QURANIN ELM VƏ ALİMLƏRƏ VERDİYİ QİYMƏT
Mьəllif: admin1
Tarix: 10-10-2020, 12:11
QURANIN ELM VƏ ALİMLƏRƏ VERDİYİ QİYMƏT
1. Peyğəmbərə (s) nazil olan ilk ayələrdə Allah-taala yaradılışın necəliyi haqda xəbər verdikdən sonra, bəşəriyyətə bəxş olunan ilk nemətin məhz elm olmasını buyurur.

«[Ya Peyğəmbər! Qurani-kərimi bütün məxluqatı] yoxdan yaradan Rəbbinin adı ilə [Bismillah deyərək] oxu!

O, insanı laxtalanmış qandan yaratdı.

[Ya Peyğəmbər!] Oxu! Sənin Rəbbin ən böyük Kərəm sahibidir!

O Rəbbin ki qələmlə [yazmağı] öyrətdi.

O Rəbbin ki, insana bilmədiklərini öyrətdi».

2. Allah-taala elm sahiblərini başqalarından üstün tutur.

«...Allah da sizdən iman gətirənlərin və [xüsusilə] elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın...»

3. Hikmət sahiblərinə böyük nemət nəsib olmuşdur.

«...Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir...»

Hikmətə nail olmağın yollarından biri də elm və agahlıq əldə etməkdir.

4. Quran nöqteyi-nəzərindən elm sahibləri beş xüsusiyyətə malikdirlər:

a). İman; «...Elmdə qüvvətli olanlar isə: Biz onlara iman gətirdik, onların hamısı Rəbbimiz tərəfindəndir...»

b). Tövhid; «Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir...»

v). Allah qorxusundan qəm-qüssə; «Ondan əvvəl elmə çatmış kəslər yanlarında Quran oxunduğu zaman üzü üstə səcdəyə qapanarlar.»

q). Təvazökarlıq; Yuxarıdakı ayələrdə bu haqda danışıldı.

d). Qorxu. «...Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar...»

PEYĞƏMBƏRİN (S) KƏLAMLARINDA ELM VƏ ALİMİN DƏYƏRİ

1. «Allah-taala xeyir və səadətini istədiyi şəxsləri öz dinində idrak və düşüncə sahibi edər.»

2. «Ümmətimin alimləri Bəni-İsrail peyğəmbərləri ilə bərabərdirlər».

3. «Alimlər peyğəmbərlərin varisləridir».

4. «Göylərdə və yerdə olanların hamısı alimlərin bağışlanmasını istəyər».

5. «Alimlər insanları peyğəmbərlərin gətirdikləri şəriətlə hidayət etdikləri, mücahidlər isə peyğəmbərlərin gətirdiklərinin təlim olunmasının keşiyində durduqları üçün peyğəmbərlik məqamına ən yaxın olan kəslərdir».

6. «Qiyamət günü alimlərin mürəkkəbi şəhidlərin qanı ilə ölçülər».

7. «Həqiqətən yer üzünün alimləri göydəki ulduzlara bənzəyərlər. Onların gecənin qaranlığında dəniz və quruda saçdıqları işıqla insanlar öz yollarına davam edər, söndükdə isə yolu azmaq təhlükəsi ilə qarşılaşarlar».

8. Allah-taala İbrahim (ə)-a vəhy edərək buyurdu: «Ey İbrahim! Həqiqətən Mən Özüm aliməm, alimləri də sevirəm».

9. «Bir alimin ölümü bir qəbilənin ölümündən daha ağırdır».

10. «Alimlərin məqamı abid və pəhrizkarların məqamından yetmiş dəfə ucadır. Onlar arasındakı məsafə o qədər böyükdür ki, çapar atlar bu iki məqamın arasını yetmiş ilə qət edərlər.

Alimlərin onlardan üstün olmaları bundan irəli gəlir ki, abidlər ibadətlə məşğul olduqları bir halda Şeytan bidətçilik məqsədilə onları haqq yoldan azdırmaq istərkən, yayılmaqda olan bidətin qarşısını məhz alimlər alarlar».

11. «Min abidin mövcud olmasına dözmək, Şeytan üçün bir alimin mövcud olmasına dözməkdən daha asandır».

12. «Allah-taala, dinini öyrənmək üçün sə`y edən şəxslərə güman etmədiyi yerdən ruzi verib ehtiyacsız edər».

13. «Qiyamət günü üç dəstəyə şəfaət edərlər: Peyğəmbərlər, alimlər və şəhidlər».

14. «Ən gözəl sədəqə odur ki, insan elm öyrənib onu müsəlman bacı-qardaşlarına da təlim etsin».

15. «Mələklər, hətta qarışqa və dənizdəki balıqlar da insanlara elm öyrədib haqq yolu göstərənləri alqışlayarlar».

16. «Alimlərin üzlərinə nəzər salmaq ibadətdir».

17. «Alimin dünyadan köçməsi islam dinində elə bir boşluq yaradır ki, gecə və gündüzün bir-birinin yerini dəyişməsi bu boşluğu doldurmur».

PEYĞƏMBƏRİN (S) KƏLAMLARINDA ŞAGİRD VƏ TƏLƏBƏLƏRƏ VERİLƏN QİYMƏT

1. «Elm öyrənmək hər bir müsəlmana vacibdir».

2. «Elm Çində olsa belə öyrənin. Çünki elm öyrənmək hər bir müsəlmana vacibdir».

3. «Allah-taala elm dalınca gedib onu əldə edən şəxslərə iki mükafat, elm dalınca gedib onu əldə edə bilməyənlərə isə bir mükafat bəxş edər».

4. «Allahın Cəhənnəm odundan nicat tapmış şəxsləri görmək istəyənlər tələbələrə nəzər salsın. And olsun canım əlində olan Allaha!

Elə bir tələbə yoxdur ki, elm əldə etmək üçün alimlərin yanına gediş-gəliş etdikləri zaman atdıqları hər bir addım bir illik ibadətin savabını qazanmamış olsun.

Atdığı hər bir addımın müqabilində Cənnətdə onun üçün bir ev tikilər. Üzərinə qədəm basdığı yer belə Allah-taaladan onun bağışlanmasını istər.

Gününü başa vurmaqla Allah-taala onun bütün günahlarını bağışlayıb əfv edər. Mələklər şəhadət verərlər ki, onlar Allahın Cəhənnəm odundan nicat verən kəslərdir».

5. «Elmə yiyələnənlər, sanki gündüzləri oruc tutub gecələrini ibadətlə keçirərlər. Elmdən nəisə öyrənmək onun üçün Əbu Qubeys dağı boyda qızıl ehsan etməkdən daha xeyirlidir».

6. «Elm məqsədilə evindən xaric olan şəxs qayıdanadək Allah yolunda olar».

7. «Nadanlar arasında olan tələbə, ölülər arasında olan diriyə bənzəyər».

8. «Elm öyrənərkən dünyasını dəyişən tələbə şəhadətə nail olmuş olar».

9. «İslamın dirçəlişinə səbəb olan, elmə yiyələnən şəxslərlə, Cənnətdə peyğəmbərlər arasında yalnız bir dərəcə fasilə olar».

10. «Mələklər tələbələrin əldə etdiklərini elmə razılıq əlaməti olaraq öz qanadlarını onların ayaqları altına salarlar».

11. «Elm öyrənmək məqsədilə səfərə çıxan şəxsləri Allah-taala Cənnətin yollarından birinə hidayət edər».

12. Nəql olunmuş rəvayətlərdən birində deyilir: Bir gün Peyğəmbər (s) məscidə daxil olub orada bəzilərinin ibadət, bəzilərinin də öyrənməklə məşğul olduğunu görüb buyurur:

«Onlar ibadət edib Allahı çağırır, bunlar isə elm öyrənməklə nadan və cahilləri həqiqətdən agah edirlər. Mən də Allah tərəfindən elm öyrədib həqiqəti agah etmək üçün göndərilmişəm». Peyğəmbər (s) sözlərini bitirib elm öyrənənlərə tərəf gedir».

ƏHLİ-BEYTDƏN (Ə) NƏQL OLUNMUŞ HƏDİSLƏRDƏ ELM VƏ ALİMİN DƏYƏRİ

1. Əli (ə) buyurur: «Ey camaat! Agah olun ki, dininizi yalnız elmə yiyələnməklə kamil edə bilərsiniz. Elmə yiyələnmək, sizin üçün var-dövlət əldə etməkdən daha vacibdir.

Çünki, var-dövlət sizin üçün bölünmüş və hər birinizin qisməti əvvəlcədən müəyyənləşdirilmişdir. Allah onu sizin aranızda ədalətlə bölmüş və siz ona vəfalısınız.

Lakin elm öz sahiblərinin yanında qorunub saxlanılır və sizlərə əmr olunmuşdur ki, onu elm sahiblərindən əldə edəsiniz. Elə isə elm əldə etməyə çalışın».

2. Başqa bir hədisdə buyurur: «Elmin, var-dövlətdən yeddi üstünlüyü vardır:

a). Elm peyğəmbərlərin, var-dövlət isə fironların mirasıdır;

b). Elm verməklə azalmaz, var-dövlət isə azalıb qurtarar;

v). Var-dövləti qorumaq lazımdır, elm isə öz sahibinin qoruyucusudur;

q). Elm insanla birlikdə kəfənlənir (yəni insanla birlikdə Allahın məhzərinə çağırılır), var-dövlət isə bu dünyada qalır;

d). Var-dövləti həm kafir, həm də möminlər əldə edərlər, həqiqi elmə isə yalnız möminlər yiyələnərlər;

ğ). Dini məsələlərdə insanlar var-dövlətə deyil, alimlərə ehtiyac duyur;

e). Elm, insana sirat körpüsünü keçməkdə köməklik edər, var-dövlət isə buna mane olar (yəni, var-dövlət sahibi əldə etdiyi sərvət üçün məhşərdə Allah-taalaya hesab verməli olduğuna görə dayanmalı olur).

3. «Bütün yaxşılıq və fəzilətlərin mənşəyi elmdir və elm ən yüksək fəzilətdir».

4. «Elm ən gözəl mirasdır».

«Elm möminlərin itirdiyi şeydir».

5. İmam Zeynəlabidin (ə) buyurur: «Əgər camaat elmə yiyələnməyin nə olduğunu bilsəydilər, bütün cəfa və çətinliklərə razı olub onun ardınca gedərdi.

Allah-taala Danyal peyğəmbərə vəhy edərək buyurmuşdur:

«Mənim nəzərimdə insanların ən pisi o kəsdir ki, alimlərə qarşı etinasızlıq edib onların tutduqları yolu getməsinlər.

Bəndələrimdən ən sevimlisi isə böyük savaba nail olmaq istəyən alimlərin davamçıları olan pəhrizkarlardır. Onların ünsiyyətdə olduğu şəxslər alim və hikmət sahibləri olarlar».

6. İmam Baqir (ə) buyurur: «Kim insanların hidayət olunmaları üçün elminin yalnız bir fəslini təlim verərsə, ona əməl etmiş şəxslərin savabını qazanar. Onların haqdan uzaq düşmələri üçün azacıq fəaliyyət göstərən şəxslər isə həmin şəxslər qədər günaha düçar olmuş olarlar».

7. «Sizlərdən elmə yiyələnənlərinizin hər biri elm ardınca gedən tələbələrin savabına nail olar. Elə isə elmi, onun həqiqi sahiblərindən öyrənin, alimlər sizlərə təlim etdikləri kimi, siz də müsəlman bacı və qardaşlarınıza təlim edin».

8. Əbu Nəsir, imam Sadiq (ə)-dan nəql edərək deyir: «Başqasına xeyirxah işləri öyrədən şəxs həmən işə əməl etmiş kəslərin savabını qazanmış olar.

Əbu Nəsir deyir: İmam Sadiq (ə)-dan soruşdum: Əgər bir başqasına öyrətsə, yenə də savab qazanmış olur?

Buyurdu: «Əgər bütün insanları öyrətsə, yenə də həmin savabı qazanmış olur». Soruşdum: Dünyasını dəyişsə də? Buyurdu: «Bəli, dünyasını dəyişsə də».

ALİMİN ABİDDƏN ÜSTÜNLÜYÜ

Peyğəmbər (s) və Məsum imamlar (ə) tərəfindən nəql olunmuş rəvayətlərin bir qismində elmin ibadətdən və alimlərin abidlərdən üstün olduqları buyurulur.

1. Peyğəmbər (s) buyurur:

«Elm ibadətdən daha üstündür».

2. «Elm məqsədilə el-obasını tərk edən və əldə etdiyi həmin elmlə batili haqq və zəlaləti hidayət ilə əvəz edən şəxsin gördüyü iş abidin qırx illik ibadətinə bərabərdir»

3. «Elm və agahlıq ilə yatmaq, cəhl və nadanlıqla namaz qılmaqdan daha yaxşıdır».

4. «Allah-taala elmə yiyələnməyi namaz, oruc, həcc və Onun yolunda cihad etməkdən daha üstün tutur».

5. «Gecənin qaranlığında ay öz nuru ilə digər ulduzlardan işıqlı olduğu kimi, alim də öz elmi ilə başqalarından çox fərqlənir».

6. «Allahı tanıyan şəxsin bir rükət namazı nadan insanın min rükət namazından daha üstündür».

7. Əli (ə) buyurur: «Bir şəxsin həkimanə bir söz eşidib ona əməl etməsi və ya başqalarına danışması bir illik ibadətdən daha yaxşıdır».

8. İmam Baqir (ə) buyurur: «Bir saat elm ilə məşğul olmaq, gecəni sübhədək ibadətlə keçirməkdən daha yaxşıdır».

9. «Öz elmindən bəhrələnən alim yetmiş min abiddən daha üstündür».

MƏSUM İMAMLARIN ELMƏ YİYƏLƏNMƏYƏ OLAN MÜNASİBƏTLƏRİ

Əvvəlki iki dərsimizdə Peyğəmbər (s) və Məsum imamlardan (ə) elmin əhəmiyyət və fəzilətinə dair nəql olunmuş bir çox hədis və rəvayətlərin, həmçinin onların alimlərə necə böyük qiymət verdiklərinin şahidi olduq.

Lakin belə bir sual meydana gələ bilər ki, görəsən Əhli-beyt (ə) bütün alim və elmə meyl göstərən şəxslər barəsində eyni fikirdədirmi? Həmçinin onların hamısını böyük bir fəzilət və tərifə layiq bilmişlərmi?

Başqa sözlə desək, elmin hər hansı sahəsində olursa olsun, təhsil alan bütün tələbələr və ya şəxslər rəvayətlərdə qeyd olunan fəzilətlərə yiyələnə bilərlərmi?

Cavabında deyirik:

Elmin bütün sahələri olduqca zəruri və vacib məsələlərdəndir. Lakin elmin bütün sahələrinə yiyələnmək hər bir müsəlmanın üzərinə düşən ən ümdə vəzifələrdən olsa da, alimlərin fəziləti haqda nəql olunmuş rəvayətlərdə yalnız din alimləri nəzərdə tutulur.

Bu haqda nəql olunmuş rəvayətlərə diqqət yetirin:

1. «Alimlərin ölümü islam dininə elə bir xəsarət vurur ki, aylar-illər ötüb keçməsinə baxmayaraq, onların yeri həmişə boş görünür».

2. «And olsun Allaha! Bir alimə [elmə] dözmək İblis üçün min abidə [ibadətinə] dözməkdən daha ağırdır. Çünki abidlər yalnız özlərini, alimlər isə başqalarını düşünərlər».

3. Nəql olunmuş rəvayətlərdən birində deyilir: Bir gün Peyğəmbər (s) məscidə daxil olub bir neçə şəxsin bir nəfərin ətrafına toplaşdığını görür.

Peyğəmbər (s) onun kim olduğunu soruşduqda: Əllamədir – deyərək cavab verirlər. Soruşdu: «Hansı elmlərə yiyələnib?»

Deyirlər: Cahiliyyət dövründə yazılmış şer və baş vermiş əhvalatları, habelə ərəb qəbilələrinin ulu əcdadları haqda dərin məlumatlara malikdir.

Buyurur: «Onun bildikləri nə kimsəyə xeyir verir, nə də ki, onun bilmədikləri kimsəyə zərər vurur. Elm üç şeydən ibarətdir: Əqidə əsasları, əxlaq və şəriət».

4. İmam Cəfər Sadiq (ə) buyurur: «Həqiqətən də alimlər peyğəmbərlərin varisləridirlər. Peyğəmbərlər özlərindən sonra irs olaraq dirhəm və dinar qoymamışlar.

Onların miras qoyduqları şeylər hikmətamiz hədis və buyuruqlardır. Bu hədislərdən birini öyrənən şəxs böyük mənfəət əldə etmiş olur.

Bunun üçün də kimlərdən təhsil aldığınıza diqqət yetirin. Çünki bütün nəsillərdə biz Əhli-beytin (ə) adil alimləri olur ki, hədislərimizi təhrif edən və tam fərqli olaraq mənalandıran nadan və cahillərlə mübarizə edərlər».



Al-shia.orq
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930