Qurani-Kərimdə axirət aləmi və onun adları – 'Liqaullah' (Allahla görüş)
Mьəllif: Admin
Tarix: 11-10-2021, 21:53
Qurani-Kərimdə axirət aləmi və onun adları – 'Liqaullah' (Allahla görüş)
Qurani-Kərimin müxtəlif ayələrində Qiyamət və axirət aləmi ilə bağlı işlədilən ifadələrdən biri də “Liqaullah” və yaxud “Liqau Rəbb”dir (Allahla görüş). O cümlədən, “Yunus” surəsinin 45-ci ayəsində belə buyurulur:

قَدْ خَسِرَ الَّذِينَ كَذَّبُواْ بِلِقَاء اللّهِ وَمَا كَانُواْ مُهْتَدِينَ

“Allahla görüşəcəklərini təkzib edənlər, mütləq ziyana uğramışlar və onlar doğru yolda da deyildirlər.”

(Bu ifadə “Ənam” surəsinin 31-ci və 145-ci, “Yunus” surəsinin 7-ci, 11-ci və 15-ci, “Rəd” surəsinin 2-ci, “Kəhf” surəsinin 105-ci və 110-cu, “Furqan” surəsinin 21-ci, “Ənkəbut” surəsinin 5-ci və 23-cü, “Rum” surəsinin 8-ci, “Səcdə” surəsinin 23-cü, “Fussilət” surəsinin 54-cü və “Səcdə” surəsinin 10-cu və 20-ci ayələrində də işlənmişdir.)

Qurani-Kərimdə dəfələrlə işlənən “Liqaullah” və yaxud “Liqau Rəbb” ifadəsi özündə olduqca dərin və dolğun məna daşısa da, bir çox alimlər onun üzərindən asanlıqla keçmişlər: Bəzən onda məqsədin Qiyamətdə ilahi mələklərlə görüş, bəzən ilahi sorğu-sual, cəza və savab ilə, bəzən də Onun əmri və hökmü ilə qarşılaşma olduğunu demişlər.

Şübhəsiz, burada Allah-Taala ilə hissi görüşdən söz getmir, çünki hissi görüş zaman, məkan, rəng və digər xüsusiyyətlərə sahib olan və zahiri gözlə görünən cismə aiddir. Əksinə, məqsəd Allah-Taalanı batini gözlə müşahidə etmək, Onunla mənəvi və ruhani görüşdür. Çünki Qiyamətdə pərdələr kənara çəkilər və hər kəs Məhşər səhrasında və Qiyamətin bütün səhnələrində Allah-Taalanın aşkar olunan əsərlərini qəlb gözü ilə görər.

Mərhum Əllamə Təbatəbai “Əl-mizan” kitabında belə yazır: “Allah bəndələri elə bir vəziyyətdə olacaqlar ki, onlarla Allah-Taalanın arasında pərdə olmayacaq. Çünki Qiyamət günü bütün həqiqətlər üzə çıxacaq. Necə ki, “Nur” surəsinin 25-ci ayəsində belə buyurulur:

وَيَعْلَمُونَ أَنَّ اللَّهَ هُوَ الْحَقُّ الْمُبِينُ

“...Onlar Allahın həmin sabit haqq və (camal və cəlalı axirət aləmində kamil şəkildə cilvələndiyi üçün tam) aşkar olmasını biləcəklər.”” (“Əl-mizan”, c.15, səh.103 və c.10, səh.9.)

Diqqəti cəlb edən odur ki, geniş bir hədisdə oxuyuruq ki, bir nəfər İmam Əmirəlmöminin Əlinin (ə) hüzuruna gəlib dedi: “Mən Qurani-Kərim haqqında şəkkə düşmüşəm.”
İmam buyurdu: “Nə üçün?”

O dedi: “Quranın bir çox ayələrində Qiyamətdə Allahla görüşdən söz açılır. Digər tərəfdən isə belə buyurulur:

لَا تُدْرِكُهُ الْأَبْصَارُ وَهُوَ يُدْرِكُ الْأَبْصَارَ

“Gözlər (və onların görmə qabiliyyəti) Onu dərk etməz və O, gözləri və görmələri dərk edər.” (“Ənam”, 103.) Bu ayələr bir-birilə necə uyğunlaşır?”

İmam buyurdu:

أَللِّقاءُ هُنا لَیسَ بالرُّؤيَةِ وَ اللُّقاءُ هُوَ البَعثُ فَافهَم جَمیعَ ما فِی کِتابِ اللهِ مِن لِقائِهِ فَانَّهُ يَعني بِذالک البَعثَ

“Liqa (görüş) gözlə müşahidə etmək (mənasında) deyil, əksinə "bə's" (ölülərin qəbirlərdən qalxacağı) deməkdir. Bil ki, Allahın kitabı Quranda işlənən bütün “Liqaullah” ifadəsində elə həmin ölülərin qəbirlərdən qalxacağı (və həmin zaman Onu cismən deyil, cəlal və camal sifətləri ilə müşahidə edəcəyi) nəzərdə tutulur.” (“Tohid”, Şeyx Səduq, səh.267, ixtisarla.)

Həqiqətdə, İmam Əmirəlmöminin Əli (ə) “Liqaullah” (Allahla görüş) məsələsini elə təfsir edir ki, Rəbbin müşahidəsi onun nümunələrindən biridir. (Yəni insan qəbirdən qalxarkən, Allahın əmrini, mərhəmət və qəzəbini, Onun cəlal və camal sifətlərini müşahidə edəcək.)

Bəli, Qiyamət günü pərdələrin kənara çəkiləcəyi, haqq nişanələrinin aşkarlanacağı və Allahın qəlblərdə təcəlli edəcəyi gündür. Hər kəs İmam Əmirəlmöminin Əlinin (ə) təfsirindən bu mətləbi öz halı və səviyyəsinə uyğun dərk edir. Qiyamətdə ilahi övliyaların batini müşahidəsi adi insanların müşahidəsindən tamamilə fərqlənir. (“Peyami-Quran”, Ayətullah Məkarim Şirazi, c.5, səh.43-45.)


Maide.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031