«Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim. Allah onların şəhadətini əvvəldən müəyyən etmişdi. Onlar da itaət edib öz axirət mənzillərinə yollandılar. Tezliklə Allah səni və onları Qiyamət günündə üzləşdirəcək, onlar səndən Allaha şikayət edib ədalət tələb edəcəklər. İndi fikirləş, gör o gün kim qalib gələcək». Zeynəbi Kubra(s.ə) bu ifadəni onun əzizlərini öldürmüş və qarşısında əsir kimi dayandığı şəxsin üzünə deyirdi. Bu sözlər indi yox, 7-ci əsrdə qəddar hakimiyyətin hökm sürdüyü bir dövrdə qadının dilindən söylənilirdi. Yenə də Əlinin(ə) övladı bəşəriyyətə mübarizə dərsi verirdi. Bu dəfə meydanda yox, zalım hökmdar qarşısında aparılan mübarizənin qəhrəmanı qadındır. Hz.Zeynəbin(s.ə) mübarizəsi Yezidin sarayında da davam edirdi. Kərbəla şəhidlərinin ailə üzvləri Şama - dövrün zalım hakimiyyətinin paytaxtına aparılır. Yezid qələbəsini əsirlərin qarşısında bayram etmək istəyirdi.

Söz qılıncı kəsdi
Amma Zeynəbi Kubranın(s.ə) dəyanəti və etdiyi məşhur çıxış vəziyyəti dəyişdi. Tarixi mənbələrdə qeyd olunur ki, Xanım Zeynəbin(s.ə) mübariz ruhlu çıxışından sonra Yezid pərt olaraq etdiyi cinayətin məsuliyyətini Kufə hakiminin üzərinə yıxır. Zeynəbi Kubranın(s.ə) çıxışı qılınc zərbələri qədər təsirli idi: «Yezid, belə fikirləşirsən ki, yeri-göyü bizə daraltmaqla, bizi əsirlər kimi bu şəhərdən o şəhərə aparmaqla rüsvay edib özünü hörmətləndirdin? Bilmirsən ki, sənə verilən bu fürsət ondan ötəridir ki, əsl həqiqətini, iç üzünü camaata açıb göstərəsən? Məgər Allahın «Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət günahlarını daha da artırmaları üçündür. Onlar zəliledici bir əzab görəcəklər»,-deyə buyurduğunu unutmusan?» Quran ayələrindən sitatlarla söylənilən bu sözlər Yezidi və onun simasında şəri ifşa edir, Kərbəla inqilabının mahiyyətini ortaya qoyur.
Bu arada daha bir məqamı qeyd etmək lazımdır ki, Kərbəla şəhidlərinə ilk dəfə əza saxlayan da Xanım Zenyəb(s.ə) olub. İlk dəfə Əhli-Beyt(ə) ailəsinin sağ qalanlarını bir araya gətirib Kərbəla çölündə şəhidlərə məclis quran Xanım Zeynəb(s.ə) idi. Bununla da müsəlmanların 1400 ilə yaxındır davam edən Aşura məktəbinin əsası qoyulurdu.

Xanım Zeynəbin(s.ə) mübarizəsi bundan sonra da davam etdi. Tarixi mənbələrə görə, Mədinəyə köçən Zeynəbi Kubra(s.ə) olduğu bütün yerlərdə haqq carçısı kimi fəaliyyət göstərdi. Amma onun bu fəaliyyəti, Mədinədə apardığı mübarizə yerli hakimlərin narahatlığına səbəb olur. Xanım Zeynəbdən(s.ə) Şama şikayət olunur. Yezidin əmri ilə Zeynəbi Kubra(s.ə) Mədinədən Şama sürgün olunur. İmam Hüseynin(ə) şəhadətindən bir il sonra - Hicrətin 62-ci ilində tarixin bu böyük qəhrəmanı Şamda vəfat edir.

Bu gün Şam şəhərində böyük bir ziyarətgah var. Xanım Zeynəbin(s.ə) müqəddəs məqbərəsi. Dünyanın əksər nöqtələrindən mü- səlmanlar bu məkanı ziyarət etməyə gəlirlər. Şamda Kərbəla savaşının «qalibləri» də basdırılıb. Amma onların məzarları və hökm sürdükləri saraylar bu gün xarabalıqdır. Zeynəb(s.ə) abadlığının kölgəsində itən xarabalıqlar. Bu, tarixin haqq və batilə verdiyi obyektiv qiymətdir.

salaminfo.az
Oxşar xəbərlər
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031