Kin və nifrəti müalicə etməyin yolları
Mьəllif: admin1
Tarix: 6-02-2021, 22:10
Kin və nifrəti müalicə etməyin yolları
İnsan ictimai bir varlıq kimi yaradılmışdır. Ona görə də insanlar içərisində yaşamağa məcburdur. İnsan öz hədəfinə çatmaq üçün mütləq başqalarından yardım almalıdır.

Qida məhsullarından tutmuş, yaşadığı evə qədər. Ona görə də hər birimiz gün ərzində onlarla insanla rabitə qurur və ünsiyyət bağlayırıq.

Belə rabitələr zamanı bəzən özümüzdən asılı olmayaraq elə sözlər işlədirik ki, qarşı tərəfin kininə və nifrətinə səbəb olur. Sonrakı mərhələdə həmin insan bizimlə kobud danışır və rəftar edər.

Əgər kimsə istəsə ki, bu dünyada olan hamını razı salsın və heç kəs ondan narazı olmasın – bu, qeyri-mümkün bir işdir. Lakin əgər insanları narahat edə bilən rəftara malikiksə, onu aradan qaldırmağa çalışmaq lazımdır.

Quran ayələri və hədislərimiz bizə həyatımızın hər bir sahəsində yardım etdikləri kimi, bu məsələdə də bizə yardım əlini uzadır və doğru yolu göstərirlər. Onların tövsiyələrinə qulaq verək:

1. İmanı gücləndirmək. Şübhəsiz ki, bizim bir çox fərdi və ictimai problemimizi həll edə bilən ən mühüm amil – iman ruhunu gücləndirməkdir. Çünki həyatda rastlaşdığımız bir çox problemlərin kökündə Allahı unutmağımız durur.

Allah bizlərə buyurur ki, əgər mömin olmaq istəyirsənsə, gərək güzəşt etməyi bacarasan və insanlara kin bəsləməyəsən.

"Onlardan (mühacirlərdən və ənsardan) sonra gələn(mömin)lər deyərlər: «Ey Rəbbimiz, bizi və bizdən öncə iman gətirən qardaşlarımızı bağışla! Bizim qəlblərimizdə iman gətirən kəslərə qarşı bir kin və xəyanət qoyma. Ey Rəbbimiz, həqiqətən, Sən çox şəfqətli və mehribansan»”. ("Həşr” 10).

İmam Hüseyn (ə) buyurur: "Şübhəsiz ki, bizim davamçılarımızın ürəkləri hər bir xəyanət, kindən pakdır”.

2. İnsanları danlamaqdan çəkinin. İctimai həyatda kinə və nifrətə səbəb olan amillərdən biri də insanları davamlı olaraq danlamaqdır.

Ona görə də Əmirəl-möminin (ə) buyurur: "Qardaşına olduğu vəziyyəti ilə döz və çoxlu danlama. Çünki bu iş kin gətirər”.

3. Başqalarına hədiyyə verin. İnsanlara hədiyyə vermək ürəklərində olan kini günəş şüasının buzu əritdiyi kimi əridər.

Eşq, sevgi və dostluğa çevirər. Həzrət Peyğəmbər (s) buyurur: "Bir-birinizə hədiyyə verin. Çünki kini aradan aparır”.

4. Narahatlıqlarınızı bəyan edin. Kin və nifrət ən çox o zaman yaranır ki, insan öz narahatlıqlarını dilinə gətirə bilmir. Onu həmişəlik ürəyində saxlayır.

Ola bilsin ki, sizin bu narahatlığınıza qarşı tərəfin qaneedici cavabı olsun. Ona görə də onu dilə gətirib, demək lazımdır. İmam Hadi (ə) buyurur: "Gileylənmək kindən daha yaxşıdır”.

5. Həsədi həyatınızdan silin. Əgər kinin həmişəlik həyatınızdan çıxmasını istəyirsinizsə, o zaman başqalarına həsəd aparmayın.

Çünki İmam Əlinin (ə) buyurduğuna görə, həsəd aparan insanda bu sifətlər olar: "Həsəd aparan tez əsəbləşər, kini gec ürəyindən çıxar”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930