XANIM ZƏHRA (s.ə.) və İLAHİ TƏLİM-TƏRBİYƏ
Müəllif: Admin
Tarix: 19-03-2017, 22:27
XANIM ZƏHRA (s.ə.) və İLAHİ TƏLİM-TƏRBİYƏ
Allah ən çox sevdiyi bəndəyə ən qiymətli hədiyyəsini əta edər. Həzrət Muhəmməd (s) də Allah dərgahında xüsusi şərafət və məqama malik Peyğəmbərdir. Şəninə “Kövsər” surəsi nazil olan Xanım Fatimə (s.ə.), atasına ilahi bir bəxşiş, dəyəri sözlə ifadə olunmayacaq qədər misilsiz bir hədiyyədir. Həqiqətən də Zəhradan (s.ə.) qiymətli hədiyyə ola bilərmi?

O, Allahın seçdiyi, bütün əxlaqi gözəlliklərlə zinətləndirdiyi, ali kamalları bəxş etdiyi bir nəcib varlıqdır. O şəhadətindən sonra da dirilik irsi qoyub gedən xanımdır. O, hərəsi öz dövrünün yol göstərən cirağı olan imamların Anasıdır. Məsumların anası, atası təsadüfi seçilə bilməz. Mütləqdir ki, bu ilahi missiyanı daşıyan nur parçaları özləri də başlanğıcını nur ceşməsindən götursünlər. Bəli, Xanım Fatimə (s.ə.) nur ceçməsi və dirilik qaynağıdır.

O, Allahdan vəhy alan peyğəmbər vücudunun bir parçasıdır. Həzrət Fatimeyi-Zəhra (s.ə.) atasının ümmətindən istədiyi sevginin ünvanıdır. Nübuvvət və risalət evində tərbiyələnmiş, dünya və axirət xanımlarının xanımıdır.

Peyğəmbər (s) buyurub: “Fatimə mənim gözümün nuru, bədənimin bir parçası, qəlbimin meyvəsidir”. Haqqı “eynul-yəqin” ilə görən gözün nuru sizcə necə ola bilər? Meraca ucalan bədənin bir parçası sizcə necə ola bilər? Vəhy enən pak qəlbin meyvəsi sizcə necə ola bilər?

Əlbəttə ki, qəzəbiylə Allah qəzəblənəcək qədər, sevinciylə Allah sevinəcək qədər qiymətli, əziz və dəyərli.

Dünyaya gələcəyi atasına müjdə olan Xanımın evliliyi belə ilahi vəhyin buyruğu ilədir: «Ey Peyğəmbər! İşığı işıqla - Fatiməni Əli ilə evləndir».

Xanım Zəhranın dünyaya gəlməsi, ailə qurması, ümumiyyətlə bütün yaşamı ilahi təqdiratla həyata keçmişdir. Onun həyatını araşdırsaq, hələ körpə yaşlarından atası Peyğəmbərin (s) qayğısına qalması, ona nəvaziş göstərərək insanların ən şərəflisi tərəfindən “atasının anası” adını qazanması, sonralar incə, zərif bir varlığın atasının vəsiyyəti və həyat yoldaşının qəsb olunmuş haqqını qoruması uğrunda mübarizə aparmasını görəndə bu həya və iffət rəmzi olan heyrətamiz vücudda təzadların olmasının şahidi oluruq. Buna izah onun öz əməllərinə Rəbbinin məsləhəti ilə qərar verməsi, elminin ilahi bir elm mənbəyindən qaynaqlanması, əxlaqının ilahi bir lüftlə tərbiyələnməsi ola bilər.

Məsumlardan gələn hədislərdə “Allah bizi insanlara, Xanım Zəhranı isə bizə höccət gəndərmişdir” - deyə qeyd olunur. İmamlar da peygəmbərlər kimi ilahi təlim görmüş, ilahi təqdiratla təyin olunmuş, ilahi elmlə zinətlənmişlər. Bir-birinə ötürülən ilahi elm, əxlaq, kamal zəncirinin ilk bəndi olan xanım Zəhra (s.ə.) həm atası peygəmbərdən, həm də birbaşa Allahdan tərbiyə alan və özündən sonra hidayət yolçuları olan İmamları (ə) da tərbiyə edən bir məsumədir.

Fatimə (s.ə.) cavan ağac kimi vəhy işığının kölgəsində böyümüşdür. O, azadlıq və ədalət meyvələrini yetişdirərək Quranın buyurduğu kimi «Şəcəratun Tayyibətun»un (yaxşılar ağacı) başlanğıcı adını almışdır. O xanımı tanımaq üçün elə onu mədh bu ləqəbin izahı kifayətdir.

«Xoş bir söz kökləri yerdə möhkəm olub budaqları səmaya ucalan gözəl bir ağac kimidir». (“İbrahim”, 24)

Zəmanənin İslam alimlərindən biri olan Seyyid Kamal Heydəri ağa bu ayəni belə açıqlayır: Ayədə qeyd olunan kökləri yerdə möhkəm dayanmış ağac - Allaha imandir. Onun kökü sabitdir və bu - tövhiddir. Səmaya ucalan budaqları isə kəramətli əxlaqlardır. Ədalət, şücaət, iffət və s. kimi. İndi daha aydın başa düşülür ki, Xanım niyə bu adla adlandırılmışdır. Həzrəti Fatimə (s.ə.) əsli tövhid üzərində dayanan, budaqları da gözəl əxlaqlardan ibarət olan bir ağacdır.

Hədislərdən məlumdur ki, Allahin 99 adı var ki, bunlar da 99 əxlaqdır, 99 kamaldır. Xanım bu əxlaqların hamısının daşıyıcısı idi. Çünki, o, Allahın əxlaqı ilə əxlaqlanmış, bütün iradələrini Allahın iradəsində qərq etmişdir.

Bütün fəzilətlər gənc bir fidanda necə də zirvə nöqtəsində, necə də kamil şəkildədir! Burada aşıq-aşkar ilahi bir tərbiyənin, ilahi bir bağlantının izləri və əlamətləri var.

Xanımın Allaha bağlılığı, ibadətində mütılik və təslimiyyəti, ilahi lütflə əməlin təkcə zahirini deyil, batinini də görərək ondan çəkinməsi və ya yerinə yetirməsi onun Rəbbani bir tərbiyəyə sahib olmasından, daim Ruhul-Qudsla ünsiyyətdə olmasından xəbər verir.

Bu mübarək vücudun qısa ömrü o qədər zəngin, kamil və ibrətamizdir ki, əsrlər ötdükcə bu “həqiqi qadın nümunəsi” heç vaxt köhnəlmir, əksinə 14 əsrlik yaşına baxmayaraq daim müasirlik və təravətlik ətri saçır.


Günel Hüseynli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Oxşar xəbərlər