Allah kimləri hidayət etməz?
Mьəllif: Admin
Tarix: 9-10-2021, 22:09
Allah kimləri hidayət etməz?
Bismilləhir-Rahmənir-Rahim!

Bugünkü bəhsimizdə biz çox qəbahətli xüsusiyyət olan yalanın bəzi fərdi və ictimai fəsadlarını təhlil edəcəyik. Yalanla bağlı İmam Əli (ə) buyurub: «Yalanı – zarafat və ya ciddisini – tərk etməyən heç bir bəndə imanın dadını dadmadı»

Bəli, Məsumlarımız (ə) bizi xəbərdar edir ki, istər zarafatla, istər ciddiyyətlə danışılsın – yalan söyləməyi tərgitməyən insan imanın dadını duymayacaq. Burada bir neçə mühüm məsələ ortalığa çıxır. İman və yalan bir yerə sığışmır.

Necə ki, su quruluq qəbul etmir, necə ki, üç ədədi cütlüyü qəbul etmir, o cümlədən də biz görürük ki, yalan imanla bir yerə sığışmır. Harada iman var – orada yalandan söhbət gedə bilməz. Harada yalan var – orada imandan söhbət gedə bilməz.

Onlar öz Rəbblərinə küfr etdilər

Bu bəhsimizi daha ətraflı təhlil etmək üçün, bugünkü söhbətimizdə Quran məntiqinə nəzər salaq. Görürük ki, Quran məntiqinə görə yalan şirklə bərabər tutulub. İnsanın şirkdən o yana edə biləcəyi bir günah yoxdur.

Şirk nədir? İnsan Allahdan başqa, Allahla paralel nəyəsə tapına, Allahdan qeyrisinə tapına – şirk buna deyilir. Biz görürük “Həcc” surəsininin 30-cu ayəsində buyurulur: “… Buna görə də murdar bütlərdən çəkinin və batil və əyri söz(lər)dən uzaq olun”.

Allah Təala bəndələrə söyləyir ki, çirkinliklərdən, yəni bütlərdən imtina ediniz və batil və əsassız sözdən – yəni, yalandan çəkininiz. Biz görürük ki, Quran məntiqinə görə, yalan danışanın imanı yoxdur.

Yalan danışmaq – imansızlığa bərabərləşdirilir. “Nəhl” surəsinin 105-ci ayəsində buyurulur: “Onlar öz Rəbblərinin ayələrinə və (axirət günü) Onunla görüşəcəklərinə küfr etmiş kəslərdir…”.

Yəni, təkcə o kəslər yalan mətləbləri Allaha bağlayarlar, yəni olmayan məsələləri Allaha aid edərlər ki, Allahın ayələrinə imanları yoxdur. Və əsil yalançılar – onlardır.

Zamınımızda da görürük ki, çoxdur. Misal üçün millətin, bəşəriyyətin adından danışanlar, yalan mətləbləri ən müqəddəs kateqoriyalara aid edənlər. Dinin adından hoqqabazlıq edənlər xüsusilə pis mənada seçilir.

Təbii ki, bunlar Allaha inanmırlar. Bunların Qurana imanları yoxdur. İmanları olsa idi, olmayan sözü söyləməzdilər. Çox təəsüflər olsun ki, bəzi hallarda biz görürük ki, dinin adından bəziləri açıq-aşkar yalan danışırlar.

Əslində belə yalan danışmaları ilə səbəb olurlar ki, dünyada insanların bir qismini dindən uzaqlaşdırırlar. Çünki, çoxları elə bilir ki, din – elə bax o cür yalan danışmaqladır. Bu, əsas problemdir. Dinlə dindarı qarışıq salırlar. Dindar adına iddialı olanın əməllərinə görə dindən uzaq düşənlər çoxdur.

Təəssüflər olsun ki, bu gün dünyada böyük sifariş var İslamı eybəcər formada yeritmək istəyənlərin təhrifatlarına. Minlərlə müsbət işləri, dərin fəlsəfəni, yenilməz məntiqi ki, İslamın zatından şölələnir – görməzlər. Özlərini görməməzliyə vurarlar. Amma harada uğursuzun biri, bir ağılsız, bir təkfirçi çıxış edir – dərhal “islamçı” damğası vurub, bütün dünyaya car çəkirlər.

Digər tərəfdən, bu gün dünyada geniş təbliğ olunur ki, İslamı olduğu kimi yox, Allah dediyi kimi yox, bəzi insanların nəfsi diktə etdiyi kimi göstərsinlər. Müxtəlif interpretasiyalarda təqdim etsinlər. Misal üçün, namazı istəyir qılsın, istəyir qılmasın, digər vacibi əməlləri də eləcə – yerinə yetirməsə də olar.

Bunları ümumiləşdirsək, “qəlbin təmiz olsa, kifayətdir” virusundan gedir söhbət. Halbuki, azacıq məntiqi olan insan dərk edər ki, təmiz qəlbin zəruri və kafi göstəricisi – Yaradanın dediyini etməkdir, Uca Rəbbin dediyi kimi yaşamaqdır.

Bundan qeyrisi – sadəcə demaqogiyadır. Qəlbin təmizliyinin meyarı Yaradanın yanında olduğu halda, kim iddia edə bilər ki, Onun bəyənmədiyi yolla Ona çatmaq olar?! Təbii ki, hər bir düşünən insan üçün burada aşkar dəlillər var.

Yalan və fisq

Biz görürük ki, Quran məntiqində yalan fisqə bərabərləşdirilib. Nəzər salsaq “Bəqərə” surəsinin 197-ci ayəsinə, görərik ki, orada həclə bağlı əməllər sadalanır, daha doğrusu, həcdə edilməməli olan məsələlər göstərilib, o cümlədən, fisq və cədəl (mənasız mübahisə) etmə yasaqlanır. Fisq – Allah Təalanın buyuruşlarına əmələn qarşı çıxmaq mənasına gəlir. Müfəssirlər deyir ki, burada fisq dedikdə, söhbət yalandan gedir. Yəni həcdə olan insan yalan danışmaz, yalanla həcc bir yerə sığmır.

Digər cəhət ki, ən ağrılı cəhət kimi qəbul edilir – budur ki, Quran məntiqinə görə yalan insanı hidayətdən məhrum edir. Quran buna şəhadət verir, Quran bunu bizə söyləyir. Deyir, yalan səni hidayət olmaqdan məhrum edir. Əgər insan görürsə ki, Allah Təala insanı hidayət etmir, əgər görürsə ki, tofiqatlar aradan gedib, qəlbi daş olub, pas olub – deməli günahlara yol verib.

“Kumeyl” duasında da oxuyuruq ki, İlahi, görəsən nə günaha yol vermişik ki, Sənin qəzəbinə səbəb olmuşuq?! Görəsən nə günah etmişik ki, dualarımız Sənə çatmır?! Görəsən nə günah etmişik ki, bizlərə bəla göndərmisən?! Görəsən nə günahlar etmişik ki, onlar səbəb olublar Sənin bizə göndərdiyin nemətlər bizdən üz döndərib?!

Müqəddəs Quran bizə deyir ki, bu cür günahlardan biri olan yalan, insanı hidayətdən məhrum edər. Biz nəzər salsaq, görərik “Zumər” surəsinin 3-cü ayəsində Uca Allah buyurur: “Bilin ki, xalis din, etiqad və itaət Allaha məxsusdur.

Allahın yerinə başçı və rəbb götürənlər «biz onlara yalnız bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik» (deyirlər). Həqiqətən Allah onların (və möminlərin) arasında, haqqında ixtilafda olduqları şey barəsində (Qiyamət günü) hökm çıxaracaqdır. Əlbəttə, Allah yalançı, kafir və nankor kəsləri hidayət etməz”.

Buradan aydın olur ki, insanın xilas olması üçün zəruri olan bir məsələ – yəni Allah Təalanın insanı hidayət etməsi – yalan önə çıxanda itir. İnsan itirir İlahi hidayət lütfünü, doğru yola yönəliş tofiqatını.

Allah Təala bir an nəzərini bizdən çəksə, bizdən heç nə qalmaz. Bir an bizi özbaşına buraxsa, bilinmir bizlər nə olarıq. Öyünməyək ki, biz beləyik, biz eləyik. Nə varımızdırsa – Allahdandır.

Allah lütf edib ki, hidayət olmuşuq. Lütf etməsəydi, bilinmir necə olardıq. Hidayət olmasa, heç nə yoxdur. Allah insanı yönəltməsə, ona nəzər salmasa, insanın insan olması çox çətin məsələdir. Düzdür, insanın da iradəsi var, o, lütfü başa düşə də bilər, başa düşməyə də bilər. Son seçim həmişə insanındır.

Onlara yardımçı tapa bilməzsən

Quranda bir neçə qrup insanlar var ki, lənətləniblər. Allah Təala onları lənətləyib. Quran şəhadət verir ki, onlar lənətli olacaqlar. Lənət nədir? Bu söz çox işlənir, amma çox vaxt mənasına varılmır.

Böyük lüğətşünaslar deyir ki, «lən» – qəzəblə kimisə qovmaq və uzaqlaşdırmaq mənasındadır. Yəni, Allahın lənəti oldu kiməsə – bu, o deməkdir Allah ona qəzəblənib və onu dərgahından qovur və uzaqlaşdırır. Axirətdə cəza şəklindədir. Dünyada ilahi rəhmətədən və tövfiqdən məhrum edir. Vay o gündən ki, Allah bunu insana göstərər.

Qurani-Kərimin məntiqində görürük ki, iblis lənətlikdir və şeytani sifətlər də lənətlikdir. Bu sifətlərin daşıyıcıları bu dünyada Allahın rəhmətindən məhrum olub qovulublar, axirətdə də əbədi qovulub, əbədi cəza içində olacaqlar.

Lənət olunmuşun aqibəti ilə bağlı “Nisa” surəsinin 52-ci ayəsində biz görürük bu həqiqət açıqlanır ki, Allah Təalanın lənət etdiyi kəsə heç zaman bir kömək edən tapılmaz: “Onlardır Allahın lənət etdiyi (Öz rəhmətindən uzaqlaşdırdığı) kəslər! Allahın lənət etdiyi şəxsə əsla bir yardımçı tapa bilməzsən”.

Bəli, yalan danışmağın aqibəti budur ki, Allah Təala insana lənət etmiş olar. Allah Təala onları Öz rəhmətindən uzaq etmişdir və onlara əzab göndərmişdir. Biz görürük ki, yalanla bağlı konkret olaraq “Ali-İmran” surəsinin 61-ci ayəsində, “Nur” surəsinin 7-ci ayəsində və “Ğafir” surəsinin 28-ci ayəsində deyilir ki, kafirlər, müşriklər, mürtədlər və digərləri kimi, yalan danışanlar da lənətə şamil olarlar.

Yaxud başqa ayədə görürük buyurulur ki, həqiqətən Allahın lənəti ona olsun, əgər yalançılardandırsa. Buradan belə həqiqət gəlib çıxır medana: yalanın əslində o cür acı nəticəsi var ki, əvvəla insanı hidayətdən saxlayar; ikincisi, ən dəhşətlisi budur ki, insanın həm bu dünyada və həm axirətdə əbədi olaraq Allah dərgahından uzaqlaşmasına səbəb olar.

Sadəcə, ibrət götürmək kifayətdir...

Toplumumuza nəzər saldıqda, görürük ki, yalan ən adi bir məsələ kimi özünə yer tapmışdır. Günah etmək baxımından yalandan elə bir asan əməl yoxdur. Niyə? Çünki, dil bütün o biri əzalara nisbətdə daha tez günaha tərəf yönəldilə bilir. Amma axı, yalansız yaşamaq mümkündür. Yalansız həm fərdi həyat sürmək mümkündür, həm ailə həyatı sürmək mümkündür, həm toplumda layiqli yaşamaq mümkündür.

Allah Təalanın lənətindən uzaq olmaq mümkündür. Hidayət qapısını açmaq mümkündür. Sadəcə olaraq bir qədər fitrətə qayıtmaq, bir qədər vicdana müraciət etmək, bir qədər düşünmək, öz aqibəti üçün narahat olmaq lazımdır.

İnsan istəsə nicat tapsın, həqiqət və dəyanət qapısını döysün – sadəcə Allaha yaxın olan müqəddəs simalara müraciət etməsi kifayətdir. Rəsuli-Əkrəmin (s) ən kamil insan, yaradılışın səbəbkarı olan nurlu simasından vücudi nəfəs alsın. 20 il ərzində ən cahil və nadan, təkəbbürlü və ötkəm insanları ümmətin hərəkətverici qüvvəsinə, yeni bəşər sivilizasiyasının yaradıcısına çevirən Peyğəmbərdən (s) nurlansın.

Yetim görəndə dizləri əsən, düşmən qarşısına çıxanda zəhmi vahimə doğuran, elmdə bərabəri olmayan, Rəsulun (s) elm şəhərinin qapısı olan, ailədə çox diqqətli və mehriban olan, hakimlikdə ədalət təcəssümü olan Həzrət Əlidən (ə) bəhrələnsin.

Bir ana, bir qız övladı, bir həyat yoldaşı olaraq ən nümunəvi xanım olan, dünya və axirət qadınlarının seyyidəsi olan, həyatın bütün səhnələrində ibrət olan, qeyrət, iffət, həya, namus, sədaqət təcəssümü olan Həzrət Fatiməyi-Zəhraya (s.ə.) diqqət etsin.

Əli (ə) övladı, döyüşərkən misli olmayan, amma bəşəriyyətin mənafeyi üçün onillərlə səbir edən, səbrin, tədbirliliyin və təmkinin təcəssümü olan İmam Həsəndən (ə) ibrət götürsün.

Aşura məktəbinin banisi, bəşərə qəhrəmanlıq, fədakarlıq, şücaət, yenilməzlik dərsini keçən, mələklərin insana “əhsən!” deməsinin səbəbkarı olan İmam Hüseynin (ə) nümunəsindən ibrət alsın.

İnsanlara Allahla münacatın mədəniyyətini qoyan İmam Səccaddan (ə), elmləri yaran İmam Baqirdən (ə), dünyanın ilk elmi akademiyasının əsasını qoyan İmam Cəfər Sadiqdən (ə), dözümlülük və səbrin təcəssümü İmam Musa Kazimdən (ə), elmdə, imanda, ibrətamiz və hidayətverici mahiyyətdə tayı-bərabəri olmayan İmam Rzadan (ə), İmam Cavaddan (ə), İmam Hadidən (ə), İmam Həsən Əsgəridən (ə) bəhrələnsin. Bir miqdar İmam Mehdi Sahib-əz-Zamanın (ə.f) müntəziri olsun.

Həzrət Əbülfəzl Abbasdan (ə), Xanım Zeynəbdən (s.ə), Həzrət Məsumədən (s.ə), Əbazərdən, Salmandan, Miqdaddan, Meysər Təmmardan, Həbib ibn Məzahirdən – Allah Təala onların uca məqamını daha da yüksəltsin – nurlansın insan.

Bu mübarək isimləri xatırlamaq belə, insanı yalan danışmaq kimi rəzillikdən çəkindirər. Onların mənada misilsiz olan həyatlarına bir qədər diqqət yetirmək isə insanı əxlaqi kamilliklər yolunun sabitqədəm yolçularından edər.

İnsan kim olacaq – bu, onun özündən asılıdır. Hər birimiz bu gün qorxaq ya şücaətli, vicdanlı ya vicdansız, düzgün ya yalançı, mübariz və yaxud süst olmağımızdan asılı olaraq Rəsuli-Əkrəmin (s) yoluna sadiqliyimizi təsdiqləyə, yaxud, haqdan sapmağımıza qol qoya bilirik. Bu gün – imtahan günləridir, mahiyyətcə ən şirin günlərdir.

Vay o haldan ki, bir gün peşman olarıq ki, bax biz bu günlərin qədrini bilmədik, bu günləri əldən verdik. Vay o haldan ki, bir gün bu günümüzü yada salarkən, həsrətdə olacağıq, deyəcəyik “İlahi, bir də qaytar bizi oraya, bizə bir də fürsət ver”.

İnsanın daxilən azadə olması özündən asılıdır. Hər gün insan özünü təftiş etməli, irəli getdiyini və ya gerilədiyini təhlil etməlidir.

Allah Təala cəmimizi Peyğəmbər (s) və Əhli-Beytinin (ə) yolunda sabitqədəm qərar versin! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

İçərişəhər «Cümə» məscidinin imam-camaatı



Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031