Ən böyük mükafat axtarışında
Müəllif: Admin
Tarix: 12-02-2020, 10:31
Ən böyük mükafat axtarışında
Əgər insan öz ömrünün xeyrə və ya ziyana sərf olunduğunu bilmək istəsə, diqqət yetirməlidir ki, görəcəyi işdən qazancı nədir.

Əgər bir əməlin nəticəsi yalnız dünya ləzzəti olacaqsa, bu iş zərərlidir. Çünki naqis və məhdud dünya ləzzəti xalis və qeyri-məhdud axirət ləzzəti ilə müqayisədə heç nədir. Nəzərə almalıyıq ki, axirət ləzzətləri də eyni dəyərdə olmur.

Behişt bağları və huriləri dünya nemətlərindən nə qədər üstün olsa da, «Allahın razılığı» adlı nemətlə müqayisədə çox məhduddur. Qurani-Kərimdə buyurulur:

وَعَدَ اللهُ الْمُؤْمِنِينَ وَالْمُؤْمِناتِ جَنّات تَجْرِي مِنْ تَحْتِهَا الأْنْهارُ خالِدِينَ فِيها وَمَساكِنَ طَيِّبَةً فِي جَنّاتِ عَدْن وَرِضْوانٌ مِنَ اللهِ أَكْبَرُ ذلِكَ هُوَ الْفَوْزُ الْعَظِيم

«Allah imanlı kişilərə və qadınlara (ağacları) altından çaylar axan bağlar vəd etmişdir; orada əbədi qalacaqlar. Həm də əbədi bağlarda pak mənzillər! Allahın razılığı daha böyükdür. Budur ən böyük feyz.» («Tövbə», 72.)

Əbədi Behişt imanlı kişilərin və qadınların intizarındadır. Amma buyurulur ki, Allahın razılığı daha böyükdür. Bu razılıq heç bir başqa Behişt neməti ilə müqayisə oluna bilməz. Bu səbəbdən də, Allah övliyaları yalnız ilahi razılıq sorağındadır.

Qurani-Kərimdə Allah yolunda çalışarkən bağlar, hurilər nəzərdə tutmayan bəndələrdən danışılır. Buyurulur ki, belələri üçün ən böyük mükafat Allahın razılığıdır:

الَّذِي يُؤْتِي مَالَهُ يَتَزَكَّى. وَمَا لِأَحَدٍ عِندَهُ مِن نِّعْمَةٍ تُجْزَى. إِلَّا ابْتِغَاء وَجْهِ رَبِّهِ الْأَعْلَى

«Bəzisi malından pak olmaq üçün əta edir, nemət əldə etmək məqsədi ilə bağışlamır, istəyi yalnız Allahın razılığıdır. Bu isə yetərincə üstündür.» («Ləyl», 18-20.)

Digər bir ayədə həmin bəndələr belə vəsf olunur:

يُوفُونَ بِالنَّذْرِ وَيَخافُونَ يَوْماً كانَ شَرُّهُ مُسْتَطِيراً. وَيُطْعِمُونَ الطَّعامَ عَلى حُبِّهِ مِسْكِيناً وَيَتِيماً وَأَسِيراً. إِنَّما نُطْعِمُكُمْ لِوَجْهِ اللهِ لا نُرِيدُ مِنْكُمْ جَزاءً وَلا شُكُوراً

«Onlar nəzirlərinə vəfa qılır, əzabı böyük gündən qorxur, Allaha yaxınlıq üçün çarəsizə, yetimə, əsirə təam verir; (və deyir) biz Allahın razılığına görə sizə təam veririk, sizdən bir təşəkkür istəmirik.» («İnsan», 7, 9.)

Qurani-Kərimdə Allahın razılığı haqqında bir sıra təbirlər var, amma biz bu təbirlərə lazımınca diqqət yetirmirik. Ayələrdə işarə olunur ki, bağ, çay, meyvə, qəsr, huri umacağında olmayan və yalnız Allahın razılığını soraqlayan möminlər var.

Allahın razılığı onlar üçün hər şeydən dəyərlidir. Aşiq məşuqun razılığını gördükdə, heç bir nemətdən duymadığı şirinliyi duyur.

Ağıllı insan səmərəsiz iş ardınca getməz. Məgər ağıllı işçi yüz manatlıq işi min manatlıq işdən üstün tutarmı? Əgər işlərin yüngül-ağırlığında fərq olmasa, şübhəsiz ki, insan daha çox muzd ardınca gedir.

Az qazancı seçən şəxs isə ağıllı iş görmür. Şübhəsiz, bütün aqillər belə seçim aparanları məzəmmət edir. Axirətdə əldə edə biləcəyimiz mükafatlar da belədir. İnsan bir zikr, bir diqqət, bir təvəssüllə Allahın razılığını qazana bilərsə, nə üçün mümkün fürsəti əyləncələrə qurban versin?!

Behiştdə insanın istifadə edəcəyi bir çox nemətlər var. Amma onlar Allahın razılığı ilə müqayisədə dəyərsizdir. Ömrümüzü Allahın razılığını qazanmaq üçün xərcləyə biləcəyimiz halda, onu hansısa nemətlərə dəyişmək yanlışdır.

Əlbəttə ki, yalnız dünya nemətləri üçün çalışanlarla müqayisədə axirət nemətləri üçün çalışanlar uca məqama malikdir. Sadəcə, Allahın razılığını qoyub, Behişt nemətləri üçün çalışan şəxs milyonu qoyub, on min qazanc ardınca gedən şəxs kimidir.

Şübhəsiz ki, daha üstün neməti seçən daha ağıllıdır. Axı Allahın razılığı hara, bağ-baxça, qəsr və huri hara?! Belə bir müqayisəyə dəyməz!

Ümid edirik ki, Allah-Taala bizə Allahın razılığını qiymətləndirə biləcək bir mərifət əta etsin. Elə bir məhəbbət ki, onun sayəsində insan varlıq aləminin yeganə həqiqi sahibinin razılığını heç bir nemətə dəyişmir. Əmirəlmöminin (ə) buyurur:

اِلهي ما عَبَدْتُكَ خَوْفاً مِنْ نارِكَ وَلا طَمَعاً في جَنَّتِكَ بَلْ وَجَدْتُكَ اَهْلا لِلْعِبادَةِ فَعَبَدْتُكَ

«Pərvərdigara! İbadətim Cəhənnəm qorxusundan və ya Behişt tamahından deyil. Səni pərəstişə layiq görüb ibadət edirəm.» («Biharul-ənvar», c.70, səh.186, hədis 1, bab 53.)

Bəli, Həzrət yalnız Allahı pərəstişə layiq bildiyi üçün ibadət edir! Axı Ona necə pərəstiş etməsin?! O Allahdır! O mütləq kamaldır! O Mütləq camaldır!

Həzrət özü müəyyən buyruqlarında Allah razılığının daha üstün və daha dəyərli nemət olduğunu bildirir. Amma bir şəxsdə belə bir dərin düşüncə və mərifət yoxdursa, heç olmaya axirət nemətləri üçün çalışmalıdır. Şübhəsiz, Behişt nemətlərinə görə çalışmaq dünyanın ötəri nemətləri ilə kifayətlənməkdən çox-çox üstündür.

Əgər bir insan nə Allahın razılığı, nə də Behişt nemətləri üçün addım atmayıb, yalnız dünya ləzzətləri ilə kifayətlənərsə, çox axmaq iş görür və ömrünü hədərə verir. Böyük bir fayda gətirəsi sərmayəni alçaq bir işə xərcləmək düşüncəsizlik deyilmi?! Əmirəlmöminin (ə) buyurur:

اِنَّهُ لَيْسَ لاَنْفُسِكُمْ ثَمَنٌ اِلاَّ الْجَنَّةَ فَلا تَبيعُوها اِلاّ بِها

«Həqiqətən, sizin canlarınızın dəyəri yalnız Behiştdir. Onu Behiştdən başqa şeyə satmayın.» («Nəhcül-bəlağə», Feyzül-İslamın tərcümə və şərhi, qısa kəlamlar 448.)

İnsan həyatının bir göz qırpımını Behiştdən ucuz satarsa, zərər etmişdir. Çox böyük və təsəvvürə gəlməyən zərər! Həqiqətən də, əbədi və zərrəcə əziyyətsiz axirəti fani və bəlalı dünyaya dəyişmək zərərdən başqa bir şey deyil.

Ən ağıllı və ən xoşbəxt insan o insandır ki, axirət nemətləri arasında Allahın razılıq nemətini soraqlasın və nəhayət, ona nail olsun! (“Peyame-Movla əz bəstəre-şəhadət” (Şəhadət yatağında Mövlanın öyüdü), Ayətullah Misbah Yəzdi, səh.78-85.)

Maide.az
Oxşar xəbərlər
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829