Hicablı xanımlarla, hicabsız xanımların dialoqları
Mьəllif: admin1
Tarix: 27-06-2020, 22:41
Hicablı xanımlarla, hicabsız xanımların dialoqları
Allahın salamı və rəhməti sizlərin üzərinə olsun. Həya və iffət simvolu olan Xanım Zəhra (ə.s) bizlərə şərəfli və gözəl əmanət qoyub. O əmanətin adı hicabdır.

Mən də istəyirəm o əmanətə vəfalı olaraq hicab barəsində imanlı amma hicabsız olan xanımlara bir az da olsa, bu məqaləmlə kömək edim.

Bu məqalə hicabsız xanımla hicablı xanımın dialoqundan ibarətdir. Bu məqaləmin yaxşı və təsirli olması üçün Xanım Zəhra (s.ə)-nın həya və iffətinə salavat zikr edək:

1-ci dialoq:
Hicabsız xanım:
Mən hicaba keçmək istəyirəm, amma çox təssüf ki, atam icazə vermir.

Hicablı xanım:

Əziz bacım, məgər bu haqda Özü əmirlərin əmiri olduğu kimi sözü də sözlərin əmiri olan Əmirəl-möminin Əli (ə)-ın kəlamını bilmirsən?

Əmirimiz buyurub: "Allah (c.c) məni yaradarkən atamdan icazə almadı ki, mən Ona (Allaha) iman etmək üçün atamdan icazə alım!"

Bu hədis sizə kifayət edir biləsiniz ki, vacib əməllərdə ataya itaət etməyə bilərsiniz.

2-ci dialoq:
Hicabsız xanım:

Məni hicaba keçməyə valideynlərim qoymur mən də onları incitməmək üçün onlara itaət edirəm.

Hicablı xanım:

Məgər, bacım bu ayəni oxumamısan? "Əgər (ata anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmaqa cəhd göstərsələr (bu işdə) onlara itaət etmə.

Qalan dünya işlərində onlarla gözəl keçin... (onlara itaet et)" (Loğman surəsi, ayə 15)

Bu ayədən də məlum olur ki, vacib əməllərdə valideyinlərə itaət etmə, amma qalan əməllərdə itaət etməlisən.

3cü dialoq:
Hicabsız xanım:

Mən hicaba keçmək istəyirəm, amma qorxuram ki, gələcəkdə ailə qurduğumda həyat yoldaşım icazə verməyə.

Hicablı xanım:

Gələcəyini düşünürsənsə, niyə axirətini düşünmürsən? Məgər Allahın şiddətli əzabından qorxmursan?

Gələcəyini Allaha təvəkkül et, ondan istə ki, sənə imanlı bir həyat yoldaşı nəsib etsin, yoxsa hicabsız olsan böyük günah etmiş olarsan və hər iki dünyanı da məhv edərsən.

Bax Əli (ə) gör nə buyurub: " İnsan əməllərinin girovundadır"

4-cü dialoq:
Hicabsız xanım:

Mən hicaba keçmək istəyirəm, amma həyat yoldaşım icazə vermir. Mən də ondan qorxuram, ona görə ona itaət edib hicaba keçmirəm.

Hicablı xanım:
Bacım, məgər siz Allahın bəndəsindən qorxursuz, amma Allahın şiddətli əzabından qorxmursuz?! Məgər Quranın bu ayəsinə nəzər etməmisiz?

"Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun; onun (o odun) başında Allahın onlara verdiyi əmrdən boyun qaçırmayan, əmr olunanı yerinə yetirən, sərt (daş qəlbli) və (cüssədə və iradədə) qüvvətli mələklər durmuşlar" (Təhrim surəsi, ayə: 6)

5-ci dialoq:
Hicabsız xanım:

Mən Xanım Zəhra (s.ə) aşiqiyəm, amma hicabsızam İnşallah qiyamətdə xanım Zəhra (s.ə) şəfaət edər və biz də bağışlanarıq.

Hicablı xanım:
Bacım, şiəsən və şiə alimlərini də qəbul edirsən. Bax Ayətullah, Müctehid, həm də kamil arif olan Ağa Behcət buyurub: "Hər bir şiə qadın hicabsızlığı ilə xanım Zəhranın (s.ə) üzünə şillə vurur" Bir də əgər həqiqətən aşiqsənsə, aşiq məşuqunu incitməz.

Biz Zəhranı (s.ə) incidənlərə lənət deyirik, amma çox təəssüf ki, bizlər də günahımızla, hicabsızlığımızla ona əziyyət verib incidirik.

6-cı dialoq:
Hicabsız xanım:

Mən Hüseyn aşiqiyəm, canım ağama qurban olsun, amma...

Hicablı xanım:

Əziz bacım, bu hədisi eşitməmisən? Şiənin əxlaq ustadlarından olan Ustad Şeyx Əli Füruği buyurur: "İmam Hüseyn (ə) şəhid olandan sonra bir imam (səhv etmirəmsə, imam Səccad (ə) ) onu yuxuda görür.

Baxır ki, imam Hüseyn (ə)-ın sinəsi oxlarla doludur. İmam Hüseyn (ə)-dan soruşur: yaraların sağalmayıb? İmam Hüseyn (ə) buyurur ki, o yaralar fiziki yaralar idi, amma bu yaralar şiələrimizin günahlarıdır, onların hər günahı sinəmə ox kimi batır."

Bu hadisədən də görünür ki, səni hər dəfə naməhrəm görəndə ağaya bir ox dəyir. Dildə deyirsən Hüseyn (ə) aşiqiyəm, məgər aşiq də məşuquna ox atar? Dillə deyil, əməllə aşiqliyini subut et.

7-ci dialoq:
Hicabsız xanım:

Mən hicabı çox istəyirəm, hicab həsrətindəyəm.

Hicablı xanım:

Bacım, bu sözünüz şeytanın ən güclü vəsvəsələrindəndir. İnsan istədiyini edər, bir halda ki, istəyiniz sizin əlinizdədir, necə ona həsrətsiniz?

Keçin hicaba həsrətiniz bitsin və istəyiniz gerçək olsun. Amma əgər keçmirsizsə, onda göründüyü kimi sözünüz yalandır, sadəcə bu öz- özünüzə təsəllidir.

8-ci dialoq:
Hicabsız xanım:

Nə deyim bacım? Bu hicab da mənim imtahanımdır. Artıq səbr etməliyəm. Rəbbim nə vaxt nəsib edərsə, o vaxt keçərəm.

Hicablı xanım:
Bacım, bu fikriniz olduqca təhlükəli və səhv fikirdir. Məgər bilmirsiz ki, bəlaya, çətinliyə imtahan deyilir. Günahın adı elə günahdır hicabsızlığa imtahan deyilmir.

Bacım, günaha səbir lazım deyil sadəcə nəfsinə qalib gəl və hicaba keç, səbr etməyə ehtiyac yoxdur. Özünüzü bu yalanlarla aldatmayın!

9-cu dialoq:
Hicabsız xanım:

Qocalanda hicaba keçərəm...

Hicablı xanım:
Allah hicabı əmr etdiyi kimi hicabın vaxtını da təyin edib. Doqquz yaşından keçməyi əmr edib. Siz deyirsiz 30, 60, 70 yaşımda keçərəm.

Məgər qüdrət sahibi olan Allah vaxt təyin etməkdə zəifdir? Allah cavanlıqda (9 yaşından başlayaraq) gözəlliklər verir və əmr edir hicabla örtün.

Allahın əmrlərindən çıxanlar üçün hesab günündə böyük cəza var. Bir də bacım, bir saniyəni belə geri qaytara bilməzsiz və bir saniyədən sonra da nə olacaq bilmirsiz.

Bəs necə olur ki, özünüzə vəd verirsiniz ki, qocalanda keçərəm? Bəlkə heç sənə qocalmaq nəsib olmayacaq. Ömrünüzü belə yalanla zay etməyin!

10-cu dialoq:
Hicabsız xanım:

Artıq qocalmışam. Mən hicaba keçmərəm çünki bütün gözəliyyim artıq itib və təravətim artıq qalmayıb niyə keçim ki?

Hicablı xanım:

Xanım, bu şeytanın vəsvəsəsidir. Düzdür gözəlliyiniz gedib, amma tam itirməyibsiz ki, sadəcə gözəliyiniz solub. Məgər bunu eşitməmisiz?

Xanım Zeynəb (s.ə) Şama əsir ediləndə ona bir şəxs yaxınlaşıb dedi: "Xanım nəyə ehtiyacınız var?

Deyin gətirim." Xanım Zeynəb (s.ə) buyurdu: Varsa bizə məcər gətir, yaylığ getir. Bu hadisədən də görülür ki, yaşın heç fərqi yoxdur.

Çünki Şamda Xanım Zeynəb (s.ə)-nın 55 yaşı var idi. Amma Kərbəla hadisəsi onun saçını ağ etmişdi, qamətini sındırmışdı.

55 yaşı olmağına baxmayaraq, sanki 100 yaşlı qadın idi. Ancaq hər şeyə - yeməyə, içməyə daha çox etiyacları var idi.

Amma hicabın hər şeydən vacib olmasını da bir daha bu əməli ilə sübut edir.

Əziz bacılarım, inşəllah bu yazılarımın siz mömin bacılara təsiri olar. İnşəllah hicaba keçərək nəfsinizə qalib gələrsiniz.

Amma əgər bu sözlərə də məhəl qoymayıb keçməzsinizsə, Vallah onda öz- özünüzü aldadıb, şeytanın hiyləsinə uyub, dünyanızı və axirətinizi məhv etmiş olarsız.

Əziz bacılarım, gəlin inşəllah özümüzə söz verib bir daha günah etməyək və Allahla olan əhdimizə vəfalı olaq.

Allah buyurub: "Mənə bir addım yaxınlaşana mən on addım yaxınlaşaram"

Allah özü kömək olsun ömrümüzü günahla zay etməyək və Allah istəyən kimi olaq. Bilin ki, Allah istəyən kimi olsaq iki dünyamız da cənnət olar.

Bir də hicablı və hicaba keçmək istəyən bacılardan bir xahişim var; Sizi and verirəm Xanım Zəhra (s.ə.)-ya hicabınızı xanım Zəhra (s.ə.)-nın hicabına oxşadın və məhz bu cür hicablı olun, yoxsa bəzi xanımlar kimi Braziliya seriyallarının qəhrəmanlarının (Hade) hicabına oxşatmayın.

Peyğəmbərimiz (s) hədisində bildirir ki, "Axirəz-zəmanda elə qadınlar olarki onlar geyimli çılpaqlardırlar", yəni o qədər hicaba bəzək verirlər və saçlarını hündür yığırlar və o qədər dar geyinirlər ki, bütün əzaları bilinir.

Onlar geyimli çılpaqdırlar. Allah sizlərdən razı olsun ki, mənim məqaləmi axıra kimi oxuduğunuz, təşəkkür edirəm, Allah hər birimizi hidayət etsin və düz yolundan ayırmasın. Bu salavat da məndən siz imanlı bacılara hədiyyə olsun:

Əllahummə səlli əla Muhəmməd və ali Muhəmməd...

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930