Həzrət Peyğəmbər (s) İmam Əlini (ə) özü kimi, özü olaraq təqdim etmişdir
Müəllif: admin1
Tarix: 28-07-2021, 09:39
Həzrət Peyğəmbər (s) İmam Əlini (ə) özü kimi, özü olaraq təqdim etmişdir
İmam Əli (ə) – Peyğəmbərimizin (s) haqq canişini, varisi, Peyğəmbərdən (s) sonra ümmətin ən fəzilətli şəxsi və imamıdır.

İmam Əlinin (ə) fəzilətlərindən biri də budur ki, Peyğəmbərimiz (s) onu özü kimi olan bir kişi adlandırmışdır. Biz bunu Allahın izni ilə mötəbər sənədli olan hədislər də sübut edəcəyik.

Şeyx Səduq (r.ə) özünün "Uyunu Əxbər ər-Rza" kitabının 23-cü fəslində mötəbər sənəd ilə İmam Rzanın (ə) Mərvdə Məmunun (lən) sarayında alimlərlə bəhs edərkən belə dediyini nəql edir:

"İmam Rza (ə) buyurdu: "Allah Təala xəlq etdiklərindən pak olanları ayırıb mübarək ayəsində Peyğəmbərinə (s) onlarla birlikdə mübahilə etməyə (qarşılıqlı lənətləşməyə) getməsini əmr edərək, belə buyurdu:

"Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih (ə) haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: "Gəlin, biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq". ("Ali-İmran” 61)

Peyğəmbər (s) bu hadisədə Əlini, Fatiməni, Həsən və Hüseyni (ə) öz yanında qarşı tərəflə mübahilə etməyə apardı. Ayədə qeyd olunan "özümüzü və özünüzü" ifadəsini başa düşürsüzmü?

Alimlər dedilər: "Allah Təala bununla Peyğəmbərin (s) özünü nəzərdə tutmuşdu".

İmam Rza (ə) alimlərə cavab olaraq dedi: "Səhv edirsizniz, çünki bununla Allah Təala Əli ibn Əbu Talibi (ə) nəzərdə tutmuşdur.

Bunun dəlillərindən biri də Peyğəmbərin (s) bu sözüdür: "Ya gərək Bəni-Vəliə bu işlərdən əl çəksinlər, ya da özüm kimi bir kişini onların üzərinə göndərəcəyəm". Yəni Əli ibn Əbu Talibi (ə)”.

(İmam Rza (ə) ardıyca yenə buyurur) "Ayədəki "oğullar" sözündə məqsəd Həsən və Hüseyndir (ə). "Qadınlar" sözündə məqsəd isə Fatimədir (s. a).

Bu, heç kimin fəzilətdə onlardan önə keçə bilməyəcəyi bir xüsusiyyət, heç kimin çata bilməyəcəyi bir fəzilət və heç bir məxluqun nail ola bilməyəcəyi bir şərəfdir. Çünki Peyğəmbər (s) Əlini (ə) özü olaraq təqdim etmişdir"”.

Gördüyümüz kimi, Allah Rəsulunun (s) səkkizinci canişini olan İmam Rza, (ə) "Ali-İmran” surəsinin 61-ci ayəsini təfsir edərkən buyurdu ki, Peyğəmbər (s) həm Bəni-Vəliənin üzərinə İmam Əlini (ə) göndərmək istəyəndə buyurmuşdur ki, özüm kimi olan bir kişini Bəni-Vəliənin üzərinə göndərəcəm, həm də ki, ayədəki "özümüzü" ifadəsinin müqabilində Əlini (ə) özü kimi bir şəxs bildiyinə görə qarşı tərəflə mübahilə etməyə birgə aparmışdır.

İndi isə əhli-sünnənin hədis alimi olan Nəsainin, "Xəsais İmam Əli" adlı kitabının 21-ci fəslində mötəbər sənəd ilə Peyğəmbərin (s) əziz səhabəsi olan Əbuzərdən (r.ə) nəql etdiyi hədisə nəzər salaq:

"Peyğəmbər (s) buyurdu: "Bəni-Vəliə bu işlərə son qoysunlar. Əks halda, özüm kimi olan bir kişini onların üzərinə göndərəcəm ki, mənim əmrimi onların içində həyata keçirsin. Belə ki, döyüşçülərini qətlə yetirəcək və övladlarını əsir alacaqdır".

Əbuzər deyir ki, bu sözlər onu təəccübləndirdi. Elə bu zaman sonradan xəlifə olanlardan biri arxadan onun ətəyindən tutdu və dedi: (Peyğəmbər (s)) "Kimi nəzərdə tutur?".

Əbuzər (r) dedi: "Səni və dostunu nəzərdə tutmur". O, bir daha soruşdu: "Bəs onda kimi nəzərdə tutur?". Əbuzər ona dedi: "Ayaqqabını yamayanı nəzərdə tutur". Əbuzər deyir ki, həmin anda Həzrət Əli (ə) ayaqqabısını yamayırdı.

Aləmlərin Rəbbinə şükürlər olsun! Allah bizi Həzrət Peyğəmbərin (s) və İmam Əlinin (ə) həqiqi ardıcıllarından qərar versin!
(Allahverdi Əlizadə, "Dəyərlər”)

Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031