Qədir-Xum hadisəsindən aldığımız ən böyük dərs
Müəllif: Admin
Tarix: 28-07-2021, 22:49
Qədir-Xum hadisəsindən aldığımız ən böyük dərs
Mübarək Qədir-Xum bayramı on iki imam şiələrinin şəxsiyyət vəsiqəsinin əsas hissəsidir və hər bir şiə uzun əsrlər boyu hər il bu günü, bu hadisəni xatırlamaqla əsil mənliyini və heysiyyətini qoruyub saxlamışdır.

Qədir-Xum hadisəsi haqqında bir neçə məqama toxunmaq istəyirəm:

Birincisi, elə Qədir-Xum hadisəsinin özüdür. Peyğəmbəri-Əkrəmin (s) zamanında nisbətən genişlənməkdə olan İslam dünyası çox mühüm bir hadisənin şahidi oldu və bu hadisə Həzrət Əlinin (ə) canişin təyin edilməsinin açıqlanması idi.

Bu hadisəni təkcə şiə deyil, əhli-sünnədən olan böyük alimlərin də bir çoxu nəql etmişdir. Qədir-Xum hadisəsinin təhlili və anlaşılması müxtəlif olsa da, bu hadisənin əsl həqiqəti müsəlmanlar arasında danılmaz bir fakt kimi qəbul olunmuşdur.

Canişinlik hadisəsinin Peyğəmbərin (s) ömrünün son aylarında, daha doğrusu, o Həzrətin (s) ömrünün sonuna təxminən yetmiş gün qalmış baş verməsi heç də təsadüfi deyil. Bu, öz növbəsində İslami nöqteyi-nəzərdən İslam ümmətinin idarəçiliyinin, siyasət və vilayətinin nə qədər əhəmiyyətli olduğunun əyani göstəricisidir.

Belə ki, mərhum İmam Xomeyninin (r.ə) və ondan da qabaq yaşayan böyük fəqihlərdən bir çoxunun din və siyasətin vəhdəti, dində hakimiyyət məsələsinin əhəmiyyəti üzərində təkidlə dayanması İslam maarifindən, xüsusilə Qədir-Xum məktəbindən qaynaqlanır.

Bu da bilavasitə məsələnin əhəmiyyətini çatdırır. İstər biz şiələr, istərsə də Qədir-Xum hadisəsini bizim kimi təhlil edən qeyri-şiələr bütün tarixi dönəmlərdə hakimiyyət məsələsinin İslamın ən əsas və birincidərəcəli məsələsi olduğuna xüsusi diqqət yetirməlidirlər.

Hakimiyyət məsələsinə laqeyd və etinasız yanaşmaq olmaz. Bəşəriyyətin düz və ya əyri yolda hərəkət etməsində hökumətlərin əvəzsiz rolu bəşər təcrübəsi tərəfindən öz real təsdiqini tapmışdır.

Belə ki, İslam Respublikasının sistemində – həm konstitusiyasında, həm də İslam Respublikasını tanıtdıran digər meyarlarda – rastlaşdığımız müsəlman ərazilərinin idarəçiliyinə dair mühüm təkidlərin kökü İslamın bu məsələyə münasibətindən qaynaqlanır. Bu, xüsusi diqqət yetirilməli bir məsələdir.

Toxunmaq istədiyim ikinci məqam isə Qədir-Xum hadisəsi ilə yanaşı qoyulan digər bir məsələdir. Bu məsələ, yəni İslam Peyğəmbərinin (s) məhz Həzrət Əlini (ə) canişin təyin etməsi də çox əhəmiyyətlidir.

Həzrət Əlinin (ə) həmin vaxtlarda və ondan sonrakı dövrlərdə hansı özəllikləri var idi?! Həzrət Əli (ə) şəxsiyyətini səciyyələndirən bu xüsusiyyətlər bizə örnək olmalıdır.

Əmirəlmömininin (ə) ilk özəl xüsusiyyəti ilahi razılığa bağlılığı və daim doğru yolda hərəkət etməsidir. O, hər nə qədər çətin olsa da, güclü səy tələb etsə də, fədakarlıq lazım olsa da, bu mübarək yoldan dönmədi. Bu, Həzrət Əlinin (ə) ən mühüm xüsusiyyətidir.

Əmirəlmöminin (ə) o şəxsdir ki, uşaq yaşlarından şəhadət anına qədər Allah yolunda və Allah üçün heç bir hadisədə bir an belə geri çəkilmədi, tərəddüd və şəkk etmədi, bütün varlığını bu meydanda sərf etdi.

Təbliğ etmək lazım olduqda təbliğ etdi. Döyüşməli olduğu vaxt ölümdən qorxmadan Peyğəmbərin (s) hüzurunda qılınc vurdu. Səbir etmək lazım gəldikdə səbir etdi.

Siyasi səhnədə ona ehtiyac duyulduqda, siyasət meydanına qədəm qoydu. Həyatının bütün bu mərhələlərində lazımi qədər fədakarlıq göstərdi.

Peyğəmbəri-Əkrəm (s) belə bir şəxsi İslam cəmiyyətinə rəhbər təyin edir. Əslində, bu hadisə bizim üçün böyük bir dərsdir və bu, təkcə hafizələrdə yaşayan tarixi bir xatirə deyil, həm də İslam ümmətinə gözəl bir örnəkdir.

Qədir-Xum hadisəsi göstərir ki, İslami cəmiyyətləri idarə etmək üçün bir sıra meyarlar mövcuddur və o meyarlar bunlardan ibarətdir: Allahpərəstlik, ilahi razılıq naminə çalışmaq, Allah yolunda canını və malını fəda etmək, heç bir çətinlikdən qorxmamaq və dünyadan imtina etmək.

Bu əlçatmaz zirvə Əmirəlmöminindir (ə). Meyar elə Həzrət Əlinin (ə) özüdür və bu, Qədir-Xum hadisəsindən aldığımız ən böyük dərsdir. (Həzrət Ayətullah Xameneinin mübarək Qədir-Xum bayramı münasibətilə etdiyi çıxışdan bir hissə – 17 /12/ 2008.)


Maide.az
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031