Bəzi hallarda özünü görməməzliyə vurmaq lazımdır
Mьəllif: admin1
Tarix: 14-10-2021, 22:08
Bəzi hallarda özünü görməməzliyə vurmaq lazımdır
İslam dini güzəşt etməyə xüsusi əhəmiyyət verən bir dindir. Bunu mömin insanların sifətlərindən biri kimi tanıdır. İslam Peyğəmbəri (s) bizə göstərdi ki, güzəşt edərək bir çoxlarını dinə tərəf cəlb etmək mümkündür.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Xoş olsun o kəsin halına ki, öz eyblərinə diqqət etməsi onu başqalarının eybinə diqqət etməkdən saxlayır”.

İslam dininin başqa əxlaqi sifətlərindən biri də göz yummaqdır. Dinimiz buyurur ki, ictimai, ailə həyatında bəzən göz yummaq lazımlı olur. Bu əməli də möminlərin sifəti kimi tanıdır.

Həzrət Peyğəmbər (s) buyurur: “Möminliyin yarısı – göz yummaqdır”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Aqil insanın yarısı – səbir və dözümdür. O biri yarısı isə görməməzliyə vurmaqdır”.

Göz yummaq dedikdə onu nəzərdə tuturuq ki, insan bir şeyi bilər və onun haqqında məlumatı olar, lakin bilərəkdən özünü xəbərsiz göstərər. Özünü elə göstərər ki, sanki ondan agah deyildir.

Bu əməl o zaman bəyənilir ki, insanların eyblərinə onları tərbiyə etmək niyyətilə göz yumasan. Özünü xəbərsiz göstərəsən.

“Sizin maddi baxımdan üstün və dolanışıqda rifah içində olanlarınız qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə bəxşiş verməkdə simiclik etməsinlər və bəxşişi tərk etməyə and içməsinlər.

Gərək (onların acıdil və kobud olmalarını) əfv etsinlər və (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz? Allah çox bağışlayan və mehribandır”. (“Nur” 22).

“Ey iman gətirənlər, zövcələrinizdən və övladlarınızdan bəzisi sizin düşməninizdir (imanınıza görə sizinlə düşmən kimi rəftar edirlər). Onlardan özünüzü gözləyin (ki, sizi azdırmasınlar) və əgər (onların pisliklərini və verdikləri əziyyəti) əfv etsəniz və göz yumsanız və bağışlasanız (Allah da sizi bağışlayar) ki, şübhəsiz, Allah bağışlayan və rəhm edəndir”. (“Təğabun” 14).

Göz yummaq – böyüklük əlamətidir və insanların sevgisini özünə cəlb edər. İmam Əli (ə) buyurur: “Özünü xəbərsizliyə vurmaq - böyüklüyün ən yaxşı əməllərindəndir”.

Həzrət Əli (ə) buyurur: “İnsanların büdrəməsinə göz yum ki, işin mədh edilsin”.

Bəzən başqalarının eybini görməməzliyə vurmaq onu bəyan etməkdən daha təsirli olar. Belə bir halda yaxşı olar ki, bildiklərinizi gizlədəsiniz. Onların büdrəməsini görən zaman heç nə deməyəsiniz. Tənqidin yerini göz yummaqla əvəz edəsiniz.

Göz yummaq o zaman bəyənilir ki, insan günah edir və onun aşkar olmasından qorxur. Xeyir bundadır ki, sirrini gizlədək. Bildiklərimizə göz yumaq. O da günahını başa düşüb, onu bir də təkrar etməsin.

O insan ki, başqasının günahına göz yumur, ən böyük faydanı özünə etmiş olar. Çünki bu işi ilə əziz və hörmət sahibi olar. Öz məqamını yüksəldər.

Əmirəl-möminin (ə) buyurur: “Kiçik şeylərə göz yumaraq özünüzü böyük edin və məqamınızı yüksəldin”.

İctimai və ailə həyatında əgər bu əmələ riayət etməsək, həyat dözəlməz olar. İmam Əli (ə) buyurur: “O kəs ki, göz yummaz, həyat qaranlıq və kor olar”.

Ona görə də həyatdan ləzzət almaq istəyiriksə, gərək başqalarının bir çox əməllərinə göz yumaq.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930