Kimlər nicat əhlidir?
Müəllif: Admin
Tarix: 1-06-2020, 19:16
Kimlər nicat əhlidir?
Allah-Taala Qurani-Kərimin “Muminun” surəsinin 1-ci ayəsində buyurur:

قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ

“Həqiqətən, möminlər nicat tapdılar.”

Quranda “fəlah” (qurtuluş, nicat tapma, səadətə yetmə) sözü “ləəllə” (bəlkə də) sözü ilə 11 dəfə yanaşı işlənmişdir (“ləəlləkum tuflihun”).

Həmin söz üç yerdə “ləəllə” sözündən ayrı qeyd olunmuşdur və həmin üç məqamdan biri hazırkı, digəri “Şəms”, üçüncüsü “Ə’la” surəsində əks olunmuşdur. Bu üç halı bir-biri ilə müqayisə etdikdə, aydın olur ki, iman və paklanmanın eyni bir cövhəri var.

Bütün İslam proqramlarının üstün və son məqsədi insanın qurtuluş, nicat və səadətidir. Quranın bir çox ayələrində təqvadan danışılır, dini hökmlər təqvaya çatma yolu kimi tanıtdırılır.[1] Təqvanın son məqsədi isə qurtuluş və səadətdir.[2]

Maraqlıdır ki, İslam dininin mühüm və son məqsədi onun ilkin şüarında bəyan olunmuşdur: “Deyin “lə iləhə illəllah”, nicat tapın!” Bəli, Allahın birliyinə iman gətirin və “lə iləhə illəllah” deməklə səadətə yetin.

Hər gün gündəlik namazların azan və iqaməsində “həyyə ələl-fələh” cümləsini 20 dəfə dilə gətiririk. Son məqsədi fəryad çəkərək elan edirik ki, yolu itirməyək. (“Həyyə ələl-fəlah” – “tələsin qurtuluşa!”)

Quran iman gətirənlərin və nəfsini paka çıxaranların nicat tapdığını bildirir.[3] Küfr isə başqa bir bəyanatla çıxış edirdi. Firon deyirdi ki, bu gün kimin gücü və üstünlüyü varsa, o, nicat tapmışdır.[4]

“Fəlah” sözü cücərmə, böyümə mənalarını bildirir. Əkinçilərin “fəllah” adlandırılmasının səbəbi bu ola bilər ki, onlar toxumun torpaqda cücərməsinə zəmin hazırlayırlar.

Torpaqda yerləşən toxum üç yolla özünü xilas edib işıqlı havaya çıxır: Öncə torpağa kök atır, sonra torpaqdan qidalanır, daha sonra yoluna çıxan torpağı kənarlaşdırır.

Bəli, insan da özünü xilas etmək, açıq tövhid səmasına çıxmaq, maddiyyat zülmətlərindən qurtulmaq, nəfs istəkləri və tağutların boyunduruğundan azad olmaq üçün eynən həmin toxum kimi hərəkət etməlidir:

O, dəlillərlə əqidə köklərini möhkəmləndirməli, sonra təkamülü üçün verilmiş imkanlardan faydalanmalı, daha sonra qarşısını kəsən maneə və düşmənləri kənarlaşdırmalıdır. Bəli, insan açıq tövhid fəzasına çıxmaq üçün “lə iləhə illəllah” deməklə qeyri-ilahi məbudları dəf etməlidir.

Kimlər nicat əhlidir?

1. Möminlər (“Həqiqətən, möminlər nicat tapdılar”);[5]

2. Əməlləri dəyərli və ağır gələnlər;[6]

3. Xəsislikdən uzaq olanlar;[7]

4. Hizbullah (“Allahın firqəsi nicat tapmışdır”);[8]

5. Çox zikr edənlər (“Allahı çox zikr edin ki, nicat tapasınız”);[9]

6. Təqvalılar (“Ey düşüncə sahibləri! Təqvalı olun ki, nicat tapasınız”);[10]

7. Mücahidlər (Allah yolunda cihad edin ki, nicat tapasınız”);[11]

8. Tövbə edənlər (“Ey iman əhli! Tövbə edin ki, nicat tapasınız”);[12]

9. Abidlər (“Rəbbinizə pərəstiş edin ki, nicat tapasınız”);[13]

(“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 8-ci cild, “Muminun” surəsi, 1-ci ayənin təfsiri.)


[1] “Bəqərə”, 183.

[2] “Ali-İmran”, 130.

[3] “Ə’la”, 14.

[4] “Taha”, 64.

[5] “Muminun”, 1.

[6] Ə’raf”, 8.

[7] “Həşr”, 9.

[8] “Mücadilə”, 22.

[9] “Ənfal”, 5.

[10] “Maidə”, 100.

[11] “Maidə”, 35.

[12] “Nur”, 31.

[13] “Həcc”, 77.


(Maide.az)
Oxşar xəbərlər
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031