Təkəbbür edən özünü İlahi cəzadan amanda bilməsin
Müəllif: Admin
Tarix: 29-06-2020, 08:39
Təkəbbür edən özünü İlahi cəzadan amanda bilməsin
Qurani-Kərim təkəbbürü məğrur insanların maddi həyatdan aldanmasında, yalnış arzularda, şeytani vəsvəsələrdə görür. Əgər bu təkəbbür ölənə qədər davam edərsə insanın aqibəti əzablı olar.

Bunlar o kəslərdir ki, İlahi həqiqətlərə, Həzrət Peyğəmbərə (s) və Məsum İmamlara (ə), İlahi qanunlara ehtiramsızlıq edərlər. Varlıqları İlahi haqq və möminlər qarşısındakı səddir.

Belə ki, Allah yolunun yolçuları gərək İlahi qürbə çatmaq üçün bu napaklarla mübarizə aparsınlar. Bu insanlar həyatın hər bir sahəsində möminlərə mane olarlar.

Bu insanlar üçün qarınlarından və uzun arzulardan başqa hədəfləri yoxdur. Bu insanlar daima həqiqətlərə gülər və əməllərini heç bir zaman yanlış bilməzlər.

"Pis əmələrinin cəzası onlara (gerçəklik şəklində) zahir olacaq və istehza etdikləri şey (müxtəlif əzablar) onları bürüyəcəkdir.

Və (onlara) deyilər: «Siz (dünyada) bugünkü görüşünüzü unutduğunuz kimi (Biz də) bu gün sizi unudacağıq (əzabın içində boşlayacağıq). Sizin yeriniz oddur və sizə əsla kömək edənlər olmayacaqdır».

Bunun (bu əzabların) səbəbi sizin Allahın ayələrinə məsxərə etməyiniz və dünya həyatının sizi aldatmasıdır. Odur ki, bu gün onlar Cəhənnəmdən çıxarılmayacaq, üzrxahlığa çağırılmayacaq və onlardan Allahın razılığını əldə etmələri istənilməyəcək”. ("Casiyə” 33-35).

"Onlar möminləri «məgər biz dünyada sizinlə deyildik?» (deyə) səsləyəcəklər. (Möminlər) deyəcəklər: «Bəli, lakin siz özünüzü həlakətə atdınız, (möminlər üçün hər cür fəlakət, şər) gözlədiniz, (haqq dinə) şübhə etdiniz, (batil) arzular sizi məğrur etdi və nəhayət, Allahın (sizin məhviniz barəsindəki) əmri gəlib yetişdi və yalançı şeytan sizi Allah barəsində aldatdı»”. ("Hədid” 14).

"Öz dinlərini oyun-oyuncaq və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri boşla. Bu Quran vasitəsilə öyüd ver ki, məbada (axirət günü) kimsə Allahdan başqa bir başçı, yardımçı və şəfaətçisi olmayan halda kəsb etdiyinin cəzası olaraq həlakətə təslim və (ilahi) rəhmətdən naümid olsun. O, (günahlarının müqabilində) hər nə fidyə və əvəz versə, ondan qəbul olunmaz. Onlardır kəsb etdiklərinin müqabilində həlakətə təslim və (ilahi) rəhmətdən naümid olanlar! Onlar üçün küfrlərinin (və nemətlərə nankor olmalarının) cəzası olaraq qaynar sudan içki və ağrılı bir əzab vardır”. ("Ənam” 70).

Bəzən iman əhli də təkəbbürə düçar olur. Belə ki, çox sayda günaha düçar olduqları üçün bu rəzil sifətə mübtəla olarlar. Lakin onların başqa bir yanlışı isə budur ki, bu səhv və xataya görə iffət və ismətlərini əldən verib deyərlər: "Allah Kərimdir. Əfvinə ümid edirik. Bizim günahımız hara, İlahi rəhmət dənizi hara! Biz möminik və ümid edirik ki, bu imana görə nicat tapacağıq!”.

Halbuki, Allah bu cür qürurlanmağı sevməz və heç kəsə icazə verməz ki, ona bulaşsın. Çünki bu hala bulaşmaq onu hər bir günaha düçar olmağa sövq edər.

Allah Təala bu insanlar haqqında buyurur: "Belə isə, görəsən şəhər və kəndlərin əhalisi Bizim əzabımızın onlara gecə vaxtı yatdıqları zaman gəlməsindən xatircəmdirlər? Və görəsən şəhər və kəndlərin əhalisi Bizim əzabımızın gündüz çağı (dünya) oyunlar(ın)a (və günah işlərə) başları qarışan halda onlara gəlməsindən xatircəmdirlər? Belə isə, məgər Allahın məkrindən və qəfil əzabından xatircəmdirlər? Halbuki, ziyana uğramış dəstədən başqa heç kəs özünü Allahın məkrindən amanda bilmir”. ("Əraf” 97-99).


Oxşar xəbərlər
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031