Əsirlər inqilabı
Müəllif: Admin
Tarix: 31-08-2020, 22:54
Əsirlər inqilabı
Həzrət Zeynəb (s.ə): "Kərbəlada gözəllikdən başqa bir şey görmədim"

Bir çoxu sual verir ki, İmam Hüseynin (ə) qiyam etmək fikri var idisə nə üçün öz əhli-əyalını da özü ilə apararaq onların canını təhlükəyə atırdı? Yenə də təkrar etmək məcburiyyətindəyik ki, İmam Hüseynin (ə) qiyamı hanısa vətəndaş azadlıqları uğrunda aparılan bir mübarizə deyildi. Əksinə, bu qiyam daha böyük, daha geniş və daha ali amallara yönəlmişdi.

İmam Hüseynin (ə) məqsədi Haqqı batildən ayırmaq idi. Bu iki məfhum arasındakı fərq haqqın bütün gözəlliyi və batilin bütün çirkinliyi ilə ortaya qoyulmalı idi.

Azğınlaşmış batilin haqqla mübarizədə nə qədər amansız olduğu və haqqın batillə mübarizədə nə qədər fədakar olduğu Kərbəlada tam aydınlıqla müşahidə olunurdu.

İmamların (ə) Bəni Üməyyənin hakimiyyətinə qarşı etirazları sırf hansısa vətəndaşın öz haqlarını tələb etmək kimi dar çərçivədə yozulmamalıdır. İmamlar (ə) Qiyamətə kimi gəlmiş bir dinin başçıları idi və onların fəaliyyətləri hansısa cəmiyyət və zamanla məhdudlaşdırılmamalıdır.

Yuxarıda qeyd etdiyimiz kimi, Ərərbistan yarımadasında gedən proseslər İslam dininin mövqeyini ortaya qoyurdu, haqqın əsl simasını bütün gözəlliyi ilə üzə çıxarırdı. Bu baxımdan İmam Hüseynin (ə) qiyamı daha geniş mənada şərh olunmalı, haqqın batillə mübarizəsi kimi təqdim olunmalıdır.

İmam Hüseynin (ə) qiyamı babası Peyğəmbərin (s) bəşəriyyətin yalnız Allaha boyun əyməsi üçün apardığı mübarizənin davamı və Həzrət Məhdinin (ə.f) zühuruna doğru atılmış bir addım idi.

Kərbəla məktəbi Həzrət Məhdinin (ə.f) zühuruna zəminə yaratmaq üçün gələcək nəsillərə dərs verirdi. Həmçinin İmam Hüseynin (ə) ətrafında toplaşmış kiçik bir cəmiyyət zühur dövrünün kiçik modeli idi.

Bu böyük hadisənin olduğu kimi bütün xilafətə çatdırmaq missiyası isə əsirlərin öhdəliyinə düşürdü. Əsasən xanımlardan ibarət olan əsirlər haqq uğrunda mübarizədə heç də şəhid olmuş kişilərdən geri qalmırdılar.

Yaxınlarının gözləri önündə tikə-tikə doğrandığını görən, üryan dəvələr üstündə əli qandallı şəhər-bə-şəhər qamçılanaraq kafir kimi gəzdirilən bu xanımların mərifətini Hz.Zeynəb (s.ə) bir kəlmə ilə ifadə edir.

Dövrünün ən zalım hakimi Yezidin sarayında ürəyinə dağ vurmaq üçün Kərbəlada gördükləri barədə ona sual verildikdə, xanım buyurdu: “Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim!”

Məhz əsirlərin təbliğatı nəticəsində insanlar Kərbəla hadisəsindən xəbər tutdular. İmam Hüseynin(ə) öz qanı ilə suladığı qurumaqda olan İslam ağacı məhz əsirlərin sayəsində bəhrə verdi.

Kufədə Yezidə qarşı başlayan qiyamlar, Mədinə qiyamı, Əhli-Beytin(ə) haqqını tanıyanların sayının artması, vicdanlı insanların oyanması İmam Səccad (ə) və Həzrət Zeynəbin(s.ə) başçılıq etdikləri əsirlər karvanının çağırışının səmərəsi idi.

İmam Hüseynə (ə) ağlamaq ənənəsini də məhz əsirlər qoydular. Şam şəhərində(indiki Dəməşq) xəlifənin sarayı yaxınlığındakı xarabalıqda saxlanılan əsirlər Yeziddən İmam Hüseynə (ə) yas tutmaq üçün onlara şəraitin yaradılmasını tələb etdilər.

Artıq öz sarayında Xanım Zeynəb (s.ə) və İmam Səccadın (ə) çıxışları nəticəsində şamlıların ruhiyyəsinin necə dəyişdiyini görən Yezid, əsirlərin istəyinin qarşısını almağa çəkinirdi.

Əsirlər haqqın zahirən əzilməsinə baxmayaraq şücaətli və özünə inamlı, batilin isə zahirən qalib olmasına baxmayaraq daim qorxu içərisində olduğunu sübuta yetirdilər.

Əməvilərin illərlə qılınc və yalan bahasına qurduqları səltənətin təməlləri Kərbəla əsirlərinin bir kəlməsi ilə sarsınırdı. İmam Hüseynə (ə) əza saxlayan əsirlər öz ağlamaqları ilə Şam əhlini qərq olduqları qəflət yuxusundan oyadırdılar.

Şamdan Kərbəlaya və ordan da Mədinəyə qaytarılan əsirlər Peyğəmbər (s) şəhərində də əzadarlıq vasitəsilə müsəlmanlara öz sözlərini deyiridlər.

Mədinəlilərin axırda qiyam edəcəklərində qorxan Mədinə valisi Yezidə məktub yazaraq Xanım Zeynəbin (s.ə) Mədinədən kənarlaşdırılmasını istədi. Bəzi tarixi rəvayətlərə əsasən, Həzrət Zeynəb (s.ə) Şama sürgün olundu və qardaşının şəhadətindən bir il sonra qürbətdə vəfat etdi.

Oxşar xəbərlər
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930