“Müddəssir” surəsinin 28-30-cu ayələri koronovirusdan bəhs etmir!
Mьəllif: admin1
Tarix: 24-03-2020, 11:07
“Müddəssir” surəsinin 28-30-cu ayələri koronovirusdan bəhs etmir!
“Müddəssir” surəsinin 28-30-cu ayələri koronovirusdan bəhs etmir! Ayəni təhrif edən fürsətçilərə Quranla cavab

Bəzi araşdırmalara görə dünyanı hər yüz ildən bir cənginə alan müxtəlif adda, öldürücü virus və xəstəliklər mövcud olmuşdur. Məsələn:

1720 - Dünyanı bürümüş TAUN xəsdəliyi - 100 min insan ölümü.

1820 - Dünyada kütləvi insan ölümünə səbəb olmuş YATALAQ xəstəliyi - 100 min insan ölümü.

1920 - Dünyanı sarsıtmış İSPAN QRİPİ xəstəliyi - 100 milyon insan ölümü.

2020 - Yaşadığımız dövr - KORONOVİRUS..!

Koronovirus barədə müxtəlif fikirlərin olduğu bir dönəmdə bəziləri müqəddəs kitabımız Qurani-Kərimin bəzi ayələrindən sui-istifadə edərək, həmin ayələri virusla əlaqələndirməyə çalışır.

Bəzi sayt və portallarda, sosial şəbəkələrdə sözügedən mövzuda şəkil, video və yazılar paylaşılaraq bu kritik zamanda belə insanların həssas olduğu bu mövzuda yalan məlumatlar yaymaqla reyting arxasıncadırlar.

Odur ki, bu məsələləri nəzərə alıb, barəsində danışılan və mənası təhrif olunan ayənin izah və təfsirini sizə təqdim edirik. İlk öncə sözügedən ayələrin mənası ilə tanış olaq:

سَأُصْلِيهِ سَقَرَ – “Tezliklə onu Səqərə (Cəhənnəmə) salacağam.” (Muddəssir surəsi, 26)

وَمَآ أَدْرَىٰكَ مَا سَقَرُ – “Sən haradan biləsən ki, Səqər nədir?!” (Muddəssir surəsi, 27)

لَا تُبْقِى وَلَا تَذَرُ – “O, (elə bir oddur ki,) nə saxlayar, nə də buraxar.” (Muddəssir surəsi, 29)

لَوَّاحَةٌ لِّلْبَشَرِ – “Bədənin dərisini tamamilə dəyişər.” (Muddəssir surəsi, 30)

عَلَيْهَا تِسْعَةَ عَشَرَ – “Onun üzərində on doqquz (gözətçi mələk) vardır.” (Muddəssir surəsi, 28)

“Muddəssir” surəsi, 28-30-cu ayə koronovirusla əlaqəli deyil. Ayə Quranı, Peyğəmbəri (s) inkar edən Vəlid ibn Muğeyrə Məxzumi barəsindədir.

Sözügedən ayələr onun Cəhənnəmdə necə dəhşətli əzab görəcəyindən söz açır. Bu ayələrdə də uca Allah ilk olaraq buyurur: “Tezliklə onu Səqərə (Cəhənnəmə) salacağam.” (Muddəssir surəsi, 26)

سَقَرَ (səqər) sözünün kökü سَقر (səqr) sözüdür və onun mənası bir şeyin “günəş şüası altında əriməsi və dəyişməsi”dir. Sonradan o, Cəhənnəmin adlarından biri kimi işlədilmiş və Quranda dəfələrlə təkrar edilmişdir.

Cəhənnəmə bu adın verilməsinin səbəbi onun qorxulu olması, əzabının öz əhlini yaxalamasıdır. Bəziləri də onun Cəhənnəmin qorxulu qatlarından birinin adı olduğunu deyiblər.

Sonra Quran Cəhənnəm əzabının şiddət və ağırlığını bəyan etmək üçün buyurur: “Sən haradan biləsən ki, Səqər nədir?!” (Muddəssir surəsi, 27)

Yəni onun əzabı o qədər ağırdır ki, onu təsəvvür etmək belə mümkün deyil. Onu heç kəs təsəvvürünə gətirə bilməz. Cənnət nemətləri də firavanlıq və böyüklük baxımından insanın təsəvvüründən xaricdir.

“O, (elə bir oddur ki,) nə saxlayar, nə də buraxar.” (Muddəssir surəsi, 28)

Bu cümlə, bəlkə də, Cəhənnəm odunun insanın bədəninin bir tərəfinə təsir göstərib başqa bir yerinə təsir göstərməyən, cismə təsir göstərib ruha bir şey etməyən dünya odundan fərqli olmasına, insanın bütün vücudunu bürüməsinə və heç nəyi buraxmamasına işarədir.

بَشَر (bəşər) sözü bəşərət sözünün cəmidir və onun mənası “insanın bədən dərisinin zahiri”dir. O, insanlar mənasında da ola bilər.) لَوَّاحَةٌ ləvvahət) sözünün kökü “ləvh” sözüdür və o, bəzən “bir şeyin zahir olması, üzə çıxması” mənasında, bəzən də “dəyişdirmək” mənasında işlənir.

Birinci mənaya baxılarsa, ayənin təfsiri belə olur: Cəhənnəm uzaq məsafədən insanlara görünəcək.

“Naziat” surəsinin 36-cı ayəsində belə buyurulur:

وَبُرِّزَتِ ٱلْجَحِيمُ لِمَن يَرَىٰ

“Cəhənnəm görmə qabiliyyətinə malik olan hər bir adama göstəriləcəkdir.”

İkinci mənaya əsasən isə, ayənin təfsiri belə olur: Cəhənnəm bədənin dərisinin rəngini tamamilə dəyişdirəcək.

Sözügedən ayələrin sonuncusu buyurur: “Onun üzərində on doqquz (gözətçi mələk) vardır.”

On doqquz əbədi əzab mələklərinin sayıdır!

Bu mələklərin vəzifəsi rəhm, şəfqət və mehribanlıq deyil, cəza əzab və sərtlik göstərməkdir.

Ayədəki on doqquz rəqəmi qeyd edilib və onun əzab mələklərinin sayı olmasına toxunulmayıb. Amma sonrakı ayədən belə məlum olur ki, o, əzab mələklərinin sayını bildirir.

Bəziləri isə onun mələklərin sayının on doqquz olmasına deyil, onların on doqquz dəstə olmasına işarə olduğunu deyiblər. Muddəssir surəsinin 31-ci ayəsindəki “...Sənin Rəbbinin qoşunlarından Onun Özündən başqa heç kəs xəbərdar deyil” cümləsi də bu mənanı göstərir.

İlahi əzab məmurlarının sayının niyə məhz on doqquz olmasına gəldikdə, bunu tam dəqiqliklə heç kəs bilmir. Amma bəzilərinin verdiyi ehtimala əsasən, bunun səbəbi on doqquzda təkrəqəmli ədədlərin ən böyüyü (doqquz) ilə iki rəqəmli ədədlərin ən kiçiyinin (on) bir yerə toplanmasıdır.

Bəziləri isə belə deyiblər: Bunun səbəbi rəzil əxlaqi xüsusiyyətlərin on doqquz zahiri və batini xislətdən qaynaqlanmasıdır.

Rəzil əxlaqi xüsusiyyətlərin hər biri ilahi əzab amili olduğu üçün Cəhənnəmin qatları onların sayı qədər – on doqquzdur və hər bir qatda mələk və ya mələklər dəstəsi əzab verməklə məşğuldur.


İlahiyyatçı, araşdırmaçı Mahir Şəkərov

Ahlibeyt.ge



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930