Əməlin cüzi bir hissəsi Allahdan başqası üçün olsa, əməl batil olar
![]() Əksər hallarda şəxsi maraqları güdmək və ya başqalarının diqqətini və mənafeyini cəlb etmək, yaxud dünyəvi istəklər bizim əməllərimizin yönünü müəyyənləşdirir. Əgər niyyətimizi saflaşdırsaq, o zaman qurtuluşa nail olmuş olarıq və həmin əməllər də bizə qalar. İmam Əli (ə) buyurmuşdur: Öz əməlini, biliyini, düşmənçiliyini, danışmağını və susmağını yalnız “Allaha xatir” saflaşdır.[1] İbadətdə və namazda Allaha yaxınlaşma niyyəti olmalıdır. Hətta bu əməlin cüzi bir hissəsi Allahdan başqası üçün olsa, əməl batil olar və Allah-təalanın yanında qəbul edilməz. Əgər namazı Allaha xatir qılsaq, lakin yer, zaman, qılmaq qaydası və s. kimi məsələləri Allahdan başqası üçün etsək, o zaman həmin namaz batildir. Allaha ibadətdə başqasını şərik qoşmaq olmaz. Quranda buyurulur: Allaha ibadətdə heç kimi şərik qoşmayın.[2] Hətta əgər cəbhədə bir döyüşçü qənimətlər əldə etmək, özünü göstərmək və şücaətini nümayiş etdirmək və s. üçün döyüşərsə, bunun da heç bir dəyəri yoxdur.[3] İnsanın əməlində ikiüzlülük və inamsızlıq olarsa, belə bir əməl bir hədisə görə, qaranlıq gecədə qarışqanın qara və bərk daş üzərində hərəkətindən daha təsirsiz və daha gizlindir…![4] İmam Əli (ə) buyurmuşdur: İxlas imanın ən yüksək zirvəsidir.[5] İxlassız əməl zərərli və məhvə məhkumdur. Sabit və saf niyyət insanın heç bir vaxt yorulmamasına və aciz qalaraq əldən düşməməsinə səbəb olar. [1] Ğurərul-hikəmin mündəricatı, “İxlas” sözü. [2] Kəhf surəsi, 110-cu ayə. [3] Muhəccətul-bəyza, 6-cı cild, səh.171. [4] Tuhəful-uqul, səh. 487. İmam Əsgərinin (ə) sözlərindən. [5] Ğurərul-hikəmin mündəricatı, “İxlas” sözü. (ahliman.info) Oxşar xəbərlər
|