Təvazökarlıq – xeyirlərin üstünü
Müəllif: Admin
Tarix: 30-11-2019, 22:31
Təvazökarlıq – xeyirlərin üstünü
Təvazökarlıq ilahi həqiqətlərə çatmaq üçün böyük təsirə malik əxlaqi bir dəyərdir. Təvazökarlıq o qədər qiymətlidir ki, Həzrət Əli (ə) «Kumeyl» duasında Allah-Taaladan bu sifəti təmənna edir. Təvazökar və sadə insan axirət əzabından qurtulur, əbədi səadətə və Allahın razılığına nail olur.

Təvazökarlıq iki yerdə işlənməlidir: Allah və xalq qarşısında. Allah qarşısında təvazöklıq odur ki, insan öz Rəbbinin göstərişlərini səmimi qəlbdən qəbul edib böyük eşqlə əməl etsin.

Xalq qarşısında təvazöklıq isə insanın özünü başqa insanlardan üstün bilməməsi, onlara həqarətlə baxmamasıdır. Mömin şəxs öz din qardaşlarına yardım əli uzatmalı, onların səhvini bağışlamalı, gizlində və aşkarda möminlərin hörmətini saxlamalıdır.

Qurani-Kərim bütün insanları Allah qarşısında təvazökarlığa çağırmaqla bərabər, möminlər qarşısında da təvazökar olmağı tapşırır. Hətta mələklərdən üstün olan İslam Peyğəmbəri (s) də təvazökarlığa dəvət edilir. «Hicr» surəsinin 88-ci ayəsində oxuyuruq: «Bütün möminlərə qarşı təvazökar ol.»

«Qəsəs» surəsinin 83-cü ayəsində oxuyuruq: «Biz axirət evini yer üzündə üstünlük və fəsad istəyində olmayanlar üçün qərar vermişik.»

Qurani-Kərimdə açıq-aşkar bəyan olunur ki, Allah təkəbbürlüləri sevmir və bu sifətdə olanlar cəhənnəm əhlidirlər. «Nəhl» surəsinin 23-cü ayəsində buyurulur: «Şübhəsiz ki, Allah təkəbbürlüləri sevmir.»

«Zumər» surəsinin 60-cı ayəsində isə belə buyurulur: «Məgər təkəbbürlülər üçün cəhənnəmdə yer yoxdurmu?

Həzrət Peyğəmbər (s) buyurur: «Nə olub ki, sizdə ibadət şirinliyi görmürəm?» Soruşdular ki, ibadətin şirinliyi nədir? Buyurdu: «Təvazökarlıq.»

Başqa bir hədisdə buyurur: «Şübhəsiz ki, bəndəlik cəhətindən ən üstün olan şəxs məqamının yuxarı olduğu halda təvazökarlıq göstərən şəxsdir.» («Biharul-ənvar », c.74, səh.181.)

Həzrət Əli (ə) qədim möminlərin təvazökarlığından danışaraq xalqa belə nəsihət edir: «Pak Allah onlar üçün təkəbbürü yox, təvazökarlığı bəyəndi. Onlar üzlərinin bir hissəsini ibadət nişanəsi olaraq torpağa qoydular, üzlərini bəndəlik əlaməti olaraq yerə sürtdülər və bütün möminlər qarşısında təvazökar oldular.» («Nəhcül-bəlağə».)

Həzrət (ə) başqa bir hədisdə buyurur: «Təvazökarlığı gözlə, çünki təvazökarlıq ən böyük ibadətlərdəndir.» («Biharul-ənvar», c.72, səh.119.)

İmam Sadiq (ə) təvazökarlığın sərhədlərini bəyan edir: «Təvazökarlıq odur ki, öz böyüklüyündən aşağı yerdə oturmaqdan məmnun olasan. Görüşdüyün şəxsə salam verəsən, höcətləşmədən haqlı olsan belə çəkinəsən. Xeyirlərin üstünü təvazökarlıqdır.» («Biharul-ənvar », c.72, səh.123.)

Əxlaq alimlərinin fikrincə, şeytani sifət olan təkəbbür ifrat, hər bir kəsin qarşısında özünü alçaltmaq isə təfritdir. Orta hədd isə təvazökarlıqdır.

Məsum imamlardan nəql olunmuşdur ki, Allah qarşısında təvazökarlıq bütün vücudunu bəndəlik məqamında qərarlaşdırmaq və insanlarla ədalətlə rəftar edib, onların hüququna riayət etməkdir. (“Kumeyl duasının şərhi”, Ustad Hüseyn Ənsarian, səh.163-165.)



Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031