Minnətlə verilən sədəqə, sədəqə deyildir
Mьəllif: admin1
Tarix: 2-10-2022, 12:32
Minnətlə verilən sədəqə, sədəqə deyildir

Quran möminlərə buyurur ki, sədəqənin dəyərini minnət qoymaqla aradan aparmayın.

“Ey iman gətirənlər, sədəqələrinizi malını riyakarlıq və camaata göstərmək məqsədi ilə xərcləyən və Allaha və axirət gününə imanı olmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın”.
(“Bəqərə” 264).

Quranın bizlərə verdiyi təlimlərdən biri də sədəqədir. Sədəqə mənfəəti və xeyiri cəzb edər, əksinə, bəlanı isə dəf edər. Ona görə də hədislərimiz buyurur ki, əgər hər gün sədəqə versəniz, bəla sizdən uzaq olar və sədəqə verərək özünüzü sığorta etmiş olarsınız.

Sədəqə bəzən ümumi mənada işlənir, bəzən də xüsusi mənada işlənir, zəkat kimi. Yuxarıdakı ayədə adı çəkilən sədəqə - ümumi mənada işlənən sədəqədir. Burada maddi yardımın olması şərt deyildir, bəlkə hər cür yardım, hətta maddi olmayan yardım belə nəzərdə tutulur.

İnsan o zaman başqasına minnət qoyar ki, təkəbbürə düçar olmuş olsun. Mömin gərək təkəbbürdən uzaq olsun və onun köklərini kəssin. Əziyyət dedikdə isə başqasına vurulan həm ruhi və həm də cismi ziyan nəzərdə tutulur.

Yəni, həmin şəxsi incidərsən, narahat edərsən. Yaxud həmin insana etdiyin yaxşılığı üzünə vurasan, onunla kobud rəftar edəsən, borcunu qaytarması üçün möhləti az vermək kimi.

Beləliklə, bu ayədən belə başa düşmək olur ki, sədəqə o zaman həqiqi olar ki, qarşı tərəfə minnət qoymayasan və əziyyət verməyəsən. Əks halda həm sədəqənin dəyəri itər və həm də günah etmiş olarsan.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, mömin üçün yaxşı iş görər, sonra ona əziyyət verər, ya ona minnət qoyar - Allah onun əməlini batil edər”.

Başqa bir hədisdə oxuyuruq ki, bu əməl kəbirə günahlardandır. Belə ki, buyurulur: “Üç dəstə vardır ki, Allah Qiyamət günü onlara nəzər salmaz. O kəslər ki, ağvalideyn olmuşdur, daima şərab içən, o kəs ki, etdiyi ətaya çoxlu minnət qoyar”.

Şübhəsiz hər bir mömin insan istəyər ki, gördüyü əməllərlə Allaha yaxın olsun. Allaha yaxınlaşmağı hər bir əməlinin meyarı qərar verər. Özünü zatən yoxsul hiss edər və Allahı zəngin.

Allahın rizayətini qazanmaq üçün elə işlər görməyə çalışar ki, Onun razılığına səbəb olsun. Ona görə də möminin hər hərəkətinin meyarını kamala doğru, qürbə doğru meyl təşkil edər.

Allah Təala başqa bir ayədə buyurur: “Əgər (müstəhəb olan) sədəqələri aşkar etsəniz o, yaxşı bir işdir və əgər onu yoxsullara gizli şəkildə versəniz bu, sizin üçün daha yaxşıdır və (Allah) günahlarınızdan təmizləyər. Allah əməllərinizdən xəbərdardır”. (“Bəqərə” 271).

Allah buyurur ki, əgər sədəqə versən, günahlarını təmizləyərəm. Allah bu cür insanlara fürsət verir ki, ruhlarını təmizləyib paklansınlar.

Ona görə də deyə bilərik ki, sədəqə elə bir əməldir ki, insanı günahlardan təmizləyər və fəzillətli əməllərə bürüyər. İnsan sədəqə verərək günahdan paklanar və təmizlənər.

Onun dəyərinin itməsinə imkan verməz. İnsan sədəqə verərək Allaha yaxınlaşmaq istəyər, Onun rizayətini qazanmaq istəyər.

Allah başqa yerdə buyurur: “Allah sədəqələri(n bərəkətini) artırır”. (“Bəqərə” 276).

“Və sədəqə verməyiniz (borcu bağışlamaq) sizin üçün daha xeyirlidir, əgər bilsəydiniz!”.
(“Bəqərə” 280).

Bəli, sədəqə xeyir işlərimizə bərəkət verər və bizi Allaha yaxınlaşdırar. Sədəqə bizlərə salehlərin cərgəsinə qoşulmağa yardım edər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031